Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(007)-3748/2024 19.11.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Yusifova Ülkər Bayram qızı, İddiaçı MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsinin məhkəmənin icraatına qəbul edilməsinin mümkünlüyünə baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. İddia tələbi :
1. İddiaçı Soliton LTD MMC Cavabdeh qarşı “pul” tələbinə dair (kiçik iddialara dair işlər üzrə icraat qaydasında) iddia ərizəsi ilə Bakı Şəhəri Nizami Rayon Məhkəməsinə müraciət edərək, 21 yavar 1990-cı il təvəllüdlü Cavabdeh 31 may 2019-cu il tarixli, QQK5700718 saylı borc müqaviləsinə əsasən 130 (yüz otuz) manat əsas borc, 21 mart 2020-ci il tarixli, QQK5859187 saylı borc müqaviləsinə əsasən 536 (beş yüz otuz altı) manat əsas borc və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun cəmi 696 (altı yüz doxsan altı) manat məbləğində pul vəsaitinin alınaraq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
Tətbiq edilən hüquq :
2. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin :
399.1. Müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. 399.2. Tərəflər müəyyənləşdirə bilərlər ki, bağladıqları müqavilənin şərtləri onların müqavilə bağlanana qədər yaranmış münasibətlərinə də tətbiq edilir. 399.3. Müqavilədə nəzərdə tutula bilər ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəflərin müqavilə üzrə öhdəliklərinin xitamına səbəb olur. Belə şərtin olmadığı müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır. 399.4. Müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri müqavilənin həmin müddət qurtarana qədər yol verilmiş pozulmasına görə məsuliyyətdən azad etmir. 423.2. Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər.
3. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi :
149.2. Ərizədə aşağıdakılar göstərilməlidir: 149.2.4. müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair məlumat 150.1. İddia ərizəsinə aşağıdakı sənədlər əlavə edilir: 150.1.6. müqavilə ilə və ya həmin kateqoriya mübahisələr üçün qanunda bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd (kommersiya mübahisələri üzrə həmin sənədlər bu Məcəllənin 150.2-ci maddəsinə uyğun olaraq verilir); 152.1. Hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır: 152.4. iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. 152.3. iddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi gündən verilmiş hesab edilir. 152.4. iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. 284-3.5. Ərizənin bu Məcəllənin 284-3.1-ci və 284-3.2-ci maddələri ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə, yaxud bu Məcəllənin 152.1.2- 152.1.9-cu maddələrində müəyyən edilmiş əsaslar olduqda hakim iddia ərizəsini və ona əlavə olunmuş sənədləri geri qaytarır. Ərizənin qaytarılması həmin nöqsanlar aradan qaldırıldıqdan sonra kiçik iddialar üzrə sadələşdirilmiş icraat qaydasında yenidən məhkəməyə müraciət etməyə mane olmur. 114.1. Ödənilmiş dövlət rüsumu aşağıdakı hallarda qaytarılır : 114.1.3. bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa.
4. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu :
5.1. Ödənilmiş dövlət rüsumu aşağıdakı hallarda dövlət büdcəsindən qismən və ya tamamilə qaytarılır: 5.1.2. ərizələr (şikayətlər) qaytarıldıqda və ya ərizə baxılmamış saxlanıldıqda, habelə notariat əməliyyatlarının icrasından imtina edildikdə.
Məhkəmənin mövqeyi :
5. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq qeyd edir ki, ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır.
6. İddia ərizəsi öyrənilərkən müəyyən edilmişdir ki, iddiaçı tərəfindən mülki prosessual qanunvericiliyin mübahisənin məhkəməyə qədər nizama salınmasına dair tələbləri pozulmaqla məhkəməyə müraciət edilmişdir.
7. Belə ki, mülki prossesual qanunvericiliyə əsasən müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd əlavə edilməlidir.
8. Mülki qanunvericiliyə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Müqavilədə nəzərdə tutula bilər ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəflərin müqavilə üzrə öhdəliklərinin xitamına səbəb olur. Belə şərtin olmadığı müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır (MM399m). Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur(MM 421.2m). Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər (MM 423.2m).
9. İşin məhkəmə tərəfindən araşdırılan halları ilə müəyyən edilmişdir ki, iddiaçı "xxxx" LTD MMC ilə Cavabdeh ilə arasında 31 may 2019-cu il tarixində 15 ay müddətinə və 21 mart 2020-ci il tarixində 12 ay müddətinə nisyə alqı-satqı müqavilələri bağlanmışdır. Müqavilələr 12 ay müddətinə bağlanılmasına baxmayaraq, müqavilələrdə tərəflər müqavilənin qüvvədə olma müddətinin tərəflərin öz öhdəliklərinin tamamilə yerinə yetirilənədək qüvvədə olması barədə razılığa gəlmişlər.
10. İş materiallarınan görünür ki, Cavabdeh 31 may 2019-cu il tarixli, QQK5700718 saylı və 21 mart 2020-ci il tarixli, QQK5859187 saylı müqavilələr üzrə üzərinə götürdüyü öhdəliyi lazımi qaydada yerinə yetirməmişdir və 31 may 2019-cu il tarixli müqavilə üzrə 130 manat, 21 mart 2020-ci il tarixli müqavilə üzrə 536 manat borcu var.
11. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqedən çıxış edərək qeyd edir ki, müqavilə qüvvədə olduğu üçün iddiaçı məhkəməyə hazırki iddia tələbi ilə müraciət etməzdən öncə ilk növbədə müqavilənin ləğv edilməsi təklifi ilə cavabdehə müraciət etməli idi.
12. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 29 mart 2023-cü il Qərarında qeyd edilir ki, nəzərə alınmalıdır ki, Mülki Məcəllənin Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi əsasları adlanan 421-ci maddəsi yalnız müqavilənin birtərəfli qaydada aradan qaldırılması (ləğv edilməsi) hallarını nəzərdə tutmur. Belə ki, Mülki Məcəllənin 421.1-ci maddəsi ləğvetmə ilə bağlı olmayıb, müqavilə azadlığı və tərəflərin bərabərliyi prinsiplərinə uyğun olaraq onların qarşılıqlı razılaşması ilə müqavilə münasibətlərinin dəyişdirilməsi və ya ona xitam verilməsinin mümkünlüyünü nəzərdə tutur. , Mülki Məcəllənin 421.2-ci maddəsində qeyd olunan əsasların mövcud olduğu hallarda müqavilənin ləğv edilməsinin məhkəmədən kənar qaydası, Məcəllənin 423.2-ci maddəsində isə ləğvetmənin xüsusi qaydası (müstəsna hal - Mülki Məcəllənin 422.1-ci maddəsinə uyğun olaraq şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi mövcud olduğu təqdirdə) nəzərdə tutulmuşdur. Məhkəmədən kənar qayda iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə şərtləndirildiyi halda, xüsusi qayda məhkəmə qərarının qüvvəyə minməsi ilə əlaqələndirilmişdir. Mülki Məcəllənin 421.2-ci maddəsində sadalanan iki əsasdan birinin olduğu halda (digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə (və ya müqavilədə) nəzərdə tutulan digər hallarda) müqavilənin ləğv edilməsi məhkəmədənkənar qaydada baş verir. Mülki Məcəllənin 422-ci maddəsinə əsasən şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi halında isə müqavilə həmin Məcəllənin 423.2-ci maddəsində nəzərdə tutulan xüsusi qaydada - məhkəmə qaydasında dəyişdirilir və ya ləğv edilir.
13. Həmin Qərarda qeyd edilir ki, müqavilənin birtərəfli qaydada dəyişdirilməsi və ya Mülki Məcəllənin 421.2-ci maddəsində nəzərdə tutulan əsaslar olmadan onun ləğv edilməsi yalnız “şəraitin sonradan əhəmiyyətli dərəcədə dəyişməsi” halında və həmin Məcəllənin 422-ci maddəsində nəzərdə tutulan şərtlər daxilində baş verə bilər. Həmçinin, sadalanan hal və şərtlərin baş verdiyi təqdirdə müqavilənin birtərəfli qaydada və hansı həcmdə dəyişdirilməsi, buna şərait olmadıqda isə onun ləğv edilməsi tərəfin öz subyektiv mülahizəsi ilə deyil, yalnız məhkəmə tərəfindən müəyyən edilməklə baş verə bilər.
14. Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd edilən Qərarda formalaşdırdığı hüquqi mövqedən göründüyü kimi, Mülki Məcəllənin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar olduqda müqaviləyə xitam verilməsi tərəflərin qarşılıqlı razılaşması ilə məhkəmədən kənar qaydada həyata keçirilməli, yalnız 422-ci maddədə nəzərdə tutulmuş şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi halında müqavilə məhkəmə qaydasında dəyişdirilməli və ya ləğv edilməlidir.
15. Belə olan halda məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilə qüvvədə olduğu və cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi lazımi qaydada yerinə yetirmədiyi, iddiaçı isə qüvvədə olan müqavilə üzrə icra edilməmiş öhdəliyin tam şəkildə yerinə yetirilməsini tələb etdiyi və Konstitusiya Məhkəməsinin yuxarıda qeyd edilən Qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən hazırki hal üzrə müqavilənin ləğv edilməsi məhkəmədən kənar qaydada həyata keçirilməli olduğu üçün iddiaçı ilk öncə müqavilənin ləğv edilməsi məhkəmədən kənar qaydasına riayət etməlidir.
16. İş materiallarına isə iddiaçı tərəfindən cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsini təsdiqləyən sübut əlavə edilməmişdir.
Nəticə :
16. Beləliklə, məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyin mübahisənin məhkəməyə qədər nizama salınmasına dair tələbinə əməl olunmadığı üçün İddiaçı MMCnin Cavabdeh “pul” tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır.
17. İddiaçıya qərardadda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən məhkəməyə müraciət etmək hüququ izah edilməlidir.
18. Həmçinin məhkəmə qeyd edir ki, hazırki mülki iş materiallarına əlavə edilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu ("xxxx" ASC, VÖEN: **********, qəbz nömrəsi: **********; büdcə təsnifat kodu: 142211, büdcə səviyyə kodu: 1, xəzinə hesabı: AZ17CTRE********************, tarix: xx.xx.2024 saat: 22:55:07) dövlət büdcəsindən iddiaçıya geri qaytarılmalıdır.
19. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35, 152, 263-264, 268, 269, 395, 396-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Qərara Aldı:
İddiaçı MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ona əlavə edilmiş sənədlər ilə birlikdə geri qaytarılsın. Ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu ("xxxx" ASC, VÖEN: **********, qəbz nömrəsi: **********; büdcə təsnifat kodu: 142211, büdcə səviyyə kodu: 1, xəzinə hesabı: AZ17CTRE********************, tarix: xx.xx.2024 saat: 22:55:07) dövlət büdcəsindən iddiaçıya geri qaytarılsın. İddiaçıya izah edilsin ki, qərardadda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən məhkəməyə müraciət etmək hüququ vardır. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə informasiya sistemi”ndə yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə şikayət verilə bilər.
Hakim: Ülkər Yusifova