Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(007)-3812/2023 26.12.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Starə Vidadil qızı, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “borcun silinməsi” tələbinə dair kiçik iddialar üzrə iddia ərizəsinin məhkəmənin icraatına qəbul edilməsinin mümkünlüyünə baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. İddia tələbi :
1. İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən cavabdeh "xxxx" İstehsalat Birliyi tərəfindən əsassız hesablanmış 420,60 (dörd yüz iyirmi manat, altmış qəpik) manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
İddia tələbinin əsaslandırıldığı hallar :
2. ünvan 1 ünvanını 2005-ci ildə almışdır. Qeyd olunan yaşayış binası elə həmin ildə alıcılara təhvil verilmişdir. Lakin indiyədək həmin mənzildə yaşayış olmamışdır. Bu il mənzilin rəsmiləşdirilməsi ilə bağlı sənədlər toplayarkən məlum olmuşdur ki, cavabdeh tərəfindən yaşayış olmayan mənzilə borc hesablanmışdır. Azərişıq istehsalat birliyi tərəfindən verilən məlumata görə, orta aylıq hesablama nəticəsində bu günə borc 395,44 manat və sayğac quraşdırma xidmətinə görə 25,16 manat borc yaranmışdır. Cavabdehə həmin mənzilin təmirsiz olması və yaşayışın mümkün olmaması ilə bağlı məlumat verərək borcun silinməsini tələb edilsə də nəticəsiz qalmışdır. İddiaçı mənzildə yaşayış olmadığından hər hansı qəbz təqdim edə bilmir. Cavabdeh tərəfindən verilmiş hesablama da tam aydın deyildir.
Tətbiq edilən hüquq :
2. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin :
284-1. Mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-4.1. Məhkəmə kiçik iddialara dair işlərə sadələşdirilmiş qaydada baxılması ilə əlaqədar ərizənin qəbul olunmasından aşağıdakı hallarda imtina edir: 284-4.1.3. verilmiş tələbi təsdiq edən sənədlər təqdim olunmamışdırsa. 284-4.2. Bu Məcəllənin 284-4.1-ci maddəsində nəzərdə tutulmuş hallarda məhkəmə ərizənin daxil olduğu gündən 5 (beş) iş günü müddətində onun qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərardad çıxarır. Məhkəmə bu müddət ərzində ərizəni qəbul etməkdən imtina etməyibsə, o, qəbul edilmiş sayılır. Ərizəni qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilməz. 284-4.3. Ərizənin qəbul edilməsindən imtina olunması iddiaçının həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Bu halda iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu ödənilməli olan dövlət rüsumuna hesablanır. 114.1. Ödənilmiş dövlət rüsumu aşağıdakı hallarda qaytarılır : 114.1.2. bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizəni baxılmaq üçün qəbul etməkdən imtina edilərsə.
3. “Dövlət rüsumu haqqında” Qanun :
9.1. Aşağıdakılar dövlət rüsumu ödəməkdən azad olunurlar:
9.1.5. istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar;
Məhkəmənin mövqeyi :
5. Məhkəmə iddia ərizəsini iş materialları ilə birlikdə araşdıraraq qeyd edir ki, iddia ərizəsi işə sadələşdirilmiş qaydada baxılmasının yolverilməzliyi ilə əlaqədar icraata qəbul edilməkdən imtina edilməlidir.
6. Belə ki, mülki prosessual qanunvericiliyə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Lakin verilmiş tələbi təsdiq edən sənədlər təqdim edilmədikdə kiçik iddialara dair işlərə sadələşdirilmiş qaydada baxılmasına yol verilmir.
7. Kiçik iddialara dair işlər üzrə iddia ərizəsi iş materialları ilə birlikdə öyrənilərkən müəyyən edilmişdir ki, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı iddiaçı ilə "xxxx" İstehsalat Birliyi tərəfindən onun mülkiyyətində olan ünvan 1 ünvanına əsassız hesablanmış 420,60 (dörd yüz iyirmi manat, altmış qəpik) manat məbləğində borcun silinməsi tələbini irəli sürmüşdür. Lakin İddiaçı iddia ərizəsinə mənzilin onun mülkiyyətində olmasını, həmin mənzildə yaşayış olmamasını təsdiq edən sənədləri əlavə etməmişdir.
8. Belə olan halda, mülki prosessual qanunvericiliyə əsasən iddiaçının cavabdehə qarşı olan tələbini təsdiq edən sənədlər təqdim edilmədikdə kiçik iddialara dair işlərə sadələşdirilmiş qaydada baxılmasına yol verilmir.
Nəticə :
9. Beləliklə, məhkəmə qeyd edir ki, verilmiş tələbi təsdiq edən sənədlər təqdim edilmədiyindən İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “borcun silinməsi” tələbinə dair kiçik iddialara dair işlər üzrə iddia ərizəsi icraata qəbul edilməkdən imtina edilməlidir.
10. Həmçinin, iddiaçıya izah edilsin ki, qərardadın təsviri hissəsində göstərilən çatışmazlıqlar aradan qaldırıldıqdan sonra ümumi əsaslarla məhkəməyə iddia icraatı qaydasında iddia ilə müraciət edə bilər.
11. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-4, 263-264, 267, 268, 395, 396-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “borcun silinməsi” tələbinə dair kiçik iddialara dair işlər üzrə iddia ərizəsinin icraata qəbul edilməsindən işə baxılmasının sadələşdirilmiş qaydasının yolverilməzliyinə görə imtina edilsin və ərizə ona əlavə olunmuş sənədlərlə birlikdə iddiaçıya rəsmi qaydada təqdim olunsun. İddiaçıya izah olunsun ki, ərizənin qəbul edilməsindən imtina olunması iddiaçının həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Qərardaddan şikayət verilə bilməz.
Hakim Starə Əliyeva