Məhkəmə qərarları › İş №e-2(007)-382/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-382/2025

11.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-382/2025 11.02.2026 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı iddia tələbinə dair mülki iş üzrə Açar sözlər: (subroqasiya qaydasında pul tələbi və s.) X14 Tağı oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Hüryanlı Ülkər Allahyar qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “subroqasiya qaydasında pul" tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İddia tələbi: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı "xxxx" ASC tərəfindən ödənilmiş sığorta ödənişinin əvəzi olaraq 5750.00 manat zərər məbləğinin və ödənilmiş 77.5 manat dövlət rüsumunun Cavabdeh tutularaq iddiaçıya ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinin əsaslandırıldığı hallar: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2019-cu il tarixində, saat 05:40 radələrində Bakı şəhəri, R.Rüstəmov ərazisində baş vermiş yol nəqliyyat hadisəsi zamanı Cavabdeh idarə etdiyi "Vaz 21723" markalı, **-HH-*** dövlət qeydiyyat nişanlı avtomobil, X5 idarə etdiyi "Hyundai Sonata" markalı, **-AU-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə sonuncuya maddi zərər vurmuş, sürücü X1 yüngül dərəcəli xəsarət dəymişdir. "Vaz 21723" markalı, **-HH-*** dövlət qeydiyyat nişanlı avtomobil iddiaçı tərəfindən xx.xx.2019-cu il tarixindən xx.xx.2020-ci il tarixinə qədər PXA ********** saylı sığorta şəhadətnaməsi ilə avtonəqliyyat sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığortalanmışdır. xx.xx.2019-cu il tarixli qiymətləndirmə aktından görünmüşdür ki, "Hyundai Sonata" markalı, 90- AU-996 dövlət qeydiyyat nişanlı avtomobilə 6445 manat zərər dəymişdir. xx.xx.2019-cu il tarixli, 1844 nömrəli ekspert rəyindən göründüyü kimi, yol-nəqliyyat hadisəsi nəticəsində X2 yüngül zərər vurulmuşdur. xx.xx.2020-ci il tarixli ödəniş sənədinə əsasən, 5000.00 manat və 750.00 manat ümümilikdə 5750.00 manat iddiaçı tərəfindən X5 bank hesabına ödənilmişdir. xx.xx.2020-ci il tarixli Sabunçu RPİ-nin İŞ-nin baş müstəntiqi, polis kapitanı X9 tərəfindən cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından və bunun əsasında tərtib olunmuş YNH-nin təfərrüatları barədə arayışdan göründüyü kimi, Babayev X8 Xətalar Məcəlləsinin 332.4-cü və 327.2-ci maddələri ilə təqsirli bilinmişdir. Cavabdehin ərizəsini əsaslandırdığı hallar: Cavabdeh xx.xx.2025-ci il tarixdə məhkəməyə göndərdiyi ərizəni onunla əsaslandırmışdır ki, həmin hadisə xx.xx.2019-cu il tarixində baş vermiş, iddiaçı bu vaxtadək ona heç bir pretenziya məktubları göndərməmiş, ondan heç vaxt pul tələbi etməmişdir. Hesab edir ki, həmin hadisədən 6 (altı) il keçdikdən sonra, iddaçının ondan pul tələb etməyə heç bir hüququ yoxdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.3. maddəsinə əsasən, vaxtaşırı icra edilməli olan öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. 2(007)-325/2025 sayılı mülki iş üzrə iddia müddəti tətbiq edilməli, iddiadan imtina barəsində qərar çıxarılmalıdır. Habelə, Bakı şəhəri, Nizami rayon Məhkəməsinin 2(007)-325/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə iş üzrə qiymətləndirmə aparılması qərara alınmış və həmin qərardadın icrası "X13” Məhdud Məsuliyyətli Cəmiyyətinə həvalə edilmişdir. "X13" MMC-nin xx.xx.2025-ci il tarixli, LBC- 03/2025 saylı cavab məktubunda göstərilir ki, istər "X13" MMC-nin mütəxəssisləri tərəfindən, istər iddiaçının nüməyəndəsi tərəfindən, istərsə də cavabdeh tərəfindən mübahisə mövzusu olan həmin nəqliyyat vasitəsinin harada olması barədə heç bir məlumat yoxdur. Belə olan halda isə, dəymiş zərərin məbləğinin müəyyən olunması faktiki olaraq mümkün deyildir. Hesab edir ki, həmin yol nəqliyyat hadisəsindən xeyli müddət keçdiyi üçün həmin nəqliyyat vasitəsinin tapılması və zərərin müəyyən edilməsi işin faktiki hallarının araşdırılmasını mümkünsüz hala gətirəcəkdir. Bu səbəbdən də, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.3. maddəsinə əsasən, 2(007)-325/2025 sayılı mülki iş üzrə iddia müddəti tətbiq edərək, iddiadan imtina barəsində və 2019-cu il tarixdə baş vermiş yol nəqliyyat hadisəsinin iştirakçısı olmuş həmin nəqliyyat vasitəsinin tapılmaması və zərərin müəyyən edilməməsi səbəbindən, 2(007)-325/2025 sayılı mülki işə xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir İşdə iştirak edən şəxslər: Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, 3 dəfə qiymətləndirmə keçirilməsi barədə qərar qəbul edilmiş, 2-si imtina ilə geri qayıtmış, bir qiymətləndirmə isə iştirakı ilə keçirilmişdir. Orada avtomobilin şiti üçün çox qabarıq məbləğ müəyyən edilmişdir. Ekspertizaların rəyindən imtina edilməsi və iddiaçı tərəfindən prosesin uzadılması faktorlarını nəzərə alaraq işə baxılmasının mümkünsüz hesab edilməsini xahiş etdi. Məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçı "xxxx" ASC-nin nümayəndəsi məhkəmə iclaslarına gəlməmişdir. İddiaçının nümayəndəsi Nümayəndə xx.xx.2025-ci il tarixdə elektron kabinet vasitəsilə müraciət edərək məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini və iddianın tam təmin olunmasını xahiş etmişdir. Belə olan halda, məhkəmə iddiaçının nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materialları: İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, iddia ərizəsinin verilməsi üçün "xxxx" ASC tərəfindən 77,50 manat dövlət rüsumu ödənilmişdir. Sığortaçı "xxxx" ASC ilə sığortalı Cavabdeh bağlanmış xx.xx.2019-cu il tarixli PXA********** nömrəli İcbari Sığorta Müqaviləsinə dair məlumatın surətindən görünür ki, ** HH *** dövlət qeydiyyat nişanlı, “Vaz” markalı avtomobil xx.xx.2019-cu il tarixindən xx.xx.2020-ci il tarixədək hər il üçün 75 manat sığorta haqqı olmaqla sığortalanmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X10- Təcrübi və Tədris Birliyinin 1844 saylı ekspert rəyindən görünür ki, X3 baldır və aşıq baldır oynağı nahiyələrinin yumşaq toxumalarının əzilməsi və sıyrıqları müəyyən edilmişdir. Xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarda göstərilən xx.xx.2019-cu il tarixdə və şəraitdə, yəni baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində törənə bilərdi, dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Avtomobillərin Texniki Xidmət Mərkəzinin xx.xx.2019-cu il tarixli qüsur aktından görünür ki, ** AU *** dövlət qeydiyyat nişanlı, “Hyundai Sonata” markalı avtomobilə ümumilikdə 6445 manat zərər dəymişdir. PXA56638 saylı sığorta aktından görünür ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X10-Təcrübi və Tədris Birliyinin ekspert rəyinə əsasən 750 manat sığorta ödənişi X7 ödənilmişdir. PXA56639 saylı sığorta aktından görünür ki, qüsur aktına uyğun olaraq 5000 manat sığorta ödənişi X7 ödənilmişdir. Sığorta ödənişinin alınması üçün plastik ödəmə kartının xx.xx.2020-ci il tarixli təhviltəslim aktından görünür ki, "xxxx" ASC-dən sığorta ödənişini almaq üçün ********** (kartın nömrəsi) **********921780 (16 rəqəmli xüsusi nömrə) və AZ26HAJC********************(İBAN nömrəsi) nömrəli plastik kartlar və ŞEN zərflər X7 təhvil verilmişdir. xx.xx.2021-ci il tarixli cari hesabdan çıxarışdan görünür ki, 5000 və 750 manat pul xx.xx.2020-ci il tarixdə AZ26HAJC******************** iban nömrəli karta köçürülmüşdür. xx.xx.2020-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Cavabdeh barəsində Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanmasının rədd edilməsi, Cavabdeh barəsində Azərbaycan Respublikası İXM-nin 327.2 və 332.4- cü maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsi üçün qərarın surəti Sabunçu RPİ-nin DYPŞ-nə göndərilməsi qərar verilmişdir. -"xxxx" ASC tərəfindən cavabdehə ünvanlanmış xx.xx.2020-ci il tarixli bildirişdən görünür ki, o, yaranmış borcun ödənilməsi, əks halda borcun qaytarılması tələbi ilə məhkəməyə müraciət olunacağı ilə bağlı iddiaçı tərəfindən xəbərdar olunmuşdur. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı əsasında nömrəli mülki iş üzrə qiymətləndirilmə aparılması qərara alınmış və qiymətləndirmənin aparılması “X13” Məhdud Məsuliyyətli Cəmiyyətinə tapşırılmışdır. Lakin xx.xx.2025-ci il tarixdə nəqliyyat vasitəsinin harada və kimdə olması ilə bağlı tərəflərdə məlumat olmadığından iş icrasız geri qaytarılmışdır. -Məhkəmənin qərardadı əsasında təyin edilmiş “X4” MMC-nin xx.xx.2025-ci il tarixli, 79 saylı mütəxəssis rəyindən görünür ki, qərardadın sualı üzrə nəticəsinə əsasən Avtomobillərin Texniki Xidməti Mərkəzinin xx.xx.2019-cu il tarixli “Qüsur Aktı”nda göstərilmiş ehtiyat hissələrinin və görülmüş işlərin, xx.xx.2019-cu il tarixə olan real bazar qiymətlərinə uyğun ümumi dəyərinin 6445,0 (altı min dörd yüz qırx beş) olduğu müəyyən edilir. Məhkəmə baxışının hədləri: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 883.1-ci maddəsinə əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. 888.1-ci maddəsinə əsasən, əmlak sığortasının obyektləri sığortalının əmlaka sahibliyi, ondan istifadəsi və (və ya) ona sərəncam verməsi, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi, digər fiziki şəxslərin sağlamlığına xəsarət yetirməsi və ya fiziki şəxslərin əmlakına, həmçinin hüquqi şəxslərə vurduğu zərərin əvəzinin ödənilməsi, istehsalat fəaliyyəti ilə bağlı əmlak mənafeləridir. Əmlak sığortasına əmlakın və mülki məsuliyyətin sığortası aiddir. 899.1.1-ci maddəsinə əsasən sığorta müqaviləsi yazılı olaraq tərəflərin müvafiq sığorta qaydaları əsasında sığorta müqaviləsi adlanan sənədi tərtib edərək qarşılıqlı imzalaması yolu ilə bağlanır. 922.1-ci maddəsinə əsasən sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. 922.2-ci maddəsinə əsasən, sığorta hadisəsi hesab edilən hadisələr və hallar icbari sığorta üzrə icbari sığorta qanunlarında, könüllü sığorta üzrə isə tərəflərin razılaşması əsasında sığorta müqaviləsində müəyyən edilir. 926.1-ci maddəsinə əsasən sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq, sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur; 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir; 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər; 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur; 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun: 25.1.8-ci maddəsinə əsasən bu Qanunun 63.1-ci maddəsində nəzərdə tutulmuş halda sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ yaranır. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunubolunmadığını müəyyən edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 372.1-ci maddəsinə əsasən bir şəxsdən hər hansı bir hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir; 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır; 376-cı maddəsinə əsasən əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər üzrə də iddia müddəti keçir; 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar Mülki Məcəllə ilə müəyyənləşdirilir. 377.2-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında iddia müddəti institutunun mahiyyətinə, qanunvericilikdə təsbit edilmə məqsədinə və yerinə yetirdiyi hüquqi funksiyaya aydınlıq gətirməklə göstərmişdir ki, iddia müddəti institutu tələb haqlarına şamil olunmaqla mülki münasibət iştirakçılarına pozulmuş hüquqlarının məhkəmə vasitəsi ilə müdafiəsi (borclunun öhdəliyini icra etməyə məcbur edilməsi) imkanının müəyyən müddətlə (zaman kəsiyi) məhdudlaşdırılmasını nəzərdə tutur. İddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir (“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 2001-ci il 27 dekabr tarixli və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 2013-cü il 3 iyun tarixli Qərarlar). “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biri-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§ 68). İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. İşin faktiki halları: Məhkəmə tərəfindən müəyyən olundu ki, xx.xx.2019-cu il tarixində baş vermiş yol nəqliyyat hadisəsi zamanı Cavabdeh idarə etdiyi "Vaz 21723" markalı, **-HH-*** dövlət qeydiyyat nişanlı avtomobil, X5 idarə etdiyi "Hyundai Sonata" markalı, **-AU-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə sonuncuya maddi zərər dəymiş, sürücü X1 yüngül dərəcəli xəsarət dəymişdir. Cavabdehə məxsus avtomobil iddiaçı tərəfindən avtonəqliyyat sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığortalandığından X7 dəyən ziyan iddiaçı tərəfindən ödənilmişdir. Hazırda iddiaçı subroqasiya qaydasında ödədiyi pulun əvəzinin cavabdehdən tutulmasını xahiş edir. Məhkəmənin mövqeyi: Məhkəmə mülki işin materiallarını araşdırıb və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edilməlidir. İşin faktiki hallarından aydın olur ki, cavabdeh öz mülkiyyətində olan avtomobili xx.xx.2019-cu il tarixdə avtonəqliyyat sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığortalamışdır. xx.xx.2019-cu il tarixdə nəqliyyat hadisəsi baş vermiş və cavabdehin mülkiyyətində olan avtomobil ilə X5 idarə etdiyi avtomobil toqquşmuş, beləliklə sonuncunun həm mülkiyyətinə, həm də sağlamlığına ziyan vurulmuşdur. X5 mülkiyyətinə və sağlamlığına dəyən ziyan "xxxx" ASC tərəfindən ödənilmişdir. Beləliklə iddiaçının həmin pulu cavabdehdən geri tələb etməklə bağlı subroqasiya hüququ yaranmışdır. İddiaçının xəbərdarlıqlarına baxmayaraq, cavabdeh pulu ödəmədiyindən iddiaçı məhkəmədə iddia qaldırmalı olmuşdur. Məhkəmə ilk öncə baş vermiş hadisədə cavabdehin təqsirli olması ilə bağlı qeyd edir ki, xx.xx.2020-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarda Cavabdeh barəsində Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanmasının rədd edilsə də, onun barəsində Azərbaycan Respublikası İXM-nin 327.2 və 332.4- cü maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsi üçün qərarın surəti Sabunçu RPİ-nin DYPŞ-nə göndərilmişdir. Bu halda iş materiallarında olan sənədlərlə cavabdehin təqsiri tam sübuta yetmişdir. Məhkəmə zərərin məbləği ilə bağlı qeyd edir ki, iş materiallarında olan Avtomobillərin Texniki Xidmət Mərkəzinin xx.xx.2019-cu il tarixli qüsur aktından görünür ki, ** AU *** dövlət qeydiyyat nişanlı, “Hyundai Sonata” markalı avtomobilə ümumilikdə 6445 manat zərər dəymişdir. Məhkəmə cavabdehin maddi ziyanın məbləği ilə razı olmaması baxımından iş üzrə qiymətləndirmə ekspertizası təyin etmişdir. “X4” MMC-nin xx.xx.2025ci il tarixli, 79 saylı mütəxəssis rəyində Avtomobillərin Texniki Xidməti Mərkəzinin xx.xx.2019-cu il tarixli “Qüsur Aktı”nda göstərilmiş ehtiyat hissələrinin və görülmüş işlərin, xx.xx.2019-cu il tarixə olan real bazar qiymətlərinə uyğun ümumi dəyərinin 6445 olduğu qeyd edilmişdir. Azərbaycan Respublikası MPM-nin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Məhkəmə təqdim edilmiş rəyi tədqiq edərək o qənaətə gəlir ki, rəy kifayət qədər əsaslandırılmışdır. Məhkəmə sağlamlığa dəyən ziyanla bağlı isə qeyd edir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X10-Təcrübi və Tədris Birliyinin ekspert rəyinə əsasən X1 dəyən ziyan 750 manat müəyyən edilmişdir. Göstərilən məbləğlərin X7 ödənilməsi iş materiallarına əlavə olunan aktlarda və hesabdan çıxarışda öz təsdiqini tapmışdır. Mülki prosessual qanunvericiliyə görə, mülki işlər üzrə məhkəmə icraatında çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyinin müdafiə edilməsi üçün irəli sürdüyü tələb və etirazların əsaslarının sübut edilməsi imkanlarını və vasitələrini müəyyən edən sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq mülki məhkəmə icraatının tərəfləri öz tələb və etirazlarının əsası kimi əsaslandığı halları sübut etməlidir. Göründüyü kimi, qətnamə çıxarıldıqda hakim mülki iş üzrə toplanmış, həmin iş üzrə əhəmiyyət kəsb edən, məhkəmə iclasında tədqiq olunmuş sübutları qiymətləndirməlidir. Bunun üçün işin konkret halları və həmin halları təsdiq və ya inkar edən, işin düzgün həlli üçün əhəmiyyətə malik olan sübutlar müəyyən olunmalıdır. İş üçün əhəmiyyəti olan hallar dedikdə isə hər bir tərəfin öz tələblərinin və ya etirazlarının əsası kimi istinad etdiyi və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla təsdiq və ya rədd olunan hallar başa düşülür. Qanunvericilik mülki işə baxılmasını və çıxarılan qətnaməni tələblə, həmin tələbi müəyyən edən hallarla və bu halları təsdiq edən sübutlarla məhdudlaşdırır. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə qeyd edir ki, iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilmişdir. Cavabdeh isə iddiaçıya maddi ziyan vurduğunu məhkəmə iclasında verdiyi izahatında təsdiq etmişdir. Cavabdehin qəbul etmədiyi hal ondan ibarət olmuşdur ki, tələb edilən ziyan məbləği yüksəkdir. Lakin cavabdeh öz etirazını əsaslandıran sübutlarını məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə hesab edir ki, qanunvericilik normalarının tələbləri baxımından iddia tələbi əsaslıdır və təmin edilməlidir. Məhkəmə cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş iddia müddətinin tətbiqi ilə bağlı ərizəyə münasibətdə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372-375-ci maddələrinin tələbləri nəzərə alınmaqla, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir, mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. İşin hallarından görünür ki, hazırkı iş üzrə tərəflər arasında mübahisə vurulmuş zərərin nəticələrinin aradan qaldırılmasından əmələ gəlmişdir ki, bu cür iddialara da Mülki Məcəlləsinin 373.1ci maddəsi ilə müəyyən edilən ümumi iddia müddəti şamil edilir. Həmin maddəyə əsasən isə ümumi iddia müddəti on il təşkil edir. Sığorta hadisəsinin xx.xx.2019-cu il tarixdə baş verməsi nəzərə alınmaqla, məhkəmə qeyd edir ki, iddia tələbi üzrə iddia müddəti keçmədiyindən cavabdehin ərizəsi əsasında iddia müddətinin tətbiq edilməsi ilə iddiadan imtina edilməsi üçün əsaslar mövcud deyil. Məhkəmə xərcləri: Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən və iddiaçı isə tələb etdiyindən iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunu onun xeyrinə cavabdehdən tutulmalıdır. Bundan başqa məhkəmə qeyd edir ki, qiymətləndirmə ekspertizasının keçirilməsi üçün sərf edilmiş 200 manat pul “X4” MMC-nin xeyrinə cavabdehdən tutulmalıdır. Nəticə: Beləliklə məhkəmə işin hallarını tam və hərtərəfli araşdırıb iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh maddi ziyanın əvəzi qismində 5750 manat pul və ödənilmiş dövlət rüsumunun əvəzi 77,5 manat vəsait iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulmalı, qiymətləndirmə ekspertizasının keçirilməsi üçün sərf edilmiş 200 manat pul cavabdehdən tutularaq “X4” MMC-nin hesabına ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin edilsin. Cavabdeh maddi ziyanın əvəzi qismində 5750 manat pul və ödənilmiş dövlət rüsumunun əvəzi 77,5 manat vəsait tutularaq "xxxx" ASC-yə ödənilsin. Məhkəmə qiymətləndirmə ekspertizasının keçirilməsinə sərf edilmiş 200 manat pul Cavabdeh tutularaq “X4” MMC-nin hesabına ödənilsin. (VÖEN:**********, İBAN: AZ94BRES********************, Alanın bankı-Bank Respublika ASC-nin Nərimanov filialı, kodu:513489, SWİFT:BRESAZ22, M/h: AZ80NABZ********************) Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Rauf Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar