Məhkəmə qərarları › İş №e-2(007)-3920/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №e-2(007)-3920/2025

30.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(007)-3920/2025 30.10.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Starə Vidadil qızının sədrliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair (kiçik iddialara dair işlər üzrə icraat qaydasında) iddia ərizəsinin məhkəmənin icraatına qəbul edilməsinin mümkünlüyünə baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. İddia tələbi :

1. İddiaçı MMC Cavabdeh qarşı “pul” tələbinə dair (kiçik iddialara dair işlər üzrə icraat qaydasında) iddia ərizəsi ilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən Cavabdeh İddiaçı MMC-nin xeyrinə 594 (beş yüz doxsan dörd) manat məbləğində əsas borc, 59 (əlli doqquz) manat məbləğində cərimə, 30 (otuz) manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 583 (beş yüz səksən üç) manat məbləğində pul vəsaitinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

İddia tələbinin əsaslandırıldığı hallar :

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış R0090272 nömrəli, xx.xx.2024-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən satıcı alıcıya 18 ay müddətinə, 2694 manat dəyərində olan əşyanı satmışdır. Cavabdeh aldığı əşyaya görə ilkin ödəniş etməmiş və borclu olduğu qalıq 2694 manat məbləğində pulu ödəniş cədvəlinə əsasən iddiaçıya hissə-hissə ödəməyi öhdəsinə götürsə də, alqı-satqı müqaviləsində nəzərə tutulmuş öhdəlikləri qismən yerinə yetirmiş və 2100 manat ödəniş etmişdir. Borcun ödənilməsi ilə əlaqədar olaraq borcluya dəfələrlə şifahi və yazılı xəbərdarlıq edilmişdir. Lakin borc ödənilməmişdir.

Tətbiq edilən hüquq :

2. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi :

150.1. İddia ərizəsinə aşağıdakı sənədlər əlavə edilir: 150.1.2. dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd. 152.1. Hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır: 152.1.5. müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə; 152.4. iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. 152.3. iddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi gündən verilmiş hesab edilir. 284-3.5. Ərizənin bu Məcəllənin 284-3.1-ci və 284-3.2-ci maddələri ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə, yaxud bu Məcəllənin 152.1.2- 152.1.9-cu maddələrində müəyyən edilmiş əsaslar olduqda hakim iddia ərizəsini və ona əlavə olunmuş sənədləri geri qaytarır. Ərizənin qaytarılması həmin nöqsanlar aradan qaldırıldıqdan sonra kiçik iddialar üzrə sadələşdirilmiş icraat qaydasında yenidən məhkəməyə müraciət etməyə mane olmur.

3. “Dövlət rüsumu haqqında” Qanun :

8.1. Qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə: 8.1.1 iddia qiyməti 1.000 manatadək olduqda 30 manat miqdarında dövlət rüsumu ödənilməlidir.

Məhkəmənin mövqeyi :

4. Məhkəmə iddia ərizəsi və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək qeyd edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır.

5. Belə ki, mülki prossesual qanunvericiliyə əsasən iddia ərizəsi ilə müraciət olunan zaman qanunla müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumu ödənilməli və dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilməlidir. Lakin iddia ərizəsi və ona əlavə edilmiş sənədlər nəzərdən keçirilərkən dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədin təqdim edilmədiyi müəyyən edilmişdir.

6. Belə ki, işin faktiki hallarından görünür ki, ərizəçinin hazırki iş materiallarına əlavə etdiyi dövlət rüsumuna dair qəbz üzrə ödənilmiş dövlət rüsumu Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-3724/2025 saylı xx.xx.2025-ci il tarixli qərardadı ilə İddiaçı MMC-yə geri qaytarılmışdır. Həmin qərardad dövlət rüsumunun ərizəçiyə qaytarılmasına dair hissədə icra edilməsi üçün Bakı Şəhəri üzrə Baş Maliyyə İdarəsinə göndərilmişdir.

7. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, işin tədqiq edilən halları ilə müəyyən edilmişdir ki, iddiaçı "xxxx" MMC tərəfindən Cavabdeh qarşı olan “pul” tələbinin faktiki əsasını təşkil edən “alqı-satqı” müqaviləsinin əsli iş materiallarına əlavə edilməmişdir. Halbuki mülki prosessual qanunvericiliyə əsasən yazılı sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilməlidir.

8. Belə olan halda, məhkəmə qeyd edir ki, ərizə və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmalı, qeyd edilən nöqsanlar aradan qaldırıldıqdan sonra təkrarən, ümumi qaydada məhkəməyə müraciət etmək hüququnun olması iddiaçıya izah edilməlidir.

Nəticə :

9. Beləliklə, məhkəmə qeyd edir ki, dövlət rüsumunun ödənilməsinə dair mülki prosessual qanunvericiliyin tələbinə riayət edilmədiyi üçün İddiaçı MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi geri qaytarılmalıdır.

10. Ərizəçiyə izah edilməlidir ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur.

11. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152, 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə

Qərara Aldı:

İddiaçı MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçı izah edilsin ki, qərarın təsviri hissəsində göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi əsaslarla yenidən məhkəməyə müraciət edə bilər. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə informasiya sistemi”ndə yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə şikayət verilə bilər.

Hakim Starə Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar