Məhkəmə qərarları › İş №e-2(007)-403/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-403/2024

10.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-403/2024 10.01.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia tələbinə dair mülki iş üzrə (Açar sözlər: “subroqasiya qaydasında pul tələbi”) Hakim Əliyeva Starə Vidadil qızının sədrliyi, Nağıyeva Əfsanə Fərhad qızının katibliyi, İddiaçının nümayəndəsi X7 iştirakı ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh1 və Cavabdeh2 qarşı “subroqasiya qaydasında pul tələbi”nə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi. İddia tələbi :

1. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti “subroqasiya qaydasında pul tələbi”nə dair iddia ərizəsi ilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən iddiaçı "xxxx" ASC tərəfindən ödənilmiş ümumilikdə 4707 (dörd min yeddi yüz yeddi) manat sığorta ödənişi, 1.63 (bir manat, 63 qəpik) manat xidmət haqqı və ödənilmiş 67.47 (altmış yeddi manat, qırx yeddi qəpik) manat dövlət rüsumu olmaqla, cəmi 4776.10 (dörd min yeddi yüz yetmiş altı manat, on qəpik) manat məbləğində pul vəsaitinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tutulması, daha sonra iddia tələbinin dəqiqləşməsinə dair ərizə ilə müraciət edərək Cavabdeh1 və Cavabdeh2 birgə qaydada tutularaq "xxxx" ASC-nin hesabına ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

İddia tələbinin əsaslandırıldığı hallar :

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, “BMW 728” markalı, **-UJ-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2021-ci il tarixli PSS********** №-li “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” şəhadətnaməsinə əsasən "xxxx" ASC-də sığortalanmışdır. Cavabdeh1 xx.xx.2021-ci il tarixdə, saat 23:50 radələrində həmin avtomobili Göyçay şəhəri, M.Ə.Rəsulzadə küçəsi ilə Heydər Əliyev küçəsinin kəsişməsində etibarnaməsiz idarə edərkən “Opel Astra” markalı, **-EF-*** dövlət qeydiyyat nişanlı avtomobili və “VAZ 21063” markalı, **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobili vuraraq zədələmişdir. Göyçay RPŞ DYPB-nin “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayışın”dan, Göyçay rayon X11 Bölməsinin təhqiqatçısı, polis baş leytenantı Turan Kərimlinin xx.xx.2021-ci il tarixli “cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərar”ından və xx.xx.2021-ci il tarixli TP4421380 saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, 2021-ci ilin 25 may tarixində saat 23:50 dəqiqədə Göyçay şəhəri, M.Ə.Rəsulzadə küçəsi ilə Heydər Əliyev küçəsinin kəsişməsində yol-nəqliyyat hadisəsi baş vermişdir. Yol-nəqliyyat hadisəsinin növü toqquşmadır. Cavabdeh avtomobili etibarnaməsiz idarə etdiyindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2 və 332.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmişdir. Zədələnmiş “Opel Astra” markalı, **-EF-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin miqdarı “İcbari Sığortalar haqqında” qanunun 16-cı və “Sığorta fəaliyyəti haqqında” qanunun 10.10-cu maddələrinin tələblərinə əsasən, müqavilə üzrə "xxxx" ASC ilə sığorta sahəsində yardımçı fəaliyyət göstərən hüquqi şəxs "xxxx" MMC tərəfindən qiymətləndirilərək 3267 (üç min iki yüz altmış yeddi) manat, “VAZ 21063” markalı, **-BM- *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər isə 1440 (bir min dörd yüz qırx) manat məbləğində müəyyən edilmişdir. “Opel Astra” markalı, **-EF-*** dövlət qeydiyya nişanlı avtomobilə dəymiş zərərə görə 3267 (üç min iki yüz altmış yeddi) manat və “VAZ 21063” markalı, **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobilə görə 1440 (bir min dörd yüz qırx) manat məbləğində sığorta ödənişi olunmuş və bu ödəniş xx.xx.2021-ci il tarixli İ-834/21 saylı və xx.xx.2021-ci il tarixli İ-835/21 saylı sığorta ödənişi aktlarında və onlar əsasında verilmiş ödəniş tapşırıqlarında öz əksini tapmışdır. Üçüncü şəxslərə ödənilmiş ümumilikdə 4707 (dörd min yeddi yüz yeddi) manat məbləği cavabdehlər tərəfindən qaytarılmalıdır. Cavabdehlərə bu barədə pretenziya məktubu da göndərilmiş, lakin müsbət nəticəsi olmamışdır. Cavabdeh baş vermiş yol-nəqliyyat hadisəsi zamanı sığortalanmış avtomobili etibarnaməsiz idarə etdiyi üçün Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 936.5-ci, “İcbari Sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.1.3-cü maddələrinə əsasən, "xxxx" ASC-nin ödənilmiş sığorta ödənişi məbləğində cavabdehlərdən subroqasiya hüququ qaydasında tələb etmək hüququ yaranmışdır.

İş materialları :

3. Elektron sənəd formasında bağlanmış xx.xx.2021-ci il tarixli PSS********** nömrəli “avtonəqliyyat vasitəsi sahibinin mülki məsuliyyətinin icbari sığortası” müqaviləsinin surətindən görünür ki, ** UJ *** dövlət qeydiyyat nişanlı “BMW 728” markalı avtomobil "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən 05 mart 2021-ci il saat 19:46-dan 05 mart 2022-ci il saat 19:46-dək sığortalanmışdır. Həmin müqavilə ilə əmlaka vurulan zərərə görə 5000 manat, sağlamlığa vurulan zərərə görə 5000 manat, bir hadisə üzrə 50.000 manat sığorta ödənişi nəzərdə tutulmuşdur.

4. Göyçay RPŞ-nin DYPB-nin əməkdaşı tərəfindən tərtib edilmiş 10 iyun 2021-ci il tarixli TP ******* nömrəli “inzibati tənbeh vermə haqqında” qərarın surətindən görünür ki, Cavabdeh1 ** UJ *** dövlət qeydiyyat nişanlı “BMW 728” markalı avtomobil etibarnaməsiz idarə edərkən svetaforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkəti davam etdirməsinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2 və 332.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir.

5. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən tərtib edilmiş “avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə səhhətə və əmlaka dəyən zərər dair” İ-834/21 və İ-835/21 nömrəli aktların surətindən görünür ki, **-UJ-*** dövlət qeydiyyat nişanlı “BMW 728” markalı avtomobili hüququ olmadan idarə edən Cavabdeh1 25 may 2021-ci il tarixdə “VAZ 21063” markalı **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobili görməmiş və onun hərəkət zolağına çıxdığından toqquşma baş vermişdir. Zərbənin təsirindən “BMW 728” minik markalı **-UJ-*** dövlət qeydiyyat nişanlı avtomobil idarəetməni itirərək əks istiqamətdə işıqforda dayanmış “Opel Astra” minik markalı **-EF- *** dövlət qeydiyyat nişanlı avtomobilə çırpılmışdır. Əmlaka dəymiş ziyanın və sığorta ödənişinin yekun məbləği olaraq “VAZ 21063” markalı **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobili üçün 1440 manat, “Opel Astra” minik markalı **-EF-*** dövlət qeydiyyat nişanlı avtomobil üçün 3267 manat müəyyən edilmiş və ödənilmişdir.

6. "xxxx" MMC tərəfindən tərtib edilmiş 31 may 2021-ci il tarixli qüsur aktlarından görünür ki, “VAZ 21063” markalı **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş maddi zərərin həcmi 1440 manat və “Opel Astra” minik markalı **-EF-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş maddi zərərin həcmi 3267 manat qiymətləndirilmişdir.

7. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh1 və Cavabdeh2 ünvanlanmış 16 sentyabr 2021-ci il və 05 avqust 2021-ci il tarixli pretenziya məktublarından görünür ki, onlar, iddiaçı tərəfindən ödənilmiş 1440 manat və 3267 manat sığorta ödənişlərini ödəməli olmaları, əks halda məhkəməyə müraciət olunacağı ilə bağlı xəbərdar olunmuşlar.

8. Göyçay rayon X11 Bölməsinin təhqiqatçısı, polis baş leytenantı Turan Kərimlinin xx.xx.2021-ci il tarixli “cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” qərarından görünür ki, Qərarın təsviri hissəsində göstərilənlərə əsasən, X8 müayinə uçün xəstəxanaya müraciət etməsi barədə daxil olmuş məlumat əsasında toplanmış materialda cinayət tərkibinin əlamətləri olmadığından material üzrə cinayət işi başlanılmasının rədd edilməsi və Cavabdeh1 əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinin tərkibi olduğundan barəsində inzibati qaydada tədbir görülməsi üçün qərarın surətinin Göyçay rayon Polis şöbəsinin DYPŞ-yə göndərilməsi qərara alınmışdır.

9. AD seriyalı 279665 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, **-UJ-*** dövlət qeydiyyat nişanlı “BMW 728” markalı minik avtomobilinin mülkiyyətçisi X6r.

10. AD seriyalı 194991 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, **-EF-*** dövlət qeydiyyat nişanlı “Opel Astra” markalı minik avtomobilinin sahibi X9r.

11. ƏN-Vİİ seriyalı, 433974 saylı etibarnamənin surətindən görünür ki, **-EF-*** dövlət qeydiyyat nişanlı “Opel Astra” markalı minik avtomobili X10 tərəfindən 26 iyun 2018-ci il tarixdən 13 sentyabr 2021-ci il tarixədək idarə etmək üçün X3 verilmişdir.

12. Cavabdeh1 məxsus AB261230 nömrəli xx.xx.2009-cu il tarixli sürücülük vəsiqəsinin surətindən görünür ki, sürücülük vəsiqəsi xx.xx.2028-ci il tarixədək qüvvədədir.

13. Abbasova SəkinəTofiq qızı tərəfindən Cavabdeh2 verilmiş xx.xx.2021-ci il tarixli etibarnamənin surətindən görünür ki, “BMW 728” markalı **-UJ-*** dövlət qeydiyyat nişanlı avtomobil “sürücülük hüququ olduqda idarə etmək, bağışlamaq, ipotekaya qoymaq, sərəncam vermək, ərizə vermək” hüquqları ilə Cavabdeh2 etibar edilmişdir.

14. X4 “sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə”yə dair xx.xx.2021-ci il tarixli № 140 saylı protokolun surətindən görünür ki, sərxoşluq alı müəyyən edilməmişdir.

15. X1 “sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə”yə dair xx.xx.2021-ci il tarixli № 141 saylı protokolundan görünür ki, sərxoşluq halı müəyyən edilməmişdir.

16. Cavabdeh1 “sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə”yə dair xx.xx.2021-ci il tarixli № 139 saylı protokolundan görünür ki, sərxoşluq halı müəyyən edilməmişdir.

17. İş materiallarına xx.xx.2021-ci il tarixli yol nəqliyyat hadisəsi yerinin sxemi əlavə edilmişdir.

18. xx.xx.2023-cü il tarixli, ********** nömrəli mədaxil qəbzindən görünür ki, iddiaçı "xxxx" ASC tərəfindən məhkəməyə müraciət etmək üçün 67.07 manat dövlət rüsumu və 0.4 qəpik bank xidmət haqqı ödənilmişdir.

Tərəflərin izahatları :

19. Məhkəmə iclasında iddiaçı "xxxx" ASC-nin nümayəndəsi X12 iddia ərizəsinin məzmununa uyğun izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir.

20. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasına gəlməmişlər.

21. Cavabdeh2 məhkəməyə teleqram göndərərək 90UJ771 nömrə nişanlı avtomobili X2 alaraq Cavabdeh1 satdığını, həmin avtomobil Cavabdeh1 adına rəsmiləşdirilənə kimi Cavabdeh1 avtomobili idarə edərək qəza törətdiyini və avtomobilin qəzalı vəziyyətdə Cavabdeh1 adına rəsmiləşdirildiyini bildirmişdir.

22. Cavabdeh1 isə məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişini almasına baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmiş, mübahisəyə müvafiq prosessual maraq göstərməmiş və ona qarşı irəli sürülən iddia tələbinə etiraz etməmişdir.

23. Belə olan halda məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Məhkəmə baxışının hədləri:

24. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin :

14.2. məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

77. hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.

Tətbiq edilən hüquq :

25. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin :

107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

26. Azərbaycan Respublikasının Mülki Məcəlləsi : 936.1. Subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. 936.2. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. 936.5. sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən, dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. 1108.2. Yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. 1115. Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur.

27. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun:

25.1. Sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ aşağıda göstərilən hallarda yaranır: 25.1.3. İcbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. 52.1. Avtonəqliyyat vasitəsinin Azərbaycan Respublikasının ərazisində istifadəsi nəticəsində zərərçəkən üçüncü şəxslərin sağlamlığına və (və ya) əmlakına dəymiş zərərin əvəzinin ödənilməsi üzrə mülki məsuliyyətin yaranması faktı sığorta hadisəsi hesab olunur. 53.1. Mülkiyyətində avtonəqliyyat vasitəsi olan, yaxud avtonəqliyyat vasitəsinə faktiki sahibliyi həyata keçirən, yəni onu icarə və ya digər əşya hüquqlarına dair müqavilə və ya etibarnamə əsasında idarə edən, yaxud digər qanuni əsaslarla istismar edən şəxslər bu Fəslin məqsədləri üçün avtonəqliyyat vasitəsinin sahibi hesab olunurlar.

İşin faktiki halı :

28. Siğorta" ASC tərəfindən xx.xx.2021-ci il tarixli PS S********** nömrəli müqavilə üzrə xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası ilə sığortalanmışdır.

29. xx.xx.2021-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində Cavabdeh1 etibarnaməsiz idarə etdiyi X5 mülkiyyətində olan və Cavabdeh2 qanuni əsaslarla (nəqliiyat vasitəsini idarə etmək, bağışlamaq, sərəncam vermək hüququna dair etibarnamə üzrə) sahibliyində olan **-UJ-*** dövlət qeydiyyat nişanlı “BMW 728” markalı avtomobil ilə Göyçay şəhəri, M.Ə.Rəsulzadə küçəsi ilə Heydər Əliyev küçəsinin kəsişməsində yol hərəkət qaydalarını pozmuş, nəticədə “Opel Astra” markalı, **-EF-*** dövlət qeydiyyat nişanlı avtomobilə və “VAZ 21063” markalı **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobilə zərər vurmuşdur.

30. Hadisədən sonra “BMW 728” markalı, **-UJ-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən Cavabdeh1 barəsində “inzibati tənbeh vermə haqqında” qərar qəbul edilmiş və o, həmin qərarla Azərbaycan Respublikası İXM-nin 332.1 və 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində inzibati cərimə növündə iznibati tənbeh tətbiq edilmişdir.

31. Hadisə nəticəsində “VAZ 21063” markalı, **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin miqdarı iddiaçı "xxxx" ASC ilə sığorta sahəsində yardımçı fəaliyyət göstərən hüquqi şəxs "xxxx" MMC tərəfindən qiymətləndirilərək 1440 manat və “Opel Astra” markalı, **-EF-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin miqdarı isə 3267 manat məbləğində müəyyən edilmişdir. Həmin məbləğdə sığorta ödənişi iddiaçı "xxxx" ASC tərəfindən faydalananan şəxslərə ödənilmişdir.

Məhkəmənin mövqeyi :

32. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, tərəflərin izahatını nəzərə alaraq, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia tələbi təmin edilməməlidir.

33. Belə ki, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsində icbari sığorta üzrə subroqasiya hüququnun yaranmasının əsasları müəyyən edilmişdir. İddiaçı "xxxx" ASC həmin normada sadalanan əsaslardan biri hazırki mülki işin faktiki halına uyğun gəldiyi üçün həmin əsasla icbari sığorta məbləğini geri tələb etmişdir. Həmin əsas-hadisə zamanı sürücünün avtomaşını idarə etməyə hüququ olmaması halıdır.

34. Qeyd olunan normada deyilir ki, icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır (maddə 25.1.3).

35. Cavabdeh1 avtomobili etibarnamə olmadan idarə etməsi onun avtomobili idarə, istifadə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs kimi qəbul etməyə əsas vermir və buna görə də sığorta şirkətinin bu əsasla subroqasiya hüququ yarana bilməz. Çünki, “hüququ olmayan şəxs” dedikdə, nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan, başqa sözlə sürücülük vəsiqəsi olmayan şəxs nəzərdə tutulur. Qanunun məqsədi də bundan ibarətdir.

36. Belə ki, sürücülük hüququ olmayan şəxsin avtomobili idarə etməsi təhlükəli hal olduğuna və sığorta hadisələrinin baş verməsi riskini artırdığına görə qanunverici bilərəkdən qeyd olunan əsası qanuna daxil etmişdir ki, həm sığortalılar sürücülük hüququ olmayan şəxslərə avtomobili idarə etmək üçün verməsinlər, həm də sonuncular belə bir hüquqları olmadan avtomobili idarə etməsinlər.

37. Bu cür əsasın qanunda olması həm də sığorta şirkətlərini əsassız maliyyə itkisinə məruz qalmaq riskindən də qoruyur. Çünki, bu əsasın olmasına görə nəzəri və praktiki biliyi olmayan “sürücü”lərin hərəkətlərindən sığorta şirkətləri faktiki olaraq qanunla müdafiə olunurlar. Lakin sürücülük hüququ olmadan avtomobili idarə etmə ilə, etibarnamə olmadan avtomobili idarə etmə fərqli anlayışlarıdır. Yəni, etibarnamə olmadan avtomobili idarə edən şəxs sürücülük hüququ olmayan şəxs demək deyildir. Etibarnamənin olmaması sığortanın məqsədləri baxımından əhəmiyyət kəsb etmir. Kifayətdir ki, avtomobili idarə etmək üçün qanuni əsas olsun. Qanuni əsas isə “İcbari sığortalar haqqında” Qanunun 53.1-ci maddəsində nəzərdə tutulmuşdur. Həmin maddədə qeyd olunur ki, mülkiyyətində avtonəqliyyat vasitəsi olan, yaxud avtonəqliyyat vasitəsinə faktiki sahibliyi həyata keçirən, yəni onu icarə və ya digər əşya hüquqlarına dair müqavilə və ya etibarnamə əsasında idarə edən, yaxud digər qanuni əsaslarla istismar edən şəxslər bu Fəslin məqsədləri üçün avtonəqliyyat vasitəsinin sahibi hesab olunurlar. Göründüyü kimi, bu qanunda avtomobili yalnız etibarnamə əsasında idarə edən deyil, həm də icarə yaxud digər əşya hüquqlarına dair müqavilə və ya digər qanuni əsaslarla idarə edən şəxs məhz bu qanunun məqsədləri üçün avtomobilin sahibi hesab olunurlar. Ona görə də etibarnamə olmadan avtomobilin idarə edilməsi onun hüququ olmayan şəxs tərəfindən idarə edilməsi demək deyildir.

38. İradənin yazılı və ya şifahi formada ifadə edilməsindən asılı olmayaraq avtomobilin istismarı mülkiyyətçinin iradəsinə uyğun olması kifayətdir ki, qanuni əsas mövcud olsun. Mülki hüquqa görə avtomobil əşyadır və onun idarə edilməsi əşyadan istifadə edilməsi kimi qəbul edilmir. Əgər avtomobilin başqa şəxs tərəfindən idarə edilməsi mülkiyyətçinin razılığına əsasən həyata keçirilirsə, bu o deməkdir ki, mülkiyyətçi ilə həmin şəxsin arasında istifadə müqaviləsi mövcuddur.

39. Cavabdeh2 məhkəməyə ünvanladığı teleqrama əsasən müəyyən edilmişdir ki, Cavabdeh2 avtomobili Cavabdeh1 satmışdır. Lakin avtomobil Cavabdeh1 adına rəsmiləşdirilənə kimi Cavabdeh1 avtomobili idarə edərək yol-nəqliyyat hadisəsi törətmişdir. Avtomobil qəzalı vəziyyətdə Cavabdeh1 adına rəsmiləşdirilmişdir. Həmçinin iş materiallarında görünür ki, Cavabdeh1 nəqliyyat vasitəsini idarə etmək hüququ verən sürücülük vəsiqəsi olmuşdur.

40. Həmçinin məhkəmə qeyd edir ki, avtomobilin idarə etmək hüququ olmayan şəxs tərəfindən idarə edilməsinə görə məsuliyyəti inzibati xətalar qanunverciliyi müəyyən etmişdir. Bu məsuliyyəti müəyyən etməkdə inzibati xətalar qanunverciliyinin iki məqsədi vardır: birincisi, avtomobil mülkiyyətçilərinin mənafeyi müdafiə olunsun və başqa şəxslər mülkiyyətçinin iradəsi olmadan avtomobilə sahiblənə bilməsinlər; ikincisi, yol hərəkəti sahəsində hüquqpozmalara qarşı mübarizə imkanları gücləndirilsin, yəni qayda pozuntusu zamanı avtomobili idarə edən şəxsin (sürücünün) şəxsiyyətinin müəyyən edilməsi və məsuliyyətə cəlb olunması mümkün olsun. Göründüyü kimi, bu normanın sığortaçıların mənafeyinin qorunması ilə bağlı məqsədi yoxdur.

41. Qeyd olunanları nəzərə alaraq məhkəmə qeyd edir ki, sığorta şirkətinin hazırkı halda avtomobili idarə edən şəxsdən, Cavabdeh1 və avtomobilə qanuni əsaslarla sahiblik edən Cavabdeh2 ödənilmiş sığorta məbləğini geri tələb etməyə subyektiv hüququ yaranmamışdır.

42. “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin MKnın 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.

Məhkəmə xərcləri.

43. İddiaçı "xxxx" ASC ödənilmiş 67.47 manat məbləğində dövlət rüsumunun əvəzinin və 1.63 manat xidmət haqqının cavabdehlərdən tutulması tələbini irəli sürmüşdür.

44. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

45. Məhkəmə qeyd edir ki, iddia təmin edilmədiyindən iddiaçı "xxxx" ASC-nin iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman ödədiyi 67.07 manat məbləğində dövlət rüsumu, 0.4 qəpik bank xidmət haqqı və 1.63 manat məbləğində xidmət haqqı iddiaçıya aid edilməlidir.

Nəticə :

46. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək qeyd edir ki, iddia təmin edilməməli, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı olan ödənilmiş 4707 manat sığorta ödənişinin, 1.63 manat xidmət haqqı və ödənilmiş 67.47 manat dövlət rüsumunun tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməsinə dair iddia tələbi rədd edilməlidir.

47. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Qət Etdi:

İddia tələbi təmin edilməsin. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin ödədiyi ümumilikdə 4707 (dörd min yeddi yüz yeddi) manat sığorta ödənişi, 1.63 (bir manat, 63 qəpik) manat xidmət haqqı və ödənilmiş 67.47 (altmış yeddi manat, qırx yeddi qəpik) manat dövlət rüsumu olmaqla, cəmi 4776.10 (dörd min yeddi yüz yetmiş altı manat, on qəpik) manat məbləğində pul vəsaitinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmasına dair iddia tələbi təmin edilməsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Starə Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar