Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-4030/2025 22.01.2026 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı iddia tələbi üzrə mülki iş (Açar söz: “alqı-satqı müqaviləsi üzrə pul tələbi”) Hakim Əliyeva Starə Vidadil qızının sədrliyi, Məhkəmə iclas katibi İmanzadə Türbət Rəşad qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" MMC Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi. İddia tələbi :
1. İddiaçı "xxxx" MMC Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, “LG” TV üçün 2644.4 manat ödənilməmiş hissə, 264.44 manat dəbbə, xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən, “Roborock S8 maxv ultra” markalı robot tozsoran üçün 1679.74 manat ödənilməmiş hissə, 167.97 manat dəbbə; xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən, “Lenovo” markalı kompüter üçün 1509.5 manat ödənilməmiş hissə, 150.95 manat dəbbə olmaqla, ümumilikdə 6417 manat borc, 84.17 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddiaçı xx.xx.2025-ci il tarixində iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmədən xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, “LG” TV üçün 2644.4 manat ödənilməmiş hissə, 264.44 manat cərimə, xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən “Lenovo” markalı kompüter üçün 1509.5 manat ödənilməmiş hissə, 150.95 manat cərimə olmaqla, ümumilikdə 4569.29 manat borc və 84.17 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
İddia tələbinin əsaslandırıldığı hallar :
3. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2024-cü il, xx.xx.2025-ci il, xx.xx.2025-ci il tarixli müqavilələrə əsasən, “LG” TV, Lenovo kompüter “Roborock S 8 maxv ultra” almış və nəticədə 6417 (altı min dörd yüz on yeddi) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 3604.2 manat (18 ay x 188,9 manat + 204 manat ikin ödəniş) olan “LG” TV üçün ümumilikdə, 2908.84 manat olmaqla ondan, 2644,4 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 264.44 manat dəbbə, xx.xx.2025-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 2766 manat (18 ay x 112 manat + 750 manat ikin ödəniş) olan “Roborock S 8 maxv ultra” üçün ümumilikdə, 1847.71 manat olmaqla ondan, 1679.74 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 167.97 manat dəbbə, xx.xx.2025-cü il tarixli müqaviləyə əsasən, alqısatqı qiyməti 2107 manat (12 ay x 141 manat + 415 manat ikin ödəniş) olan Lenovo kompüter üçün ümumilikdə, 1660.45 manat olmaqla ondan, 1509.5 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 150.95 manat dəbbə pulu borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 2643.56 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödənilir. Cavabdehlə bağlanılmış xx.xx.2024-cü il, xx.xx.2025-cü il, xx.xx.2025-cü il tarixli Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərilən xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin Məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğu rəsmi qaydada bildirilsə də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir.
İş materialları :
4. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli müqavilədən görünür ki, müştəri bu müqavilənin qüvvədə olduğu müddət ərzində, onun üçün “ABC” tərəfindən müəyyənləşdirilən məbləğ limiti həddində mal/xidməti ABC-yə sifaris verir, ABC həmin malı müqavilədə (onun tərkib hissəsi olan əlavədə) göstərilən şərtlərlə müştəriyə təqdim edir, müştəri isə həmin malın dəyərini razılaşdırılmış qaydada ABC-yə ödəyir.
5. İddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli müqavilənin xx.xx.2024-cü il tarixli əlavəsindən görünür ki, “LG” markalı TV məhsul ümumi faktura ilə hissəvi ödənişlə Cavabdeh adına sənədləşdirilmişdir. İlkin ödəniş 204 manat, kredit müddəti 18 ay, aylıq ödəniş 188.9 manat olmaqla, ümumi məbləğ 3604.2 manat və ödəniş günü hər ayın 5-i müəyyən edilmişdir.
6. xx.xx.2024-cü il tarixli bildiriş və təhvil-təslim aktlarından görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixli müqavilə üzrə “LG” markalı TV-ni tam, qüsursuz təhvil almışdır.
7. İddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli müqavilənin xx.xx.2025-ci il tarixli əlavəsindən görünür ki, “Lenovo” markalı kompüter ********* faktura ilə hissəvi ödənişlə Cavabdeh adına sənədləşdirilmişdir. İlkin ödəniş 415 manat, kredit müddəti 12 ay, aylıq ödəniş 141 manat olmaqla, ümumi məbləğ 2107.3 manat və ödəniş günü hər ayın 22-si müəyyən edilmişdir.
8. xx.xx.2025-ci il tarixli bildiriş və təhvil-təslim aktlarından görünür ki, Cavabdeh xx.xx.2025-ci il tarixli müqavilə üzrə “Lenovo” markalı kompüter tam, qüsursuz təhvil almışdır.
9. İddiaçı MMC tərəfindən təqdim edilmiş xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixli müqavilə üzrə 2644.4 manat əsas, 264.44 manat cərimə olmaqla, cəmi 2908.84 manat və xx.xx.2025-ci il tarixli müqavilə üzrə 1509.5 manat əsas, 150.95 manat cərimə olmaqla, cəmi 1660.45 manat borcu olmaqla, ümumilikdə 4569.29 manat borcu vardır.
10. İşə əlavə olunmuş İddiaçı MMC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, cavabdeh müqavilələr üzrə öhdəliklərin icrasını gecikdirmiş, yəni “ödəniş cədvəlləri”ndə nəzərdə tutulan vaxt və qaydaya əməl etməmişdir. Cavabdeh tərəfindən xəbərdarlıqdan irəli gələn öhdəliklərin icrası ilə əlaqədar çağırışa 3 (üç) iş günü ərzində riayət olunmadığı təqdirdə, müqavilənin 4.1-ci bəndinə əsasən aidiyyəti üzrə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir.
11. xx.xx.2025-ci il tarixli, ********** nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı MMC tərəfindən məhkəməyə müraciət etmək üçün 84.17 manat dövlət rüsumu ödənilmişdir.
Tərəflərin izahatları :
12. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul edərək izahatında bildirmişdir ki, o ümumi borc məbləğindən 2000 manat ödəniş etmişdir. Ona ümumi 4500 manat borc qaldığını bildirmişlər.
13. İddiaçı MMC məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. İddiaçının nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək iddia tələbini müdafiə etdiyini və məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini xahiş etmişdir.
14. Belə olan halda məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
İşin faktiki halları :
15. İddiaçı MMC ilə Cavabdeh arasında xx.xx.2024-cü il tarixli və xx.xx.2025-ci il tarixli alqı-satqı müqavilələrinin bağlanması və cavabdehin müqavilələr üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməməsi nəticəsində iddiaçı qarşısında borcunun yaranması işin mübahisəsiz halıdır.
Məhkəmə baxışının hədləri:
16. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi :
14.2. məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
77. hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.
Tətbiq edilən hüquq :
17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin :
107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 222.2. Pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir.
18. Azərbaycan Respublikası Mülki Məcəlləsi :
567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1. Alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.
Məhkəmənin mövqeyi :
19. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia tələbi qismən təmin edilməlidir.
20. İşin məhkəmə tərəfindən tədqiq edilən halları ilə müəyyən edilmişdir ki, İddiaçı MMC ilə Cavabdeh arasında nisyə alqı-satqı müqavilələri bağlanmışdır.
21. Mülki qanunvericiliyə əsasən hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun (MM 601.1m).
22. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən müəyyən olunur ki, cavabdeh xx.xx.2024-cü il tarixli müqavilə üzrə ilkin ödəniş 204 manat ödəməklə, 18 ay müddətinə hər ay 188.9 manat ödəmək şərti ilə ümumi dəyəri 3399.99 manat olan “LG” markalı TV və xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən müəyyən olunur ki, xx.xx.2025-ci il tarixli müqavilə üzrə ilkin ödəniş 415 manat ödəməklə, cavabdeh 12 ay müddətinə hər ay 141 manat ödəmək şərti ilə ümumi dəyəri 2107.03 manat olan “Lenovo” markalı kompüter satın almışdır.
23. Məhkəmə tərəfindən tədqiq edilmiş əşyaların təhvil-təslim aktından görünür ki, iddiaçı alqı-satqı müqavilələri üzrə öz öhdəliyini yerinə yetirərək müqavilədə nəzərdə tutulan əşyaları cavabdehə təhvil vermişdir. Lakin cavabdeh müqavilə ilə üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etməmiş, onun iddiaçının qarşısında icra edilməmiş öhdəlikləri vardır.
24. Belə ki, iş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixli müqavilə üzrə 2644.4 manat və xx.xx.2025-ci il tarixli müqavilə üzrə 1509.5 manat ödənilməmiş borcu vardır.
25. Mülki qanunvericiliyə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər(MM 600.4m).
26. Belə olan halda məhkəmə Cavabdeh bağladığı müqavilələrdən irəli gələn öhdəliklərini icra etməməsi tədqiq olunmuş sübutlarla öz təsdiqini tapdığından iddiaçının xx.xx.2024-cü il tarixli müqavilə üzrə 2644.4 manat və xx.xx.2025-ci il tarixli müqavilə üzrə 1509.5 manat məbləğində pul vəsaitinin tutulması tələbini əsaslı hesab edir.
27. Məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən dəbbə pulunun hesablanaraq ödənilməsi tələbi tərəflər arasında bağlanılmış müqavilənin şərtlərindən və qanunvericiliyin müddəalarından irəli gəlmişdir.
28. Müqavilənin 3.5-ci bəndindən görünür ki, cavabdeh ödəniş cədvəli üzrə ödənişləri vaxtında ödəmədiyi təqdirdə müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-dək həcmində mübahisəsiz olaraq peniya ödəməyi öhdəsinə götürümüşdür.
29. Mülki qanunvericiliyə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər (MM 462.1; 465.2m).
30. Məhkəmə Mülki Məcəllənin 467-ci maddəsinin tələbinə uyğun olaraq iddiaçı tərəfindən hesablanan cərimənin cavabdehin borcuna görə tənasübsüz surətdə yüksək hesablanması qənaətinə gələrək qeyd edir ki, iddiaçı tərəfindən hesablanmış cərimə hissəsində iddia qismən təmin edilməlidir.
31. Nəzərə alınmalıdır ki, dəbbə pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Belə ki, Qanunverici dəbbə pulunu kreditorun əldə edəcəyi gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur.
32. Məhkəmə işin hallarını, o cümlədən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafelərini nəzərə alaraq, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 264.44 manat hesablanmış cərimə məbləğinin 10 manat məbləğinə və xx.xx.2025-ci il tarixli müqavilə üzrə 150.95 manat hesablanmış cərimə məbləğinin 10 manat məbləğinə qədər azaldılmasını məqsədəmüvafiq hesab edir.
Məhkəmə Xərcləri:
33. Məhkəmə qeyd edir ki, iddia qismən təmin edildiyinə görə Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən dövlət rüsumunun ödənilməsinə sərf edilmiş vəsaitin əvəzi qismində 61.74 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
Nəticə :
34. Beləliklə, məhkəmə qanunvericiliyin tələblərinə əsasən iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək qeyd edir ki, iddia tələbi qismən təmin edilməli və Cavabdeh xx.xx.2024-cü il tarixli müqavilə üzrə 2644.4 manat əsas, 10 manat cərimə və xx.xx.2025-ci il tarixli müqavilə üzrə 1509.5 manat əsas, 10 manat cərimə olmaqla, cəmi 4173.9 manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 61.74 manat məbləğində pul vəsaiti tutularaq iddiaçı "xxxx" MMC-nin hesabına ödənilməlidir.
33. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 284-5, 284-6, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Qət Etdi :
İddia tələbi qismən təmin edilsin. Cavabdeh iddiaçı "xxxx" MMC-nin xeyrinə xx.xx.2024-cü il tarixli müqavilə üzrə 2644.4 manat ödənilməmiş hissə, 10 manat cərimə və xx.xx.2025-ci il tarixli müqavilə üzrə 1509.5 manat ödənilməmiş hissə, 10 manat cərimə olmaqla, ümumilikdə 4173.9 borc və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 61.74 manat məbləğində pul vəsaiti tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Starə Əliyeva