Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-411/2025 15.05.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ İddiaçı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində X2 cəlb edilməklə cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iddia tələbinə dair mülki iş üzrə Açar sözlər: (mənzilin təhvil verilməsi, müqavilə, pul tələbi) X4 Tağı oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əliyeva Leyla Mirfazil qızının katibliyi, İddiaçının vəkil-nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində X2 cəlb edilməklə cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “pul” tələbinə dair iddiaları ilə bağlı işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi. İddia tələbi: İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “mənzilin təhvil verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 156001 nömrəli, xx.xx.2018-ci il tarixli müqavilədə göstərilən Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə 33 ünvanında inşa olunan yüksək mərtəbəli yaşayış binasının 2-ci blok, ümumi sahəsi 57,8 kv metr olan 156 nömrəli 1 otaqlı mənzilin İddiaçı təhvil-təslim aktı tərtib edilməklə təhvil verilməsi vəzifəsinin cavabdeh "xxxx" MMC-nin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən, iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. xx.xx.2025-ci il tarixdə iddiaçının vəkili və nümayəndəsi Nümayəndə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" MMC-dən İddiaçı xeyrinə 31500 manat mənzilə görə ödənilmiş pul vəsaiti, 6000 manat mənəvi zərərin əvəzi, cəmi 37500 manat məbləğinin, 203 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbinin əsaslandırıldığı hallar: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, "İnşaat Konstruksiyaları” MMC ilə İddiaçı qız arasında 15 sentyabr 2018-ci il tarixdə ünvan 2 ünvanda inşa olunan yüksək mərtəbəli yaşayış binasının 2-ci blok, ümumi sahəsi 57,8 kv metr olan 156 nömrəli 1 otaqdan ibarət mənzilin pay kimi İddiaçı cavabdeh tərəfindən verilməsi, sonuncu isə mənzilin dəyəri kimi 39500 manat məbləğini cavabdehə ödəmək barədə müqavilə imzalanmışdır. Müqavilə bağlandıqdan sonra, iddiaçı müqavilənin şərtlərinə uyğun olaraq mənzilin tam dəyərini 39500 manat pulu cavabdehə ödəmişdir. Lakin bina hazır olmasına baxmayaraq və cavabdehin vəzifəli şəxsləri mənzili iddiaçıya verəcəklərini təmin edəcəklərinə söz vermələrinə baxmayaraq mənzil bu günkü günə qədər iddiaçıya təhvil verilməmişdir. Həmin müqavilənin 8.1-ci bəndinə əsasən cavabdeh tikinti işləri başa çatdıqdan sonra müqavilənin əsas predmeti olan mənzili cavabdeh iddiaçıya təhvil verməli, iddiaçı isə mənzili qəbul etməli idi. Cavabdeh iddiaçı qarşısında müqavilə öhdəliklərini pozmuşdur. Göründüyü kimi 156001 nömrəli, xx.xx.2018-ci il tarixli müqavilədə göstərilən Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə 33 ünvanında inşa olunan yüksək mərtəbəli yaşayış binasının 2-ci blok, ümumi sahəsi 57,8 kv metr olan 156 nömrəli 1 otaqlı mənzilin dəyəri iddiaçı tərəfindən tam ödənildiyi üçün iddiaçının cavabdehdən müqavilə öhdəliklərinin icra edilərək həmin mənzilin ona təhvil verilməsini tələb etmək hüququ vardır. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsini onunla əsaslandırmışdır ki, "xxxx" MMC ilə İddiaçı arasında 15 sentyabr 2018-ci il tarixdə ünvan 3 ünvanda inşa olunan yüksək mərtəbəli yaşayış binasının 2-ci blok, ümumi sahəsi 57,8 kv metr olan 156 nömrəli 1 otaqdan ibarət mənzilin pay kimi İddiaçı cavabdeh tərəfindən verilməsi, sonuncu isə mənzilin dəyəri kimi 39500 manat məbləğini cavabdehə ödəmək barədə müqavilə imzalanmışdır. Müqavilə bağlandıqdan sonra, iddiaçı müqavilənin şərtlərinə uyğun olaraq mənzilin tam dəyərini 39500 manat pulu cavabdehə ödəmişdir. Lakin bina hazır olmasına baxmayaraq və cavabdehin vəzifəli şəxsləri mənzili iddiaçıya verəcəklərini təmin edəcəklərinə söz vermələrinə baxmayaraq mənzil bu günkü günə qədər iddiaçıya təhvil verilməmişdir. Məhkəmə icraatının gedişi zamanı cavabdeh məhkəməyə xx.xx.2017-ci il tarixli müqaviləni təqdim edərək İddiaçı ilə bağlanmış xx.xx.2018-ci il tarixli müqavilədə qeyd edilən mənzilin X1 təhvil verilməsini göstərmişdir,məhkəmə tərəfindən icraata üçüncü şəxs qismində cəlb edilmiş X2 ünvan 4 ünvanında inşa edilmiş yüksəkmərtəbəli binanın 2ci blokunda 156 nömrəli mənzildə yaşamasını bildirmişdir. Belə olan halda cavabdeh iddiaçıya mənzili verməyəcəyini bilə-bilə iddiaçıdan pul vəsaitini almış və özündə saxlamışdır. Odur ki, İddiaçı ödədiyi məbləğ cavabdeh tərəfindən iddiaçıya qaytarılmalıdır. Məhkəmə iclaslarında cavabdehin nümayəndəsi iddiaçının ödədiyi 39500 manat məbləğinin 6000 manat hissəsinin iddiaçıya qaytarılmasını göstərmişdir. Eyni zamanda məhkəmə icraatının gedişi zamanı 2000 manat məbləği də cavabdeh tərəfindən iddiaçıya qaytarılmışdır. Odur ki, hesab edir ki, cavabdeh tərəfindən iddiaçıya məxsus 31500 manat məbləği iddiaçıya qaytarılmalıdır. Eyni zamanda cavabdehin öz müqavilə öhdəliklərini icra etməməsi səbəbindən iddiaçı dərin mənəvi stressə məruz qalmış, dəfələrlə cavabdehin rəhbər işçiləri ilə danışıqlar aparmağa məruz qalmış, bu zaman cavabdeh tərəfindən aldadıldığını anlayaraq ruhi həyəcan keçirmişdir. İddiaçı keçirdiyi mənəvi stressi 10000 manat məbləğində qiymətləndirir, lakin mövcud məhkəmə təcrübəsini nəzərə alaraq keçirdiyi mənəvi stressə görə 6000 manat məbləğinin tutulmasını hal-hazırda tələb edir. İş materialları: xx.xx.2018-ci il tarixli, 156001 saylı müqavilənin surətindən görünür ki, "xxxx" MMC ünvan 5 ünvanında inşa olunan yüksək mərtəbəli yaşayış binasının 2-ci blok, ümumi sahəsi 57.8 kv.m olan, 156 nömrəli 1 otaqlı izolə olunmuş mənzili İddiaçı verir. Müqaviləyə əsasən müqavilə qiyməti cəmi 39500 manat təşkil edir, 100% miqdarında tam ödənilir. "xxxx" MMC-yə ünvanlanmış pretenziyanın surətindən görünür ki, İddiaçı cavabdehə mənzilin təhvil verilməsi barədə pretenziya məktubu ünvanlamışdır. xx.xx.2018-ci il tarixli arayışdan görünür ki, İddiaçı ilə MMC arasında imzalanmış xx.xx.2018-ci il tarixli 156001 saylı müqaviləsinin predmeti sayılan ünvan 5 ünvanında inşa olunan yüksək mərtəbəli yaşayış binasının 2-ci blok, ümumi sahəsi 57.8 kv.m olan, 156 nömrəli 1 otaqlı izolə olunmuş mənzil üçün müştərinin heç bir borcu yoxdur, mənzilin dəyəri tam ödənilmişdir. xx.xx.2024-cü il tarixli ödəniş qəbzindən görünür ki, iddiaçı 100 manat dövlət rüsumu ödəmişdir. xx.xx.2017-ci il tarixli müqavilənin surətindən görünür ki, "xxxx" MMC ünvan 5 ünvanında inşa olunan yüksək mərtəbəli yaşayış binasının 2-ci blok, 18-ci mərtəbə, ümumi sahəsi 57.8 kv.m olan, 156 nömrəli 1 otaqlı izolə olunmuş mənzili X1 verir. xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, 416973******4902 saylı kart hesabına 2000 manat ödəniş edilmişdir. xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, 416973******9280 saylı kart hesabına 1000 manat ödəniş edilmişdir. xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, 416973******4902 saylı kart hesabına 3000 manat ödəniş edilmişdir. xx.xx.2025-ci il tarixli ödəniş qəbzindən görünür ki, iddiaçı 103 manat dövlət rüsumu ödəmişdir. İşdə iştirak edən şəxslər: Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini müdafiə edərək, ərizənin məzmununa uyğun izahat verdi və məhkəməyə təqdim etdikləri iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə nəzərə alınmaqla iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmənin əvvəlki iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil2 izahatında bildirdi ki, şirkət ona başqa məsələ bildirmişdir. Realda başqa nüanslar mövcuddur. Şirkət bildirmişdir ki, xanımla razılaşmışlar, ödənişlər geri qaytarılacaqdır. Bu qəbzləri də vermişlər ki, 22 sentyabr 2023-cü il, 04 noyabr 2023-cü il və 15 may 2024-cü ildə tarixlərdə ümumilikdə 6000 manat göndərilmişdir. Göstərdiklərinin nəzərə alınmasını xahiş etdi. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X2 izahatında bildirmişdir ki, o, həmin ünvanda sakin olmuşdur və mənzili ona sökülən evinin əvəzinə vermişlər. Qeydiyyatı ünvan 6 ünvanında olmuşdur. Sökülüb yeni mənzil verilməsi barədə müqavilə də mövcuddur. Həmin bina 2016-cı ildə sökülmüşdür. Söküləndə əvvəlki çıxarışı şirkətə vermişdir. Göstərdiklərinin nəzərə alınmasını xahiş etdi. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X2 və cavabdehin vəkili və nümayəndəsi Vəkil2 məhkəmə iclasında iştirak etmirlər. Lakin cavabdehin vəkili və nümayəndəsi Vəkil2 “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə xx.xx.2025-ci il tarixdə məhkəməyə ərizə göndərərək işə iştirakı olmadan baxılmasını və yekun məhkəmə aktı qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Belə olan halda, məhkəmə işə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxsin və cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 158.2-ci maddəsinə əsasən əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. 165.1-ci maddəsinə əsasən sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Pozucu və ya onun hüquq sələfi üçün sahib qanunsuz olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə bu cür iddia istisna edilir. 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 324.2-ci maddəsinə əsasən əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. 324.4-cü maddəsinə əsasən müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 389.1-cü maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 389.2-ci maddəsinə əsasən müqavilələrə iki və çoxtərəfli əqdlərə dair qaydalar tətbiq edilir. 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 443.2. Zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. 445.7. Bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. 448.1.Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 465.2. Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər; Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunubolunmadığını müəyyən edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunubolunmadığını müəyyən edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinə əsasən fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirrini və ya şəxsi və ailə toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin. Faktik məlumatlar dərc edilmişsə, əgər bununla şəxsin şərəfinə, ləyaqətinə və ya işgüzar nüfuzuna toxunulursa, eyni qayda tətbiq edilir. Əgər fiziki şəxsin şərəfini, ləyaqətini, işgüzar nüfuzunu ləkələyən və ya şəxsi və ailə həyatının sirrinə qəsd edən məlumatlar kütləvi informasiya vasitələrində yayılmışdırsa, həmin kütləvi informasiya vasitələrində də təkzib edilməlidir. Əgər göstərilən məlumatlar rəsmi sənədə daxil edilmişdirsə, həmin sənəd dəyişdirilməli və bu barədə marağı olan şəxslərə məlumat verilməlidir. Digər hallarda təkzib qaydasını məhkəmə müəyyənləşdirir. Şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən məlumatlar yayılmış fiziki şəxsin həmin məlumatların təkzibi ilə yanaşı, onların yayılması nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Konstitusiyasının 46-cı maddəsində hər kəsin öz şərəf və ləyaqətini müdafiə etmək hüququnun olması təsbit edilir, şəxsiyyətin ləyaqətinin dövlət tərəfindən qorunmasına təminat verilir. Bütün hüquqlar həyata keçirilərkən biri digəri ilə rəqabətdə olur və ona görə də qanunun mənəvi zərərin ödənilməsini nəzərdə tutan müddəaları tətbiq edilərkən bir hüququn müdafiəsi digər hüququn məhdudlaşdırılması hesabına həyata keçirilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 nömrəli Qərarının 2-ci bəndinin 3-cü abzasında göstərilir ki, mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü biruzə verə bilər. Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsinin “Mülki Məcəlləin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 31 may 2002-ci il tarixli qərarında qeyd olunmuşdur ki, mənəvi zərərin ödənilməsi, habelə qanunvericilikdə nəzərdə tutulmuş başqa məhdudiyyətlərin tətbiq edilməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə qorunan digər əsas hüquq və azadlıqlarla mütənasib olmaqla hər bir konkret halda məhkəmənin mülahizəsindən asılıdır. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biri-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§ 68). İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. İşin faktiki halı: Məhkəmə iclasında müəyyən olundu ki, icraçı "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2018-ci il tarixli 156001 saylı müqaviləyə əsasən, "xxxx" MMC ünvan 5 ünvanında inşa olunan yüksək mərtəbəli yaşayış binasının 2-ci blok, ümumi sahəsi 57.8 kv.m olan, 156 nömrəli 1 otaqlı izolə olunmuş mənzili İddiaçı vermiş, tərəflər bununla bağlı razılaşma əldə etmişlər. Müqaviləyə əsasən müqavilə qiyməti cəmi 39500 manat təşkil etmiş, həmin məbləğ həmin tarixdə tam şəkildə ödənilmişdir. Eyni zamanda iş materiallarında olan xx.xx.2017-ci il tarixli müqaviləyə əsasən ünvan 5 ünvanında inşa olunan yüksək mərtəbəli yaşayış binasının 2-ci blok, 18-ci mərtəbə, ümumi sahəsi 57.8 kv.m olan, 156 nömrəli 1 otaqlı izolə olunmuş mənzili X1 verməsi qeyd olunmuşdur. Sonun qeyd edilən ünvanda əvvəllər mövcud olmuş evin sakini olmuş və evin sökülməsi ilə əlaqədar həmin mənzillə təmin edilmişdir. Hazırda İddiaçı xx.xx.2018-ci il tarixli 156001 saylı müqavilə üzrə mənzil üçün ödənilmiş 39500 manat pulun cavabdeh tərəfindən geri ödənilməmiş hissəsi olan 31500 manat pulun, 6000 manat mənəvi ziyanın və 203 manat dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması ilə bağlı qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin mövqeyi: Məhkəmə işdə iştirak etmiş şəxslərin izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, mübahisə predmeti olan mənzil xx.xx.2017-ci il tarixdə müqavilə əsasında əvvəlki sakin olan X1 verildiyi halda, xx.xx.2018-ci il tarixdə başqa bir müqavilə əsasında 39500 manat qarşılığında İddiaçı satılmış, mənzilin dəyəri sonuncu tərəfindən tam şəkildə ödənilmişdir. Lakin sözügedən mənzil iddiaçıya təhvil verilməmiş, həmçinin onun müqavilə üzrə ödənilmiş pul məvacibi geri qaytarılmamışdır. Məhkəmə iclasında cavabdehin vəkili və nümayəndəsi məhkəməyə qəbzlər təqdim edərək, cavabdeh tərəfindən iddiaçıya müqavilə üzrə 6000 manat pulun geri qaytarıldığını bildirmiş, habelə iddiaçının vəkili və nümayəndəsi bu faktı təsdiq edərək, məhkəmə prosesləri gedişində 6000 manatdan əlavə olaraq cavabdeh tərəfindən 2000 manat pulun da iddiaçının xeyrinə ödənildiyini bildirmişlər. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi müqavilə üzrə ödənilmiş pulun qaytarılmamış hissəsi olan 31500 manat məbləğində pul vəsaitinin cavabdehdən tutulması hissəsində əsaslıdır və iddia həmin hissədə təmin edilməlidir. Məhkəmə iddia tələbinin mənəvi ziyan qismində 6000 manatın cavabdehdən tutularaq iddiaçıya ödənilməsi hissəsinə münasibətdə qeyd edir ki, zərərin əvəzini ödəmək öhdəliyinin qoyulması üçün əsas şərtlərdən biri, həmin zərərin fiziki və ya hüquqi şəxslər tərəfindən mülki hüquq pozuntusu törədilməsi nəticəsində əmələ gəlməsidir. Belə ki, fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməsi üçün mülki hüquq məsuliyyətinin 4 zəruri şərti mövcud olmalıdır. Birincisi-törədilmiş əməlin hüquqazidd olmalıdır; ikincisi-törədilmiş əməl nəticəsində başqa şəxsə birbaşa zərər yetirilməlidir; üçüncüsü-mülki hüquq pozuntusu ilə zərər arasında səbəbli əlaqə mövcud olmalıdır; dördüncüsü isə-hüquqpozan şəxsin təqsiri olmalıdır. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Məhkəmə hesab edir ki, qanunvericiliyin yuxarıda qeyd olunan tələblərinə əsasən iddia tələbi mənəvi ziyanın tutulması hissəsində də əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, iddiaçı mülki hüquqlarının kobud surətdə pozulması nəticəsində mənəvi sarsıntıya məruz qalmışdır, cavabdehdən mənəvi ziyanın əvəzi olaraq ağlabatan həddə 1000 manat məbləğində pul tutularaq iddiaçıya verilməlidir. Məhkəmə xərcləri: Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 203 manat dövlət rüsumunun əvəzi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticə: Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən xx.xx.2018-ci il tarixli müqavilə üzrə geri qaytarılmamış 31500 manat pul vəsaiti, vurulmuş mənəvi ziyana görə 1000 manat və 203 manat dövlət rüsumunun əvəzi tutularaq İddiaçı xeyrinə ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən xx.xx.2018-ci il tarixli müqavilə üzrə geri qaytarılmamış 31500 manat və vurulmuş mənəvi ziyana görə 1000 manat olmaqla, ümumilikdə 32500 manat pul və 203 manat dövlət rüsumunun əvəzi tutularaq İddiaçı xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Rauf Əhmədov
Məhkəmə qərarları › İş №e-2(007)-411/2025
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-411/2025
15.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver