Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-43/2024 23.02.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Kərimli Aygül Əfqan qızının katibliyi, İddiaçının, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti cəlb edilməklə Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “xəbərdarlıq etmədən mənzilə suyun verilməsinin dayandırması və pulun tələb edilməsi hərəkətinin qanunsuz hesab edilməsi, mülki hüquq münasibətlərindən yaranmış hüquqdan sui-istifadə etmə hallarına və əsassız pul tələb etmə hərəkətlərinə son qoyulması, tələb olunan pulun silinməsi, mənzildən istifadə etmə qaydalarına edilən müdaxilələrin aradan qaldırılması, maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti cəlb edilməklə Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “xəbərdarlıq etmədən mənzilə suyun verilməsinin dayandırması və pulun tələb edilməsi hərəkətinin qanunsuz hesab edilməsi, mülki hüquq münasibətlərindən yaranmış hüquqdan sui-istifadə etmə hallarına və əsassız pul tələb etmə hərəkətlərinə son qoyulması, tələb olunan pulun silinməsi, mənzildən istifadə etmə qaydalarına edilən müdaxilələrin aradan qaldırılması, maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, ünvan 1 ünvanda yerləşən 1 saylı mənzili alqı-satqı müqaviləsi əsasında alıb və ona Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidməti Publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən 16 may 2021-ci il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış təqdim olunub. Həmin mənzil tərəfindən təyinatı üzrə istifadə olunur və mənzili alan dövrdə su sayğacının göstəricisinə görə balansda təxminən 150 manat pul vəsaiti mövcud idi. Bir faktı da qeyd edir ki, 16 may 2021-ci il tarixdən 17 noyabr 2022-ci il tarixə olan dövr ərzində sudan təxminən 76,80 manat istifadə olunduğu üçün, xx.xx.2022-ci il tarixə su sayğacının göstəricisi-73,20 (150-78,80) manat olub. Orta hesablama ilə hər ay üçün təxminən-4,30 (76,80 : 18 ay (xx.xx.2021-xx.xx.2022-ci il ərzində)) manat su sərfiyatı olduğunu müəyyən edir. Danılmaz faktdır ki, xx.xx.2021-ci il tarixdən hazıradək cavabdehin tabeçiliyində fəaliyyət göstərən əməkdaşları tərəfindən su sərfiyyatı və kanalizasiyadan istifadə edilməsinə mütəmadi olaraq nəzarət edilib. Təxminən 18 ay ərzində, cavabdehin tabeçiliyində fəaliyyət göstərən əməkdaşları tərəfindən mənzilində yerləşən su sayğacına, müxtəlif vaxtlarda baxış keçirilib və ona hər hansı bir irad tutulmayıb. Əksinə, hər dəfə ona bildirilib ki, mənzildə yerləşən su sayğacının balans göstəricinə əsasən onun borcu yoxdur və artıq ödəməsi var. Borc yarandığı təqdirdə su sayğacı işləməyəcək və ona su verilməsi avtomatik olaraq dayandırılacaqdır. Lakin 2022ci ilin noyabr ayının 15-də təxminən saat 14-15 radələrində (o, digər dostlarını qarşılamaq üçün evdə olmadığı və yaxın dostu olan Anar Həsənov mənzilində tək olan zaman) özünü Nicat kimi təqdim edən şəxs mənzilinə daxil olub, su sayğacına yenidən baxış keçirib və sonra X2 adına tərtib edilmiş, 055909 saylı, xx.xx.2022-ci il tarixli “Üzləşmə Aktı”nı Anara təqdim edərək, 1378,70 manat borc olduğunu və suyun verilməsinin dayandırıldığını şifahi olaraq sonuncuya bildirib. Əlavə olaraq, qeyd edib ki, borcu ödəmədiyi halda mənzilə su verilməyəcəkdir. O, sonradan, dostları ilə birlikdə mənzilə gəldiyi zaman, həmin şəxs ilə mənzilin giriş qapısında qarşılaşıb. Anar ona yuxarıda göstərilənlər barədə məlumat verdikdən sonra o, mənzilində xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək 1378,70 manat borc olmasının inandırıcı olmadığını Nicat adlı şəxsə bildirib, su sayğacına yenidən baxış keçirməsini və balansın hansı məbləğdə olmasının müəyyən edilməsini ondan xahiş edib. Həmin Nicat adlı şəxs sayğac göstəricisinə görə borcun olmadığını və balansın 73,20 manat olduğunu təsdiqlədikdən sonra, məsələyə aydınlıq gətirilməsi üçün qrup rəhbəri kimi təqdim olunan digər Nicat adlı şəxslə onun arasında, özünün telefon aparatı ilə danışıq əlaqəsi yaradıb. Qrup rəhbəri olan Nicat adlı şəxs çox kobud surətdə, etik normalara sığmayan şəkildə bildirib ki, o, mənzilində hamam tipli fəaliyyətlə məşğul olur, ona görə də su sərfiyyatına görə xx.xx.2022-ci ilə qalıq məbləğı 1378,70 manat təşkil edir. Həmin borcun silinməsi üçün İdarəyə, onun yanına yaxınlaşmalıdır, əks təqdirdə mənzilinə su verilməyəcək. O, həmin şəxslə danışığı kəsib. Qrup rəhbəri olan Nicat adlı şəxslə danışıqdan sonra həmin gün səhhətində bir sıra problemlər yaranıb, ona görə də növbəti gün ərzində müalicə aldıqdan sonra, xx.xx.2022-ci il tarixdə müqavilə bağlamaq ünün 1 saylı Bakı Asan Xidmət Mərkəzinə gedib. Lakin orada ona bildiriblər ki, mənzil üzrə xx.xx.2015-ci il tarixə 60 manat borc məbləği görsənir, həmin məbləğ ödənilmədiyi təqdirdə onunla müqavilə bağlaya bilməyəcəklər. Odur ki, məcbur qalıb məhkəməyə müraciət edir. Xüsusi olaraq qeyd edir ki, ona hər hansı bir formada və qaydada bildiriş təqdim olunmadan mənzilə suyun verilməsi dayandırılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 17 iyul tarixli 262 nömrəli qərarı ilə təsdiq edilmiş “Sudan istifadə Qaydaları”nın 2.1.9-cu bəndinə əsasən suyun verilməsinin dayandırılacağı barədə istehlakçıya yazılı bildiriş təqdim etmək (göndərmək) cavabdehin vəzifəsidir. Açıq-aşkardır ki, sayğacın göstəricisinə görə balansda 73,20 manat artıq ödənilmiş pul vəsaiti olduğu halda, cavabdeh tərəfindən yazılı bildiriş göndərilmədən mənzilə suyun verilməsinin qəflətən dayandırılması qanunsuz olmuş və yuxarıda qeyd olunan maddi hüququn imperativ normasının tələbini pozmuşdur. Bununla yanaşı qeyd edir ki, onunla cavabdeh arasında müqavilənin bağlanmamasının səbəbi ondan asılı olmayan səbəbdən, yəni cavabdehin məntiqsiz mülahizəsinə görə, o cümlədən qrup rəhbəri olan Nicat adlı şəxsin özünə maddi neymət əldə edilməsi üçün qondarma və hüquqi əsası olmayan 1378,70 manat pulun tələb etməsi səbəbindən olmuşdur. Artıq şərhə ehtiyac yoxdur ki, cavabdeh tərəfindən bilə-bilə qanunsuz hərəkətə yol verilmiş, mənzilə suyun verilməsini bərpa etməməklə, ona verilmiş hüquqdan açıq-aşkar sui-istifadə etmiş, suyun satılmasını dayandırmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir. Digər tərəfdən, cavabdehin ona qarşı törədilmiş bu cür bilə-bilə qanunsuz hərəkətləri nəticəsində, mənzil hüquqlarını öz istəyinə uyğun istifadə edə bilmir. Belə ki, hamıya məlum idi ki, cari ilin noyabr ayının 15 və 16-sı tarixində hava şəraəti kəskin dəyişib, güclü və davamlı olaraq yağış yağaraq, havanın temperaturu təxminən +6; +7 dərəcədə olub. Yəni, bir sözlə, hava soyuq olub və mənzildə yerləşdirilmiş “Kombi” qızdırıcı cihaza gələn su qəflətən dayandırıldığı üçün işlək vəziyyətdə olduğundan, həmin cihazın tənzimlənən mexanizmi sıradan çıxıb və qeyri-işlək vəziyyətə düşüb. Deməli, cavabdehin ona qarşı törətdiyi bilə-bilə qanunsuz hərəkətinə görə, mənzildə soyuq hava mühitinə səbəb olub və eyni zamanda suyun olmaması natəmizliyə açıq-aşkar şərait yaradıb ki, bu da həmin mənzildən istifadəni mümkünsüz edib. Göründüyü kimi, cavabdehin ona qarşı törədilən bilə-bilə qanunsuz hərəkətləri, mülkiyyətində olan mənzil hüquqlarının həyata keçirilməsini açıq-aşkar mümkünsüz edib. Bundan başqa, cavabdehin ona qarşı törədilən bilə-bilə qanunsuz hərəkətləri nəticəsində onun əmlakına 400 manat dəyərində maddi zərər dəyib. Belə ki, mənzilə suyun verilməsinin qəflətən dayandırılması nəticəsində, bütün otaqlara istilik paylayan “Kombi” cihazının təxminən 400 manat dəyərində olan detalı nasaz vəziyyətə düşüb. Hesab edir ki, onunla cavabdeh arasında yaranmış hüquq münasibətlərinə, iş materiallarında olan sənəd və sübutların müqayisəli təhlilindən irəli gələn tələblərə müvafiq dəyərləndirmə aparılmalıdır. İşin hallarından göründüyü kimi, cavabdehin bəzi vəzifəli şəxsləri tərəfindən onun hüquqlarına qarşı bilə-bilə qanunsuz hərəkətlərə yol verilib və bununla yanaşı həmin şəxslər hüquqdan açıq-aşkar sui-istifadə etməklə ona həm maddi, həm də mənəvi ziyan vurublar. Yuxarıda təsvir edilən işin hallarından görünür ki, qrup üzvlərindən cavabdehin bu işə məsul bir sıra vəzifəli şəxsləri əvvəlcədən planlaşdırılmış şəkildə, onu açıq-aşkar aldadaraq, 1378,70 manat pulu ələ keçirməyə cəhd ediblər və özgənin əmlakı hesabına özləri üçün maddi neymət əldə etmək niyyətləri olub. Odur ki, bu işdə maraqlı və cavabdeh olan şəxslər arasında vahid cinayətkar niyyət mövcud olub, onların əldə olunacaq mənfəətin qabaqcadan aralarında bölgüsünü də müəyyən etməkləri istisna olunmur və bu işlə bağlı sənədləşdirmə işlərinin aparılmasına bilavasitə məsul olan vəzifəli şəxslərinin hərəkətlərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308-ci və 313-cü maddələrində nəzərdə tutulmuş cinayət əlamətlərinin olmasına əsaslı və inandırıcı şübhələr yaranıb. Belə ki, bu cinayət subyekti vəzifəli şəxsdir, subyekiv tərəfi qəsdlə törədilən qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etmə, motivi - üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmə, ictimai təhlükəli nəticə isə dövlətin qanunla qorunan mənafelərinə mühüm ziyan vurmadır. Deməli, cavabdehin bu işə məsul və cavabdeh əməkdaşları həm iddiaçının, həm də dövlətin qanunla qorunan mənafelərinə mühüm ziyan vurma, özgənin əmlakını aldatma yolu ilə ələ keçirməyə cəhd etmə, əməli ağır nəticələrə səbəb olmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə edilməsi, öz qulluq mövqeyindən istifadə etməklə pul vəsaitini vahid qəsdlə mənimsəmə və israf etmə yolu ilə talamağa cəhd etmə şübhələri, tamah niyyəti ilə rəsmi sənədlərə bilə-bilə yalan məlumatların və hesabatların daxil edilməsi ilə vəzifə saxtakarlığının törədilməsi əməlini də istisna etmir. Qeyd edilənlərə əsasən cavabdeh xəbərdarlıq etmədən mənzilə suyun verilməsinin dayandırması və 1378,70 manat pulun tələb edilməsi hərəkətinin qanunsuz hesab edilməsi, mülki hüquq münasibətlərindən yaranmış hüquqdan sui-istifadə etmə hallarına və əsassız pul tələb etmə hərəkətlərinə son qoyulması, tələb olunan 1378,70 manat pulun silinməsi, mənzildən istifadə etmə qaydalarına edilən müdaxilələrin aradan qaldırılması, 400 manat dəyərində maddi və 400 manat mənəvi zərərin ödənilməsi barədə qətnamə çıxarılmasını, cavabdehin bu işlə bağlı mənzilə suyun verilməsinin dayandırılmasına bilavasitə göstəriş verən və onu açıq-aşkar aldadaraq, 1378,70 manat pulu tələb edən vəzifəli şəxslərin əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308-ci və 313-cü maddələrində nəzərdə tutulmuş hərəkətlərə yol verildiyinə əsaslı şübhələr olduğu üçün onlar barəsində xüsusi qərardad çıxararılmasını və araşdırılması üçün Azərbaycan Respublikası Baş Prokurorunun yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə göndərilməsini xahiş edilmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edib, ərizənin dəlillərinə uyğun izahat verərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Əlavə olaraq bildirdi ki, iddia tam əsaslıdır. xx.xx.2022-ci ildə cavabdehin 3 nəfər əməkdaşı tərəfindən cavabdehi möhürü ilə təsdiq edilmiş üzləşmə aktı təqdim edilib. Ona deyilib ki, borcu ödəsə suyun verilməsi bərpa ediləcək. O, mənzilə daxil olanda suyu sıxdıqlarını (dediyinə əsasən) görüb. O, mənzildə sudan çox istifadə etmədiyini dedikdə, ona rəisləri ilə danışmağı məsləhət görüblər. Rəis də borcu ödəməli olduğunu bildirib, lakin o, mənzili bir neçə aydır ki, aldığını və mənzili alarkən borcun olmadığını qeyd edib. Həmin şəxs də ona mənzildən hamam kimi istifadə etdiyini deyib. O da növbəti gün müvəqqəti təminat tədbirinin tətbiq edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edib və məhkəmə suyun verilməsini təmin edilb. Bundan sonra o, Asan xidmət mərkəzinə müraciət edib. Lakin orada ona tamam fərqli məlumat verilib. Onların verdiyi çıxarışına əsasən 60 manat borc var. Ondan əvvəlki mülkiyyətçinin borcunu o, necə ödəyə bilər. Cavabdehin tərtib etdiyi sənəd saxtadır, cavabdeh sənəd təqdim etsin ki, onun həqiqətən borcu var. Cavabdehin əməllərində cinayət tərkibi var. Onların barəsində xüsusi qərardad qəbul edilməlidir. O, sayğacın şəklini də məhkəməyə təqdim edib. xx.xx.2022-ci il tarixinə onun balansında 73,20 manat pul olub. O, Əbülfəz adlı şəxsi tanımır. O, Asan xidmətdə olub və onunla müqavilə bağlanmasını tələb edib. Lakin Asan xidmətdə Cavabdeh ASC-nin əməkdaşları ona 60 manat borc olduğunu, borcu ödədiyi təqdirdə onunla müqavilə bağlanacağı bildirilib. Qanunvericiliyə əsasən mülkiyyətçi mənzili özəlləşdirərkən borclar haqqında arayış təqdim edir. Borc satıcının üzərində qalır, alanın deyil. Onun mənzili üçüncü şəxslərdən asılı şəkildə ona təqdim edilməyib. “Asan xidmət” mərkəzində Cavabdeh ASC-nin əməkdaşlarının məlumatına əsasən onun 60 manat, üzləşmə aktındakı məlumata əsasən isə 1378,70 manat borcun olduğu göstərilib. Mənzilin üzərində borc var idisə, niyə bu qədər vaxtdır ki, mənzilin suyu kəsilmirdi. O, tanımadığı şəxsin borcunu hansı əsasla ödəməlidir. Suyun verilməsinin dayandırılmasına görə kombi cihazına ziyan dəyib, ekspert dəymiş ziyanı 100 manat kimi qiymətləndirilib. Digər mütəxəssis isə qiyabi şəkildə, mənzildə baxış keçirmədən rəy tərtib edib. Cihazın adını, işləmə qaydasını bilmədən mütəxəssis belə bir rəy tərtib edə bilməz. Qarşı tərəf də qeyd edir ki, ona qarşı tələbləri yoxdur, Əbülfəz Babayevə qarşıdır. Evin ondan əvvəlki mülkiyyətçisi X3 olub. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə iddia tələbini qəbul etməyərək, iddianın təmin edilməməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, ünvan üzrə abonent kimi Əbülfəz Babayev göstərilib. İddiaçı tərəfin təqdim etdiyi elektron informasiya çıxarışında 60 manat edilmiş ödənişi göstərir. Əbülfəz Babayev ilə xx.xx.2014-cü il tarixdə müqavilə bağlanılıb. Şəxs orada qeyri-əhali fəaliyyəti işə məşğul olur. Onlar İddiaçı qarşı iddia qaldırmayıb. O, bildirir ki, 1368,70 manat borc əsaslı borc olmaqla, köhnə mülkiyyətçinin borcudur. Məhkəmə iclaslarının vaxtı və yeri barədə lazimi qaydada məlumatlandırılmış mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə həmin nümayəndənin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən mənzili xx.xx.2021-ci il tarixdə xüsusi mülkiyyət kimi tam payda İddiaçı adına qeydiyyata alınmışdır; -Cavabdeh ASC-nin xx.xx.2022-ci il tarixli 055909 saylı üzləşmə aktının surətindən görünür ki, abonent X2 xx.xx.2022-ci il üzrə 1099 manat su, 269,70 manat çirkab su borcu olmaqla, cəmi 1368,70 manat borcu vardır. Üzləşmə aktı birtərəfli qaydada Cavabdeh ASC-nin nümayəndələri tərəfindən tərtib edilmişdir. -Cavabdeh ASC-nin Nəsimi rayon Sukanal İdarəsi üzrə ödənişlərin siyahısından (xx.xx.2011-xx.xx.2022) görünür ki, abonent X4 tərəfindən xx.xx.2015-ci il tarixdə 60 manat ödəniş edilmişdir. -Məhkəmənin qərardadına əsasən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən keçirilmiş məhkəmə əmtəəşünaslıq ekspertizasının xx.xx.2023-cü il tarixli 9/3727 nömrəli rəyindən görünür ki, qərarda qeyd edilən kombi cihazının təmir-bərpa (fan motorun və hava tancının yuyulması, hava təzyiqinin vurulması, ionizasyon elektronun dəyişdirilməsi, su təzyiq datçikin dəyişdirilməsi və qaz valfından qaz ayarlarının verilməsi) xərci təxminən 100 manat müəyyən olunur. -"xxxx" ASC-nin ƏM, İT və TTŞ-nin rəis müavini Laçın Soltanov tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli texniki rəydən görünür ki, Bakı şəhərində və regionlarda yaşayış evlərinin və binalarının, təhsil, səhiyyə müəsisələrinin, sosial təyinatlı obyektlərin, fərdi mənzillərin istiliklə və isti su ilə təchiz etmək üçün fərdi kombi sistemlərindən istifadə olunur. Mənzillərə verilən suyun dayandırılmasının fərdi kombi sisteminin, onun detallarının sıradan çıxması ilə heç bir əlaqəsi yoxdur. Suyun verilişi (isti su təchizatı nəzərdə tutulur) dayanan zaman fərdi kombi sistemlərində quraşdirilmiş təzyiqin düşməsindən mühafizə relesi işə düşür və kombini işdən açır və beləliklə kombi üçün yetərli su təziyiqi yaradıldığı halda kombi işə düşə və salına bilər. Detalların sıradan çıxmasına gəlincə fərdi kombi sistemi mütəmadi olaraq texniki qulluq tələb edir, belə ki, isti su təchizatı sistemi cod su ilə işlədiyindən esenjorda ərp, mexaniki çöküntülər, tortular əmələ gəlir ki, bunlar da mexaniki və kimyəvi üsullarla mütəxəssis tərəfindən təmizlənməlidir. 2-ci isti su təchizatı sisteminin və istiliyə işləyən istilik xətləri, qızdırıcılar mexaniki üsulla vaxtaşırı yuyularaq təmizlənməlidir, tüstü yolları qurum, toz və başqa pisliklərdən təmizlənməlidir. Soyuq suyun cavabdeh tərəfindən dayandırılmasının kombi cihazının detallarının sıradan çıxması ilə heç bir əlaqəsi yoxdur, bu texniki qulluğun olmaması nəticəsində yaranan texniki qüsur və nasazlıqdan irəli gəlir. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən olundu ki, xx.xx.2022-ci il tarixində Cavabdeh ASC-in əməkdaşları tərəfindən ünvan 2 ünvanında yerləşən iddiaçıya məxsus obyektdə su təchizatı və kanalizasiya sisteminə baxış keçirilmiş və üzləşmə aktı tərtib edilmişdir. Hazırda iddiaçı məhkəmədə iddia qaldıraraq, cavabdehin xəbərdarlıq etmədən mənzilə suyun verilməsinin dayandırması və 1378,70 manat pulun tələb edilməsi hərəkətinin qanunsuz hesab edilməsi, mülki hüquq münasibətlərindən yaranmış hüquqdan sui-istifadə etmə hallarına və əsassız pul tələb etmə hərəkətlərinə son qoyulması, tələb olunan 1378,70 manat pulun silinməsi, mənzildən istifadə etmə qaydalarına edilən müdaxilələrin aradan qaldırılması, 400 manat dəyərində maddi və 400 manat mənəvi zərərin ödənilməsi barədə qətnamə çıxarılmasını, cavabdehin bu işlə bağlı mənzilə suyun verilməsinin dayandırılmasına bilavasitə göstəriş verən və onu açıq-aşkar aldadaraq, 1378,70 manat pulu tələb edən vəzifəli şəxslərin əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsini 308-ci və 313-cü maddələrində nəzərdə tutulmuş hərəkətlərə yol verildiyinə əsaslı şübhələr olduğu üçün onlar barəsində xüsusi qərardad çıxararılmasını və araşdırılması üçün Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə göndərilməsini xahiş etmişdir. Məhkəmə iddia tələbinin “cavabdehin xəbərdarlıq etmədən mənzilə suyun verilməsinin dayandırması və 1378,70 manat pulun tələb edilməsi hərəkətinin qanunsuz hesab edilməsi, mülki hüquq münasibətlərindən yaranmış hüquqdan sui-istifadə etmə hallarına və əsassız pul tələb etmə hərəkətlərinə son qoyulması, tələb olunan 1378,70 manat pulun silinməsi, mənzildən istifadə etmə qaydalarına edilən müdaxilələrin aradan qaldırılması” hissəsinə münasibətdə qeyd edir ki, hazırda iddia tələbi üzrə mübahisələndirilən əsas məqam 1378,70 manat borcla bağlı olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Azərbaycan Respublikası Su Məcəlləsinin 98-ci maddəsinə görə, sudan istifadə haqqı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Xüsusi mülkiyyətdə olan su obyektlərinə sudan istifadə haqqı mülkiyyətçilərlə su istehlakçıları arasında bağlanmış müqavilə əsasında müəyyən olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: 135.1-ci maddəsinin tələbinə görə, fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludurlar. 136.4-ci maddəsinə əsasən kommunal xidmətlərə görə haqqa soyuq və isti su təminatı, kanalizasiya, elektrik təminatı, qaz təminatı və istilik təchizatına görə ödənilən haqlar daxildir. “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanununun: 26-cı maddəsinə və sudan istifadə qaydalarının 2.1.9.2-ci yarımbəndinə əsasən istehlakçı su təchizatı və kanalizasiya müəssisələrinə, onların göstərdikləri xidmətlərə görə borcu, hesabın ödənilməsinə təqdim olunduğu gündən bir ay müddətində ödəmədikdə, su təchizatı və kanalizasiya müəssisəsi qanunvericiliklə nəzərdə tutulmuş müvafiq tədbirlər görməlidir; 30-cu maddəsinə əsasən 1-ci bəndinə əsasən su təchizatı müəssisəsi istehlakçıya verilən suyun həcmini suölçən cihazlar vasitəsi ilə və ya müvafiq normativ hüquqi aktlarla nəzərdə tutulmuş qaydada hesablama yolu ilə müəyyənləşdirir. Su təchizatı müəssisəsi istehlakçıya verdiyi suyun dəyərini tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən suyun hesabı tam ödənildikdən sonra, su təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış suyun dəyərini su təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. 59-cu maddəsinin 3-cü bəndinə əsaəsn su təchizatı və kanalizasiya müəssisələrinin xidmətlərinə görə ödəmələrin məbləği suölçən cihazların göstəricilərinə görə verilən suyun həcminin və ya obyektlərdən axıdılan tullantı sularının miqdarının uçotuna, müvafiq normativ hüquqi aktlarla müəyyənləşdirilmiş qaydalara əsasən hesablanır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 17 iyul tarixli 262 nömrəli qərarı ilə təsdiq edilmiş “Sudan istifadə” Qaydalarının: 2.1.4-cü maddəsinə əsasən istehlakçıya verilən suyun və axıdılan tullantı sularının həcminin və dəyərinin, həmçinin istismarda olan su təchizatı və kanalizasiya sistemlərinin tam və dəqiq uçotunu aparmaq su təchizatı və kanalizasiya müəssisələrinin vəzifəsidir. 5.1.5-ci maddəsinə əsasən, istehlakçıların verilən suyun və axıdılan tullantı sularının və buna görə ödənilməli olan vəsaitin həcmini əks etdirən hesabın təqdim edilməsini, dəqiqləşdirilməsini, yol verilmiş qeyri-dəqiqliyin aradan qaldırılmasını və ya yenidən hesablama aparılmasını tələb etmək hüququ var. Qeyd edilməlidir ki, iddiaçı tələbində akt üzrə borcun 1378,70 manat olduğunu qeyd etsə də, həm aktda borc 1368,70 manat göstərilmişdir. Məhkəmə araşdırması zamanı cavabdehin nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilmiş abonent haqqında məlumatdan görünür ki, Cavabdeh ASC ilə abonent X5 arasında xx.xx.2015-ci il tarixdə müqavilə bağlanmışdır, müqavilə aktivdir. Müəyyən edilir ki, abonentə 2014-cü il üzrə 1710 manat su və 413 manat çirkab suyu sərfiyyatı olmuş, 2015-ci il üzrə 442 manat su, 132,60 çirkab suyu sərfiyyatı olmuş, çirkab suyu üzrə borcdan 60 manat ödəniş edilib, 2016-cı il üzrə su borcu 2152 manat, çirkab suyu borcu 585,60 manat borcu olub, sərfiyyat olmayıb, su borcu üzrə 1053 manat, çirkab suyu borcu üzrə 315,90 manat ödəniş edilib. 2017-ci ildən su borcu 1099, çirkab suyu borcu 269,70 manat olmaqla, cəmi 1368,70 manat borcu olub, həmin vaxtdan borc üzrə ödəniş olmayıb, xx.xx.2023-cü il tarixə borc 1368,70 manatdır. Həmçinin, müəyyən edilir ki, İddiaçı ünvan 2 ünvanında yerləşən mənzili xx.xx.2021ci il tarixdə X1 daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında almış və əmlak üzərində mülkiyyət hüquqları xx.xx.2021-ci il tarixdə qeydiyyata alınmışdır. Hazırda iddiaçı 1378,70 manat borcun silinməsini xahiş etsə də, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, həmin borc iddiaçıya məxsus borc deyil, iddiaçı mənzili almamışdan daha əvvəl hesablanmış borcdur. Hazırda cavabdeh həmin borcun ödənilməsi ilə bağlı iddiaçıya rəsmi xəbərdarlıq ünvanlamamış, mənzil üzrə borcun olmasına dair üzləşmə aktı tərtib etmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddiaçının ona məxsus olmayan borcun silinməsi tələbi ilə məhkəmədə iddia qaldırmaq üçün əsasları mövcud deyil. Həmçinin, belə bir iddianın təmin edilməsi cavabdehin gələcəkdə müvafiq borcluya qarşı borcun qaytarılması tələbi ilə çıxış etmək hüququnu məhdudlaşdırmış olar. Hansı ki, Cavabdeh ASC su təchizatı və kanalizasiya xidmətini göstərmiş, lakin həmin xidmətdən istifadə etmiş şəxs bu xidmətin haqqını ödəməmişdir. Bununla da Cavabdeh ASC əldə etməli olduğu xidmət haqların məhrum olmuşdur. Bundan başqa, iddiaçının ərizəsində və məhkəmədə vermiş olduğu izahatından aydın olur ki, mənzil üzrə mövcud 1368,70 manat borc üzrə məlumat əldə etdikdən sonra o, “Asan xidmət” mərkəzində Cavabdeh ASC-nin əməkdaşlarına mənzil üzrə sudan istifadə və tullantı sularının axıdılması xidmətləri üzrə müqavilə bağlanması üçün müraciət etmiş, lakin mənzil üzrə 60 manat borcun olması səbəbindən onunla müqavilənin bağlanmasından imtina edilmişdir. O, bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə qeyd edir ki, qeyd edilən məlumatlar məhkəməyə şifahi qaydada təqdim edilmiş, iddiaçı bununla bağlı (müraciət, imtina və s.) məhkəməyə rəsmi qaydada məlumat təqdim etməmiş, həmçinin iddiaçının vermiş olduğu məlumat əsasən onunla müqavilə bağlanmasından imtina edilməsinə səbəb olmuş hal-hazırda mübahisələndirilən 1368,70 manat borcla bağlı olmamışdır. Qeyd edilməlidir ki, mənzil üzrə abonent haqqında məlumata əsasən, həmçinin iddiaçının təqdim etdiyi ödənişlərin siyahısından aydın olur ki, abonent tərəfindən xx.xx.2015-ci il tarixdə 60 manat ödəniş edilmişdir. Yəni, iddiaçının məhkəməyə bildirdiyi hallarla bağlı məlumatlar natamam olmuşdur. Belə ki, məhkəmə tərəfindən müəyyən edildi ki, qeyd edilən 60 manat pul, iddia tələbində mübahisələndirilən borcun məbləğinə daxil olmamaqla, abonent tərəfindən xx.xx.2015-ci il tarixdə xidmətlərdən istidadə üçün ödənilmiş haqq olmuşdur. Hazırkı halda, məhkəmə tərəfindən mənzil üzrə mövcud olan 1368,70 manat borcun silinməsi üçün əsas ola biləcək hallar müəyyən edilməmişdir. Cavabdeh tərəf qeyd edilən borcun ödənilməsi ilə bağlı iddiaçıya rəsmi qaydada müraciət etməmiş, iddiaçı mənzil üzrə borcun olmasına dair üzləşmə aktını təhvil aldıqdan sonra hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Hazırda mübahisələndirilən borc iddiaçıdan əvvəlki mülkiyyətçinin borcu olmaqla, iddiaçıya həmin borcun ödənilməsi ilə bağlı rəsmi heç bir xəbərdarlıq edilməmişdir. Həmçinin, iddiaçı sudan istifadəyə görə borcunun olduğu müəyyən edilməmiş, cavabdeh tərəf bununla bağlı məhkəməyə məlumat təqdim etməmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, hazırda borcun silinməsi üçün qaldırılmış iddianın təmin edilməsi əsasları müəyyən edilmədiyindən iddia həmin hissəsdə təmin edilməməlidir. Məhkəmə iddia tələbinin “cavabdeh xəbərdarlıq etmədən mənzilə suyun verilməsinin dayandırması və 1378,70 manat pulun tələb edilməsi hərəkətinin qanunsuz hesab edilməsi, mülki hüquq münasibətlərindən yaranmış hüquqdan sui-istifadə etmə hallarına və əsassız pul tələb etmə hərəkətlərinə son qoyulması, mənzildən istifadə etmə qaydalarına edilən müdaxilələrin aradan qaldırılması” hissəsinə münasibətdə qeyd edir ki, həmin tələb borcun silinməsi tələbindən törəmə tələbdir. İddia ilk hissədə təmin edilməyindən iddia tələbi həmin hissədə təmin edilməməlidir. Məhkəmə iddia tələbinin “400 manat dəyərində maddi zərərin ödənilməsi” hissəsinə münasibətdə qeyd edir ki, iddiaçı iddia tələbində mənzilə suyun verilməsinin dayandırılması nəticəsində “Kombi” cihazının 400 manat dəyərində olan detalının nasaz vəziyyətə düşdüyünü göstərmişdir. Məhkəmə tərəfindən iddiaçıya məxsus “Kombi” cihazında olan nasazlığın yaranma səbəbinin və ona dəymiş ziyanın müəyyən edilməsi məqsədi ilə ekspertiza təyin edilmiş, lakin “Kombi” tipli suqızdırıcı cihaz və onun istismarı üzrə xüsusi biliyə malik olan mütəxəssis fəaliyyət göstərmədiyindən cihazda yaranmış nöqsanın səbəbləri ilə bağlı ekpsert qarşısında qoyulmuş suallar cavablandırılmamışdır. Bununla yanaşı, xx.xx.2023cü il tarixli 9/3727 saylı ekspert rəyi ilə kombi cihazının təmir-bərpa (fan motorun və hava tancının yuyulması, hava təzyiqinin vurulması, ionizasyon elektronun dəyişdirilməsi, su təzyiqi datçikinin dəyişdirilməsi və qaz valfından qaz ayarlarının verilməsi) xərci 100 manat müəyyən olunmuşdur. Məhkəmə tərəfindən mənzildə suyun dayandırılması ilə “Kombi” tipli suqızdırıcı cihazın detallarının sıradan çıxması arasında səbəbli əlaqənin müəyyən edilməsi məqsədi ilə mütəxəssis rəyinin alınması üçün "xxxx" ASC-yə müraciət edilmişdir. Məhkəməyə təqdim edilmiş texniki rəyə əsasən suyun cavabdeh tərəfindən dayandırılması ilə cihazın detallarının sıradan çıxması arasında heç bir əlaqə olmadığı, nöqsanların texniki qulluğun olmaması nəticəsində yaranan texniki qüsur və nasazlıq olduğu qeyd edilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı cavabdehin təqsirli hərəkətləri nəticəsində iddiaçıya məxsus kombi cihazının detallarına ziyan dəyməsi halı öz təsdiqini tapmamış, iddiaçı bununla bağlı mötəbər sübutlarını məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsində də qeyd olunur ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə araşdırması zamanı iddiaçı iddia tələbini mübahisələndirilən hissədə sübut edə bilməmiş, iddia tələbini əsaslandıra biləcəyi hər hansı sübutu məhkəməyə təqdim etməmiş və iddia ərizəsində göstərilən faktlar öz təsdiqini tapmamışdır. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi “400 manat dəyərində maddi zərərin ödənilməsi” hissəsində təmin edilməməlidir. Məhkəmə iddia tələbinin “400 manat mənəvi zərərin ödənilməsi” hissəsinə münasibətdə aşağıdakıları qeyd edir. Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsinin “Mülki Məcəlləin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 31 may 2002-ci il tarixli qərarında qeyd olunmuşdur ki, mənəvi zərərin ödənilməsi, habelə qanunvericilikdə nəzərdə tutulmuş başqa məhdudiyyətlərin tətbiq edilməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə qorunan digər əsas hüquq və azadlıqlarla mütənasib olmaqla hər bir konkret halda məhkəmənin mülahizəsindən asılıdır. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 saylı Qərarının 8-ci bəndində qeyd edilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Göründüyü kimi, zərərin əvəzini ödəmək öhdəliyinin qoyulması üçün əsas şərtlərdən biri, həmin zərərin fiziki və ya hüquqi şəxslər tərəfindən mülki hüquq pozuntusu törədilməsi nəticəsində əmələ gəlməsidir. Belə ki, fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməsi üçün mülki hüquq məsuliyyətinin 4 zəruri şərti mövcud olmalıdır. Birincisi-törədilmiş əməlin hüquqazidd olmalıdır; ikincisi-törədilmiş əməl nəticəsində başqa şəxsə birbaşa zərər yetirilməlidir; üçüncüsü-mülki hüquq pozuntusu ilə zərər arasında səbəbli əlaqə mövcud olmalıdır; dördüncüsü isə-hüquqpozan şəxsin təqsiri olmalıdır. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Belə ki, iddiaçı mənəvi ziyanın ödənilməsi barədə iddia qaldırsa da, onun fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə maddi və mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsirini sübut edən heç bir əsaslı və mötəbər sübut təqdim edə bilməmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, iddia tələbi “400 manat məbləğində mənəvi zərərin ödənilməsi” hissəsində təmin edilməməlidir. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçı tələbində mənzilə suyun verilməsinin dayandırılmasına bilavasitə göstəriş verən və onu açıq-aşkar aldadaraq, 1378,70 manat pulu tələb edən vəzifəli şəxslərin əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsini 308-ci və 313-cü maddələrində nəzərdə tutulmuş hərəkətlərə yol verildiyinə əsaslı şübhələr olduğu üçün cavabdehin barəsində xüsusi qərardad çıxararılmasını və araşdırılması üçün Azərbaycan Respublikası Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə göndərilməsini xahiş etmişdir. MPM-in 265.4-cü maddəsinə əsasən, çəhkəmə işə baxarkən, proses iştirakçılarının və ya digər şəxslərin əməllərində cinayətin əlamətlərini aşkara çıxararsa, o, bu barədə xüsusi qərardad çıxarmaqla prokurora xəbər verir. Məhkəmə hesab edir ki, cavabdehin müvafiq əməkdaşlarının əməlində MPM-in 265.4-cü maddəsində göstərilən hallar məhkəmə araşdırması zamanı öz təsdiqini tapmadığından onun barəsində xüsusi qərardad çıxarılması üçün əsaslar mövcud deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, İddiaçı mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti cəlb edilməklə Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “xəbərdarlıq etmədən mənzilə suyun verilməsinin dayandırması və pulun tələb edilməsi hərəkətinin qanunsuz hesab edilməsi, mülki hüquq münasibətlərindən yaranmış hüquqdan sui-istifadə etmə hallarına və əsassız pul tələb etmə hərəkətlərinə son qoyulması, tələb olunan pulun silinməsi, mənzildən istifadə etmə qaydalarına edilən müdaxilələrin aradan qaldırılması, maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddiası təmin edilməməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçıların dövlət rüsumu ödəməkdən azad olunduqlarını və iddianın təmin edilməməsini nəzərə alaraq, məhkəmə hesab edir ki, məhkəmə xərcləri dövlət büdcəsinə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti cəlb edilməklə Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “xəbərdarlıq etmədən mənzilə suyun verilməsinin dayandırması və pulun tələb edilməsi hərəkətinin qanunsuz hesab edilməsi, mülki hüquq münasibətlərindən yaranmış hüquqdan sui-istifadə etmə hallarına və əsassız pul tələb etmə hərəkətlərinə son qoyulması, tələb olunan pulun silinməsi, mənzildən istifadə etmə qaydalarına edilən müdaxilələrin aradan qaldırılması, maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. Məhkəmə xərcləri dövlət büdcəsinə aid edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Qumru Əliyeva
Məhkəmə qərarları › İş №e-2(007)-43/2024
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-43/2024
23.02.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver