Məhkəmə qərarları › İş №e-2(007)-432/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-432/2024

18.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-432/2024 18.03.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Yusifova Ülkər Bayram qızının sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Xədicə Rəşid qızının katibliyi, İddiaçı vəkili və nümayəndəsi Nümayəndə, Cavabdeh nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı “vurulmuş maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı “vurulmuş maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən onun xeyrinə 8000 manat məbləğində pulun tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, Cavabdeh MMC-dən onun xeyrinə 9000 manat məbləğində pulun və 110 manat dövlət rüsumunun tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh MMC ilə aralarında bağlanmış 30 sentyabr 2021-ci il tarixli, B-167-AAE-21 nömrəli “Avtomobil alqı-satqısı üzrə müqavilə”yə əsasən dəyəri 61,286 manat (ƏDV daxil) məbləğində müəyyənləşdirilən “Changan CS 85” (VİN: LS4ASE2E1MP133577) markalı avtomobil həmin avtomobilin dəyəri tam ödənildikdən sonra mülkiyyətinə verilmək şərti ilə istifadəsinə verilmişdir. Tərəfindən yuxarıda sözügedən müqavilənin 2.1-ci bəndinə uyğun olaraq 10,778 manat məbləğində pul vəsaiti ilkin olaraq cavabdeh müəssisəyə ödənilmiş, qalan 50,508 manat məbləğində pul vəsaitinin isə 36 ay müddətinə, hər ay 1,403 manat olmaq şərti ilə ödəməyi öhdəsinə götürmüşdür. Qeyd etməyi zəruri hesab edir ki, yuxarıda sözügedən müqavilənin 5-ci bəndində cavabdeh tərəfindən avtomobilə dair verilmiş zəmanətin dairəsi, müddəti və s. tənzimlənmişdir. Nəzərə çatdırmağı zəruri hesab edir ki, müqavilə üzrə öhdəliklərini vaxtında və layiqincə icra edərək həmin müqavilə şərtlərinə uyğun olaraq tərəfindən aylıq ödənişlərin ödənilməsi təmin olunmuşdur. 2023-cü ilin mart ayında xx.xx.2021-ci il tarixli, B-167-AAE-21 nömrəli “Avtomobilin alqı-satqısı üzrə müqavilə”də müəyyən edilən şərtlər əsasında cavabdeh müəssisə tərəfindən ona satılmış avtomobilin surətlər qutusunda nasazlıq yaranmış və bu səbəbdən də həmin ayın 15-dən avtomobil tərəfindən cavabdehin servis xidmətinə təqdim olunmuşdur. Qeyd etməyi zəruri hesab edir ki, avtomobilin sürətlər qutusunda yaranmış nasazlıqla əlaqədar həmin avtomobilin servis xidmətində yerləşdirilməsindən xeyli müddət keçməsinə baxmayaraq hazırki vaxtadək sürətlər qutusunda yaranmış nasazlıq aradan qaldırılmamış, bu səbəbdən də avtomobilindən bu günədək faktiki olaraq istifadə etməkdən məhrum olmuşdur. Nəzərə çatdırmağı zəruri hesab edir ki, tərəfindən bu ilin aprel ayında müvafiq məktubla cavabdeh müəssisənin direktoru Toğrul Paşayevə müraciət olunaraq avtomobildə yaranmış yuxarıda sözügedən nasazlığın aradan qaldırılmasında yol verilən gecikdirmə ilə bağlı ona yazılı və müfəssəl məlumatların verilməsi xahiş edilsə də hazırki vaxtadək sözügedən müraciəti cavabdeh müəssisə tərəfindən cavablandırılmamaqla yanaşı, avtomobilində olan qüsurun aradan qaldırılması da hazırki vaxtadək aradan qaldırılmamışdır. Yuxarıda göstərilən səbəbdən avtomobilindən istifadə etməkdən məhrum olduğundan hazırki iddia ərizəsinə əlavə olunmuş "xxxx" MMC ilə arasında bağlanmış 30 mart 2023-cü il tarixli, “nəqliyyat vasitəsinin icarəyə verilməsinə dair” müqaviləyə əsasən “X4” minik markalı, ** EV *** dövlət qeydiyyat nişanlı avtomobil tərəfindən günlük icarə haqqı 50 (əlli) manat olmaqla 30 mart 2023-cü il tarixdən istifadəyə götürülmüşdür. Nəzərə alınmalıdır ki, avtomobilinin surətlər qutusunda olan qüsurun aradan qaldırılmasında gecikmələr davam etdiyindən icarəyə götürdüyü nəqliyyat vasitəsinin də icarə müddətinin uzadılması istisna edilmir ki, bu da ona dəyən maddi zərərin artmasına səbəb olacaqdır. Yuxarıda sadalanan xüsusatlardan görünür ki, cavabdeh müəssisə tərəfindən müqavilə öhdəliklərinin pozulması səbəbindən başqa nəqliyyat vasitəsini icarəyə götürüb istifadə etməyə məcbur olmuşdur ki, bu da ən azı icarə məbləği həddində onun 2023-cü ilin sentyabr ayınadək 8000 manat məbləğində maddi zərərə düçar olmağı ilə nəticələnmişdir. Hesab edir ki, maddi zərərə düçar olmağı cavabdeh müəssisənin təqsirindən yarandığından ona dəymiş maddi zərər məbləğində cavabdehə qarşı iddia tələbi irəli sürməkdə haqlıdır və bu haqlı iddiası məhkəmə tərəfindən təmin edilməlidir. Cavabdeh izahatından görünür ki, İddiaçı Cavabdeh MMC-yə qarşı “vurulmuş maddi zərərin əvəzinin ödənilməsi” tələbi ilə Nizami Rayon Məhkəməsinə müraciət etmiş və Cavabdeh MMC-dən 9000 manat məbləğində pulun və 110 manat dövlət rüsumunun tutularaq iddiaçının xeyrinə ödənilməsini tələb etmişdir. İddia ərizəsində qeyd olunan məqamlar ilə razı deyillər və iddia tələbinin heç bir hüquqi əsasının olmadığını hesab edir. Belə ki, Cavabdeh MMC tərəfindən xx.xx.2021-ci il tarixli, B-167-AAE-21 nömrəli “Avtomobilin alqı-satqısı müqaviləsi” üzrə öhdəlikləri tam şəkildə yerinə yetirilmiş və “Changan CS85” nömrəli nəqliyyat vasitəsi iddiaçının istifadəsinə verilmişdir. Nəqliyyat vasitəsi iddiaçının istifadəsində olan zaman sözügedən nəqliyyat vasitəsinin surətlər qutusunda nasazlıq yaranmış və bu səbəbdən, nəqliyyat vasitəsi “Changan” servisə gətirilmişdir. Müştəri məmnuniyyətinin təmin edilməsi məqsədi ilə, cavabdehin əməkdaşları tərəfindən nəqliyyat vasitəsinə dərhal baxış keçirilmiş və müvafiq diaqnostika prosesinə başlanılmışdır. Nəqliyyat vasitəsinin diaqnostikasının nəticələri, diaqnostikanın həyata keçirilməsi üçün “CHANGAN İNTERNATİONAL CORPORATİON” ilə olan yazışmalar, ehtiyat hissəsinin sifariş edilməsi və Azərbaycan Respublikasına çatdırılmasına dair müvafiq sübutlar cavabdeh tərəfindən məhkəməyə təqdim edilmişdir. Sözügedən sənədlərdən də göründüyü kimi, ehtiyat hissəsi Azərbaycan Respublikasına çatdırıldıqdan (xx.xx.2023) dərhal sonra, 2023-cü ilin noyabr ayında nəqliyyat vasitəsi tam şəkildə təmir edilərək iddiaçının istifadəsinə geri qaytarılmışdır. Nəqliyyat vasitəsinin təmir edilərək təhvil verilməsi faktı iddiaçı tərəfindən də məhkəmə iclaslarında təsdiq edilmişdir. Bununla da Cavabdeh MMC tərəfindən İddiaçı qarşısında olan “Avtomobilin alqı-satqısı müqaviləsi” üzrə öhdəlikləri tam şəkildə icra edilmiş və “Changan CS 85” markalı nəqliyyat vasitəsi zəmanət şərtləri çərçivəsində tam ödənişsiz təmir edilərək saz vəziyyətdə iddiaçıya təhvil verilmişdir. Onu da qeyd etmək zəruridir ki, nəqliyyat vasitəsinin təmiri müddətində iddiaçı tərəfindən müqavilə üzrə ödəniş öhdəliklərinin icra edilməsində gecikmələr baş vermişdir, lakin müştəri məmnuniyyətinin təmin edilməsi məqsədi ilə gecikmələrə görə alıcıya/iddiaçıya tətbiq edilən penya məbləği silinmişdir. Tərəflər arasında imzalanmış xx.xx.2021-ci il tarixli, B-167-AAE-21 nömrəli “Avtomobilin alqı-satqısı müqaviləsi”nin 5.2ci bəndinə əsasən, zəmanət təmirinin verinə yetirilməsi müddətləri, üsulları və yolları satıcı tərəfindən təmirin mürəkkəbliyindən asılı olaraq müəyyən edilir. Alqı-satqı müqaviləsi imzalanarkən, nəqliyyat vasitəsinin təmir edilməsi müddətinin satıcı/ cavabdeh tərəfindən müəyyən edilməsi şərti ilə iddiaçı razılaşmış və həmin şərtlərlə müqaviləni imzalamışdır. Bu səbəbdən, hal-hazırda nəqliyyat vasitəsinin təmiri müddəti ilə bağlı iddiaçı tərəfindən hər hansı pretenziyanın bildirilməsinin heç bir hüquqi əsası yoxdur. Qeyd olunanlara əlavə olaraq bildirir ki, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının qanununun 6-cı maddəsinin tələbinə əsasən, İstehlakçının tələbi ilə satıcı (icraçı) məişət texnikasının və nəqliyyat vasitələrinin təmir edildiyi və ya dəyişdirildiyi müddət üçün ona əvəzsiz olaraq (evinə çatdırmaqla) oxşar mal verməlidir. Lakin, təmir müddəti ərzində iddiaçı tərəfindən əvəzedici nəqliyyat vasitəsinin təqdim edilməsi tələbi ilə Cavabdeh MMC-yə hər hansı bir müraciət ünvanlanmamışdır. Hesab edir ki, İddiaçı öz istehlakçı hüququndan istifadə etməməsi və təmir müddəti ərzində əvəzedici nəqliyyat vasitəsini tələb etməməsinə görə Cavabdeh MMC məsuliyyət daşımamalıdır. Cavabdeh MMC-dən əvəzedici nəqliyyat vasitəsinin tələb edilməsi əvəzinə İddiaçı 30 mart 2023-cü il tarixində (nəqliyyat vasitəsi servisə yerləşdirildikdən 14 gün sonra) 3-cü şəxslərlə müqavilə bağlamış və icarəyə “X4” markalı nəqliyyat vasitəsi götürmüşdür. Lakin, nəqliyyat vasitəsinin icarəsinə dair müqavilənin bağlanması barədə iddiaçı tərəfindən cavabdehə hər hansı bir məlumat verilməmiş, icarə haqqı məbləği, nəqliyyat vasitəsinin markası və s. cavabdehlə razılaşdırmamışdır. Habelə, iddiaçı tərəfindən niyə məhz “X4” markalı nəqliyyat vasitəsinin icarəyə götürülməsi və günlük 50 manat məbləğində icarə haqqının hansı əsaslarla müəyyənləşdirilməsi barədə hər hansı bir məlumat təqdim edilməmişdir. Lakin, vurulmuş maddi zərərin nədən ibarət olması və xx.xx.2021-ci il tarixli, B-167-AAE- 21 nömrəli Avtomobil alqı-satqısı müqaviləsi üzrə cavabdeh tərəfindən məhz hansı öhdəliklərinin pozulmasına dair iddiaçı tərəfindən hər hansı bir sübut təqdim edilməmişdir. Göstərilənləri nəzərə alaraq hesab edir ki, hazırki iddia tələbinin heç bir hüquqi əsası yoxdur və bu səbəbdən iddia tələbi təmin edilməməlidir. Yuxarıda qeyd olunanları nəzərə alaraq, İddiaçı Cavabdeh MMC-yə qarşı 9000 manat məbləğində vurulmuş maddi zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı vəkili və nümayəndəsi Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbini müdafiə edərək, təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi X2 izahatında göstərdiklərini müdafiə edərək, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakılara əsasən rədd edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - İddiaçı ilə Cavabdeh arasında bağlanmış 30 sentyabr 2021-ci il tarixli, B-167-AAE- 21 nömrəli “Avtomobil alqı-satqısı üzrə” müqavilədən görünür ki, dəyəri 61,286 manat məbləğində müəyyənləşdirilən “Changan CS 85” (VİN: LS4ASE2E1MP133577) markalı avtomobil həmin avtomobilin dəyəri tam ödənildikdən sonra mülkiyyətinə verilmək şərti ilə istifadəsinə verilmişdir. Müqavilənin 2.1-ci bəndinə uyğun olaraq 10,778 manat məbləğində pul vəsaiti ilkin olaraq cavabdeh müəssisəyə ödənilmiş, qalan 50,508 manat məbləğində pul vəsaitinin isə 36 ay müddətinə, hər ay 1403 manat olmaq şərti ilə ödəməyi ilə öhdəsinə götürmüşdür. - xx.xx.2021-ci il tarixli təhvil-təslim aktından görünür ki, “Changan CS 85” (VİN: LS4ASE2E1MP133577) markalı avtomobil qüsursuz və texniki saz vəziyyətdə alıcıya təhvil verildi. Alıcıya avtomobilin təchizatı və texniki xüsusiyyətləri izah edildi. - 30 mart 2023-cü il tarixli, “nəqliyyat vasitəsinin icarəyə verilməsinə dair” müqavilədən görünür ki, İddiaçı “X4” minik markalı, ** EV *** dövlət qeydiyyat nişanlı avtomobili hər gün üçün 50 manat, ümumilikdə 9000 manat ödəniş etməklə icarəyə götürmüşdür. - 30 mart 2023-cü il tarixli təhvil-təslim aktından görünür ki, “X4” minik markalı, ** EV *** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı təhvil verilmişdir. - Kassa mədaxil orderindən görünür ki, İddiaçı 9000 manat ödəniş etmişdir. - Cavabdeh İddiaçı ünvanlandığı xəbərdarlıqdan görünür ki, 30 sentyabr 2021-ci il tarixli, B-167-AAE-21 nömrəli “Avtomobil alqı-satqısı üzrə müqaviləyə xx.xx.2023-cü il tarixində birtərəfli qaydada xitam veriləcəyi və xx.xx.2023-cü ilədək 2524 manat cərimə məbləğini ödəməsi tələb edilmişdir. - İddiaçı Cavabdehnə ünvanlandığı məktubdan görünür ki, İddiaçı avtomobilin sürətlər qutusunda yaranmış nasazlıqla əlaqədar həmin avtomobilin servis xidmətində yerləşdirilməsindən xeyli müddət keçməsinə baxmayaraq hazırkı vaxtadək sürətlər qutusunda yaranmış nasazlıq aradan qaldırılmamış, bu səbəbdən də avtomobilindən bu günədək faktiki olaraq istifadə etməkdən məhrum olmuşdur. - İcra edilmiş xidmətlərə dair aktdan görünür ki, “Changan CS 85” (VİN: LS4ASE2E1MP133577) markalı avtomobil xx.xx.2023-cü il tarixdə servisə verilib. xx.xx.2023-cü il tarixdə təhvil almışdır. - E-mail yazışmalarından görünür ki, xx.xx.2023-cü ildə 7352,18 manat dəyərində surətlər qutusunu “Changan”-ın Çində yerləşən rəsmi zavoduna sifariş vermişdir. - xx.xx.2023-cü il tarixli təhvil-təslim aktından görünür ki, “Changan CS 85” (VİN: LS4ASE2E1MP133577) markalı avtomobil xx.xx.2023-cü il tarixdə təhvil verilmişdir. - 31.10.2023-cü il və xx.xx.2024-cü il tarixli qəbzin surətindən görünür ki, iddiaçı tərəfindən məhkəməyə müraciət etmək üçün 110 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış 30 sentyabr 2021-ci il tarixli, B-167-AAE-21 nömrəli “Avtomobil alqı-satqısı üzrə” müqaviləyə əsasən dəyəri 61,286 manat olan “Changan CS 85” markalı avtomobil, həmin avtomobilin dəyəri tam ödənildikdən sonra iddiaçının mülkiyyətinə verilmək şərti ilə istifadəsinə verilmişdir. “Changan CS 85” markalı avtomobil xx.xx.2021-ci il tarixdə İddiaçı təhvil verilmişdir. Lakin avtomobilin sürətlər qutusunda yaranmış nasazlıqla əlaqədar həmin avtomobili xx.xx.2023-cü il tarixdə servis xidmətinə vermişdir. İddiaçı avtomobilsiz qalmamaq üçün 30 mart 2023-cü il tarixdə “X4” minik markalı, ** EV *** dövlət qeydiyyat nişanlı avtomobili günü 50 manat olmaqla icarəyə götürmüşdür. İddiaçı “Changan CS 85” markalı avtomobili xx.xx.2023-cü il tarixdə servisdən təhvil almışdır. Hazırda iddiaçı icarəyə götürdüyü avtomobilə ödədiyi icarə haqqı olan 9000 manat məbləğində pulun və 110 manat dövlət rüsumunun tutulmasını xahiş edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının qanununun 6-cı maddəsinin tələbinə əsasən istehlakçının tələbi ilə satıcı (icraçı) məişət texnikasının və nəqliyyat vasitələrinin təmir edildiyi və ya dəyişdirildiyi müddət üçün ona əvəzsiz olaraq (evinə çatdırmaqla) oxşar mal verməlidir. Göründüyü kimi iddiaçı avtomobildə yaranmış nasazlıqla əlaqədar təmir müddətində Cavabdeh MMC-yə ona əvəzsiz olaraq avtomobil verilməsi ilə əlaqədar müraciət etməli idi. Lakin bunu etməmiş əvəzində “X4” minik markalı, ** EV *** dövlət qeydiyyat nişanlı avtomobili icarəyə götürmüşdür. Hazırda isə cavabdehdən icarəyə götürdüyü avtomobilə görə ödədiyi 9000 manat məbləğində pulu tələb edir. Odur ki, İddiaçı öz istehlakçı hüququndan istifadə etməməsi və təmir müddəti ərzində əvəzedici nəqliyyat vasitəsini tələb etməməsinə görə Cavabdeh MMC məsuliyyət daşımamalıdır. İddiaçı tərəfindən “Changan CS 85” markalı avtomobilin təmir müddəti ərzində (xx.xx.2023-xx.xx.2023-cü il) “X4” minik markalı, ** EV *** dövlət qeydiyyat nişanlı avtomobili icarəyə götürməsi və 9000 manat icarə haqqı ödəməsi işin mübahisəsiz halıdır. Lakin bu cavabdehin təqsiri ucbatından olmamışdır. İddiaçı öz istehlakçı hüququndan istifadə etməmiş, günlük 50 manat olmaqla avtomobil icarəyə götürmüşdür. Məhkəmə qeyd edir ki, işin hallarından və məhkməyə təqdim olunmuş sübutlardan müəyyən olunur ki, iddiaçı avtomobili servisə təqdim edən gün xx.xx.2023-cü il tarixində cavabdeh MMC-nin əməkdaşları dərhal reaksiya verərək surətlər qutusunda qüsur olmasını aşkar etmişlər. Məhkəməyə təqdim olunmuş e-mail yazışmalarından görünür ki, MMC elə həmin gün, yəni xx.xx.2023-cü ildə 7352,18 manat dəyərində surətlər qutusunu “Changan”-ın Çində yerləşən rəsmi zavoduna sifariş vermişdir. Təqdim olunmuş gömrük bəyannaməsindən görünür ki, sifariş verilmiş məhsul xx.xx.2023-cü ildə Azərbaycan Respublikasına çatdırılmışdır. xx.xx.2023-cü ildə isə (12 günə) avtomobil təmir olunub İddiaçı qaytarılmışdır. Bundan başqa məhkəmə qeyd etməyi zəruri hesab edir ki, tərəflər arasında bağlanmış 30 sentyabr 2021-ci il tarixli, B-167-AAE-21 nömrəli “Avtomobil alqı-satqısı üzrə” müqaviləsinin 5.2-ci bəndindən aydın görünür ki, “zəmanət təmirinin verinə yetirilməsi müddətləri, üsulları və yolları satıcı tərəfindən təmirin mürəkkəbliyindən asılı olaraq müəyyən edilir.” Beləliklə, iddiaçı alqı-satqı müqaviləsini imzalayarkən, nəqliyyat vasitəsinin təmir edilməsi müddətinin cavabdeh tərəfindən müəyyən edilməsi şərti ilə razılaşmışdır Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia ərizəsi əsaslı olmadığından rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən, bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, İddiaçı Cavabdehnə qarşı “vurulmuş maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi rədd edilməlidir. Məhkəmə xərcləri iddiaçıya aid edilməlidir. Qeyd olunanlara və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdehnə qarşı “vurulmuş maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi rədd edilsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Ülkər Yusifova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar