Məhkəmə qərarları › İş №e-2(007)-4436/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №e-2(007)-4436/2025

22.12.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(007)-4436/2025 22.12.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Əhmədova Həqiqət Mülazim qızı, Ərizəçi maraqlı şəxs "xxxx" MMC-yə qarşı “mənzilin ona məxsus olması” haqqında ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs "xxxx" MMC-yə qarşı “mənzilin ona məxsus olması” haqqında ərizəsi ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət etmişdir. Ərizənin məhkəmə icraatının mümkünlüyü məsələsi yoxlanılarkən müəyyən edilmişdir ki, ərizənin yolverilməzliyinə görə qəbul etməkdən imtina olunmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 2.2.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) baxılır. 2.2.3-cü maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) baxılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə ərizəni qəbul etməkdən imtina edir. 153.4-cü maddəsinə əsasən, ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. 307.2.6-cı maddəsinə əsasən məhkəmə mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam vermək faktının müəyyən edilməsinə dair işlərə baxır. 307.2.11-ci maddəsinə əsasən məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsinə dair işlərə baxır. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 12 aprel 2019-cu il tarixli Qərarının: 1.2-ci bəndinə əsasən, hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. 1.6-cı bəndinə əsasən, məhkəmələrə izah edilir ki, ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməli və həmin sübutlar ərizəyə əlavə edilməlidir (Azərbaycan Respublikası MPMnin 310-cu maddəsi). Belə məlumatlar ərizədə olmadıqda, eləcə də ərizəyə belə sübutlar əlavə edilmədikdə, yaxud ərizəçi məhkəmə tərəfindən müəyyən edilən müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda, həmçinin faktın müəyyən olunması məqsədini göstərməkdən imtina etdikdə, məhkəmə, ərizəni və ona əlavə edilmiş sənədləri Azərbaycan Respublikası MPMnin 152.1.1-ci maddəsinin tələbinə əsasən geri qaytarılmalı, məhkəmə baxışı mərhələsində olduqda isə həmin Məcəllənin 259.0.12-ci maddəsinin tələbinə əsasən ərizəni baxılmamış saxlamalıdır. 13-cü bəndinə əsasən məhkəmələr nəzərə alsınlar ki, məhkəmə qaydasında müəyyən edilən hüquqi əhəmiyyətli faktların siyahısı qanunla məhdudlaşdırılmamışdır. Azərbaycan Respublikası MPM-in 307.2.11-ci maddəsində qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi də nəzərdə tutulmuşdur. Belə faktlar müəyyənləşdirilərkən müvafiq olaraq həmin münasibətləri tənzimləyən qanunvericilik normalarına ciddi riayət edilməsi və belə faktların məhkəmədən kənar qaydada nizamlanmasını nəzərdə tutan şərtlərə əməl edilib-edilməməsi sübutlarla təsdiq olunmalıdır. Məhkəmə ilk öncə qeyd edir ki, ərizəçi xüsusi icraat qaydasında məhkəməyə müraciət edərək ünvan 1 ünvanda yerləşən 2 saylı yaşayış binasında ümimi sahəsi 83,4 kv.m olan, 2 otaqlı 15 saylı mənzilin 04 avqust 2020-ci il tarıxdən etibarən ona məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizəyə əlavə olunmuş materiallar ilə hazırda mübahisənin mövcud olması müəyyən edilir. Hansı ki, xüsusi icraat qaydasında olan işlər üzrə mübahisə mövcud olduğu üçün bu cür tələblərə xüsusi icraat qaydasında baxıla bilməz. Belə tələblərə məhkəmələr tərəfindən iddia icraatı qaydasında baxılmalıdır. Bundan əlavə məhkəmə bildirir ki, ərizəçi ərizəsində mübahisəli mənzilin ona xx.xx.2020-ci il tarixdən məxsus olması faktının müəyyən olunmamasının onun hansı hüquqlarını pozmasını, qeyd olunan faktın müəyyən edilməsi ilə bağlı məhkəməyə müraciət edilməsində məqsədin nədən ibarət olmasını göstərməmiş, mübahisəli mənzilin xx.xx.2020-ci il tarixli müqavilənin bağlandığı vaxt mövcud olması, ərizəçinin orada yaşaması barədə sübutları ərizəyə əlavə etməmişdir. Beləliklə qeyd olunanlara əsasən müəyyən edilir ki, hazırki ərizəyə ümumi məhkəmələrdə baxılmalı olmadığından, Ərizəçi maraqlı şəxs "xxxx" MMC-yə qarşı “mənzilin ona məxsus olması” haqqında ərizəsi ərizənin yolverilməzliyinə, yəni irəli sürülən tələbə ümumi məhkəmədə baxılmasına yol verilmədiyinə görə icraata qəbul edilməkdən imtina edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 153, 263-264, 267- 268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Ərizəçi maraqlı şəxs "xxxx" MMC-yə qarşı “mənzilin ona məxsus olması” haqqında ərizəsinin qəbul edilməsindən imtina edilsin. Qərardad Ərizəçi tərəfindən ödənilmiş 99,60 manat (Şəxsiyyət vəsiqəsinin Fini: xxxxxxx, qəbz nömrəsi: **********4, tarix: xx.xx.2025-ci il) və 1,60 manat (Şəxsiyyət vəsiqəsinin Fini: xxxxxxx, qəbz nömrəsi: **********, tarix: xx.xx.2025-ci il) dövlət rüsumunun qaytarılması üçün əsasdır. Qərardadın icrası dövlət rüsumunun qaytarılması hissəsində Bakı Şəhəri üzrə Baş Maliyyə İdarəsinə həvalə edilsin. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Həqiqət Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar