Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(007)-4545/2025 13.03.2026 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Starə Vidadil qızının sədrliyi, Məhkəmə iclas katibi İmanzadə Türbət Rəşad qızının katibliyi ilə, İddiaçı “X1” MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. İddia tələbi :
1. İddiaçı “X1” MMC Cavabdeh qarşı “pul” tələbinə dair (kiçik iddialara dair işlər üzrə icraat qaydasında) iddia ərizəsi ilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən 26 may 2025-ci il tarixli GRHH620 nömrəli nisyə alqı-satqı müqaviləsi üzrə Cavabdeh tərəfindən öz öhdəliklərinin icra edilməməsi nəticəsində yaranmış 3268.40 manat məbləğində borcun cavabdehdən tutularaq iddiaçı “X1” MMC-yə ödənilməsi, iddiaçı tərəfindən dövlət rüsumu qismində ödənilən 52.69 manat 69 qəpik məbləğində vəsaitin cavabdehdən iddiaçının xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir.
İddia tələbinin əsaslandırıldığı hallar :
2. Satıcı "xxxx" MMC ilə Cavabdeh arasında 26 may 2025-ci il tarixli GRHH6 nömrəli nisyə alqı-satqı müqaviləsi imzalanmışdır. Müqaviləyə əsasən satıcı cavabdehə müqavilənin əlavəsində göstərilən 06 ədəd müxtəlif adda və markalı məişət əşyalarını satmağı, cavabdeh isə həmin malların dəyərini satıcıya 1-ci ay 555 manat, 10 ay ərzində isə 600 manat olmaqla, cəmi 6555 manat məbləğində pulu ödəmək öhdəliyini üzərinə götürmüşdür. Malların nisyə satış müqaviləsinə 2 saylı əlavədə, təhvil-təslim aktında göstərilən 06 ədəd məişət əşyaları cavabdehə təhvil verilmişdir. Müqavilənin və tərəflər arasında tərtib edilmiş ödəniş qrafikinin şərtlərinə cavabdeh tərəfindən əməl edilməmiş, o, borcun qaytarılmasına dair öhdəliyi vaxtında və lazımı qaydada icra etməmişdir. Cavabdehə dəfələrlə tərəflərindən xəbərdarlıq edilməsinə baxmayaraq, o, öhdəliyi yerinə yetirməmişdir. Belə ki, müqavilənin 6.1-ci bəndi və 6.1.1-ci yarımbəndinə əsasən, cavabdeh müqavilə üzrə üzərinə götürdüyü borc öhdəliklərini yerinə yetirmədiyi (lazımınca yerinə yetirmədiyi) təqdirdə, kreditor nisyə mala görə hesablanmış borcu və dəbbə pulunu dərhal tələb etmək hüququna malikdir. Cavabdehin iddiaçı qarşısında 26 may 2025-ci il tarixli GRHH620 nömrəli nisyə alqı-satqı müqaviləsi üzrə qalıq borcu 3245 manat təşkil edir. Müqavilənin 5.6-cı bəndinə əsasən borcun ödənişi gecikdirildikdə hər gecikdirilmiş gün üçün borc məbləğinin 0,3% həcmində cərimə (dəbbə pulu) ödəməyi cavabdeh öhdəsinə götürmüşdür. Borclunun kreditor qarşısında müqavilə üzrə cərimə borcu 23.40 manat təşkil edir. Hazırda cavabdehin iddiaçı qarşısında 26 may 2025-ci il tarixli GRHH620 nömrəli nisyə alqı-satqı müqaviləsi üzrə 3245 manat qalıq borcu, 23.40 manat cərimə borcu olmaqla, cəmi 3268.40 manat borcu yaranmışdır. Tərəflərin izahatları :
3. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçı “X1” MMC-nin nümayəndəsi və Cavabdeh məhkəmə iclasına gəlməmişdir.
4. İddiaçı X1” MMC-nin nümayəndəsi tərəfindən xx.xx.2026-ci tarixdə elektron kabinet vasitəsilə ərizə ilə məhkəməyə müraciət edilərək, bildirmişdir ki, Cavabdeh tərəfindən “X1” MMC qarşısında olan öhdəliyi tam şəkildə icra edilmiş və hazırda iddiaçının cavabdehə qarşı heç bir iddia tələbi mövcud deyil. Bu səbəbdən Mülki Prosesual Qanunverriciliyinin 191-ci maddəsinin tələbləri nəzərə alınaraq müvafiq qərar qəbul edilməsini xahiş etmişdir.
5. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələbinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq :
6. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi :
261.0. Hakim iş üzrə icraata aşağıdakı hallarda xitam verir: 261.0.4. iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa; 262.1. İş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. 262.5. İş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verilə bilər. 262.2. Məhkəmənin qərardadında işdə iştirak edən şəxslər arasında məhkəmə xərclərinin bölüşdürülməsi, büdcədən dövlət rüsumunun qaytarılması haqqında məsələlər həll edilə bilər. 114.1. Ödənilmiş dövlət rüsumu aşağıdakı hallarda qaytarılır : 114.1.4. bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə.
Məhkəmənin mövqeyi :
7. Məhkəmə iddia ərizəsini və iş materialları ilə birlikdə araşdıraraq qeyd edir ki, iddiaçı “X1” MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə icraata xitam verilməlidir.
8. Belə ki, mülki prosessual qanunvericiliyə əsasən iddiaçı iddiadan imtina etdikdə və bu imtina məhkəmə tərəfindən qəbul olunduqda məhkəmə iş üzrə icraata xitam verir.
9. Məhkəmə qeyd edir ki, iddia ərizəsinin məhkəmə icraatı mümkün hesab edilmiş, iş üzrə hazırlıq iclası təyin edilmişdir. İddiaçı “X1” MMC-nin nümayəndəsi xx.xx.2026-cı il tarixli ərizə ilə məhkəməyə müraciət edərək iddia tələbindən imtina etdiyini bildirmişdir.
10. İddiaçının tələbdən imtina etməsi ilə bağlı məhkəmə qeyd edir ki, hüququn hamılıqla qəbul olunmuş dispozitivlik prinsipi onu nəzərdə tutur ki, tərəflər bu prinsipdən çıxış edərək pozulmuş hüquqlarının müdafiəsinin zəruriliyi məsələsini özləri həll edir, müdafiə üçün məhkəməyə müraciət etmək və ya etməmək, iddia qaldırmaq, onu geri götürmək, mübahisədən imtina etmək, yaxud da tələb olunan müdafiənin həcmini müəyyən etmək şəxsin özündən asılı olur.
11. Bundan irəli gələrək, öz məqsədinə nail olmaq üçün prosessual vasitələri seçmək də onun sərbəst sərəncamında olmalıdır. Lakin bununla bərabər mülki prosessual qanunvericilikdə qeyd olunur ki, iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır (MPM maddə 52.5).
12. Məhkəmə iddiaçı “X1” MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə iddiadan imtina etməsi haqqında ərizəni iş materailları, işin halları ilə birlikdə araşdıraraq qeyd edir ki, işdə iddiadan imtinanın qəbul edilməməsi üçün əsas verən Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 52.5-ci maddəsinə göstərən hallar yoxdur.
13. Bu səbəbdən də, iddiaçının iddiadan imtinası məhkəmə tərəfindən qəbul olunmalı və iş üzrə icraata xitam verilməlidir.
14. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 191.2-ci maddəsinə əsasən, iddiaçı iddiadan imtina etdikdə və bu məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir.
15. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 114.1 və 114.1.4-cü maddələrinin tələbinə görə, həmin Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə, ödənilmiş dövlət rüsumu qaytarılır.
Nəticə :
16. Beləliklə, məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən iddiadan imtina olunması barədə ərizə verildiyindən mülki prosessual qanunvericiliyin tələbinə əsasən iddiaçı “X1” MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə icraata xitam verilməlidir.
17. Həmçinin məhkəmə qeyd edir ki, hazırki mülki iş materiallarına əlavə edilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu (Ödəyici: X1” MMC, VÖEN :**********; büdcə təsnifat kodu: 14221103; qəbzin nömrəsi: **********, tarix: xx.xx.2025, saat: 16:09) dövlət büdcəsindən iddiaçıya geri qaytarılmalıdır.
18. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261-264, 267-268, 269, 395, 396-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Qərara Aldı:
İddiaçı “X1” MMC-nin imtina ərizəsi təmin edilsin. İddiaçı “X1” MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu (Ödəyici: X1” MMC, VÖEN :**********; büdcə təsnifat kodu: 14221103; qəbzin nömrəsi: **********, tarix: xx.xx.2025, saat: 16:09) dövlət büdcəsindən iddiaçıya qaytarılsın. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə informasiya sistemi”ndə yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə şikayət verilə bilər.
Hakim Starə Əliyeva