Məhkəmə qərarları › İş №e-2(007)-48/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-48/2025

04.04.2025 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-48/2025 04.04.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ İddiaçı Heydər Əliyev adına X6 Cavabdeh qarşı iddia tələbinə dair mülki iş üzrə (Açar sözlər: “qanunsuz tikilinin sökülməsi” tələbi) Hakim Yusifova Ülkər Bayram qızının sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Xədicə Rəşid qızının katibliyi, İddiaçı Heydər Əliyev adına X6 nümayəndəsi Nümayəndə2, Cavabdeh, onun nümayəndəsi X2 iştirakları ilə, İddiaçı Heydər Əliyev adına X6 Cavabdeh qarşı “qanunsuz tikilinin sökülməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, Tələb:

1. İddiaçı Heydər Əliyev adına X8 Cavabdeh qarşı “qanunsuz tikilinin sökülməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında NEZ-ə məxsus neft məhsulları nəql olunan boru kəmərlərinin mühafizə zonasında, kəmərdən təqribən 8-10 metr aralı məsafədə köhnədən olan dəmir list hasarın arxasında və kəmərə paralel 1-ci sırada özünü tikintinin sahibi kimi təqdim edən Cavabdeh məxsus olduğu iddia edilən 10X11 metr ölçüdə tikilmiş tikilinin, eləcə də köhnədən olan dəmir list hasarla, ev arasında 2 metr hündürlüyündə 5 metr uzunluğunda tikilmiş hasarın və əvvəllər mövcud olmuş dəmir list hasarın yerinə mişar daşlarından istifadə etməklə tikilmiş əlavə hasarın özbaşına (qanunsuz) tikili hesab edilməsi və həmin tikililərin sökülməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

İddia ərizəsinin əsaslandırıldığı hallar:

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, SOCAR-ın Təhlükəsizlik İdarəsi tərəfindən Heydər Əliyev adına X7 (NEZ) ünvanlanmış məktubda göstərilmişdir ki, xx.xx.2023-cü il tarixdə ünvan 1 ünvanında NEZ-ə məxsus neft məhsulları nəql olunan boru kəmərlərinin mühafizə zonasında, kəmərdən təqribən 8-10 metr aralı məsafədə köhnədən olan dəmir list hasarın arxasında və kəmərə paralel 1-ci sırada öNümayəndə2ünü tikintinin sahibi kimi təqdim edən Cavabdeh məxsus olduğu iddia edilən 10X11 metr ölçülərdə olan ev tikintisi işlərinin tamamlanması və dam örtüyünün vurulması üçün taxta atmaların düzülməsi aşkar edilmişdir. Bundan başqa tikinti sahibi Cavabdeh köhnədən olan dəmir list hasarla, tikdiyi ev arasında 2 metr hündürlüyündə 5 metr uzunluğunda hasar tikməsi və digər dəmir list hasarı söküb onun yerinə mişar daşlarından istifadə etməklə əlavə hasar tikməsi, eləcə də dəmir darvaza qoyulması üçün hazırlıq işlərinin aparılması aşkar edilmişdir. Bundan əvvəl də tikinti sahibi Cavabdeh aparılan tikinti işlərinin mühafizə ərazisinə düşdüyü üçün qanunazidd olduğu bildirilmiş və əlavə tikinti işlərinin aparılmaması üçün xx.xx.2023-cü il tarixdə yazılı xəbərdarlıq təqdim olunmuşdur. Cavabdeh yeni tikinti işləri aparmadığını, xx.xx.2023-cü il tarixdə yaşadığı evin yanması səbəbindən söküb təkrar ev tikdiyini, eləcə də apardığı tikinti işlərini dayandırmayacağını və davam etdirəcəyini bildirmişdir. Azərbaycan Respublikası Prezidentinin 24 yanvar 2003-cü il tarixli, 844 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Nizamnaməsinə əsasən, NEZ Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin strukturuna daxil olan hüquqi şəxs statuslu müəssisə kimi fəaliyyət göstərir. İddiaçıya məxsus neft boru kəmərinin mühafizə zonasında yerləşən torpaq sahəsi faktiki olaraq cavabdeh tərəfindən zəbt edilmişdir ki, bu da həmin kəmərə qulluq edilməsinə, onun istismar edilməsinə maneçilik yaratmaqla yanaşı insanların həyatı üçün də təhlükə yaradır. Zavodun fəaliyyətinin təmin edilməsi üçün müxtəlif istehsalat və sahələrdə ayrı-ayrı texnoloji əməliyyatlar həyata keçirildiyindən, həmin istehsalat və sahələrin bir-birindən xeyli aralı məsafədə yerləşdiyini nəzərə alaraq, aralarında boru kəmərləri çəkilmişdir. Həmçinin hazır məhsulların anbarlara yığılması üçün boru kəmərləri çəkilmişdir. Bu neft boru kəmərləri qanunvericiliyə əsasən, magistral boru kəmərləri hesab olunur. Normativ sənədlərə əsasən, boru kəmərinin təyinatı, diametri və kəmərdə olan təzyiqə görə boru kəmərləri ətrafında mühafizə zonası müəyyən olunmuşdur. Mühafizə zonalarının müəyyən edilməsi bir neçə amillə bağlıdır. İlk olaraq, boru kəmərləri və neft məhsulları anbarları dövlət əhəmiyyətli obyektlər hesab edilir. Bu obyektlərdə hər hansı bir qəza nəticəsində yanğın və partlayış baş verdiyi halda ətrafda olan şəxslər üçün böyük təhlükə yarada bilər. Digər tərəfdən, bu obyektlərin mühafizəsinin effektli təşkilinə həmin ərazidə inşa edilmiş tikililər maneçilik törədir. Bütün bunları nəzərə alaraq, mühafizə zonasının mövcudluğu olduqca zəruridir.

Tərəflərin izahatları:

3. Məhkəmə iclasında iştirak edən iddiaçı Heydər Əliyev adına X6 nümayəndəsi Nümayəndə2 iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi.

4. Məhkəmə iclasında iştirak edən Cavabdeh bildirdi ki, iddia tələbini qəbul etmir. Onların evi yanıb və müvəqqəti olaraq 3 uşaqla birlikdə atasının evində yaşayıb. Həmin evi o, tikməyib, başqasından satın almışdır. Orada tikilmiş evlərin heç birinin sənədi yoxdur. Onda gərək 2000-dən çox ailə evsiz qala. O, bacardığı qədər yüngülcə təmir edib, evinə köçüb. Özü də xərcəng xəstəsidir. Uzun illərdir ki, həmin evdə yaşayırlar. Kommunal ödənişləri edirlər. 2023-cü ilin iyun ayında yanğın oldu. Fövqəladə Hallar Nazirliyi cinayət işini bağlayıb və rədd olunub. Oradan görünür ki, ev yanıb və yanmış ev yenidən bərpa olunub. İcra hakimiyyəti tərəfindən verilən arayış da var ki, uzun zamandır, orada yaşayır. Evin sökülməsinə etiraz edir. Evi sökülsə o və uşaqları çöldə qalacaqlar, çünki başqa yaşayış yerləri yoxdur. Qeyd etdiklərinə əsasən iddia tələbinin rədd edilməsini məhkədən xahiş etdi.

5. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi X3 bildirdi ki, iddia tələbini qəbul etmirlər. Evləri olub yenidən ev tikmirlər, yanmış evi təmir edirlər. Şəkillər də var. Onlar neçə ildir orada yaşayırlar. Evləri 2004-cü ildə tikilib. Hətta evin peyk görüntüləri və “Azəriqaz”, “Azərişıq” sayğaclarının nə vaxt qoyulması ilə bağlı qəbzlər təqdim etmişdir.

6. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş Cavabdeh vəkili Vəkil bildirmişdir ki, iddia tələbini qəbul etmirlər. “Socar” tərəfindən verilən arayışda qeyd olunub ki, torpaq socarın mühafizə zolağıdır. Lakin, bu sübut deyil. Bu məlumatı DƏDRX təsdiq etməlidir.

İş materialları:

7. Arayışdan görünür ki, 1. inventar №-si 3000084, Dş-250 mm -2 ədəd, Dş-300 mm- 1 ədəd, 2. inventar №-si 3001425, Dş-250 mm, 3. inventar №-si 3001253, Dş-400 və Dş- 300 mm neft boru kəmərləri Heydər Əliyev adına X6 balansındadır.

8. 11 avqust 2023-cü il tarixli Aktın surətindən görünür ki, xx.xx.2023-cü il tarixdə 49 saylı postun ərazisində saat 13:30 radələrində Nizami rayonu, Pəhlivan Fərzəliyev küçəsi, ev 30B ünvanında NEZ-ə məxsus neft məhsulları nəql olunan boru kəmərlərinin mühafizə zolağında kəmərə paralel 1-ci sırada özünü tikintinin sahibi kımı təqdim edən Cavabdeh (055 519 94 94) qızına məxsus olduğu iddia edilən həyət evinin qarşısında kəmərdən təqribən 25 metr aralı məsafədə mişar daşlarından tikilmiş hasara dəmir darvaza qoyulması tərəflərindən aşkar edildi. Tikinti sahibi Cavabdeh aparılan tikinti işlərinin mühafizə ərazisinə düşdüyü üçün qanunazidd olduğu bildirilmiş və əlavə tikinti işlərinin aparılmaması üçün yazılı xəbərdarlıq təqdim olunmuşdur. Tikinti sahibi Cavabdeh yeni tikinti işləri aparmadığını, 02.06 2023-cü il tarixdə yanmış yaşayış evinin bərpası işləri apardığını bildirirərək münaqişə yaratmışdır. Tikinti sahibinə xx.xx.2023-cü il tarixdə yazılı xəbərdarlıq təqdim olunmuşdur.

9. 30 iyul 2023-cü il tarixli Aktın surətindən görünür ki, xx.xx.2023-cü il tarixdə 49 saylı postun ərazisində saat 18:50-də ünvan 2 ünvanında NEZ-ə məxsus neft məhsulları nəql olunan boru kəmərlərin mühafizə zolağında, kəmərdən təqribən 8-10 metr aralı məsafədə köhnədən olan dəmir list hasarın arxasında və kəmərə paralel 1-cı sırada özünü tikintinin sahibi kimi təqdim edən Cavabdeh (055 519 94 94) qızına məxsus olduğu iddia edilən 10x11 metr ölçülərdə olan ev tikintisi işlərinin tamamlanması və dam örtüyünün vurulması üçün taxta atmaların düzülməsi tərəflərindən aşkar edildi. Bundan başqa tikinti sahibi Cavabdeh köhnədən olan dəmir list hasarla, tikdiyi ev arasında 2 metr hündürlüyündə 5 metr uzunluğunda hasar tikməsi və digər dəmir list hasarı söküb onun yerinə mişar daşlarından istifadə etməklə əlavə hasar tikməsi eləcə də dəmir darvaza qoyulması üçün hazırlıq işlərinin aparılması tərəflərindən aşkar edildi. Tikinti sahibi Cavabdeh aparılan tikinti işlərinin mühafizə ərazisinə düşdüyü üçün qanunazidd olduğu bildirilmiş və əlavə tikinti işlərinin aparılmaması üçün xx.xx.2023-cü il tarixdə yazılı xəbərdarlıq təqdim olunmuşdu. Tikinti sahibi Cavabdeh yeni tikinti işləri aparmadığı, 02 06.2023-cü il tarixdə yaşadığı evin yanması səbəbindən söküb təkrar ev tikdiyim bildirmiş, eləcə də tikinti işlərini dayandırmayacağını və davam etdirəcəyini bildirirərək münaqişə yaratmışdır.

10. 25.09.2020-ci il tarixli arayışdan görünür ki, Heydər Əliyev adına X5 10 saylı sahəyə (Güzdək) neft məhsulları nəql olunan Dş-500 mm (dizel yanacağı) və Dş-300 mm (reaktiv mühərrik yanacağı) neft boru kəmərləri 1993-cü ildə, “Azərikimya” İB-nin Etilen- Polietilen Zavoduna neft məhsulları nəql olunan Dş-200 mm (quru qaz), Dş-250 mm (nafta) neft boru kəmərləri isə 2011-ci ildə çəkilmiş və zavodun balansındadır.

11. Fövqəladə Hallar Nazirliyi Əməliyyat-İstintaq İdarəsi tərəfindən verilən 06 iyul 2023-cü il tarixli arayışdan görünür ki, 02 iyun 2023-cü il tarixdə yaşadığı Bakı şəhəri, Nizami rayonu, P.Fərzəliyev küçəsi 30 ünvanında yerləşən fərdi yaşayış evində yanğın baş vermiş nəticədə ev içərisindəki əşyalarla birlikdə yanğının təsirinə məruz qalmışdır.

12. 14 may 2024-cü il tarixli, 17 nömrəli arayışdan görünür ki, Cavabdeh məxsus həyət evi Heydər Əliyev adına NEZ-ə məxsus boru xətlərindən 8 m məsafədə yerləşir. Həmin xətlər NEZ-in 11 nömrəli istehsalatından 13 nömrəli sahəyə (Güzdək) gedən boru xətləridir. Tikinti aparılan sahə boruların mühafizə zonasında yerləşir.

13. 25.08.2023-cü il tarixli qəbzdən görünür ki, Heydər Əliyev adına X8 məhkəməyə müraciət edərkən 100 manat dövlət rüsumu ödəmişdir.

14. Azərbaycan Respublikası Məhkəmə Ekspertiza Mərkəzinin 16 noyabr 2024-cü il tarixli, 10/6921 saylı rəyindən görünür ki, iş materiallarında olan aktda yazılanları nəzərə alaraq, ünvan 3 ünvanında yerləşən Cavabdeh istifadəsində 10x11 metr ölçülərdə olan fərdi yaşayış evi NEZ-ə məxsus neft məhsulları nəql olunan kəmərlərin mühafizə zolağında kəmərdən təqribən 8-10 metr aralı məsafədə yerləşdiyi nəzərə alınarsa, həmin tikilinin Azərbaycan Respublikası Sənaye və Energetika Nazirliyi tərəfindən hazırlanmış və xx.xx.2003-cü ildə Ədliyyə Nazirliyində 2951 nömrəsi ilə qeydiyyata alınmış “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları” ilə müəyyən edilmiş 50 metrlik mühafizə zolağının daxilinə düşdüyü müəyyən olundu.

15. Cinayət işinin başlanmasının rədd edilməsi haqqında 21 iyul 2023-cü il tarixli qərardan görünür ki, 02 iyun 2023-cü il tarixdə Bakı şəhəri, Nizami rayonu, P.Fərzəliyev küçəsi 30 ünvanda yerləşən Cavabdeh məxsus fərdi yaşayış evində baş vermiş yanğında cinayət hadisəsi olmadığı üçün material üzrə cinayət təqibinin başlanması rədd edilmişdir.

16. Keşlə qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəlik tərəfindən verilən 05 mart 2025-ci il tarixli arayışdan görünür ki, Cavabdeh ünvan 4 ünvanında qeydiyyatsız yaşayır.

17. “Azəriqaz” İB-nin 12 mart 2025-ci il tarixli məktubundan görünür ki, ünvan 4 ünvanının **********00000 saylı abonent kodu xx.xx.2020-ci il tarixdən hal-hazıradək Cavabdeh adınadır.

İşin faktiki halları:

18. Məhkəmə iclasında müəyyən edildi ki, Bakı şəhəri, Nizami rayonu, P.Fərzəliyev küçəsi 30 ünvanında yerləşən fərdi yaşayış evi Cavabdeh məxsusdur. Qanunsuz tikilini o, tikməyib başqa şəxsdən satın alıb. 2023-cü ildə qeyd olunan qanunsuz tikili (ev) yanmışdır. Cavabdeh yanğından sonra təmir-bərpa işləri görmüşdür və hazırda ailəsi ilə orada yaşayır. Başqa yaşayış yerləri yoxdur. Fərdi yaşayış evinin kommunal xidmətlərə dair müqavilələri Cavabdeh ilə bağlanmışdır və qaz, işıq, su sərfiyyatına görə ödənişi edir. Cavabdeh istifadəsində olan fərdi yaşayış evi NEZ-ə məxsus neft məhsulları nəql olunan kəmərlərin mühafizə zolağında kəmərdən təqribən 8-10 metr aralı məsafədə yerləşir və həmin tikilinin Azərbaycan Respublikası Sənaye və Energetika Nazirliyi tərəfindən hazırlanmış və xx.xx.2003-cü ildə Ədliyyə Nazirliyində 2951 nömrəsi ilə qeydiyyata alınmış “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları” ilə müəyyən edilmiş 50 metrlik mühafizə zolağının daxilinə düşür. İddiaçı Bakı şəhəri, Nizami rayonu, Pəhlivan Fərzəliyev küçəsi, ev 30 ünvanında NEZ-ə məxsus neft məhsulları nəql olunan boru kəmərlərinin mühafizə zonasında, kəmərdən təqribən 8-10 metr aralı məsafədə köhnədən olan dəmir list hasarın arxasında və kəmərə paralel 1-ci sırada özünü tikintinin sahibi kimi təqdim edən Cavabdeh məxsus olduğu iddia edilən 10X11 metr ölçüdə tikilmiş tikilinin, eləcə də köhnədən olan dəmir list hasarla, ev arasında 2 metr hündürlüyündə 5 metr uzunluğunda tikilmiş hasarın və əvvəllər mövcud olmuş dəmir list hasarın yerinə mişar daşlarından istifadə etməklə tikilmiş əlavə hasarın özbaşına (qanunsuz) tikili hesab edilməsi və həmin tikililərin sökülməsini xahiş edir.

Tətbiq edilən hüquq:

19. Azərbaycan Respublikası Konstitusiyasının:

1. İnsan və vətəndaş hüquq və azadlıqlarının dövlət müdafiəsinin təminatlılığı Konstitusiyanın 12-ci maddəsində öz əksini tapmış dövlətin ali məqsədi ilə bağlıdır. Həmin maddəyə müvafiq olaraq vətəndaşların hüquq və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir. Hakimiyyətin ayrı-ayrı qolları insan hüquq və azadlıqlarının qorunmasına görə cavabdehlik daşıyır. Konstitusiyanın 71-ci maddəsinin 1-ci hissəsinə müvafiq olaraq Konstitusiyada təsbit olunmuş insan və vətəndaş hüquq və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur.

2. Hər kəsin mənzil toxunulmazlığı hüququ vardır.

20. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

7-ci maddəsinə əssən Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsində nəzərdə tutulanlar istisna olmaqla, mülki qanunvericilik müddəalarının geriyə qüvvəsi yoxdur və onlar qüvvəyə mindikdən sonra əmələ gəlmiş münasibətlərə tətbiq edilir; qanunla birbaşa nəzərdə tutulmuş hallarda mülki qanunvericiliyin geriyə qüvvəsi ola bilər; mülki hüquq subyektlərinə ziyan vurarsa və ya onların vəziyyətini pisləşdirərsə, mülki qanunvericiliyin geriyə qüvvəsi ola bilməz. 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. 180.4-cü maddəsinə əssən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər.

21. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin:

5.3-cü maddəsinə əsasən bu Məcəllədə və digər qanunlarda nəzərdə tutulmuş əsaslar və qayda istisna olmaqla, heç kəs yaşayış sahəsindən çıxarıla bilməz və ya heç kimin yaşadığı sahədən istifadə hüququ, o cümlədən kommunal xidmətlərdən istifadə etmək hüququ məhdudlaşdırıla bilməz. 9.1-ci maddəsinə əsasən mənzil hüquqlarının müdafiəsi qanunvericiliklə nəzərdə tutulmuş qaydada və hallarda məhkəmə qaydasında həyata keçirilir.

22. “F.Ə.Hüseynov və A.Ə.Qasımovun şikayətləri ilə əlaqədar məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasının və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2004-cü il tarixli Qərarı:

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu şikayətlərlə bağlı qeyd edir ki, mülkiyyət hüququnun tam həcmdə müdafiəsi hüquqi dövlətə xas olan ali dəyərlərdən biri kimi qiymətləndirilir. Azərbaycan Respublikası Konstitusiyası bu hüququ təsbit etməklə onun effektiv vasitələrlə təmin olunmasına zəmanət verir. Məhz buna görə də mülkiyyət hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında göstərilmişdir.

23. Avropa İnsan Hüquqları Məhkəməsinin “S.Əhmədovanın Azərbaycana qarşı” iş üzrə 18 noyabr 2021-ci il tarixli Qərarı:

Konvensiyanın 8-ci maddəsinə əsasən “Hər kəsin öz evinə hörmət etmək hüququ var...” Məhkəmə qeyd edir ki, hazırki işdə evin sökülməsinə və ərizəçinin çıxarılmasına qərar verərkən, daxili məhkəmələr yalnız onun dövlətə məxsus torpaqda tikilmiş icazəsiz tikinti olduğuna diqqət yetiriblər (Baqdonaviçius və digərləri ilə müqayisə edin, istinad edilən yuxarıda, § 102). Ərizəçi apellyasiya şikayətlərində sözügedən evin onun yeganə evi olduğunu və başqa ev almaq üçün imkanları olmadığı üçün onun və qızı evdən çıxarılacağı təqdirdə evsiz qalacağını iddia etsə də, daxili məhkəmələr bu məqama tamamilə məhəl qoymamışlar.

24. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “V.Q.Teryoxinin şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 02 iyun 2009-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 15 yanvar 2010-cu il tarixli qərarı:

Qeyd edilir ki, mülki və torpaq qanunvericiliyin müddəalarından da göründüyü kimi tərəflərin razılığı ilə yanaşı, daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması barədə zəruri şərt həmin əşyaya mülkiyyət hüququnun tam həcmdə əldə edilməsi, xüsusilə də şəxsin onun barəsində sərəncam vermək hüququnun yaranması baxımından mühüm əhəmiyyət kəsb edir. Lakin daşınmaz əmlak kimi torpaq sahəsinə mülkiyyət hüququnun yaranmasının və dövlət tərəfindən müdafiə olunmasının dövlət qeydiyyatı ilə əlaqələndirilməsi belə əmlakı qanunvericiliyə müvafiq olaraq əldə etmiş şəxslərin mülkiyyət hüququnun tərkib hissəsi olan sahiblik və istifadə hüquqlarına malik olmasını istisna etmir

Məhkəmənin mövqeyi:

25. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iddia tələbinin dəlillərini və işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir.

26. İşin mübahisəsiz halına görə, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi 2023-cü ilin iyun ayında yanmışdır. Bu hal Fövqəladə Hallar Nazirliyi Əməliyyat İstintaq İdarəsi tərəfindən də təsdiq edilmişdir. Cavabdeh tərəfindən məhkəməyə təqdim olunan fotoşəkillərdən də görünür ki, fərdi yaşayış evi yararsız hala düşmüşdür. Cavabdeh evi bərpa etmək üçün bir sıra təmir işləri görmüşdür.

27. İşin mübahisəsiz halına görə, cavabdeh sökülməsi tələb olunan evi tikməmiş, başqa şəxsdən almışdır və uzun illərdir, ailə üzvləri ilə orada yaşayır. Bundan başqa evdə yaşamaq üçün lazım olan qaz, işıq və su ilə dövlət tərəfindən təmin olunmuşdur. Onun istehlakı müqabilində bütün kommunal xidmətləri ödəmişdir. Həmçinin, cavabdeh göstərilən ərazidə öz həyat şəraitini qurmuş, vəsait xərcləmiş, tikinti işləri aparmışdır. Həmin şəxsin tikilisi özbaşına tikili hesab edilərək sökülə bilməz. Bütün bunlardan sonra başqa bir dövlət orqanı həmin tikilini vətəndaşın həyat və sağlamlığı üçün təhlükəli olması əsası ilə sökmək qərarına gəlirsə, onda yaradılmış şəraitə uyğun olaraq vətəndaşın sökülən “əmlakı” zərəri kompensasiya olunmalıdır.

28. Özbaşına tikintinin anlayışını və onun nəticələrini müəyyən edən Mülki Məcəllənin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır.

29. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, iddiaçının iddia etdiyi kimi cavabdeh tərəfindən özbaşına tikili tikilməmişdir. Qeyd olunan ev başqa şəxs tərəfindən tikilmiş və cavabdeh tərəfindən satın almışdır.

30. Qanunvericilikdə müəyyən edilmiş qaydada lazımi icazələr alaraq özü üçün fərdi yaşayış evi tikintisini həyata keçirən və uzun müddət həmin torpaq sahəsinə, eləcə də tikintisini həyata keçirdiyi həmin torpaq sahəsində yerləşən tikiliyə sahiblik edən cavabdehin həmin torpaq sahəsinə və tikiliyə gözlənilən “mülkiyyət” hüququ vardır. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, əşya ilə əlaqədar yaranan əmlak hüquqlarının təkcə mülkiyyətçiyə deyil, həm də əmlaka qanuni əsaslarla sahiblik edən şəxsə də mənsub ola bilməsi, qanunvericilikdə bu hüquqların istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilməsinin nəzərdə tutulması qanuni sahiblərin də əmlak hüquqları ilə bağlı mənafelərinə dəyən zərərə görə tələb hüququnun olmasını göstərir.

31. Avropa İnsan Hüquqları Məhkəməsinin “S.Əhmədovanın Azərbaycana qarşı” iş üzrə 18 noyabr 2021-ci il tarixli Qərarına əsasən Məhkəmə, Səyyarə Əhmədovanın evindən çıxarılmasını və evin sökülməsini onun Konvensiyanın 8-ci maddəsi ilə təminat altına alınan hüquqlarının pozulması hesab etmişdir.

32. Beləliklə məhkəmə belə qənaətə gəlir ki, Cavabdeh ailəsi ilə birlikdə yaşadığı ev sökülsə, onun “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 8-ci maddəsi ilə təminat altına alınan hüquqları pozulmuş olacaq.

33. Göründüyü kimi cavabdehin sökülməsi tələb olunan evdən başqa yaşayış yeri yoxdur. Belə olan halda məhkəmə hesab edir ki, əgər sökülməsi tələb edilən ev iddiaçının fəaliyyətini həyata keçirməsinə maneə törədirsə, bu zaman iddiaçı cavabdehi onun ailə üzvləri ilə birlikdə yaşaması üçün yaşayış yeri ilə təmin etməlidir.

34. Həmçinin “Azemis”dən çıxarışdan da görünür ki, cavabdehin mülkiyyətində heç bir əmlak yoxdur. Odur ki, iddiaçı tərəfindən həmin evin sökülməsi müqabilində cavabdeh yaşayış yeri ilə təmin edilməli, yaxud ona kompensasiya ödənilməlidir.

Məhkəmə baxışının hədləri:

35. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin:

14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

Məhkəmə xərcləri:

36. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilmədiyindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir.

37. İddiaçı Heydər Əliyev adına X5 məhkəmə tikinti-texniki ekspertizasının keçirilməsinə sərf edilmiş 50 (əlli) manat məbləğində pul vəsaiti tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, X1, Kod 210005, Müxbir hesab AZ41NABZ********************, S.F.İ.F.T. Bik: CTREAZ22) ödənilməlidir.

Nəticə:

38. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddiaçı Heydər Əliyev adına X6 Cavabdeh qarşı “qanunsuz tikilinin sökülməsi” tələbinə dair iddiası rədd edilməlidir.

39. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Qət etdi:

İddiaçı Heydər Əliyev adına X6 Cavabdeh qarşı “qanunsuz tikilinin sökülməsi” tələbinə dair iddiası rədd edilsin. Məhkəmə xərclərinə aid olan dövlət rüsumu iddiaçıya aid edilsin. İddiaçı Heydər Əliyev adına X5 məhkəmə tikinti-texniki ekspertizasının keçirilməsinə sərf edilmiş 50 (əlli) manat məbləğində pul vəsaiti tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, X1, Kod 210005, Müxbir hesab AZ41NABZ********************, S.F.İ.F.T. Bik: CTREAZ22) ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən: Ülkər Yusifova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar