Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-544/2022 26.04.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Həsənova Vəfa Oruc qızının katibliyi, İddiaçı vəkili və nümayəndəsi Nümayəndə, Müstəqil tələb irəli sürməyən 3-cü şəxslər X2 və X3 iştirakları ilə, İddiaçı cavabdeh Bakı şəhəri 30 saylı Notariat Ofisinə qarşı müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X7 və X8 cəlb edilməklə “mirasın qəbul edilməsi üçün qanunla müəyyən edilmiş müddətin uzadılması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri 30 saylı Notariat Ofisinə qarşı müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X7 və X8 cəlb edilməklə “mirasın qəbul edilməsi üçün qanunla müəyyən edilmiş müddətin uzadılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 07.04.2021-ci il tarixdə vəfat etmiş X1ndan qalmış mirasın qəbul edilməsi üçün qanunla müəyyənləşdirilmiş müddətin uzadılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, X1 07.04.2021-ci il tarixdə vəfat etmişdir. Mərhum anasının mülkiyyətində Bakı şəhəri, Nizami rayonu, Babək prospekti 79a, mənzil 32 əmlak vardır. Anasının ondan başqa vərəsələri atası və qardaşı vardır. Anası vəfat etdikdən sonra atası evin satılacağını və pulun vərəsələr arasında bölünəcəyini bildirmişdir. Lakin bir müddət keçdikdən sonra yəni oktyabr ayının axırları atası evin oğul övlada qalacağını, qız övlada heç nə düşmədiyini bildirdi. Hüquqi savadı olmadığından hüquqşünasa müraciət etdikdə ona mirasın qəbul edilməsi üçün notariusa müraciət etməli olduğunu bildirmişdir. O, 10.11.2021-ci il tarixdə Bakı şəhəri 30 saylı Notariat Ofisinə müraciət etmiş, 30 saylı Notariat Ofisi 10.11.2021-ci il tarixli, b-60 saylı məktubla mirasın qəbulu üçün qanunla müəyyən edilmiş müddətin bərpası ilə bağlı məhkəməyə müraciət etməli olduğu bildirilmişdir. 2021-ci il iyun ayında ağır formada COVİD-19 xəstəliyi keçirdiyinə görə sağaldıqdan sonra həmin ilin avqust ayında süni abortla hamiləliyini sonlandırmaq məcburiyyətində qalmış, anasının vəfatından sonra uşağını da itirməyi ona çox pis təsir etmiş, bir müddət depresiyada olmuş və müəyyən müddət müalicələr almışdır. Müstəqil tələb irəli sürməyən 3-cü şəxslər X7 və X8 məhkəməyə yazılı etiraz və mülahizələri təqdim edərək bildirmişdir ki, İddiaçı ilə atası arasında söhbət olmuşdur ki, üç nəfər miras əmlaka varisdirlər, payları almaq üçün vərəsəlik haqqında şəhadətnamə almaq lazımdır ki, o, miras mənzili adına sənədləşdirib satsınlar. Lazımi sənədləri toplayıb Bakı şəhəri 30 nömrəli Notariat kontoruna təhvil vermiş, ancaq qızı Notariusa razılığını verməmişdir. Mübahisəli mənzil 2 otaqdan ibarətdir. Payların bölünməsi üçün mövcud bazar qiyməti nəzərə alınmaqla mütəxəssis ekspertin qiymətləndirmə rəyi almaq gərəkdir. Qızının imkanı lap yaxşıdır, heç nəyə də ehtiyacı yoxdur. Bütün bunlar öz yerində, vərəsəlik payı istəyir alsın, qayda-qanunla, yoxsa onu böyüdüb-başa çatdıran, atasına böhtan atmağı heç yaraşdırmır. Məhkəmə iclasında iddiaçının vəkili və nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmasını xahiş etdi. O, əlavə olaraq bildirdi ki, iddiaçı ilə atası və qardaşı olan vərəsələr arasında əvvəl evin bölünməsinə dair razılıq olmuş, iddiaçının hüquqi savadı olmamış, iddiaçı COVİD-19 xəstəliyi keçirmiş və buna görə hamiləliyi pozulmuş, depresiyaya düşərək narahatçılığı olmuşdur. Sonradan iddiaçı onun atası və qardaşının arasında sözsöhbət olmuş və atası iddiaçıya qız övladı olduğu üçün ona pay düşmədiyini demişdir. İddiaçının atası və qardaşı 4 otaqlı evdə yaşayır. Amma bu 3 otaqlı mənzildə heç kəs yaşamır. Onlar notarusa 10 noyabrda müraciət etmiş və müddətin ötürüldüyünü bildirmişlər. Onlar 6 ay müddətdən 1 ay ötürmüşdürlər. İddiaçının atası da müraciət edən vaxt müddəti ötürmüş, amma faktiki qəbul etmişdir. Qardaşı isə faktiki qəbul etməmişdir. Həmin mənzildə heç kəs qalmır, mənzil kirayədədir və kirayə pulundan da iddiaçıya heç nə vermirlər. Məhkəmə iclasında iş üzrə müstəqil tələb irəli sürməyən 3-cü şəxs X7 mirasın qəbulu üçün müəyyən olunmuş müddətin iddiaçı tərəfindən ötürülməsini, buna görə də iddia tələbinin təmin olunmamasını, iddiaçının müddətin uzadılması üçün gətirmiş olduğu halların müddətin uzadılması üçün əsas olmamasını, COVİD-19 xəstəliyinin iki həftə ərzində davam etməsini, hamiləliyin süni pozulmasının adi hal olmasını bunun depresiyaya düşməsi üçün səsəb olmamasını, hazırda evi satmaq fikrlərinin olmamasını, evə onun nəzarət etməsini, evi satarlarsa bazar qiymətinə uyğun iddiaçıya pay verəcəklərini bildirdi. Həmçinin o qeyd etdi ki mirasın qəbulu üçün müddətin uzadılması ilə bağlı onların müraciətinə hazırda Bakı şəhəri Nizami rayon Məhkəməsində baxılır. Məhkəmə iclasında iş üzrə müstəqil tələb irəli sürməyən 3-cü şəxs X7 iddia tələbini qəbul etmədiyini bildirdi və iş üzrə müstəqil tələb irəli sürməyən 3-cü şəxs X2 izahatına uyğun izahat verərərk iddianın təmin edilməməsini xahiş etdi. O, əlavə olaraq qeyd etdi ki, onun tərəfindən evi satıb iddiaçıya verməsi ilə bağlı söhbət olmamışdır. Evi satmaq fikri yoxdur. O, həmçinin nə vaxtsa ev satılsa iddiaçıya pay verəcəyini, o, iddiaçının müddəti anası öləndən sonra atasının adına keçəcəyini düşündüyü üçün ötürdüyünü, notariusda oğlu və qızının imtina verməli olduqlarını, qızının imtina ərizəsi vermədiyini, ona görə də vaxtın uzandığını, evin anasına vərəsəlik ilə keçdiyini, həmin mənzili arada gedib yoxladıqlarını, mənzildə qohumunun yaşadığını qeyd etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh Bakı şəhəri 30 saylı Notariat ofisi məhkəmə iclasına gəlməmişdir. Bakı şəhəri 30 saylı Notariat Ofisi məhkəməyə müraciət edərək iş həcminin çoxluğu ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəklərini bildirmişlər. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinin tələblərini nəzərə alaraq, cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddianın təmin olunmasını xahiş etmişdir. O, əlavə olaraq bildirmişdir ki, anası 07.04.2021-ci il tarixdə rəhmətə getmişdir. O, COVİD- 19 virusuna yaxalanmış, ona görə hamilləliyini süni yolla sonlandırlmalı olmuşdur. Həmin vaxt onun psixoloji durumu yaxşı olmamış, 2 ay psixoloqun yanında olmuş və həmin vaxt bu işlə maraqlanası durumda olmamışdır. Anası COVİD-19 virusuna tutularaq rəhmətə gedib. Anası onun yanında vurğulamışdır ki, mirasdan ona pay verəcək, amma atası anasının vəsiyyətini yerinə yetirdiyini deyir. Guya anası nə vaxtsa atasına demişdir ki, oğlunun yanında qocalacaq. Bu məsələnin belə bir vəziyyət alacağını heç gözləmirdi. O, həmçinin öz ailəsi ilə ayrı yaşadığını, həmin evdə heç kəsin yaşamadığını, evin kirayədə olduğunu, qardaşının da müddətdən 6 ay buraxdığını qeyd etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, mülki işin materiallarını araşdırıb və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - AZ-İİ 214877 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X9 07.04.2021-ci il tarixdə ölmüşdür. - Daşınmaz Əmlak Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin 20.12.2021-ci il tarixli məktubundan görünür ki, 30 saylı DNK-nın 2v-1-69 reyestr nömrəli 26.05.2009-cu il tarixli vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinə əsasən Bakı şəhəri, Nizami rayonu, Babək prospekti 79a, 32 saylı mənzil X5 adına 11.07.2009-cu il tarixdə qeydiyyatdan keçmiş və hazırda mülkiyətində olduğu müəyyən olunmuşdur. - X7 tərəfindən Cavabdehna verilən 22.10.2021-ci il tarixli ərizədən görünür ki, miras əmlaklarda ondan başqa digər vərəsələr İddiaçı, X6r. - Bakı şəhəri 30 saylı Notariat ofisinin 10.11.2021-ci il tarixli məktubundan görünür ki, İddiaçı miras əmlakı faktiki qəbul etmədiyinə görə və qanunvericiliklə miras qəbul etmək üçün nəzərdə tutulmuş müddət tərəfindən buraxıldığı səbəbindən adına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi imkan xaricində olmuşdur. - AZ-İ 593936 nömrəli nikah haqqında şəhadətnamədən görünür ki, X10 ilə İddiaçı 04.07.2010-cu il tarixdə Bakı nikah evində nikahlarını bağlamışlar. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 1573 nömrə ilə qeyd edilmişdir. - X11 24.11.2021-ci il tarixli arayışından görünür ki, İddiaçı 08.06.2021-ci il tarixində klinikada müayinədən keçmiş, uzi nəticəsində 7 həftəlik hamiləlik təsdiq edilmiş, xəstə ağır formada COVİD xəstəliyi keçirdiyinə görə hamiləliyi sonlandırmaq məsləhət görülmüşdür. Bu səbəbdən hamiləliyi sonlandırmaq üçün xəstəlikdən sağalandan sonra hamiləliyin pozulması üçün süni aborta yönləndirilmişdir. Məhkəmə iclasında müəyyən olundu ki, Bakı şəhəri, Nizami rayonu, Babək prospekti 79a, 32 saylı mənzil onun anasının mülkiyyətində olmuşdur. X1 07.04.2021-ci il tarixdə vəfat etmişdir. O, 10.11.2021-ci il tarixdə Bakı şəhəri 30 saylı Notariat Ofisinə miras əmlakla bağlı müraciət etmiş, 10.11.2021-ci il tarixli, b-60 saylı məktubla mirasın qəbulu üçün qanunla müəyyən edilmiş müddətin uzadılması ilə bağlı məhkəməyə müraciət etməli olduğu bildirilmişdir. 2021-ci il iyun ayında ağır formada COVİD-19 xəstəliyi keçirdiyinə görə sağaldıqdan sonra süni abortla avqust ayında hamiləliyini sonlandırmaq məcburiyyətində qalmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1145-ci maddəsinə əsasən, miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. 1159.1.1-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik zamanı birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. 1243.1-ci maddəsinə əsasən, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1243.2-ci maddəsinə əsasən, vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1246-cı maddəsinə əsasən, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. 1248.1-ci maddəsinə əsasən, mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. Mübahisənin müəyyən olunmuş hallarına qiymət verməklə məhkəmə hesab edir ki, qanunvericiliyin yuxarıda sadalanmış müddəalarından da göründüyü kimi, iddiaçı mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdikləri barədə ərizə verməklə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başlamaqla mirası qəbul edə bilərdi. Lakin, mirasın qəbulu ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş həmin hərəkətlərin qanunla müəyyən olunmuş müddət ərzində iddiaçı tərəfindən edildiyi təsdiq edilmir. Bundan əlavə məhkəmə qeyd edir ki, AZ-İİ 214877 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X9 07.04.2021-ci il tarixdə ölmüş, onun ölümü ilə miras açılmışdır. İddiaçı X1 öldüyündən 6 ay müddətinə yəni, 07.10.2021-ci il tarixinə kimi mirası qəbul etməsi barədə ərizə verməmişdir. İddiaçı öz iddia ərizəsində və məhkəmə iclasında verdiyi izahatında 2021-ci il iyun ayında ağır formada “COVİD-19” xəstəliyi keçirdiyinə görə sağaldıqdan sonra süni abortla avqust ayında hamiləliyini sonlandırmaq məcburiyyətində qaldığını, anasının vəfatından sonra uşağını da itirməyinin ona çox pis təsir etdiyini, bir müddət depresiyada olduğunu və müəyyən müddət müalicələr aldığını bildirmişdir. Məhkəmə iddiaçının həmin dəlillərini əsassız sayaraq qeyd edir ki, 08.06.2021-ci il tarixində “COVİD-19” xəstəliyi keçirməsi, hamiləliyini sonlandırması 07.10.2021-ci il tarixinə kimi mirası qəbul etmə müddətinin ötürməsi üçün üzülü əsas hesab olunmur. Məhkəmə həmçinin İddiaçı psixoloji yardım almasına münasibətdə qeyd edir ki, İddiaçı bunun üçün həmin vaxt həkimə müraciət etməsinə dair məhkəməyə sübutlar təqdim etməmişdir. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı göstərdiyi səbəblər mirasın qəbul edilməsi üçün qanunla müəyyənləşdirilmiş müddətin uzadılması üçün üzrlü səbəblər hesab edilə bilməz. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, İddiaçı cavabdeh Bakı şəhəri 30 saylı Notariat Ofisinə qarşı müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X7 və X8 cəlb edilməklə “07.04.2021-ci il tarixdə vəfat etmiş X1ndan qalmış mirasın qəbul edilməsi üçün qanunla müəyyənləşdirilmiş müddətin uzadılması” tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, iddia tələbi təmin edilmədiyindən məhkəmə xərclərinə aid olan ödənilmiş 100 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri 30 saylı Notariat Ofisinə qarşı müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X7 və X8 cəlb edilməklə “07.04.2021-ci il tarixdə vəfat etmiş X1ndan qalmış mirasın qəbul edilməsi üçün qanunla müəyyənləşdirilmiş müddətin uzadılması” tələbinə dair iddiası təmin edilməsin. Məhkəmə xərclərinə aid olan ödənilmiş 100,0 manat dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami rayon məhkəməsi vasitəsi ilə Baki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Həqiqət Əhmədova
Məhkəmə qərarları › İş №e-2(007)-544/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-544/2022
26.04.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver