Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-600/2024 19.09.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ İddiaçı "xxxx" Açıq Səhmdar Cəmı̇ yyətı̇ nin Cavabdeh qarşı iddia tələbinə dair mülki iş üzrə (Açar sözlər: “ödənilmiş sığorta məbləğinin subroqasiya qaydasında tutulması” tələbi) Hakim Yusifova Ülkər Bayram qızının sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Xədicə Rəşid qızının katibliyi, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmı̇ yyətı̇ nin nümayəndəsi X3, Cavabdeh iştirakları ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmı̇ yyətı̇ nin Cavabdeh qarşı “ödənilmiş sığorta məbləğinin subroqasiya qaydasında tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, Tələb:
1. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmı̇ yyətı̇ Cavabdeh qarşı “ödənilmiş sığorta məbləğinin subroqasiya qaydasında tutulması” barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 2000 manat pul vəsaitinin və 40 manat məbləğində dövlət rüsumunun iddiaçı "xxxx" ASCnin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 11 dekabr 2023-cü il tarixli, e-2(007)- 3646/2023 nömrəli qərardadı ilə iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı "ödənilmiş sığorta məbləğinin subroqasiya qaydasında tutulması" tələbinə dair e-2(007)-3646/2023 saylı sadələşdirilmiş icraat üzrə işə iddia icraatında baxılması qərara alınmışdır.
İddia ərizəsinin əsaslandırıldığı hallar:
3. İddia tələbi onunla əsaslandırılmışdır ki, AZ/050758 nömrəli, xx.xx.2017-ci il tarixli sığorta şəhadətnaməsinə əsasən, Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev 29 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə “Əmlakın yanğından və digər əlavə risklərdən sığortası” müqaviləsi ilə "xxxx" ASC tərəfindən sığorta təminatı verilmişdir. xx.xx.2017-ci il tarixdə ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə Cavabdeh mənzilinin daxilində olan mərkəzi istilik sisteminin qızdırıcı radiatorunda qəza baş verməsi nəticəsində, qeyriyaşayış sahəsinə su axıdılmışdır. Qeyd edilən fakt 28 saylı MKİS-in 27 noyabr 2017-ci il tarixli aktında öz təsdiqini tapmışdır. Vurulmuş zərərə görə 2000 (iki min) manat sığorta ödənişi həyata keçirilmişdir. Hesab edir ki, ödənilmiş 2000 (iki min) manat məbləği, qanunvericiliklə nəzərdə tutulmuş subroqasiya tələbi qaydasında cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır.
Cavabdehin etirazı:
4. Cavabdeh iddia tələbinə etiraz edərək bildirmişdir ki, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti ona qarşı sadələşdirilmiş icraat qaydasında məhkəməyə müraciət edərək ondan 2000 (iki min) manat pul vəsaitinin və iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 40 (qırx) manat dövlət rüsumunun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bildirir ki, məhkəmənin bildirişini rəsmi olaraq 08 dekabr 2023-cü il tarixdə əldə etmişdir. Azərbaycan Respublikası MPM-nin 284-5.2-ci maddəsində göstərilir ki, cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Hal-hazırda da icraatda olan sadələşdirilmiş icraat qaydası üzrə verilən iddia ərizəsində özünün müdafiə hüququ pozulduğuna görə həmin iddia ərizəsindən narazıdır və aşağıda göstərilənlərə əsasən həmin iddia ərizəsinin ləğv olunmasını xahiş edir. Belə ki, iddiaçı sadələşdirilmiş icraat qaydasında təqdim etdiyi iddia ərizəsində qeyd etmişdir ki, xx.xx.2017-ci il tarixində ünvan 3 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə onun mənzilinin daxilində olan mərkəzi istilik sisteminin qızdırıcı radiatorunda qəza baş verməsi nəticəsində qeyri-yaşayış sahəsinə su axıdılmışdır. Lakin, bu belə deyil, belə ki, həmin su sızıntısı onun mənzilindən deyil, binanın şaxtasında turbaların partlaması nəticəsində baş vermişdir, həmin turbalardan axan suyun temperaturu yüksək dərəcədə olduğu üçün, həmçinin mübahisəli hissədə quraşdırılmış krantların xarab olması səbəbi ilə o, və evdə həmin müddətdə olan ailə üzvləri suyun axınının qarşısını ala bilmədilər. Hətta bununla bağlı aidiyyəti qurumun əməkdaşları da hadisə yerinə gəldi, suyun axmasının hansı istiqamətdən olduğunu da müəyyən etdi, hətta binanın zirzəmisinə belə girib baxmaq istəsə də, lakin həmin ərazinin təxminən 1 metr hündürlüyündə su ilə əhatə olduğunu görərək oraya daxil ola bilmədilər. Lakin, hal-hazırki iddia tələbi onun bu dediklərini sübuta yetirməyinə imkan vermir. Ona görə də o, sadələşdirilmiş icraat qaydasında baxılan iddia ərizəsinə etiraz vermək və bu mübahisənin iddia icraatında araşdırılmasını təmin etmək üçün ərizə ilə məhkəməyə müraciət etmək qərarına gəldi.
Tərəflərin izahatları:
5. Məhkəmə iclasında iştirak edən iddiaçı "xxxx" Açıq Səhmdar Cəmı̇ yyətı̇ nin nümayəndəsi X6 iddia tələbini müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etdi.
6. Məhkəmə iclasında iştirak edən Cavabdeh bildirdi ki, iddia tələbini qəbul etmir. Su onun mənzilindən tökülməyib binanın birinci mərtəbəsindən doqquzuncu mərtəbəsinədək qalxan istilik borusu partlamışdı və öz mənzili də su ilə dolmuşdu. Boru onun mənzilinin içindən keçir. İkinci mərtəbədə yerləşən mənzili də su basmışdı.
7. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadəsində bildirmişdir ki, 28 Nömrəli MKİS-də işləyir. Binanın 2-ci mərtəbəsində yerləşən mənzilə su axırdı. 3-cü mərtəbəyə qalxdılar Cavabdeh mənzilində istilik sistemi partlamışdı, su axırdı. Cavabdehə məxsus mənzildən keçən ana xətt partlamışdır. Su mənzili yararsız vəziyyətə salmışdı.
8. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 ifadəsində bildirmişdir ki, o, Gülnarə xanımla qonşudur. Binanın 4-cü mərtəbəsində qalır. Cavabdeh isə 3-cü mərtəbədə qalır. Cavabdeh mənzilindən keçən ümumi xətt partlamışdı. Boru əvvəl dəmirdən idi, MKİS gəlib kauçuk boru ilə dəyişmişdi.
9. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadəsində bildirmişdir ki, o, əvvəllər cavabdehlə qonşu olub. İndi isə həmin mənzili satmışdır. Cavabdeh mənzilindən alt mərtəbədə yerləşən 34 nömrəli mənzil onun idi. Onlara da çox ziyan dəymişdi. “Azəristilik”dən gəlib suyu bağladılar. Müəyyən elədilər ki, Gülnarə xanımın evində ana xətt partlayıb. Hər il “Azəristilik” pul yığır, xətlərə də nəzarət etməlidirlər.
İş materialları:
10. xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, iddia ərizəsinin verilməsi üçün "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi tərəfindən 40 manat dövlət rüsumu ödənilmişdir.
11. xx.xx.2017-ci il tarixli ödəniş tapşırığından görünür ki, “Azsığorta" Açıq Səhmdar Cəmiyyəti "xxxx" LLC-yə 2000 manat ödəniş etmişdir.
12. xx.xx.2017-ci il tarixli, 5932/Fİ-061/2017 nömrəli sığorta aktının surətindən görünür ki, "xxxx" MMC-yə 2500 manat məbləğində zərər dəymişdir. 500 manat azadolma məbləğidir. 2000 manat sığorta ödənişidir.
13. xx.xx.2017-ci il tarixli hadisə barədə məlumatdan görünür ki, obyektin üst mərtəbəsində yerləşən mənzilin daxili istilik sisteminin borusunun partlaması nəticəsində su axıntısı aşağı mənzillərə və obyektə keçərək zərər vurmuşdur.
14. xx.xx.2017-ci il tarixli, 050758 nömrəli "Əmlakın yanğından və digər əlavə risklərdən sığortası şəhadətnaməsi"nin surətindən görünür ki, "xxxx" MMC 25000 manat dəyərində “Azsığorta" Açıq Səhmdar Cəmiyyətində sığorta edilmişdir.
15. xx.xx.2017-ci il tarixli aktın surətindən görünür ki, xx.xx.2017-ci il tarixdə Qara Qarayev 29 saylı binanın 36-cı mənzilinin sahibi Cavabdeh mənzilində istilik borusunun partlayıb dağılması ucbatından həmin ünvanın qeyri-yaşayış sahəsində yerləşən “Elit” Aptekin anbarını su basmış və xeyli miqdarda dərman preparatları zay olaraq sıradan çıxmışdır.
16. “Azsığorta" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh ünvanladığı xx.xx.2023-cü il tarixli pretenziyadan görünür ki, Cavabdeh 2000 manat məbləğində pul vəsaitinin 5 gün müddətində subroqasiya hüququna əsasən “Azsığorta" Açıq Səhmdar Cəmiyyətinin hesabına ödəməsi, əks təqdirdə müvafiq məhkəməyə iddia ilə müraciət olunacağı barədə xəbərdar edilmişdir.
17. Azərbaycan Respublikası Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16-16/2-10/2940 saylı məktubundan görünür ki, tədqiqat obyektinə baxış keçirilən zaman, tədqiqat obyektinin ilkin vəziyyətdə saxlanılmadığı, təmir edildiyi müəyyən olunmuşdur. Bu səbəbdən də qərardadla ekspert qarşısında qoyulmuş sualların cavablandırılması mümkün olmamışdır. İşin faktiki halları:
18. Məhkəmə iclasında müəyyən edildi ki, "xxxx" MMC əmlakı 25000 manat dəyərində yanğından və digər əlavə risklərdən “Azsığorta" Açıq Səhmdar Cəmiyyətində sığorta etdirmişdir. xx.xx.2017-ci il tarixdə ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə Cavabdeh mənzilinin daxilində olan mərkəzi istilik sisteminin qızdırıcı radiatorunda qəza baş verməsi nəticəsində qeyri-yaşayış sahəsinə su axıdılmışdır. Hazırda iddiaçı ödənilmiş 2000 manat məbləği, qanunvericiliklə nəzərdə tutulmuş subroqasiya tələbi qaydasında cavabdehdən iddiaçının xeyrinə tutulmasını tələb edir.
Tətbiq edilən hüquq:
19. "İcbari Sığortalar haqqında" Azərbaycan Respublikası Qanununun:
25.1-ci maddəsinə əsasən bu sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ yaranır.
20. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 883.1-ci maddəsinə əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit etdiyi razılaşmadır. 922.1-ci maddəsinə əsasən sığorta hadisəsi qanunvericiliyə və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. 922.2-ci maddəsinə əsasən sığorta hadisəsi hesab edilən hadisələr və hallar icbari sığorta üzrə icbari sığorta qanunvericiliyində, könüllü sığorta üzrə isə tərəflərin razılaşması əsasında sığorta müqaviləsində müəyyən edilir. 922.3-cü maddəsinə əsasən sığorta hadisəsi baş vermə ehtimalına və (və ya) təsadüfilik əlamətlərinə malik olmalıdır. 925.6-cı maddəsinə əsasən əmlakın tam məhv olması dedikdə, həmin əmlakın sığorta hadisəsindən əvvəlki vəziyyətə çatdırılması üçün təmiri və ya bərpasına tələb olunan xərclərin sığorta müqaviləsində müəyyən edilmiş həddən çox olması başa düşülür. 926-cı maddəsinə əsasən sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq, sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. Sığortaçı sığorta ödənişini sığorta məbləği həddində həyata keçirir. Sığorta ödənişinin miqdarının müəyyən edilməsi və ödənilməsi qaydası icbari sığortada icbari sığorta qanunları ilə, könüllü sığortada sığorta müqaviləsi ilə müəyyən edilir. 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1111.1- ci maddəsinə əsasən binanın sahibi binanın tamamilə və ya ayrı-ayrı hissələrinin uçması nəticəsində əmələ gələn zərərin əvəzini ödəməyə borcludur, amma zərərin binanın lazımınca saxlanmamasından və ya qüsurundan irəli gəlmədiyi hallar istisna təşkil edir. 1111.2-ci maddəsinə əsasən əgər zərər binadan nəyinsə atılması və ya düşməsi, yaxud axıdılması nəticəsində vurulmuşdursa, məsuliyyəti müvafiq otağı tutan şəxs daşıyır, amma zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin təqsiri üzündən baş verdiyi hallar istisna təşkil edir.
21. “Əmlakın yanğından və digər əlavə risklərdən sığortasının əsas qaydaları”nın:
5.2.3-cü bəndinə əsasən “Digər risklər” tərəflərin əlavə razılığına əsasən sığorta müqaviləsinə daxil edilmiş aşağıdakı risklər nəticəsində əmlakın zədələnməsi, məhv edilməsi nəticəsində dəymiş zərərə təminat verilir: - su borularından axan suyun, buxarın və mayelərin vurduğu zərər. Qeyd-şərt 5-ə əsasən su borularından olan suyun, buxarın və mayelərin vurduğu zərərə qarşı əmlak sığortasının əlavə şərtləri (şərtlərin 5.2.3.1-cü maddəsinə) 1. Əmlakın yanğından və digər risklərdən sığortası qaydalarına əsasən bağlanmış sığorta müqaviləsi və bu əlavə şərtlər üzrə sığortaçı su, kanalizasiya şəbəkələrindən və isitmə sistemlərindən, su çənlərindən, kranlardan suyun, buxarın, digər mayelərin sızması və həmçinin gözlənilməz və zəruri olmayan hallarda yanğınsöndürmə sistemlərinin (sprinkler sistemlərinin) işə düşməsi nəticəsində əmlakın zədələnməsinə qarşı təminat verir.
22. İstilik enerjisindən istifadə qaydalarının:
6.1.2-ci bəndinə əsasən istilik avadanlıqlarının texniki cəhətdən saz vəziyyətdə saxlanılmasını təmin etmək istehlakçıların vəzifələrindəndir.
23. İstilik və isti su təchizatı xidmətlərinə dair müqavilənin:
5.1.6-cı bəndinə əsasən istilik avadanlıqlarının texniki cəhətdən saz vəziyyətdə saxlanılmasını təmin etmək istehlakçıların vəzifələrindəndir.
Məhkəmənin mövqeyi:
24. Məhkəmə işdə iştirak edən tərəflərin izahatını dinləyib, mülki işin materiallarını araşdırıb və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir.
25. Məhkəmə qeyd edir ki, ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə su axıdılması və zərər dəyməsi işin mübahisəsiz halıdır. Belə ki, şahid ifadələri ilə və MKİS tərəfindən tərtib edilmiş aktla müəyyən olunur ki, cavabdehə məxsus mənzildən keçən istilik sisteminin ana borusunun partlaması nəticəsində ünvan 2 ünvanında yerləşən qeyriyaşayış sahəsində icarə müqaviləsi əsasında "Elit" aptek kimi fəaliyyət göstərən sığortalıya su sızma nəticəsində anbarda olan dərmanlar yarasız hala düşərək zərər dəymişdir. Sığorta aktı ilə müəyyən olunur ki, qeyri-yaşayış sahəsinə 2500 manat məbləğində zərər dəymişdir. Lakin 500 manat azadolma məbləği olduğundan "xxxx" Açıq Səhmdar Cəmı̇ yyətı̇ tərəfindən sığortalıya 2000 manat sığorta ödənişi edilmişdir.
26. Həmçinin qanunverilikdən görünür ki, istilik avadanlıqlarının texniki cəhətdən saz vəziyyətdə saxlanılmasını təmin etmək istehlakçıların vəzifəsidir. Yəni cavabdehə məxsus mənzildən keçən istilik borusunun texniki cəhətdən saz vəziyyətdə saxlanılması onun vəzifəsidir və bu barədə məsuliyyət daşıyır. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, cavabdehə məxsus mənzildə yerləşən istilik borusunun partlaması nəticəsində qeyriyaşayış sahəsinə ziyan dəymişdir.
27. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, qeyri-yaşayış sahəsinə vurulmuş zərərin əvəzi 2000 manat həcmində "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən sığortalının əmlakının təmiri üçün ödənildiyindən iddiaçı Şirkətin “İcbari Sığortalar haqqında” Azərbaycan Respublikası qanunun 25.1-ci maddəsinə və Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 936-cı maddəsinə əsasən, cavabdehdən həmin məbləğdə pulu geriyə tələb etmək (subroqasiya) hüququ yarandığından iddia əsaslıdır və təmin edilməli, Cavabdeh tərəfindən "xxxx" ASC-nin xeyrinə 2000 manat məbləğində dəymiş zərərin əvəzi ödənilməlidir.
28. Məhkəmə, tədqiq edilmiş sübutları qiymətləndirərək, o cümlədən cavabdeh tərəfin etirazlarının əsasını təşkil edən hər hansı sübutları təqdim etməməsini nəzərə alaraq, belə qənaətə gəlir ki, ödənilməli olan maddi ziyanın məbləği 2000 manat pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
Məhkəmə baxışının hədləri:
29. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:
14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
Məhkəmə xərcləri:
30. İddia tələbi təmin olunduğundan və iddiaçı tələb etdiyindən ödənilmiş 40 manat dövlət rüsumu Cavabdeh tutulmalıdır. Nəticə:
31. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 2000 manat məbləğində sığorta ödənişi və ödənilmiş 40 manat məbləğində dövlət rüsumu tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmı̇ yyətı̇ nə ödənilməlidir.
32. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə,
Qət etdi:
İddia təmin edilsin. Cavabdeh 2000 manat məbləğində sığorta ödənişi və ödənilmiş 40 manat məbləğində dövlət rüsumu tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmı̇ yyətı̇ nə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: Ülkər Yusifova