Məhkəmə qərarları › İş №e-2(007)-615/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-615/2024

12.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-615/2024 12.01.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Starə Vidadil qızının sədrliyi ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair kiçik iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, yazılı icraat qaydasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi. İddia tələbi :

1. İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair (kiçik iddialara dair işlər üzrə icraat qaydasında) iddia ərizəsi ilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən Cavabdeh Y20K5817046 nömrəli, 23 noyabr 2019-cu il tarixli müqavilə üzrə 910 manat əsas, 271 manat dəbbə pulu, 32 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 1213 manat pulun tutulması haqqında qətnamə çıxarılmasını xahiş etmişdir.

İddia tələbinin əsaslandırıldığı hallar :

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, 23 noyabr 2019-cu il tarixdə Cavabdeh (bundan sonra “Alıcı” adlandırılacaq) ilə aralarında Y20K5817046 nömrəli hissə-hissə ödənişlə alğı-satqı müqaviləsi bağlanmışdır. Müqavilənin 1.1-ci maddəsinə əsasən 1374 manat dəyəri olan 1 ədəd '‘Samsung Galaxy A80” markalı telefon Alıcıya hissə-hissə ödənişlə satmaq öhdəliyini öz üzərimə götürmüşəm. Müqavilənin 2.1, 2.2-ci maddəsinə əsasən Alıcı 150 manat ilkin ödəniş olmaqla, qalan 1224 manat pulu müqavilənin ayrılmaz tərkib hissəsi olan ödəniş cədvəlinə uyğun olaraq 6 ay müddətinə, aylıq 204 manat olmaqla, hər ayın 22-dək ödəmək öhdəliyini öz üzərinə götürmüşdür. Müqavilənin 2.4-cü maddəsinə əsasən Alıcı ödənişi gecikdirdiyi hər gün üçün məcmu borcun 1 %-i həcmində satıcının xeyrinə cərimə (dəbbə pulu) ödəyir. Müqavilənin 4.1-ci maddəsinə əsasən tərəflər arasında yaranmış mübahisələr qarşılıqlı razılıq əsasında həll edilir. Qarşılıqlı razılıq əsasında həll edilməyən mübahisələr Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq müvafiq məhkəmələr tərəfindən həll edilir. Alıcı tərəfindən müavilə üzrə öhdəliklər lazımi qaydada icra edilməmiş və nəticədə onun 910 manat əsas, 271 manat dəbbə pulu olmaqla, 1181 manat borcu yaranmışdır. Alıcı tərəfindən Y20K5817046 nömrəli, 23 noyabr 2019-cu il tarixli müqavilə üzrə sonuncu dəfə xx.xx.2021-ci il tarixdə 5 manat ödəniş edilmişdir.Tərəfimizdən dəfələrlə edilmiş yazılı və şifahi xəbərdarlıqlara baxmayaraq borcun ödənilməsi təmin edilməmişdir.

İş materialları :

3. İddiaçı ilə Cavabdeh arasında bağlanmış 23 noyabr 2019-cu il tarixli, ******* nömrəli hissə-hissə ödənişlə alqı-satqı müqaviləsindən görünür ki, satıcı İddiaçı ümumi dəyəri 1374 manat olan '‘Samsung Galaxy A80 SM-A805 Black” markalı telefonu satmağı, alıcı isə müqavilə ilə razılaşdırılmış məbləğdə pulu hissə-hissə satıcıya ödəməyi öhdəsinə götürmüşdür. Alıcı malın satış qiymətindən ilkin ödəniş çıxıldıqdan sonra qalan 1224 manatı 6 ay müddətində ayda 204 manat olmaqla hər ayın 22-dək ödəməyi, həmçinin alıcı ödənişi gecikdirdiyi hər gün üçün məcmuu borcun 1%-i həcmində satıcının xeyrinə cərimə ödəməyi öhdəsinə götürmüşdür.

4. 23 noyabr 2019-cu il tarixli müqavilənin ayrılmaz tərkib hissəsi olan ödəniş cədvəlindən görünür ki, borclu xx.xx.2019-cu il tarixdən başlayaraq hər ayın 22-dən gec olmayaraq ilkin ödəniş 150 manat, 6 ay müddətində hər ay 204 manat olmaqla, cəmi 1374 manat ödəniş etməlidir. 5.xx.xx.2019-cu il tarixli ******* nömrəli qaimədən görünür ki, Samsung Galaxy A80 SM A-805 Black markalı mobil telefonu Cavabdeh təhvil vermişdir.

6. İddiaçı təqdim etdiyi xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh Y20K5817046 nömrəli, 23 noyabr 2019-cu il tarixli müqavilə üzrə 910 manat əsas, 271 manat dəbbə pulu, 32 manat dövlət rüsumu olmaqla, cəmi 1213 manat borcu vardır.

7. İddiaçı Cavabdeh ünvanlandığı xx.xx.2023-cü il tarixli pretenziya məktubundan görünür ki, xx.xx.2019-cu il tarixli müqavilənin müddəti xx.xx.2020-ci il tarixdə bitmiş və müqavilə üzrə öhdəliklər cavabdeh tərəfindən lazımi qaydada icra edilməmiş və nəticədə müqavilə üzrə 910 manat əsas, 271 manat cərimə borcu olmaqla cəmi 1181 manat borc yaranmışdır. Yaranmış 1181 manat borcun 5 təqvim günü müddətində ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir.

8. xx.xx.2023-ci il tarixli, ********** nömrəli qəbzdən görünür ki, İddiaçı tərəfindən məhkəməyə müraciət etmək üçün 32 manat dövlət rüsumu ödənilmişdir.

İşin faktiki halları

9. İddiaçı ilə Cavabdeh arasında 23 noyabr 2019-cu il tarixli, Y20K5817046 nömrəli alqı-satqı müqaviləsinin bağlanması və cavabdehin iddiaçı qarşısında borcunun yaranması işin mübahisəsiz hallarıdır.

10. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 23-1-ci fəslində təsbit edilmiş müddəaları rəhbər tutaraq, iddianın qiymətini nəzərə alıb, ərizəyə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxmışdır.

11. Məhkəmə iddia ərizəsini iş materialları ilə birlikdə araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək qeyd edir ki, işdə olan sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət edir və iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatlarının alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurəti yoxdur.

Tətbiq edilən hüquq :

12. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi : 14.2. məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

77. hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir.

107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. 222.2. Pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. 284-1. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat Mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.3. Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. 284-6.1. İşə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir.

13. Azərbaycan Respublikası Mülki Məcəlləsi

600.1. Alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 601.1. Əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. 601.2. Hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. 600.4. Əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1. öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 465.2. Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər.

Məhkəmənin mövqeyi :

14. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia təmin edilməlidir.

15. Belə ki, iddia ərizəsi iş materialları ilə birlikdə araşdırılarkən müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh arasında hissə-hissə ödənişlə alqı-satqı müqaviləsi bağlanmışdır.

16. Mülki qanunvericiliyə əsasən hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun.

17. İş materiallarına əlavə edilmiş 23 noyabr 2019-cu il tarixli, Y20K5817046 nömrəli müqavilə və müqavilənin ayrılmaz tərkib hissəsi olan ödəniş cədvəlindən görünür ki, 23 noyabr 2019-cu il tarixli müqavilə üzrə cavabdeh xx.xx.2019-cu il tarixdən başlayaraq xx.xx.2020-ci il tarixədək hər ay 204 manat ödəmək şərti ilə ümumi dəyəri 1374 manat olan Samsung Galaxy A80 markalı telefon almışdır.

18. İş materiallarına əlavə edilmiş qaimədən görünür ki, iddiaçı alqı-satqı müqaviləsi üzrə öz öhdəliyini yerinə yetirərək müqavilədə nəzərdə tutulan əşyaları cavabdehə təhvil vermişdir. Lakin cavabdeh müqavilə ilə üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etməmiş, onun iddiaçının qarşısında icra edilməmiş öhdəlikləri vardır.

18. Belə ki, iş materiallarına əlavə edilmiş maliyyə arayışından görünür ki, cavabdeh 23 noyabr 2019-cu il tarixli müqaviləyə əsasən, 910 manat ödənilməmiş əsas borc, 271 manat dəbbə pulu olmaqla, ümumilikdə 1213 manat borcu vardır.

19. Mülki qanunvericiliyə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.

20. Belə olan halda məhkəmə Cavabdeh bağladığı müqavilədən irəli gələn öhdəliklərini icra etməməsi tədqiq olunmuş sübutlarla öz təsdiqini tapdığından iddiaçının əsas borca görə 910 manat məbləğində pulun ödənilməsi tələbini əsaslı hesab edir.

21. Müqavilələrin 2.4-cü bəndindən görünür ki, cavabdeh ödəniş cədvəli üzrə ödənişləri vaxtında ödəmədiyi təqdirdə müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində peniya ödəməyi öhdəsinə götürümüşdür.

22. Mülki qanunvericiliyə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər.

23. Məhkəmə iddiaçı tərəfindən hesablanan cərimənin cavabdehin borcuna görə tənasübsüz surətdə yüksək hesablanması qənaətinə gələrək qeyd edir ki, iddiaçı tərəfindən hesablanmış cərimə hissəsində iddia qismən təmin edilməlidir.

24. Məhkəmə işin hallarını, o cümlədən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafelərini nəzərə alaraq, 271 manat təşkil edən cərimə məbləğinin 50 manat məbləğinə qədər azaldılmasını məqsədəmüvafiq hesab edir.

25. İş materialları əsasında müəyyən edilir ki, İddiaçı məhkəməyə müraciət etmək üçün 32 manat məbləğində dövlət rüsumu ödəmişdir.

26. Odur ki, məhkəmə qeyd edir ki, iddia təmin edildiyinə görə dövlət rüsumunun ödənilməsinə sərf edilmiş vəsaitin əvəzi qismində 32 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

Nəticə :

27. Beləliklə, məhkəmə qanunvericiliyin tələblərinə əsasən iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək qeyd edir ki, iddia tələbi qismən təmin edilməli və 23 noyabr 2019-cu il tarixli, Y20K5817046 nömrəli müqavilə üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 910 manat əsas, 50 manat dəbbə pulu olmaqla, cəmi 960 manat məbləğində borc və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 32 manat pul vəsaiti Cavabdeh tutularaq İddiaçı hesabına ödənilməlidir.

28. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 284-5, 284-6, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Qət Etdi :

İddia tələbi qismən təmin edilsin. Cavabdeh Y20K5817046 nömrəli, 23 noyabr 2019-cu il tarixli müqavilə üzrə 910 manat əsas, 50 manat dəbbə pulu olmaqla, cəmi 960 manat məbləğində borc və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 32 manat pul vəsaiti tutularaq İddiaçı hesabına ödənilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Nizami rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Starə Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar