Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-620/2023 10.03.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Quluzadə Emil Mirələm oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil Cavabdeh iştirakları ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “kredit borcu üzrə əldən çıxmış faydanın tutulması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı “kredit borcu üzrə əldən çıxmış faydanın tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı MMC ilə cavabdeh X3 arasında xx.xx.2016-cı il tarixli, D042 saylı Daxili Lizinq müqaqvilələri bağlanmışdır. Həmin müqavilənin icrası cavabdeh tərəfindən lazımınca icra edilmədiyi üçün Nizami Rayon Məhkəməsinə müraciət edilmişdir. Nizami Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(007)-1267/2017 saylı qətnaməsinə sasən tərəflər arasında bağlanmış müqavilə ləğv edilmiş və müqavilə üzrə ödənilməli öhdəliklərin ödənilməsi həmçinin lizinq obyektinin qaytarılması qət edilmişdir. Daha sonra cavabdehlərin qətnaməni mübahisələndirməsi ilə məhkəmə çəkişmələri başlamış və Ali Məhkəmənin xx.xx.2022-ci il tarixli, 2(102)-614/2022 saylı qərarı ilə məhkəmə çəkişmələrinə son veilmişdir. X4 üzrə lizinq obyekti olan əmlak, Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti B 21ünvanında yerləşən 51 saylı mənzil cavabdeh tərəfindən təhvil verilmiş və həmin mənzil xx.xx.2022-ci il tarixində 100000 manata satılaraq xx.xx.2016-cı il tarixli, D042 saylı Daxili Lizinq müqaqviləsi üzrə yaranmış borcun bir qismi silinmişdir. Buna baxmayaraq qətnamə üzrə 11 254 ABŞ dolları borc qalığı qalmışdır. Belə ki, müqavilə üzrə öhdəliklərin icrası gecikdirilmiş və mənzil xx.xx.2022-ci il tarixinə satılmışdır. Həmin tarixə kimi isə Cavabdeh Cəmiyyətimizə Lizinq müqaviləsi üzrə borcu 70078 ABŞ dolları təşkil etmişdir. Mənzil 100000 manata, (100000:1.7=58 824), yəni 58824 ABŞ dollara satıldığı üçün yaranmış borcla satış qiyməti arasında 11254 ABŞ dolları fərq yaranmışdır. xx.xx.2016-cı il tarixdən başlayaraq xx.xx.2022-ci il tarixinə kimi Lizinq obyektindən əvəzsiz istifadə edən lizinq alan İddiaçı MMC-ə maddi zərər vurmuşdur. Göstərilən dövr ərzində lizinq obyekti başqa şəxsə lizinqə verilməklə əlavə gəlir əldə edə bilərdi. Lakin cavabdehin hüquqdan suiistifadə etməsi nəticəsində qazanc əldə etmək imkanlarımızdan da məhrum olmuşlar. Bununla yanaşı həm də borcla satış qiyməti arasında olan fərqin ödənilməsidə gecikdirilir. Tərəflər arasında bağlanmış X1 5.1-ci bəndinə əsasən “Lizinq predmetindən istifadə zamanı lizinq verən tərəfə dəymiş ziyan və ya bu müqavilə ilə götürdükləri öhdəliklərini yerinə yetirmədikdə və ya lazımınca yerinə yetirmədikdə, təqsirli tərəf digər tərəfə dəymiş bütün zərəri, eləcədə əldən çıxmış faydanı tam həcmdə ödəməlidir”. Göründüyü kimi Nizami Rayon Məhkəməsi İddiaçı MMC-nin ilkin iddia üzrə iddia tələbini təmin etsə də, cavabdeh tərəfindən məhkəmə qətnaməsi əsassız olaraq mübahisələndirilmiş, bu müddət ərzində isə lizinq ödənişlərini etməməklə yanaşı lizinq obyektini də özündə saxlamaqla cəmiyyətin fayda etmək imkanlarını məhdudlaşdırmışdır. Tərəflər arasında bağlanan müqavilənin şərtindən də göründüyü kimi lizinq alan bütün zərərlər üçün cavabdehlik daşımağı öhdəsinə götürmüşdür. Odur ki, müqavilə şərtlərinə əməletməyən tərəf kimi cəmiyyətin əldən çıxmış faydasını da ödəməlidir. Cavabdehin məhkəmə qətnaməsini icra etməməsi nəticəsində cəmiyyətə maddi zərər dəymişdir. Belə ki, 2016-cı il tarixindən cavabdehin özündə saxladığı lizinq obyekti və lizinq müqaviləsi üzrə ödəməli olduğu əsas borc, mükafat borcu və dəbbə pulu ödənmədiyi üçün cmiyyət həmin vəsaitləri təkrar dövrüyəyə qaytara bilməmiş və gəlir əldə etmək imkanından məhrum olmuşdur. Göründüyü kimi cavabdeh həm lizinq obyektini özündə saxlamaqla, həm də lizinq müqaviləsi üzrə ödənişləri özündə saxlamaqla cəmiyyətə iki qat zərər vurmuşdur. Həm lizinq obyektini təkrar dövrüyəyə qoya bilməmişlər, həmçinin lizinq ödənişi üzrə vəsaitdən yeni lizinq obyektləri əldə etmək imkanlarından məhrum olmuşlar. Cavabdehin hərəkətsizliyi nəticəsində MMC bu gəlirlərindən məhrum olmuşdur. Cavabdehin əsassız iddiaları və şikayətləri əsasında məhkəmələrdə gedən proseslərə görə nə müqavilə öhdəlikləri icra edilməmiş, nə də məhkəmə qətnaməsi vaxtında icra edilməmişdir. Bu da zərərin həcminin artmasına səbəb olmuşdur. Göründüyü kimi, qanunvericiliyin tələbindən və onun şərhinə dair Konstitusiya Məhkəməsinin qərarındanda aydın olur ki, kreditor ona dəymiş zərərin əvəzini borcludan tələb etmək hüququna malikdir. Lizinq verən olaraq İddiaçı kreditor qismində lizinq alan Cavabdeh isə borclu qismində mülki hüquqi münasibətlərdə olmuşlar. Odur ki, əldən çıxmış faydanın tələbinə dair qanunverciliyə əsasən Lizinq üzrə yaranan münasibətlərədə şamil edilir. Öhdəliklərin icra edilməməsinə dair Mülki Məcəllənin müddəaları bütün mülki hüquqi müqavilələr üzrə tərəflərin əməl etməli olduğu şərtlərdir. Öhdəliyini icra etməyən tərəf vurduğu zərərə görə məsuliyyət daıyır. Cavabdeh İddiaçı MMC ilə bağlanmış X4 üzrə öhdəliklərini yerinə yetirmədiyi üçün məhkəmə qətnaməsi ilə ondan tutulmalı olan borc və lizinq obyektinin geri qaytarılmasına dair tələb vaxtında icra edilməmişdir. Göstərilən pul vəsaitini və lizinq obyektini qanunsuz olaraq xx.xx.2022-ci il tarixinə kimi özündə saxlamaqla, cavabdeh özgənin pul vəsaitindən və əmlakından istifadə etməklə əsassız varlanmaqla yanaşı həmçinin kreditoru zərərə uğratmışdır. Belə ki, MMC olaraq həmin vəsaiti təkrar lizinq obyekti alınmasına sərf etməklə yeni lizinq müqaviləsi bağlamaq yolu ilə əldə edəcəkləri gəlirlər əldən çıxmışdır və cavabdehin özündə saxladığı lizinq obyektini də yeni lizinq müqavilələri üzrə istifadə etməklə əldə edə biləcəkləri gəlirlərdən də məhrum edilmişlər. Odur ki, lizinq obyekti olan Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti B 21 ünvanında yerləşən 51 saylı mənzilin satışından əldə edilən vəsaitin lizinq borcuna yönəldilməsindən sonra yaranmış borc üzrə qalıq 11254 ABŞ dollarını hazırkı günə kimi ödəməməsi səbəbindən cavadehdən əldən çıxmış faydanın əvəzinin tutulmasına zərurət yaranmışdır. Qeyd edilənlərə əsasən Cavabdeh 11254 ABŞ dolların və ödənilmiş 147,40 manat ödənilmiş dövlət rüsumunun tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edilmişdir. Cavabdeh etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək qeyd etmişdir ki, göründüyü kimi, iddiaçının iddiasının hüquqi əsası Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsi, iddianın dəlilləri isə tərəflər arasında bağlanmış X4 üzrə öhdəliklərin icrası ilə bağlı başlanmış məhkəmə mübahisələri üzrə cavabdehin əsassız iddiaları və şikayətləri əsasında məhkəmə proseslərinə görə öhdəliklərinin icra edilməməsi və Nizami Rayon Məhkəməsinin 2(007)-1267/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsinin vaxtında icra edilməməsi təşkil edir. Hesab edir ki, iddiaçının hazırki iddiası əsassızdır və təmin edilməməlidir. Belə ki, onunla iddiaçı MMC arasında xx.xx.2016-cı il tarixdə D042 №-li X4 bağlanmışdır. Həmin X1 şərtlərinə əsasən, İddiaçı MMC, mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, ünvan 2 ünvanında yerləşən mənzili 24 ay müddətinə 16 iyun 2016cı il tarixli D042 saylı X2 1 saylı Əlavəyə uyğun olaraq hər ay üçün 1782 ABŞ dolları ödənilməsi şərti ilə 35000 ABŞ dolları lizinqə vermişdir. Onun tərəfindən mütamadi olaraq ödənişlər həyata keçirilmişdir. Sonradan iddiaçı MMC lizinq müqaviləsinin ləğv edilməsi, lizinq obyektinin geri alınması və borcun ödənilməsi tələbi barədə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət etmişdir. Göründüyü kimi, məhkəmədə ilk mübahisə açan tərəf məhz Lizinq şirkətinin özü olmuşdur. İddiaçı MMC-nin həmin iddiası əsasında başlanmış mülki iş üzrə Nizami Rayon Məhkəməsinin qəbul etdiyi 16 mart 2017-ci il tarixli qətnamə ilə İddiaçı MMC ilə onun arasında bağlanmış 16 iyun 2016-ci tarixli D042 saylı X1 ləğv edilməsi, lizinqə verilmiş Bakı şəhəri, Xətai rayonu, ünvan 2 ünvanında yerləşən lizinq obyekti olan mənzilin ondan alınaraq İddiaçı MMC-yə qaytarılnası, onun lizinq obyekti olan mənzildən çıxarılması, X4 üzrə xx.xx.2017-ci il tarixinə lizinq məbləği üzrə 33797 ABŞ dolları, faiz məbləği üzrə 2483 ABŞ dolları, cərimə üzrə 5475 ABŞ dolları, ümumilkdə 41755 ABŞ dolları məbləğində pulun (qətnamənin icra olunduğu günə ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla manatla) və ödənilmiş 30 manat dövlət rüsumunun ondan İddiaçı MMC-nin xeyrinə tutulması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1743/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə onun Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 16 mart 2017-ci il tarixli qətnaməsindən verdiyi apelyasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-295/2019 saylı, xx.xx.2019-cu il tarixli qərarı ilə onun kasasiya şikayəti qismən təmin edilərək, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 21 avqust 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(0103)-5048/2019 saylı xx.xx.2019- cu il tarixli qətaməsi ilə birinci instansiya məhkəməsinin qətnaməsindən onun verdiyi apelyasiya şikayəti qismən təmin edilərək, Nizami Rayon Məhkəməsinin 16 mart 2017-ci il tarixli qətnaməsinin qismən ləğv edilməsi, ondan lizinq mükafatı üzrə 6868,65 manatın tutularaq iddiaçıya ödənilməsi, iddianın lizinq ödənişi və lizinq mükafatının tutulmasına dair digər hissələrdə rədd edilməsi, apellyasiya şikayətinin qalan hissədə və apelyatora (Cavabdeh) münasibətdə təmin edilməməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-5048/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsindən Lizinq Şirkəti kassasiya şikayəti verməmiş, qətnamə ilə razılaşmışdır. Qətnamədən narazı qalan o, kasasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-40/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarı ilə kasasiya şikayəti qismən təmin edilərək, Bakı Apellyasiya Məhkəməsinin MK-nın 11 iyul 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi, iddianın qismən təmin edilməsi, Cavabdeh lizinq məbləği üzrə 33797 ABŞ dolları, lizinq mükafatı üzrə 2483 ABŞ dolları, dəbbə pulu üzrə 200 ABŞ dollarının manatla məzənnəsi alınaraq İddiaçı MMC-yə verilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)- 40/2020 saylı, 21.01,2020-ci il tarixli qərarı dərhal qanuni qüvvəsini almışdır. Göründüyü kimi, qanuni qüvvəsini almış məhkəmə qərarı ilə X4 üzrə yaranmış cəmi 36480 ABŞ dolları borcun ondan Lizinq şirkətinin xeyrinə tutulması qərara alınmış, Lizinq şirkətinin iddiası qalan iddiası rədd edilmişdir. Kassasiya instansiya məhkəməsinin həmin qərarı icraya yönəldildikdən sonra qərar onun tərəfindən dərhal icra olunmuş, o, birdəfəyə 62152 manat məbləğində pulu İddiaçı MMC-nin hesabına ödəmişdir. Lizinq predmeti olan mənzil isə onun qanuni sahiblik və istifadəsində saxlanılmışdır. Bununla da tərəflər arasında gedən məhkəmə mübahisələri başa çatmışdır. Lakin İddiaçı MMC, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-40/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarı qanuni qüvvəsini aldıqdan 9 ay sonra “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 32.2-ci maddəsinin tələblərini pozmaqla konstitusiya şikayəti ilə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi isə bu pozuntunu görməzdən gələrək, şikayəti icraatına qəbul etmiş, bununla da kifayətlənməyərək hələ “Faktor Lizinq MMC-nin xeyrinə qərar qəbul etmişdir. Göründüyü kimi, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi, özünün qəbul etdiyi qərarla artıq onun konstitusion hüquqlarını pozmuşdur. Göründüyü kimi, Azərbaycan Respublikası Ali Məhkəməsi xx.xx.2020-ci il tarixdə qərarını çıxarmaqla, tərəflər arasındakı məhkəmə mübahisələrinə son qoymuşdur. Lakin bundan 9 ay sonra Lizinq şirkəti konstitusiya şikayəti verməklə məhkəmə mübahisəsini davam etdirmişdir. Başqa sözlə, desə, xx.xx.2020-ci il tarixdən sonra “Faktor Lizinq MMC özü məhkəmə mübahisəsinin təşəbüskarı kimi çıxış etmişdir. İddiaçı MMC, Ali Məhkəmə qərar qəbul etdikdən 9 ay keçdikdən sonra, hansısa yollarla öz şikayətlərini Konstitusiya Məhkəməsinin icraatına qəbul etdirmişdir. Əgər İddiaçı MMC əyri yollarla 9 ay sonra şikayətini Konstitusiya Məhkəməsinin icraatına qəbul etdirməsəydi, tərəflər arasındakı mülki mübahisə elə xx.xx.2020-ci il tarixdə bitmiş olardı və bu məsələ bu günədək davam etməzdi. Göründüyü kimi, əslində məhkəmədə mübahisənin uzun müddət davam etməsinin səbəbi İddiaçı MMC-nin qanunsuz hərəkətləri olmuşdur. Bu baxımdan həmin dövr üçün mənzilin qaytarılmamasına görə, ona münasibətdə həmin dövr üçün əldən çıxmış faydanın ödənilməsi tələbinin irəli sürülməsi əsassızdır. Onu da qeyd etmək lazımdır ki, mənzilin lizinqə verilməsi barədə tərəflər arasında bağlanmış xx.xx.2016-cı il tarixli müqavilənin müddəti 24 ay, yəni xx.xx.2018-ci il tarixədək müəyyən edilmişdir. Belə olan halda hesab edir ki, müqavilə müddəti üçün əldən çıxmış faydanın hesablanması da əsassızdır. Mülki iş Konstitusiya Məhkəməsindən qayıtdıqdan sonra Azərbaycan Respublikası Ali Məhkəməsinin 11 yanvar 2022-ci il tarixli qərarı ilə onun tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiysının 2(103)-5048/2019 nömrəli, 11 iyul 2019-cu il tarixli qətnaməsi mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılmışdır. Yuxarıda qeyd olunan məhkəmə aktlarından göründüyü kimi, ekspert rəyinə əsasən X4 üzrə onun Lizinq şirkətinə olan borcun məbləği 6868,65 manat təşkil edir. Bunu müəyyən edən məhkəmələr hesab etmişlər ki, 6868,65 manat məbləğində borcu o, “Faktor Lizinq MMC-yə ödəməli və lizinq predmeti olan mənzili də MMC-yə qaytarmalıdır. Ali Məhkəmənin xx.xx.2022-ci il tarixli qərarı qəbul edldikdən sonra o, ona məxsus 62152 manat məbləğində pul vəsaitinin ona qaytarlılması və ya həmin vəsaitin MMC-də qalması, bunun müqabilində isə mənzilin onun mülkiyyətinə verilməsi ilə bağlı MMC-yə müraciət etmişdir. Lakin MMC, bu təklifləri qəbul etməmiş, pulu da qaytarmaqdan imtina etmişdir. O, ərizə ilə məhkəməyə müraciət edərək, 62152 manat məbləğində pulun Lizinq Şirkətinə ödənilməsi üçün əsas olmuş Ali Məhkəmənin xx.xx.2020-ci il tarixli qərarının icrasında dönüş edilməsini xahiş etmişdir. Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(103)-5048/2019 saylı qərardadı ilə ərizə təmin edilmiş, 62152 manat məbləğində pulun ona qaytarılması qərara alınmışdır. Vəziyyəti belə görən İddiaçı MMC, ona qarşı “1057 ABŞ dolları məbləğində pulun tutulması” və “32439,62 ABŞ dolları (62152 manat) məbləğində pulun tutulması” barədə ayrı-ayrılıqda iki iddia irəli sürmüşdür. “1057 ABŞ dolları məbləğində pulun tutulması” barədə iddiayya dair mülki işə baxmış Nizami Rayon Məhkəməsi iddianı təmin etsə də, həmin qətnamə Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə ləğv edilmiş, iddia rədd edilmişdir. “32439,62 ABŞ dolları (62152 manat) məbləğində pulun tutulması” barədə iddia əsasında başlanmış mülki işə baxmış Nizami Rayon Məhkəməsinin digər hakimi xx.xx.2022-ci il tarixdə qəbul etdiyi qətnamə ilə iddianı rədd etmişdir. Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsindən Lizinq şirkəti apellyasiya şikayət yerməmiş, qətnamə ilə razılaşmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 11 yanvar 2022-ci il tarixli qərarı ilə qüvvəsində saxlanılmış Bakı Apellyasiya Məhkəməsinin 11 iyul 2019-cu il tarixli qətnaməsi icraya yönəldildikdən sonra o, həmin mənzili könüllü olaraq İddiaçı MMC-yə təhvil vermiş, müqavilə üzrə müəyyən edilmiş 6868,65 manat məbləğində pulu İddiaçı MMC-nin hesabına ödəmişdir. Sözügedən icra sənədinin icrası zamanı icra məmuru tərəfindən ona münasibətdə heç bir məcburi icra hərəkətləri tətbiq edilməmişdir. O, mənzili könüllü olaraq MMC-yə təhvil vermiş, 6868,65 manat məbləğində pulu da MMC-yə ödəmişdir. Göründüyü kimi, Azərbaycan Respublikası Ali Məhkəməsinin 11 yanvar 2022-ci il tarixli qərarı və Bakı Apellyasiya Məhkəməsinin 11 iyul 2019-cu il tarixli qətnaməsi üzrə icra vərəqəsi verildikdən sonra onun tərəfindən gecikdirilmədən icra olunmuşdur. Bu səbəbdən hesab edir ki, məhkəmə qərarının gecikdirilməsi barədə iddia ərizəsində göstərilənlər həqiqətə uyğun deyil, həmin dəlilləri təsdiq edən heç bir sübut yoxdur. Göstərilənlərə əsasən müəyyən edilir ki, onun İddiaçı MMC-yə xx.xx.2016-cı il tarixli müqavilə üzrə yaranmış borcu 6868,65 manat məbləğində olmuş və həmin borc onun tərəfindən MMC-yə vaxtında ödənilmişdir. Hazırda iddiaçı X4 üzrə onun borcunun daha çox məbləğdə, o cümlədən 70078 ABŞ dolları məbləğində olması barədə məhkəmə qərarı yoxdur. İddiaçı həmin məbləğdə borcun olmasını təsdiq edən sübutları da məhkəməyə təqdim etməmişdir. Bu baxımdan hesab edilməlidir ki, 16 iyun 2016-ci tarixli D042 saylı X4 üzrə cavabdehin iddiaçıya ödənilməmiş 70078 ABŞ dolları məbləğində borcun olması barədə dəlilləri əsassızdır və həqiqətə uyğun deyil. Tərəflər arasında məhkəmə mübahisələrinin uzun müddət davam etməsi isə hazırki iddianın təmin olunması üçün əsas ola bilməz. Çünki, həm o, həm də İddiaçı Şirkəti Azərbaycan Respublikası Konstitusiyasının onlara verdiyi məhkəmə müdafiəsi hüququndan istifadə etmişlər, iş üzrə tərəflər arasında uzun müddət çəkişməli məhkəmə mübahisələri olmuşdur. Həmçinin qeyd etməlidir ki, məhkəmələr tərəfindən yekun qərar qəbul olunmadan lizinq obyektinin qaytarılması da mümkün deyildi. Hər iki tərəf öz tələblərinin uğurlu olmasına inanmışlar. Bu səbəbdən məhkəmə çəkişməsi dövründə mənzilin onda qalması təbiidir və bu hala görə o, hər hansı sanksiyaya məruz qalmamalıdır. Bunlardan başqa, bildirir ki, iddiaçı tərəfindən vaxtı ilə ona lizinqə verdiyi mənzilin satılması və satış qiymətinin 100000 manat müəyyən edilməsi, həmin məbləğdən MMC-nin ona hesabladığı “xəyali borc”un çıxması barədə dəlilləri də əsassızdır və hazırki iddianın rədd edilməsi üçün əsas deyil. Belə ki, İddiaçı MMC, özünün mülkiyyətində olan əmlaklar üzərində sərəncam vermək, həmin əmlakların dəyərini müəyyən etməkdə sərbəstdir. İddiaçı MMC, öz mülkiyyətində olan əmlaklar üzrə sərəncam verməkdə də sərbəstdir. MMC sərbəst şəkildə heç şəkildə, heç kimin müdaxləsi olmadan mənzili sata, bağışlaya, icarəyə verə və sair hərəkətləri edə bilər. Hesab edir ki, iddiaçı MMC-nin bu hərəkətləri hüquqdan sui-istifadə kimi qiymətləndirilməlidir. Eyni müqavilə üzrə eyni pozuntuya görə, eyni şəxsi, yəni onu mülki məsuliyyətə cəlb etmək əsassız və qanunsuzdur. Bu baxımdan hesab edir ki, iddiaçının cavabdehə qarşı irəli sürdüyü hazırki iddia əsassızdır və təmin edilməməlidir. Qeyd edilənlərə əsasən İddiaçı MMC-nin ona qarşı “pul” tələbi barədə iddiasının təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edib iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, iddiada mənzilin xx.xx.2022-ci il tarixdə satıldığı göstərilsə də, mənzil 2022-ci ilin avqust ayında satılmışdır. Məhkəmə iclasında Cavabdeh etiraz ərizəsinin dəlillərinə uyğun izahat verərək iddianın təmin edilməməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, iddiaçı tərəf hər dəfə ona qarşı müxtəlif iddialar qaldırır və məqsədi sadəcə ona mənəvi ziyan vurmaqdır. Borcunu ödəmiş, lizinq obyektini də iddiaçıya təhvil vermişdir. Sonuncu qərar Ali Məhkəmə tərəfindən xx.xx.2022-ci il tarixdə qəbul edilmiş, bundan sonra Bakı Apellyasiya Məhkəməsinin qərarı qanuni qüvvəyə minərək, icraya yönəldilmiş və tərəfindən heç bir məcburi icra tədbirləri görülmədən icra edilmişdir. Təxminən 2022-ci ilin avqust ayında mənzili təhvil vermişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, mülki işin materiallarını araşdırıb və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - 16 iyun 2016-cı il tarixli, D042 saylı “Daxili lizinq” müqaviləsinin surətindən görünür ki, lizinq verən İddiaçı MMC Bakı şəhəri, Xətai rayonu, ünvan 2 ünvanında yerləşən daşınmaz əmlakı satıcıdan alıb əldə etməyi və lizinq alan Cavabdeh istifadəsinə verməyi, lizinq alan isə müqavilədə müəyyənləşdirilmiş məbləği ödəməyi öhdəsinə götürmüşdür. Lizinq alanın ilkin öhdəliyi 35000 ABŞ dolları müəyyən edilmişdir. Müqavilə 24 ay müddətinə bağlanılmışdır. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2016-cı il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışından görünür ki, Bakı şəhəri, Xətai rayonu, Telnov küçəsindəki 21 saylı evin 51 saylı mənzili İddiaçı MMC-nin adına xüsusi mülkiyyət hüququ üzrə daşınmaz əmlak üzərində hüquq daşınmaz əmlakın dövlət reyestrində ********** №-si ilə qeydiyyata alınmışdır. - İddiaçı MMC-nin xx.xx.2022-ci il tarixli 0633/22 saylı arayışının surətindən görünür ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2016-cı il tarixli, D042 saylı X2 əsasən Bakı şəhəri, ünvan 2 ünvanında yerləşən daşınmaz əmlakın alınması üçün 35000 (otuz beş min) ABŞ dollar, ekvivalenti həcmində vəsait ayrılmışdır. Lizinq mükafat, kimi illik 20% dərəcəsi müəyyən olunmuşdur. Öhdəliklər icra olunmadığından İddiaçı MMC tərəfindən xx.xx.2017-ci il tarixində məhkəməyə müraciət olunmuşdur. Mübahisə ilə əlaqədar AR Ali Məhkəməsinin xx.xx.2022 tarixli, 2(102)-614/2022 saylı yekun qərarı qəbul edilmişdir. Qərara əsasən cavabdeh tərəfindən 4040,38 ABŞ dollar ekvivalentində məbləğin İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə dəyişdirilmədən saxlanılmış və əmlakın İddiaçı MMC-yə təhvil verilməsi qət edilmişdir. Qeyd edilən əmlak İddiaçı MMC-yə təhvil verilmiş və satışa çıxarılmışdır. xx.xx.2022-ci il tarixdə həmin daşınmaz əmlak lizinq şərtləri ilə 100000 manata (585824 ABŞ dollar, ekvivalenti) satılmışdır. Həmin tarixə D042 saylı, müqavilə üzrə ümumi borcun 70078 ABŞ dollar olduğunu nəzərə alsalar, satış məbləği çıxıldıqdan sonra 11254 ABŞ dollar ekvivalentində borc qalmaqdadır. - İddiaçı MMC tərəfindən Cavabdeh ünvanlanmış pretenziyanın surətindən görünür ki, X4 üzrə lizinq obyekti olan əmlak, Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti, B 21 ünvanında yerləşən 51 saylı mənzil tərəfinizdən xx.xx.2022-ci il tarixində cəmiyyətə təhvil verilmiş və həmin tarixdə mənzil 100000 manata satılaraq (58824 ABŞ dolları) xx.xx.2016cı il tarixli, D042 saylı Daxili Lizinq müqaqviləsi üzrə yaranmış 70078 ABŞ dolları məbləğində borcun bir qismi silinmişdir. Buna baxmayaraq qətnamə üzrə 11254 ABŞ dolları borc qalığı qalmışdır, qalan 11254 ABŞ dolları borcunuz isə həmin tarixdən dəfələrlə şifahi xəbərdarlıqlar etməklərinə baxmayaraq ödənilməmişdir. xx.xx.2016-cı il tarixdən başlayaraq xx.xx.2022-ci il tarixinə kimi Lizinq obyektindən əvəzsiz istifadə etməklə İddiaçı MMC-ə maddi zərər vurmuşdur. Bununla yanaşı, həmçinin Lizinq borcu ilə mənzilin satış qiyməti arasında olan fərqi ödəməməsi cəmiyyətə təkrar zərər vurmağına səbəb olur. Yuxarıda göstərilənləri nəzəzə alaraq 5 iş günü ərzində 11524 ABŞ dolları Lizinq borcunun ödənişini təmin etməsini xahiş etmişlər, əks halda pulun tutulması üçün müvafiq məhkəməyə müraciət ediləcəkdir. - xx.xx.2022-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddia ərizəsi verilərkən iddiaçı tərəfindən 148,80 manat dövlət rüsumu ödənilmişdir; Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə görə, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. “C.N.İsmayılzadənin şikayəti ilə əlaqədar bəzi məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2007-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, qanuni qüvvəyə minmiş məhkəmə aktı özündə mübahisələndirilən maddi hüququn, yaxud belə hüquqa əsaslanan faktın mövcud olub-olmamasını qəti surətdə müəyyənləşdirir və səlahiyyətli şəxsin tələbi ilə hər hansı qeyd-şərt qoyulmadan onların həyata keçirilməsini ehtiva edir. Məhz bu baxımdan prosessual qanunvericilikdə nəzərdə tutulmuş bütün müdafiə vasitələri istifadə edildikdən sonra qanuni qüvvəyə minmiş məhkəmə aktı təkzib olunmazlıq, müstəsnalıq və məcburilik kimi hüquqi xassələrə malikdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Mülki Prosessual Məcəlləsinin 403.2-ci maddəsinin şərh edilməsinə dair” 24 iyul 2020-ci il tarixli Qərarında qeyd edilmişdir ki, Konstitusiya Məhkəməsi Plenumunun qanuni qüvvəyə minmiş məhkəmə aktlarının preyudisiallığı ilə bağlı formalaşdırdığı hüquqi mövqeyə görə, preyudisiallıq institutu yalnız işdə iştirak edən şəxslərə aid olmaqla, onlar tərəfindən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktların başqa məhkəmə prosesində mübahisələndirilməsini istisna edir. Sonrakı işdə iştirak edən şəxslərdən biri artıq qanuni qüvvəyə minmiş qətnamənin çıxarıldığı iş üzrə işdə iştirak edən şəxs olmamışdırsa, bu zaman həmin qətnamənin müəyyən etdiyi faktlar onun üçün preyudisial əhəmiyyətə malik deyildir və o, belə faktların məhkəmə qaydasında sübut edilməsini tələb edə bilər (“Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli və G.Əhmədovanın şikayəti üzrə 2019-cu il 24 iyul tarixli Qərarlar). Məhkəmə qeyd edir ki, tərəflər arasında daha əvvəllər məhkəmə mübahisələri olmuş və həmin işlər üzrə müəyyən edilmiş hallar hazırkı iş üzrə preyudisial əhəmiyyətə malikdir, həmçinin həmin mübahisələr üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə müəyyən edilmiş faktlar yoxlanılmadan sübut kimi qəbul olunmalıdır. Qanuni qüvvəyə minmiş Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-614/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 16 mart 2017-ci il tarixli, 2(007)-1267/2017 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilərək, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 16 iyun 2016-cı tarixli D042 saylı X1 ləğv edilməsi, lizinqə verilmiş İddiaçı MMC-nin mülkiyyətində olan Bakı şəhəri, Xətai rayon ünvan 2 ünvanında yerləşən lizinq obyekti olan mənzilin Cavabdeh alınaraq İddiaçı MMC-yə qaytarılması, Cavabdeh lizinq obyekti olan mənzildən çıxarılması, 16 iyun 2016-cı il tarixli D042 saylı X4 üzrə xx.xx.2017-ci il tarixinə lizinq məbləği üzrə 33797 ABŞ dolları, faiz məbləği üzrə 2483 ABŞ dolları, 5475 ABŞ dolları hesablanmış cərimə, ümumilikdə 41755 ABŞ dollarının qətnamə icra olunduğu günə manata məzənnəsi nəzərə alınmaqla, manatla və ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdeh İddiaçı MMC-nin xeyrinə tutulması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1743/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 16 mart 2017-ci il tarixli, 2(007)-1267/2017 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-295/2019 saylı, xx.xx.2019-cu il tarixli qərarı ilə kasasiya şikayəti qismən təmin edilərək, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 21 avqust 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5048/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə apelyasiya şikayəti qismən təmin edilərək, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 16 mart 2017-ci il tarixli, 2(007)-1267/2017 nömrəli qətnaməsinin qismən ləğv edilməsi, cavabdehdən lizinq mükafatı üzrə 6868,65 manatın tutularaq iddiaçıya ödənilməsi, iddianın lizinq ödənişi və lizinq mükafatının tutulmasına dair digər hissələrdə rədd edilməsi, apelyasiya şikayətinin qalan hissədə və apelyatora münasibətdə təmin edilməməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-40/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarı ilə kasasiya şikayəti qismən təmin edilərək, Bakı Apellyasiya Məhkəməsinin MK-nın 11 iyul 2019-cu il tarixli qətnaməsi ləğv edilməsi, iddianın qismən təmin edilməsi, Cavabdeh lizinq məbləği üzrə 33,797 ABŞ dolları, lizinq mükafatı üzrə 2483 ABŞ dolları, dəbbə pulu üzrə 200 ABŞ dollarının manatla məzənnəsi alınaraq İddiaçı MMC-yə verilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun İddiaçı MMC-nin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanmasına dair” 28 iyul 2021-ci il tarixli qərarı ilə İddiaçı Cavabdeh qarşı 16 iyun 2016-cı il tarixli lizinq müqaviləsinin ləğv edilməsi və s. tələbinə dair mülki iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 21 yanvar 2020-ci il tarixli qərarı Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 417.1.4 və 417.2-ci maddələrinə uyğun olmadığından qüvvədən düşmüş hesab edilməsi, işə bu Qərarda göstərilən hüquqi mövqelərə uyğun olaraq Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və müddətdə yenidən baxılması qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 13(102)- 15(k)/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarına əsasən, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-40/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarının ləğv edilməsi və işin yenidən baxılması üçün kasasiya baxışına göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-614/2022 saylı xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Cavabdeh tərəfindən verilmiş kasasiya şikayəti təmin edilməyərək, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)- 5048/2019 nömrəli, 11 iyul 2019-cu il tarixli qətnaməsi mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılmışdır. Bundan başqa, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-5048/2019 saylı xx.xx.2022-ci il tarixli qərardadından görünür ki, Cavabdeh ərizəsi təmin olunaraq, iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-40/2020 saylı xx.xx.2020-ci il tarixli qərarının icrasında dönüş edilməsi, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-40/2020 saylı xx.xx.2021-ci tarixli icra vərəqəsi üzrə ödənilmiş pul məbləğinin Cavabdeh geri qaytarılması qərara alınmışdır. Hazırda isə iddiaçı X1 bağlandığı xx.xx.2016-cı il tarixdən başlayaraq xx.xx.2022-ci il tarixinə hesablanmış 70078 ABŞ dolları borcun 11254 ABŞ dollarının cavabdehdən tutulmasına dair məhkəmədə iddia qaldırılmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 449.1-ci maddəsinin tələbinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 dekabr 2014-cü il tarixli Qərarına əsasən kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. Kreditor vəsaitdən yenidən istifadə edə bilməməsi ilə bağlı ona daha böyük ziyanın vurulduğunu sübut etdikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsi və müvafiq hallarda həmin Məcəllənin 449.3-cü maddəsinə əsasən onun zərərin əvəzinin ödənilməsini tələb etməyə dair əlavə hüququ yaranır. Məhkəmə ilk növbədə qeyd edir ki, iddiaçı cavabdeh tərəfinfən borcun ödənilməsi və lizinq obyekti olan əmlakın vaxtında qaytarılması ilə bağlı öhdəliklərin vaxtında icra edilməməsi nəticəsində ona əldən çıxmış fayda kimi zərər dəydiyini bildirmiş və xx.xx.2016-cı il tarixdən xx.xx.2023-ci il tarixə kimi ümumilikdə 70078 ABŞ dolları məbləğini hesablamışdır. Lakin qeyd edilməlidir ki, tərəflər arasında xx.xx.2016-cı il tarixdə bağlanmış X4 24 ay müddətinə bağlanmış və iddiaçının müqavilə müddəti ərzində də əldən çıxmış fayda kimi borcun hesablaması əsassızdır. Məhkəmə iddia tələbinə münasibətdə hesab edir ki, tərəflər arasında uzun müddət məhkəmə çəkişmələri davam etmiş və bu məhkəmə mübahisələri Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-614/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə yekunlaşmışdır. Bundan sonra isə cavabdeh istifadəsində olan əmlakı iddiaçıya təhvil vermiş, iddiaçının bildirdiyinə əsasən əmlak 2022-ci ilin avqust ayında (iddiada xx.xx.2022-ci il tarixi göstərilmişdir) artıq başqa bir şəxsə satılmışdır. Yəni əmlakın iddiaçıya təhvil verilməsi ilə bağlı heç bir gecikmənin olduğu müəyyən edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 5.1-ci maddəsinə əsasən hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır. 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Məhkəmə həmçinin qeyd edir ki, borclunun icranı gecikdirməsi hər bir hüquq pozuntusu kimi onun məsuliyyətinə səbəb olur. İcranın borclu tərəfindən gecikdirilməsi ona görə yolverilməzdir ki, bunun nəticəsində kreditora zərər dəyir. Pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin hüquqi nəticələri mülki qanunvericilikdə müəyyən edilmişdir. Hazırda isə iddiaçı tərəfindən məhz cavabdehin təqsiri ucbatından qətnamənin vaxtında icra olunmaması nəticəsində iddiaçıya zərər dəyməsi barədə sübutlar məhkəməyə təqdim olunmamışdır. Məhkəmənin yekun qərarı qəbul edildikdən sonra cavabdeh məhkəmə qərarının gecikdirmədən icra etmiş və məhkəmə qətnaməsi ilə tutulmuş lizinq mükafatı üzrə 6868,65 manatın tutularaq iddiaçıya ödəmiş, həmçinin lizinqə verilmiş İddiaçı MMC-nin mülkiyyətində olan Bakı şəhəri, Xətai rayon ünvan 2 ünvanında yerləşən lizinq obyekti olan mənzili iddiaçıya qaytarmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 560-cı maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd edilmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biri-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§ 68). İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Məhkəmə həmçinin qeyd edir ki, Bakı şəhəri, Xətai rayon ünvan 2 ünvanında yerləşən lizinq obyekti olan mənzil iddiaçınn mülkiyyətində olan əmlak idi və iddiaçının cavabdehin ona ümumilikdə 70078 ABŞ dolları məbləğində əldə çıxmış fayda kimi ziyan vurduğunu müəyyən etdikdən sonra, əmlakını satıb, cavabdehin borcunu əvəzləşdirməsi və qalan 11254 ABŞ dollarının cavabdehdən tutulmasını tələb etməsi ağlabatan hesab edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Belə olan halda, məhkəmə hesab edir ki, sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşdüyündən, iddiaçı öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hazırda halda isə lizinq müqaviləsi üzrə ödənişin və əmlakın qaytarılmasının gecikdirilməsinin cavabdehin təqsirli hərəkətləri nəticəsində baş verməsinə və bununla da qətnamənin vaxtında icra olunmaması nəticəsində iddiaçıya zərər dəyməsi ilə bağlı məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. Məhkəmə iş üzrə müəyyən edilmiş faktiki hallara qiymət verərək, belə qənaətə gəlir ki, İddiaçı MMC-nin Cavabdeh qarşı “kredit borcu üzrə əldən çıxmış faydanın tutulması” tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, məhkəmə hesab edir ki, hazırkı halda iddia tələbi təmin edilmədiyindən, məhkəmə xərcləri iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı MMC-nin Cavabdeh qarşı “kredit borcu üzrə əldən çıxmış faydanın tutulması” tələbinə dair iddiası təmin edilməsin. Məhkəmə xərcləri İddiaçı MMC-yə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Qumru Əliyeva
Məhkəmə qərarları › İş №e-2(007)-620/2023
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-620/2023
10.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver