Məhkəmə qərarları › İş №e-2(007)-666/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-666/2023

13.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-666/2023 13.02.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Əliyeva Qumru Yəhya qızı, İddiaçı MMC-nin Cavabdeh qarşı “borc” tələbinə dair kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı MMC Cavabdeh qarşı “borc” tələbinə dair kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə xx.xx.2022-ci il tarixdə bağlanmış VİP 18574 saylı nisyə alğı-satqı müqaviləsinə əsasən, iddiaçı cavabdehə satış qiyməti 824 ABŞ dollan olan (ümumi məbləğ 824 ABŞ dolları) “Samsung A736 -128gb green” markalı 1 (bir) ədəd mobil telefonu ödəniş qrafikinə əsasən nisyə satmışdır. Cavabdeh ilə iddiaçı arasında həmin müqavilə bağlandıqdan sonra cavabdeh ilkin olaraq 105 ABŞ dolları ödəmişdir. Ödəmə qrafiki üzrə ödəməli olan pul məbləğini ödəməmiş və bununlada müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Həmin müqavilənin 3.5-ci bəndinə əsasən alıcı ödəniş gecikdirildiyi məcmu borcun 1%-i həcmində “satıcı”nın xeyrinə faiz ödəyir. Qeyd edilənlərə əsasən Cavabdeh ilə xx.xx.2022ci il tarixdə bağlanmış VİP 18574 saylı nisyə alğı-satqı müqaviləsi üzrə ödənilməmiş 719 ABŞ dolları əsas (qalıq) borcun və ödənişin gecikdirildiyi hər gün üçün, məcmu borcun 1% (bir)-i həcmində 180 ABŞ dolları cərimə, cəmi 899 ABŞ dolları və 36 ABŞ dolları dövlət rüsumu pulun İddiaçı MMC xeyrinə tutulması barədə qətnamə çıxarılması xahiş edilmişdir. Azərbaycan Respubikası Mülki Prosessual Məcəlləsinin: 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir; 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. İşə əlavə olunmuş İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli müqavilədən və ona edilmiş əlavədən görünür ki, MMC tərəfindən cavabdehə 105 ABŞ dolları ilkin ödənişlə, 12 ay ödəniş cədvəli üzrə hər ay 59 (sonuncu ay 70 ABŞ dolları) ABŞ dolları olmaqla cəmi 824 ABŞ dolları ödəməyi öhdəsinə götürməklə, əşya satılmışdır. Cavabdeh müqavilədə müəyyən olunmuş müddətdə malın dəyərini ödəməyi öhdəsinə götürmüş və əşyanı təhvil almışdır. İşə əlavə olunmuş xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixli müqavilə üzrə 719 ABŞ dolları əsas borcu, ödənişin gecikdirildiyi hər gün üçün, məcmu borcun 1%-i həcmində 180 ABŞ dolları cərimə borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür; 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Qeyd edilənlərlə müəyyən olundu ki, Cavabdeh xx.xx.2022-ci il tarixli müddətli (nisyə) alğı-satqı müqaviləsi əsasında İddiaçı MMC-dən əşya (mal) almış, lakin müqavilə üzrə ödənişləri tam həyata keçirməmiş, öhdəlikləri vaxtında icra etməmiş, edilmiş xəbərdarlığa baxmayaraq borcunu ödəməmişdir. Məhkəmə işin hallarını, habelə cavabdeh tərəfindən həyata keçirilmiş ödənişləri nəzərə alaraq hesab edir ki, xx.xx.2022-ci il tarixli müqavilə üzrə 180 ABŞ dolları cərimə pulu 719 ABŞ dolları ödənilməmiş hissə məbləğinə münasibətdə yüksəkdir və həmin məbləğ azaldılaraq 60 ABŞ dolları saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Azərbaycan Respublikası Konstitusiyasının 19-cu maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasının pul vahidi manatdır. Konstitusiyanın həmin maddəsinin İİİ-cü hissəsinə görə, Azərbaycan Respublikasının ərazisində manatdan başqa pul vahidlərinin ödəniş vasitəsi kimi işlədilməsi qadağandır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1-ci maddəsinə əsasən pul öhdəliyi manatla ifadə edilməlidir. “Məhkəmə qətnamələri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı qərarının 10-cu bəndində göstərilir ki, qətnamədə alınması və ya ödənilməsi müəyyən edilən məbləğlər Azərbaycan Respublikasının milli pul vahidi ilə ifadə olunmalıdır. Əgər iddia tələbi xarici valyuta ilə göstərilərsə, alınan və ya ödənilən məbləğin qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanması göstərilməlidir. Bu baxımdan məhkəmə hesab edir ki, Cavabdeh iddiaçının xeyrinə tutulmalı olan məbləğ ABŞ dolları ilə göstərilməsinə baxmayaraq, ödəniş gününə uyğun məzənnə nəzərə alınmaqla ondan tutulmalıdır. Beləliklə, təqdim edilən sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyi, iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurətinin olmadığı qənaətinə gələrək, hesab edirəm ki, kiçik iddia qismən təmin edilərək yaranmış borc məbləği cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 284-5, 284-6, 216-220-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİM: İddia qismən təmin edilsin. xx.xx.2022-ci il tarixli müddətli (nisyə) alğı-satqı müqaviləsi üzrə 719 ABŞ dolları əsas borc, 60 ABŞ dolları cərimə olmaqla, cəmi 779 ABŞ dolları (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) borc və iddianın verilməsi üçün ödənilmiş 31,20 manat dövlət rüsumunun əvəzi Cavabdeh İddiaçı xeyrinə tutulsun. Ödənilmiş dövlət rüsumunun 4,8 manatı iddiaçıya aid edilsinş İddia qalan hissədə təmin edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Qumru Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar