Məhkəmə qərarları › İş №e-2(007)-732/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-732/2024

15.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-732/2024 15.03.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Rauf Tağı oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əliyeva Lamiyə Natiq qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı Bakı şəhəri, Nəsimi rayonu, 5-ci mkr, Məmmədcəfər Cəfərov küçəsində yerləşən Moskva Ticarət Mərkəzində qızılın alqı-satqısı ilə məşğul olur. 2023-cü ilin avqust ayının ortalarında tanışları vasitəsilə tanıdığı Cavabdeh elə işlədiyi Moskva Ticarət Mərkəzində ümumi dəyəri 16900 manat olan qızıl-zinət əşyaları vermiş, Cavabdeh 2 gün ərzində qeyd olunan məbləği ona ödəyəcəyini bildirmişdir. Lakin Cavabdeh qeyd olunan məbləğdən cəmi 5130 manat ödəniş etmiş və onun hazırda 11770 manat borcu qalmışdır. Borcun ödənilməsi ilə bağlı iddiaçı tərəfindən dəfələrlə cavabdehə müraciət olunsa da heç bir nəticə əldə etmək mümkün olmamışdır. Bu səbəbdən də iddiaçı qeyd olunan məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin “102” xidmətinə və Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsinə ərizə ilə müraciət etmişdir. Müraciət əsasında aparılan araşdırma zamanı 19-cu Polis Şöbəsi tərəfindən Cavabdeh izahatı alınmış, o, izahatında yuxarıda qeyd olunanları və iddiaçıya 11770 manat borcunun qaldığını etiraf etmişdir. Lakin tərəflər arasındakı münasibətlərin mülki xarakerli olması səbəbindən cinayət işinin başlanmasının rədd edilməsi qərara alınmışdır. Bu səbəbdən də hazırda iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Göstərilənlərə əsasən, Cavabdeh 11770 (on bir min yeddi yüz yetmiş) manat məbləğində borcun və dövlət rüsumuna görə ödənilmiş 125,31 manatın tutularaq İddiaçı xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini müdafiə edib, eyni məzmunlu izahat verdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş Cavabdeh iddia tələbini qəbul edib izahatında bildirmişdir ki, o, iddianı etiraf edir. Lakin, iddiaçıya borcunu hissə-hissə ödənilməsi barədə razılıqları olmuşdur. O, heçvaxt borcu birdəfəlik ödəyəcəyini deməmişdir. Bununla belə, qalan borcunu ödəyəcəkdir. Göstərdiklərinin nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Məhkəməyə təqdim edilmiş Bakı şəhəri Nəsimi RPİ-nin 19-cu PŞ-də Cavabdeh tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli izahatdan görünür ki, o, borcundan 5130 manat hissəni İddiaçı ödədiyini, qalan 11800 manat pulu isə hər ay 200 manat olmaqla hissəhissə ödəmək iqtidarında olduğunu bildirmişdir. - Məhkəməyə sübut qismində whatsapp yazışmaları təqdim edilmişdir. - xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən 125,40 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı Bakı şəhəri, Nəsimi rayonu, 5-ci mkr, Məmmədcəfər Cəfərov küçəsində yerləşən Moskva Ticarət Mərkəzində qızılın alqı-satqısı ilə məşğul olur. 2023-cü ilin avqust ayının ortalarında Cavabdeh ümumi dəyəri 16900 manat olan qızıl-zinət əşyaları vermiş, Cavabdeh qeyd olunan məbləği ona ödəyəcəyini bildirmişdir. Lakin Cavabdeh qeyd olunan məbləğdən cəmi 5130 manat ödəniş etmiş və onun hazırda 11770 manat borcu qalmışdır. Borcun ödənilməsi ilə bağlı iddiaçı tərəfindən dəfələrlə cavabdehə müraciət olunsa da heç bir nəticə əldə etmək mümkün olmamışdır. Bu səbəbdən də iddiaçı qeyd olunan məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin “102” xidmətinə və Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsinə ərizə ilə müraciət etmişdir. Müraciət əsasında aparılan araşdırma zamanı 19-cu Polis Şöbəsi tərəfindən Cavabdeh izahatı alınmış, o, izahatında yuxarıda qeyd olunanları və iddiaçıya 11770 manat borcunun qaldığını etiraf etmişdir. Məhkəmə iclasında da cavabdeh tərəf isə buna etiraz etməyərək iddia tələbini qəbul etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir; 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır; 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır; 220.4-cü maddəsinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. 223.1-ci maddəsinə əsasən məhkəmə əmlakın və ya pul məbləğlərinin verilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətləri etməyə cavabdehi məcbur edən qətnamə çıxardıqda, qətnamənin nəticə hissəsində kimin, harada, nə vaxt və ya hansı müddətdə həmin hərəkəti etməyə borclu olmasını göstərir. Məhkəmə baxışında müəyyən edilmişdir ki, Cavabdeh iddia tələbini etiraf etmişdir. Beləliklə, məhkəmə hesab edir ki, Cavabdeh iddia tələbini etirafı qanuna zidd olmadığı və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığı üçün qəbul olunmalıdır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin (bundan sonra MPM): 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh İddiaçı xeyrinə 11770 manat pul vəsaiti və iddiaçının tələb etdiyi ödənilmiş 125,31 manat dövlət rüsumu tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 11770 manat pul vəsaiti və ödənilmiş 125,31 manat dövlət rüsumunun əvəzi alınaraq, İddiaçı ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Rauf Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar