Məhkəmə qərarları › İş №e-2(007)-801/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-801/2024

08.04.2024 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-801/2024 08.04.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Rauf Tağı oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Lamiyə Natiq qızının katibliyi, İddiaçı və onun nümayəndəsi-vəkili Nümayəndə iştirakları ilə, İddiaçılar İddiaçı və X3 Cavabdeh qarşı “mənzilə köçürülmə” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “mənzilə köçürülmə” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx xxxxxxxx 1980-cı ildə ünvan 1 ünvanında anadan olmuşdur və 2020-ci il tarixinədək qeydiyyatda olduğu həmin ünvanda yaşamışdır. 2008-ci ildə Cavabdeh ilə rəsmi nikaha daxil olmaqla ailə qurmuşdur və 2020ci ildə aralarındakı nikah məhkəmə qaydasında pozulub. Həmin nikahdan xx.xx.2007-ci il təvəllüdlü X4 adlı bir övladı var. Cavabdehlə ayrılarkən cavabdehin xahişinə görə və qızı kiçik olduğundan o, müvəqqəti olaraq sonuncunun onun evində qalmasına etiraz etməmiş, özü isə qızının xatirinə evindən çıxmışdır ki, o sakit şəraitdə böyüsün. Hər ay alimentini və digər xərclərini ödəmişdir, indi də ödəyir. Cavabdehlə ayrıldıqdan sonra o, X8 ilə ailə qurmuş və həmin tarixdən onunla birlikdə başqa ünvanda kirayədə yaşayır. Hal-hazırda xx.xx.2023-cü il təvəllüdlü X7 adlı bir qızı var. Onlar yenə də kirayədə yaşayır, lakin artıq kirayə yaşamağa maddi imkanı yoxdur. Daimi qeydiyyatda olduğu və hal-hazırda cavabdehin də yaşadığı, onun babasından və nənəsindən ona qalmış öz evinə köçmək istəsə də, cavabdeh onun öz evinə qayıtmağına imkan vermir. Hər dəfə gedəndə davadalaş salır, hətta iş polisə qədər gedib çıxır. Onun hal-hazırda yaşamağa heç bir yaşayış sahəsi yoxdur. Mübahisələndirilən ev Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınmasa da, onun həmin evdə daimi qeydiyyatı və yaşamaq hüququ vardır. Heç yerdə işləmədiyindən başqa evdə kirayə yaşamağa maddi imkanı çatmır. Həm də, o, tək yaşamır, həyat yoldaşı və bir körpə övladı da var. Bu səbəbdən, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd edir ki, sözügedən ev xüsusi mülkiyyət hüququ əsasında dövlət reyestrində qeydiyyatdan keçməsə də, mövcud qanunvericiliyə əsasən, anası, X2 həmin mənzilin potensial mülkiyyətçisidir. Cavabdeh,Cavabdeh ona məxsus evdə heç bir qeydiyyatı olmadan bu gün də yaşadığı üçün, o, baba-nənəsindən ona qalan, daimi qeydiyyatda olduğu, ona məxsus mənzil üzərində hüquqlarını həyata keçirə bilmir, ondan istifadə edə və yaşaya bilmir. Buna görə də, onun, həyat yoldaşı-X8 və azyaşlı övladı xx.xx.2023-cü il təvəllüdlü X7 ilə birlikdə ona məxsus, ünvan 2 ünvanında yerləşən iki otaqlı mənzilə köçürülməyi və həmin mənzilə köçməyi üçün cavabdeh tərəfindən yaradılmış maneənin aradan qaldırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşə məhkəmədə baxılarkən İddiaçı nümayəndəsi-vəkili Nümayəndə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, iddiaçılar İddiaçı və X3, azyaşlı övladları xx.xx.2023-cü il təvəllüdlü X7 ilə birlikdə ünvan 2 ünvanında yerləşən iki otaqlı mənzilə köçürülmələri və həmin mənzilə köçmələri üçün cavabdeh tərəfindən yaradılmış maneənin aradan qaldırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsində göstərilənlərlə eyni məzmunlu izahat verdi və əlavə olaraq izahatında göstərdi ki, iddia tələbində evə köçürülmələri xahiş edilən- o, hazırkı həyat yoldaşı və birgə nikahlarından doğulmuş uşaqları qeyd olunan yaşayış sahəsində pasport qeydiyyatında olsalar da, cavabdehin orada qeydiyyatı yoxdur, sadəcə onlara mənzilə köçmələrinə maneə yaradır. Qeyd olunan ev ona babasından qalmışdır. İddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iddiaçının nümayəndəsi-vəkili Nümayəndə iddia tələbini müdafiə edib, iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclaslarına gəlməmiş və gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Belə olan halda, məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, mülki işin materiallarını araşdırıb və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid pasportun və ona əlavə edilmiş sxemin surətindən görünür ki, ünvan 3 ünvanı: Puşkin küçəsi 16) X9 mülkiyyətinə verilmişdir. - AZ-İ seriyalı 411607 nömrəli nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, İddiaçı ilə Cavabdeh arasında olan nikah Nəsimi Rayon Məhkəməsinin qətnaməsi ilə pozulmuş və nikaha xx.xx.2020-ci ildə xitam verilmişdir. Bu barədə nikahın pozulması haqqında akt qeydləri kitabında xx.xx.2021-ci ildə 194 nömrə ilə qeyd edilmişdir. - AZ-İİ seriyalı 488009 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə X1 xx.xx.2022-ci ildə 5 saylı Bakı “ASAN xidmət” mərkəzində qeydiyyat şöbəsində nikaha daxil olmuşlar. Nikah bağlandıqdan sonra arvada Baxışova soyadı verilmişdir. - AZ-İV seriyalı 853652 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.2023-cü ildə doğulmuşdur. Atası İddiaçı, anası X5r. - AA3483644 nömrəli şəxsiyyət vəsiqəsi və “Elektron məhkəmə” informasiya sistemindən əldə edilmiş məlumatdan görünür ki, X8 ünvan 2 ünvanında pasport qeydiyyatındadır. - “Elektron məhkəmə” informasiya sistemindən əldə edilmiş məlumatdan görünür ki, Cavabdeh ünvan 4 ünvanında pasport qeydiyyatındadır. - xx.xx.2023-cü il tarixli, 2869 nömrəli qəbzdən görünür ki, iddiaçı ərizə ilə məhkəməyə müraciət edərkən 100 manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, İddiaçı ilə Cavabdeh arasında olan xx.xx.2008-ci ildə bağlanmış nikah Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə pozulmuş, nikaha xx.xx.2020-ci ildə xitam verilmişdir. Bu barədə nikahın pozulması haqqında akt qeydləri kitabında xx.xx.2021-ci ildə 194 nömrə ilə qeyd edilmişdir. Hazırkı İddiaçı keçmiş arvadı hazırkı cavabdehlə nikahı pozulanadək, yəni 2020-ci ilədək mübahisə predmeti olan ünvan 2 ünvanında yaşamışdır. İddiaçılar sözügedən evdə pasport qeydiyyatındadır. Qeyd olunan yaşayış sahəsi İddiaçı mərhum babasından miras qalmışdır. Bununla belə, məhz iddiaçının tələbinin əsasını təşkil edən hal ondan ibarətdir ki, o, qeyd olunan yaşayış sahəsində qeydiyyatda olmasına və cavabdehin həmin yaşayış sahəsi ilə hər hansı hüquqi bağlılığı olmamasına baxmayaraq, sonuncu iddiaçıların həmin yaşayış sahəsinə köçmələrinə maneə yaradır. İddiaçılar həmin yaşayış sahəsində qeydiyyatda olmaqla, oraya köçürülmələrini xahiş edirlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 139-1.1.5 və 139-1.1.8-ci maddələrinə əsasən, 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri, o cümlədən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.2-ci maddəsinə əsasən sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinin İ və İİ bəndlərinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 nömrəli protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətində maneəsiz istifadə hüququna malikdir. Qeyd olunan müddəaların mənasına görə mülkiyyət hüququ təbiəti etibarilə nəinki mülkiyyətçinin hüquqi cəhətdən təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsində göstərilir ki, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. İşin faktiki halları ilə müəyyən olunur ki, Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid pasporta əsasən, mübahisə predmeti olan yaşayış sahəsi- ünvan 3 ünvanı: Puşkin küçəsi 16) iddiaçının babası X9 mülkiyyətinə verilmişdir. İddiaçı qeyd olunan yaşayış sahəsini faktiki olaraq qəbul etməklə orada yaşamış, sahiblik etmişdir. Göründüyü kimi, iddiaçılar həmin yaşayış sahəsindən cavabdehlə bərabər surətdə istifadə etmək hüququna malikdirlər və qeyd olunan mənzilə dair bütün vəzifələri yerinə yetirməlidirlər. İddiaçılar həmin hüquq və vəzifələrini həyata keçirmək üçün mübahisəli yaşayış sahəsinə köçürülməlidirlər. Əlavə olaraq, qeyd olunmalıdır ki, cavabdehlə İddiaçı arasında olan nikahın pozulması isə, iddiaçıların qeyd olunan yaşayış sahəsinə köçürülmələrinə maneə ola bilməz. O cümlədən, nəzərə alınmalıdır ki, iddiaçılar qeyd olunan ünvanda pasport qeydiyyatındadır, cavabdeh isə həmin ünvanda qeydiyyatda olmadan yaşayır. Bununla belə, iddiaçılar yalnız həmin mənzilə köçürülmələrini və buna cavabdehin yaratdığı maneənin aradan qaldırılmasını xahiş edirlər. Məhkəmə araşdırması zamanı isə müəyyən edilmişdir ki, cavabdeh mübahisə predmeti olan yaşayış evinə iddiaçıların köçmələrinə maneə yaratdığına görə, məhkəməyə müraciət etməli olmuşlar. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Göründüyü kimi, qətnamə çıxarıldıqda hakim mülki iş üzrə toplanmış, həmin iş üzrə əhəmiyyət kəsb edən, məhkəmə iclasında tədqiq olunmuş sübutları qiymətləndirməlidir. Bunun üçün işin konkret halları və həmin halları təsdiq və ya inkar edən, işin düzgün həlli üçün əhəmiyyətə malik olan sübutlar müəyyən olunmalıdır. İş üçün əhəmiyyəti olan hallar dedikdə isə hər bir tərəfin öz tələblərinin və ya etirazlarının əsası kimi istinad etdiyi və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla təsdiq və ya rədd olunan hallar başa düşülür. Qanunvericilik mülki işə baxılmasını və çıxarılan qətnaməni tələblə, həmin tələbi müəyyən edən hallarla və bu halları təsdiq edən sübutlarla məhdudlaşdırır. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, iddiaçılar İddiaçı və X8, azyaşlı uşaqları xx.xx.2023-cü il təvəllüdlü X7 ilə birlikdə ünvan 2 ünvanına köçürülməli və həmin mənzilə iddiaçıların köçmələrinə Cavabdeh tərəfindən maneə aradan qaldırılmalıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, məhkəmə xərclərinə aid olan, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu İddiaçılara aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı və X8, azyaşlı uşaqları xx.xx.2023-cü il təvəllüdlü X7 ilə birlikdə ünvan 5 ünvanına köçürülsünlər, iddiaçıların həmin ünvana köçmələrinə Cavabdeh tərəfindən yaradılmış maneə aradan qaldırılsın. Məhkəmə xərcləri iddiaçılara aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Rauf Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar