Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-84/2023 03.04.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyev Fikrət Xasay oğlunun sədrliyi, Qurbanov ramil firusin oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdeh1 Ağaəli qızının iştirakı ilə İddiaçı MMC-nin cavabdehlər Cavabdeh1 Ağaəli qızına və Cavabdeh2 qarşı pul tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı MMC-nin cavabdehlər Cavabdeh1 Ağaəli qızına və Cavabdeh2 qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini onunla əsaslandırdı ki,"xxxx" MMC ilə Cavabdeh1 arasında 28 oktyabr 2019-cu il tarixdə, 59 №-li alğı-satqı müqaviləsi bağlanıb. Müqaviləyə əsasən, iddiaçı sifariş əsasında ümumi dəyəri və təyinatı müqavilənin tərkib hissəsi olan qiymətlərin razılaşdırma protokollarında əks olunan texniki avadanlıqları dəyərini nağd və ya hissə-hissə ödənilməklə cavabdehə satmağı, cavabdeh isə malı qəbul edib qaimə-fiıkturalarda əks olunan qiyməti iddiaçıya ödəməyi öhdəsinə götürüb.Eyni tarixli təhvil-təslim aktına əsasən, cavabdeh müqavilə üzrə nəzərdə tutulan malları iddiaçıdan təhvil alıb, yoxlayaraq qəbul edib.Həmin tarixdə müqaviləyə əlavə olaraq imzalanan ödəniş cədvəlinə əsasən, cavabdeh 3000 manat ilkin ödəniş, 12 ay müddətinə isə hər ay 750 manat olmaqla, ümumilikdə 12000 manat ödəməyi öhdəsinə götürüb.Buna baxmayaraq, cavabdeh tərəfindən bu günədək müqavilə üzrə ödənilməli məbləğdən yalnız 7195 manat ödənilmiş, cavabdehin iddiaçıya 4805 manat məbləğində borcu qalmışdır. Cavabdehə edilən çoxsaylı xəbərdarlıqlara və bildirişlərə baxmayaraq, cavabdeh öhdəliyin icrasından yayınıb, satın aldığı malların əvəzini ödəməyib. Bundan əlavə, iddiaçı ilə Cavabdeh2 arasında 28 oktyabr 2019-cu il tarixdə zaminlik müqaviləsi bağlanıb, zamin iddiaçı ilə cavabdeh arasında bağlanan alğısatqı müqaviləsinə əsasən cavabdehin öhdəliklərinin yerinə yetirilməsinə görə cavabdeh ilə birlikdə iddiaçı qarşısında məsuliyyət daşımağı öhdəsinə götürüb.Beləliklə, iş üzrə təqdim edilən sübutlardan və qanunvericiliyin yuxarıda sadalanan normalarından belə aydın olur ki, cavabdeh iddiaçı qarşısında üzərinə götürdüyü öhdəlikləri icra etməyib, satın aldığı malların dəyərini tam olaraq iddiaçıya ödəməyib,nəticədə iddiaçı qarşısında 4805 manat məbləğində borcu yaranıb. Bundan başqa, cavabdeh tərəfindən müqavilə üzrə son ödəniş xx.xx.2021-ci il tarixdə həyata keçirilib, son ödəniş tarixindən indiyədək bir təqvim ilinə yaxın müddət keçib, öhdəliyin icrası həmin müddətə gecikdirilib. Onu da nəzərə almaq lazımdır ki, cavabdehin müqavilə əsasında üzərinə götürdüyü öhdəliklərin icra edilməsi üçün zamin iddiaçı qarşısında öhdəlik götürüb. Belə olan halda, müqavilə icra edilməyib öhdəlik 4805 manat, öhdəliyin icra edilmədiyi müddət xx.xx.2021-xx.xx.2022-ci il hər gecikdirilən gün üçün 0,01% olmaqla, 153,76 manat cərimə, ümumilikdə 4958,76 manat məbləğ cavabdeh və zamindən müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir. Qeyd olunanlara əsasən cavabdehlər Cavabdeh1 Ağaəli qızından və Cavabdeh2 alqısatqı müqaviləsi üzrə ödənilməmiş 4805 manat pulun,öhdəliyin icrasının gecikdirildiyi müddət üçün 153.76 manat dəbbə pulunun və 69.58 manat dövlət rüsumunun İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh1 Ağaəli qızı iddianı qəbul etmədi və izahat verərək göstərdi ki, İddiaçı MMC ona təzə adı ilə köhnə, istifadə olunan aparat satıb. Həmin aparatın bloku yandığından o, usta dəvət etmişdi, lakin həmin usta aparata baxış keçirərkən ona dedi ki, həmin aparatın bloku bundan əvvəl də yanıb, bu ikinci dəfədir.O, dərhal bununla bağlı İddiaçı MMC-nin əməkdaşlarına müraciət etdi ki, pulunu qaytarıb aparatlarını aparsınlar, lakin onlar bildirdilər ki, aparatı satdıqdan sonra pulu qaytara bilərlər. O, həmin aparatın sənədlərini tələb etdi, lakin sənədlər ona təqdim olunmadı. Onu da bildirir ki, 8000 manata yaxın ödəniş etmişdir. Ona xarab cihaz təqdim ediblər, həmin cihazı işlədə bilmir.Qeyd olunanlara əsasən iddianın təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunan qaydada xəbərdar olunsa da məhkəməyə gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələblərini rəhbər tutaraq işə Cavabdeh2 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. İş materiallarında olan: "xxxx" MMC ilə Cavabdeh1 arasında bağlanmış 28 oktyabr 2019-cu il tarixli, 59 №-li alqı-satqı müqaviləsindən görünür ki, iddiaçı sifariş əsasında ümumi dəyəri və təyinatı müqavilənin tərkib hissəsi olan qiymətlərin razılaşdırma protokollarında əks olunan texniki avadanlıqları dəyərini nağd və ya hissə-hissə ödənilməklə cavabdehə satmağı, cavabdeh isə malı qəbul edib qaimə-fiıkturalarda əks olunan qiyməti iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür. Müqaviləyənin tərkib hissəsi olan ödəniş cədvəlindən görünür ki, satılan malın dəyəri 12000 manat müəyyən olunmuş, 3000 manat ilkin ödəniş edilməklə qalan 9000 manat hər ay 750 manat olmaqla ödənilməsi barədə razılıq əldə olunmuşdur. 28 oktyabr 2019-cu il tarixli təhvil-təslim aktından görünür ki,müqavilədə nəzərdə tutulan tibbi avadanlıqlar alıcı Cavabdeh1 təhvil verilmişdir.Cavabdeh malı təhvil alarkən onun keyfiyyati barədə hər hansı irad bildirməmişdir. "xxxx" MMC ilə Cavabdeh2 arasında bağlanmış 28 oktyabr 2019-cu il tarixli, zaminlik müqaviləsindən görünür ki,zamin iddiaçı ilə cavabdeh arasında bağlanan alqı-satqı müqaviləsinə əsasən cavabdehin öhdəliklərinin yerinə yetirilməməsinə görə cavabdeh ilə birlikdə iddiaçı qarşısında məsuliyyət daşımağı öhdəsinə götürüb. Ödəniş qəbzindən görünür ki, iddiaçı 69.58 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İşin hallarından görünür ki, iddiaçı ilə Cavabdeh1 arasında nisyə (ilkin ödənişlə) alqısatqı müqaviləsi bağlanmış,satıcı həmin müqavilədə nəzərdə tutulan avadanlıqları işlək vəziyyətdə alıcıya təhvil vermişdir. Lakin alıcı Cavabdeh1 müqaviə öhdəliklərini tam və layiqincə yerinə yetirməmişdir. Belə ki,onun həmin müqavilə üzrə ödənilməmiş 4805 manat borcu qalmışdır. Digər Cavabdeh2 zaminlik müqaviləsi ilə üzərinə götürdüyü yerinə yetirməmişdir.İddiaçı qalıq məbləğdən əlavə ödənişin gecikdirilməsinə görə 153.76 manat dəbbə pulu və 69.58 manat dövlət rüsumu tələb edir. Cavabdeh avadanlıqları aldığını etiraf etsə də həmin avadanlıqların qüsurlu olmasını, bu səbəbdən ondan istifadə edə bilməməsini bildirmiş, lakin bu faktın təsdiq olunması üçün hər hansı bir sübut təqdim etməmişdir. Qeyd olunanlara əsasən məhkəmə iddia tələbini əsaslı hesab edir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Cavabdeh1 Ağaəli qızından və Cavabdeh2 28 oktyabr 2019-cu il tarixli, 59 №-li alqısatqı müqaviləsi üzrə ödənilməmiş 4805 manat pul, öhdəliyin icrasının gecikdirilməsinə görə 153.76 manat dəbbə pulu və 69.58 manat dövlət rüsumu "xxxx" MMC-nin xeyrin tutulsun. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fikrət Mirzəyev
Məhkəmə qərarları › İş №e-2(007)-84/2023
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-84/2023
03.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver