Məhkəmə qərarları › İş №e-2(007)-866/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-866/2025

03.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-866/2025 03.04.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı iddia tələbinə dair mülki iş üzrə (Açar sözlər: “subroqasiya qaydasında pul tələbi”) Hakim Əliyeva Starə Vidadil qızının sədrliyi, Dadaşova Emina Bəhruz qızının katibliyi ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “subroqasiya qaydasında pul tələbi”nə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi. İddia tələbi :

1. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti “subroqasiya qaydasında pul tələbi”nə dair iddia ərizəsi ilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən Cavabdeh 900 manat məbləğində pul vəsaitinin və işə baxılması ilə əlaqədar məhkəmənin hesabına ödənilən 30 manat dövlət rüsumunun "xxxx" ASC-yə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

İddia tələbinin əsaslandırıldığı hallar :

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2023-ci il, saat 11:00-da Bakı şəhəri, Nizami rayonu D.Aslan küçəsində şirkətləri tərəfindən avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin sığortası növü üzrə PXA********** nömrəli sığorta şəhadətnaməsi əsasında icbari qaydada sığortalanmış “Renault 12 minik” markalı, **-LB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi Cavabdeh tərəfindən idarə edilərkən yol-nəqliyyat hadisəsi törədilmiş və nəticədə "xxxx" ASC-də avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü sığortalanmış “Ford Transit” markalı, **-XT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə maddi zərər dəymişdir. DYPİ-nin əməkdaşı tərəfindən tərtib edilmişTP6179621 saylı qərara əsasən, CavabdehAzərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2 və 332.1-ci maddəsində(Nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsinə görə) nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmişdir. Tərtib edilmiş Qüsur aktında göstərilmişdir ki, “Ford Transit” markalı, **-XT-*** dövlət nömrə nişanlı avtomobilə vurulmuş maddi zərər 900.00 (doqquz yüz) manat təşkil edir. Hadisə ilə əlaqədar olaraq, "xxxx" ASC tərəfindən “Ford Transit” markalı, **-XT-*** dövlət nömrə nişanlı avtomobilə vurulmuş maddi zərəri qarşılamaq məqsədi ilə 900.00 (doqquz yüz) manat məbləğində sığorta ödənişi ödənilmişdir. Baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində dəymiş zərərə görə Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən təsdiq edilmiş və 2022‐ci il 1 noyabr tarixindən sonra baş vermiş sığorta hadisələrinə şamil edilmiş “Yol-nəqliyyat hadisəsində zərərçəkənin idarə etdiyi avtonəqliyyat vasitəsinə dəyən zərərin ödənilməsi ilə bağlı sığortaçılar arasında qarşılıqlı ödəmələrin tənzimlənməsinə dair” qaydasına əsasən "xxxx" ASC-dən "xxxx" ASC-nin hesabına loto sistemi vasitəsi ilə sığorta ödənişi tutulmuşdur.

İş materialları :

3. “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığorta şəhadətnaməsi”ndən görünür ki, PXA********** nömrəli “İcbari Sığorta müqaviləsi”nə əsasən 10LB581 dövlət qeydiyyat nişanlı “Renault minik” markalı avtomobil "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən xx.xx.2023-ci il saat 13:42:20-dən xx.xx.2024-cü il saat 13:42:20-dək sığortalanmışdır. Həmin müqavilə ilə əmlaka vurulan zərərə görə 5000 manat, sağlamlığa vurulan zərərə görə 5000 manat, bir hadisə üzrə 50.000 manat sığorta ödənişi nəzərdə tutulmuşdur.

4. Nizami rayon DYPŞ tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il , TP seriyalı, ******* nömrəli “inzibati tənbeh vermə haqqında” qərarın surətindən görünür ki, Cavabdeh 10LB581 dövlət qeydiyyat nişanlı “Reanult 12 minik” markalı avtomobil etibarnaməsiz idarə edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2 və 332.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir.

5. “KİA Motors “ tərəfindən tərtib edilmiş “qüsur aktı”ndan görünür ki, “Ford” markalı, **- XT-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyan ehtiyat hissələrinə görə 440 manat, xidmət haqqı üzrə 460 manat olmaqla, cəmi 900 manat qiymətləndirilmişdir.

6. Azərbaycan Respublikası DİN Nizami rayon DYPŞ-si tərəfindən tərtib edilmiş “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə” arayışın surətindən görünür ki, xx.xx.2023-ci il tarixində saat 11:00 dəqiqədə Bakı şəhəri, D.Aslan küçəsində toqquşma növlü yol-nəqliyyat hadisəsi baş vermişdir. Yol-nəqliyyat hadisəsinin baş verməsində təqsiri olan şəxslər barədə məlumatdan görünür ki, yol-nəqliyyat hadisəsini törətmiş avtonəqliyyat vasitəsinin sürücüsü Cavabdeh, mülkiyyətçisi X8, avtonəqliyyat vasitəsinin markası-Reanult 12 minik, dövlət qeydiyyat nişanı **-LB-***-dir. Sürücü barədə başlanmış icraatın növü inzibati icraat və tarixi xx.xx.2023-cü ildir. Hadisə nəticəsində “Ford Transit” markalı **-XT-*** dövlət qeydiyyat nişanlı avtomobilə zərər dəymişdir. Hadisə zamanı “Ford Transit” markalı **-XT-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsini mülkiyyətçisi X4 olsa da, X2 idarə etmişdir.

8. Azərbaycan Respublikası DİN Nizami rayon DYPŞ-si tərəfindən tərtib edilmiş “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə” arayışın surətindən görünür ki, hadisə baş verdiyi an Cavabdeh BB seriyalı, 131878 nömrəli sürücülük vəsiqəsi olmuşdur.

9. İş materiallarına “Yol-nəqliyyat hadisəsinin sxemi” əlavə edilmişdir.

10. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2024-ci il tarixli, 558 nömrəli pretenziya məktubundan görünür ki, hadisə zamanı nəqliyyat vasitəsini etibarnamə olmadan idarə etdiyi nəzərə alınaraq 867.09 manat məbləğində sığorta ödənişini subroqasiya qaydasında "xxxx" ASC-nin aşağıda qeyd olunmuş bank hesabına və ya “Milliön” aparatlarından 7 iş günü ərzində könüllü ödəməsi təklif edilmiş, əks təqdirdə qeyd olunan məbləği məhkəmə qaydasında tələb edəcəyi bildirilmişdir.

11. BB seriyalı, 131878 nömrəli Azərbaycan Respublikasının Sürücülük Vəsiqəsinin surətindən görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixdən xx.xx.2029-cu il tarixədək sürücülük hüququ mövcuddur.

12. xx.xx.2024-ci il tarixli, 0150824/01 nömrəli “yol-nəqliyyat hadisəsində zərərçəkənin idarə etdiyi avtonəqliyyat vasitəsinə dəyən zərərin ödənilməsi ilə bağlı” ödəniş aktından görünür ki, "xxxx" ASC tərəfindən xx.xx.2024-cü il tarixdə X3 900 manat məbləğində ödəniş edilmişdir.

13. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi PHŞ-nin “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə”yə dair xx.xx.2023-cü il tarixli, 2/53412 nömrəli protokoldan görünür ki, hadisə baş verən zaman Cavabdeh alkoqol qəbulu əlamətləri olmamışdır.

14. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi PHŞ-nin “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə”yə dair xx.xx.2023-cü il tarixli, 2/55416 nömrəli protokoldan görünür ki, hadisə baş verən zaman X1 alkoqol qəbulu əlamətləri olmamışdır.

15. xx.xx.2024-cü il tarixli ********** nömrəli mədaxil qəbzindən görünür ki, iddiaçı "xxxx" ASC tərəfindən məhkəməyə müraciət etmək üçün 30 manat dövlət rüsumu və 0.4 qəpik bank xidmət haqqı ödənilmişdir.

16. İş materiallarına cavabdeh tərəfindən müayinə və müalicə olunmasına dair materiallar əlavə edilmişdir.

Tərəflərin izahatları :

17. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iddiaçı və cavabdeh məhkəmə iclasına gəlməmişlər.

18. Belə olan halda, məhkəmə AR MPM-nin 185-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Məhkəmə baxışının hədləri:

19. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin :

14.2. məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

77. hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.

Tətbiq edilən hüquq :

20. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin :

107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 124.2. İddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır.

21. Azərbaycan Respublikasının Mülki Məcəlləsi :

936.1. Subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. 936.2. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. 936.5. sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən, dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. 1108.2. Yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. 1115. Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur.

22. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun:

25.1. Sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ aşağıda göstərilən hallarda yaranır: 25.1.3. İcbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. 52.1. Avtonəqliyyat vasitəsinin Azərbaycan Respublikasının ərazisində istifadəsi nəticəsində zərərçəkən üçüncü şəxslərin sağlamlığına və (və ya) əmlakına dəymiş zərərin əvəzinin ödənilməsi üzrə mülki məsuliyyətin yaranması faktı sığorta hadisəsi hesab olunur. 53.1. Mülkiyyətində avtonəqliyyat vasitəsi olan, yaxud avtonəqliyyat vasitəsinə faktiki sahibliyi həyata keçirən, yəni onu icarə və ya digər əşya hüquqlarına dair müqavilə və ya etibarnamə əsasında idarə edən, yaxud digər qanuni əsaslarla istismar edən şəxslər bu Fəslin məqsədləri üçün avtonəqliyyat vasitəsinin sahibi hesab olunurlar.

İşin faktiki halı :

23. “Xalq Sığorta" ASC tərəfindən "xxxx" ASC ilə sığortalı Cavabdeh arasında bağlanılmış xx.xx.2023-cü il tarixli, PXA********** nömrəli müqaviləyə əsasən **-LB-*** dövlət qeydiyyat nişanlı “Reanult 12 minik” markalı avtomobil xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası ilə sığortalanmışdır.

24. xx.xx.2023-cü il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində Cavabdeh etibarnaməsiz idarə etdiyi X6 mülkiyyətində olan **-LB-*** dövlət qeydiyyat nişanlı “Reanult 12 minik” markalı avtomobil ilə yol hərəkət qaydalarını pozmuş, nəticədə “Ford Transit” markalı **-XT-*** dövlət qeydiyyat nişanlı avtomobilə zərər vurmuşdur.

25. Hadisədən sonra “Reanult 12 minik” markalı, **-LB-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən Cavabdeh barəsində “inzibati tənbeh vermə haqqında” qərar qəbul edilmiş və o, həmin qərarla Azərbaycan Respublikası İXM-nin 332.1 və 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir.

26. Hadisə nəticəsində “Ford Transit” markalı, **-XT-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin miqdarı “KİA Motors” tərəfindən qiymətləndirilərək 900 manat məbləğində müəyyən edilmişdir. Həmin məbləğdə sığorta ödənişi iddiaçı "xxxx" ASC tərəfindən faydalananan şəxsə ödənilmişdir.

Məhkəmənin mövqeyi :

27. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, cavabdehin izahatını nəzərə alaraq, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia tələbi təmin edilməməlidir.

28. Belə ki, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsində icbari sığorta üzrə subroqasiya hüququnun yaranmasının əsasları müəyyən edilmişdir. İddiaçı "xxxx" ASC həmin normada sadalanan əsaslardan biri hazırki mülki işin faktiki halına uyğun gəldiyi üçün həmin əsasla icbari sığorta məbləğini geri tələb etmişdir. Həmin əsas-hadisə zamanı sürücünün avtomaşını idarə etməyə hüququ olmaması halıdır.

29. Qeyd olunan normada deyilir ki, icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır (maddə 25.1.3).

30. Cavabdeh avtomobili etibarnamə olmadan idarə etməsi onun avtomobili idarə, istifadə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs kimi qəbul etməyə əsas vermir və buna görə də sığorta şirkətinin bu əsasla subroqasiya hüququ yarana bilməz. Çünki, “hüququ olmayan şəxs” dedikdə, nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan, başqa sözlə sürücülük vəsiqəsi olmayan şəxs nəzərdə tutulur. Qanunun məqsədi də bundan ibarətdir.

31. Belə ki, sürücülük hüququ olmayan şəxsin avtomobili idarə etməsi təhlükəli hal olduğuna və sığorta hadisələrinin baş verməsi riskini artırdığına görə qanunverici bilərəkdən qeyd olunan əsası qanuna daxil etmişdir ki, həm sığortalılar sürücülük hüququ olmayan şəxslərə avtomobili idarə etmək üçün verməsinlər, həm də sonuncular belə bir hüquqları olmadan avtomobili idarə etməsinlər.

32. Bu cür əsasın qanunda olması həm də sığorta şirkətlərini əsassız maliyyə itkisinə məruz qalmaq riskindən də qoruyur. Çünki, bu əsasın olmasına görə nəzəri və praktiki biliyi olmayan “sürücü”lərin hərəkətlərindən sığorta şirkətləri faktiki olaraq qanunla müdafiə olunurlar. Lakin sürücülük hüququ olmadan avtomobili idarə etmə ilə, etibarnamə olmadan avtomobili idarə etmə fərqli anlayışlarıdır. Yəni, etibarnamə olmadan avtomobili idarə edən şəxs sürücülük hüququ olmayan şəxs demək deyildir. Etibarnamənin olmaması sığortanın məqsədləri baxımından əhəmiyyət kəsb etmir. Kifayətdir ki, avtomobili idarə etmək üçün qanuni əsas olsun. Qanuni əsas isə “İcbari sığortalar haqqında” Qanunun 53.1-ci maddəsində nəzərdə tutulmuşdur. Həmin maddədə qeyd olunur ki, mülkiyyətində avtonəqliyyat vasitəsi olan, yaxud avtonəqliyyat vasitəsinə faktiki sahibliyi həyata keçirən, yəni onu icarə və ya digər əşya hüquqlarına dair müqavilə və ya etibarnamə əsasında idarə edən, yaxud digər qanuni əsaslarla istismar edən şəxslər bu Fəslin məqsədləri üçün avtonəqliyyat vasitəsinin sahibi hesab olunurlar. Göründüyü kimi, bu qanunda avtomobili yalnız etibarnamə əsasında idarə edən deyil, həm də icarə yaxud digər əşya hüquqlarına dair müqavilə və ya digər qanuni əsaslarla idarə edən şəxs məhz bu qanunun məqsədləri üçün avtomobilin sahibi hesab olunurlar. Ona görə də etibarnamə olmadan avtomobilin idarə edilməsi onun hüququ olmayan şəxs tərəfindən idarə edilməsi demək deyildir.

33. İradənin yazılı və ya şifahi formada ifadə edilməsindən asılı olmayaraq avtomobilin istismarı mülkiyyətçinin iradəsinə uyğun olması kifayətdir ki, qanuni əsas mövcud olsun. Mülki hüquqa görə avtomobil əşyadır və onun idarə edilməsi əşyadan istifadə edilməsi kimi qəbul edilmir. Əgər avtomobilin başqa şəxs tərəfindən idarə edilməsi mülkiyyətçinin razılığına əsasən həyata keçirilirsə, bu o deməkdir ki, mülkiyyətçi ilə həmin şəxsin arasında istifadə müqaviləsi mövcuddur.

34. Azərbaycan Respublikası DİN Nizami rayon DYPŞ-si tərəfindən tərtib edilmiş “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə” arayışın surətindən görünür ki, hadisə baş verdiyi an Cavabdeh BB seriyalı, 131878 nömrəli sürücülük vəsiqəsi olmuşdur.

35. Həmçinin məhkəmə qeyd edir ki, avtomobilin idarə etmək hüququ olmayan şəxs tərəfindən idarə edilməsinə görə məsuliyyəti inzibati xətalar qanunverciliyi müəyyən etmişdir. Bu məsuliyyəti müəyyən etməkdə inzibati xətalar qanunverciliyinin iki məqsədi vardır: birincisi, avtomobil mülkiyyətçilərinin mənafeyi müdafiə olunsun və başqa şəxslər mülkiyyətçinin iradəsi olmadan avtomobilə sahiblənə bilməsinlər; ikincisi, yol hərəkəti sahəsində hüquqpozmalara qarşı mübarizə imkanları gücləndirilsin, yəni qayda pozuntusu zamanı avtomobili idarə edən şəxsin (sürücünün) şəxsiyyətinin müəyyən edilməsi və məsuliyyətə cəlb olunması mümkün olsun. Göründüyü kimi, bu normanın sığortaçıların mənafeyinin qorunması ilə bağlı məqsədi yoxdur.

36. Qeyd olunanları nəzərə alaraq məhkəmə qeyd edir ki, sığorta şirkətinin hazırkı halda avtomobili idarə edən şəxsdən, Cavabdeh ödənilmiş sığorta məbləğini geri tələb etməyə subyektiv hüququ yaranmamışdır.

37. “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin MKnın 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.

Məhkəmə xərcləri.

38. İddiaçı "xxxx" ASC ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun əvəzinin cavabdehdən tutulması tələbini irəli sürmüşdür.

39. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır.

40. Məhkəmə qeyd edir ki, iddia təmin edilmədiyindən iddiaçı "xxxx" ASC-nin iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman ödədiyi 30 manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilməlidir.

Nəticə :

41. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək qeyd edir ki, iddia təmin edilməməli, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı olan ödənilmiş 900 manat sığorta ödənişinin və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməsinə dair iddia tələbi rədd edilməlidir.

42. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Qət Etdi:

İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı 900 manat sığorta ödənişi və 30 manat dövlət rüsumunun tutulmasına dair iddia tələbi təmin edilməsin. İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Starə Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar