Məhkəmə qərarları › İş №e-2(007)-92/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-92/2024

08.04.2024 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-92/2024 08.04.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iddia tələbinə dair mülki iş üzrə (Açar sözlər: “qanunsuz tikilinin sökülməsi” tələbi) Hakim Yusifova Ülkər Bayram qızının sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Xədicə Rəşid qızının katibliyi, İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X1, Cavabdeh2, onun vəkilləri və nümayəndələri Vəkil2 və Vəkil1 iştirakları ilə, İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “qanunsuz tikilinin sökülməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, Tələb:

1. İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti cavabdehlər X5 və Cavabdeh1 İsrafil qızına qarşı “qanunsuz tikilinin sökülməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, NZS ərazisindən keçən dəmir yolunun mühafizə zonasında qazma yataq üzərində inşa edilmiş qanunsuz tikililər cavabdehlər X3 və Cavabdeh1 hesabına sökülərək dəmir yolunun mühafizə zonasından kənarlaşdırılması, 100 manat məbləğində ödənilmiş dövlət rüsumunun cavabdehlər X2 və Cavabdeh1 müştərək qaydada tutularaq "xxxx" QSC-nin hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

2. Cavabdeh X8 Bakı şəhəri Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqularının Qeydiyyatı tərəfindən xx.xx.2004-cü il tarixdə əri Cavabdeh2 verilmiş hesabatı təqdim etmişdir.

3. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 51-ci maddəsinə əsasən iddiaçının nümayəndəsinə Cavabdeh2 cavabdeh qismində cəlb edilməsinə dair təklif irəli sürmüşdür. Məhkəmə Cavabdeh2 cavabdeh qismində cəlb edilmişdir.

Ərizənin əsaslandırıldığı hallar:

4. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" QSC-nin (ADY) balansında olan Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, NZS ərazisindən keçən dəmir yolunun mühafizə zonasında qazma yataq üzərində torpaq sahələrinin zəbt edilərək qanunsuz tikinti işlərinin aparılması aşkar edilmişdir. Müəyyən olunmuşdur ki, həmin ərazidə dəmir yolunun mühafizə zonasının eni 24 metr təşkil etdiyi halda X8 və Cavabdeh1 tərəfindən 6 metr məsafədə tikinti işləri aparılmışdır. Dəmir yolu xəttinin qazma yataqda çəkilməsi, həmçinin hazırda bu evlərin qəzalı vəziyyətdə olması və həmin dəmir yolu xətti ilə neft və neft məhsullarının daşınması təhlükəliliyi daha da artırır, gələcəkdə neqativ halların baş verməsini qaçılmaz edir. ADY-yə daxil olmuş Bakı Şəhəri Nizami Rayon İcra Hakimiyyətinin xx.xx.2022-ci il tarixli 11-19/138 nömrəli məktubunda həmin ərazidə yerləşən qəzalı vəziyyətdə olan fərdi yaşayış evlərinin X6 və Cavabdeh1 məxsus olması qeyd edilmişdir. Bununla bağlı ADY-nin aidiyyəti işçilərinin iştirakı ilə həmin əraziyə xx.xx.2022-ci il tarixdə baxış keçirilmiş, qeyd edilən fakt bir daha öz təsdiqini tapmışdır. Bu səbəbdən ADY hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

Tərəflərin izahatları:

5. Məhkəmə iclasında iştirak edən iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X4 iddia tələbini müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etdi.

6. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 bildirdi ki, iddia tələbini qəbul etmir. Sözügedən ev sovet dövründə illər öncə tikilib. 60-cı illərdə evlər tikiləndə dövlət bilirdi ki, mühafizə zonasına düşür, icazə vermişdi ki, orada evlər tikilsin. Qəbzlər var, kommunal xidmətlərlə bağlı ödənişlər etmişdir. Ev çox pis vəziyyətdədir. Evlər dəmir yolunun qazıntısı nəticəsində bu günə düşüb. Qapılar bağlanmır. 20 ildir ki, orada yaşayır. Evi alıb, özü tikməyib.

7. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 vəkilləri və nümayəndələri Vəkil2 və Vəkil1 bildirdilər ki, iş üzrə məhkəmə tikinti-texniki ekspertizası keçirilib. Həmin rəyə əsasən ev dəmir yolunun təhlükəsizlik mühafizə zonasında yerləşir. Ancaq ekspert rəy verərkən Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli 33 nömrəli qərarı ilə təsdiq olunmuş “Dəmir yol təyinatlı torpaqlardan və dəmir yolunun xüsusi mühafizə zonasına aid torpaqlardan istifadə olunması qaydaları”na əsaslanıb. Təqdim etdiyi sənədlərdən görünür ki, ev 60-cı illərdə tikilib. Ekspertin əsaslandığı qaydalar 2005ci ildə təsdiq olunub. Azərbaycan Respublikası Konstitusiyasının müddəalarına əsasən vətəndaşların hüquqi vəziyyətini pisləşdirən normativ aktların geriyə qüvvəsi yoxdur. Həmçinin xx.xx.2004-cü il tarixli hesabatdan görünür ki, Bakı Şəhər İcra Hakimiyyəti onun evini şəxsi tikili kimi tanıyıb və onun qiymətləndirilməsini öz möhürü ilə təsdiq edib. Ona görə onun evi qanunsuz tikili kimi sökülə bilməz. Əgər sökülərsə cavabdehə kompensasiya verilməlidir. İllərdir ki, cavabdeh o evdə yaşamış, o evdə toyu olmuş və o evdə övladları dünyaya gəlmişdir. Hazırda oğlu Kəlbəcərdə hərbi xidmətdədir.

8. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş Cavabdeh1 bildirmişdir ki, iddia tələbini qəbul etmir. iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir.

9. Cavabdeh1 məhkəmə baxışı iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir.

10. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir.

11. Məhkəmə işə Cavabdeh1 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

12. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iddia tələbinin dəlillərini və işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir.

İş materialları:

13. Bakı Şəhəri Nizami Rayon İcra Hakimiyyətinin başçısının 21 iyul 2022-ci il tarixli məktubundan görünür ki, Bakı şəhəri, Nizami rayonunun Keşlə qəsəbəsindəki NZS yaşayış massivindən keçən dəmiryolu xəttinin mühafizə zolağına düşən hissəsində, Y.Səfərov küçəsində uzun illər öncə sakinlər tərəfindən özbaşına fərdi yaşayış evləri inşa edilmişdir. Bu ərazidə yerləşən 4 (dörd) tərəflərindən Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinə müraciət olunmuş və bunun əsasında Agentliyin “Azərinşaatlayihə” Dövlət Baş Layihə-Konstruktor və Texnoloji İnstitutu tərəfindən sözügedən yaşayış evlərinə vizual texniki baxış keçirilərək müvafiq akt tərtib edilmişdir. Agentliyin mütəxəssislərinin verdiyi 21 iyun 2019-cu il tarixli rəyə əsasən, Şakir Əliyevə, Cavabdeh1, Hacınisə Qurbanovaya və Səidi Şəhriyara məxsus sözügedən evlər metal boru dayaqlar və tirlər üzərindəki meydançada inşa edilmişdir. Bu meydançanın istismara yararsız vəziyyətini, evin divarlarında yaranmış çatları və qatarların hərəkəri zamanı ciddi titrəyişlərə məruz qalmasını nəzərə alaraq, Fövqəladə Hallar Nazirliyinin göstərilən texniki araşdırma ilə məşğul olan əməkdaşları evin texniki vəziyyətini qəzalı kimi qiymətləndirmişlər. Bununla əlaqədar Agentliyin mütəxəssisləri hesab edir ki, sakinlər köçürülməli, evlərə giriş qadağan edilməli, evə daxil olan kommunikasiya xətləri (qaz, su, işıq və s.) kəsilməli, evin ətrafı çəpərlənməli və digər təhlükəsizlik tədbirləri görülməlidir. Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarının verdiyi mütəxəssis rəyinə əsasən Rayon İcra Hakimiyyətinin dəfələrlə etdiyi cəhdə baxmayaraq qeyd olunan ünvanda yaşayan sakinlər müvafiq qabaqlayıcı və möhkəmləndirmə işlərinin aparılmasına öz etirazlarım bildirmiş və evlərinin sökülərək kompensasiya və ya mənzillə təmin olunmaqlarını tələb etmişlər. Məlumat üçün bildirir ki, Keşlə stansiyasının 2-ei blok postundan Yeni Bakı Neftayırma zavoduna gedən dəmir yolu vasitəsi ilə Dübəndi Terminalından göndərilən neft və neft məhsullarının, habelə "xxxx" QSC üçün aviasiya kerosininin daşınması həyata keçirilir. Həmin ərazidən keçən dəmiryolu xətlərinin ətrafındakı yaşayış evlərinin strateji məhsullar daşınan ərazidə dəmiryolu xətlərinin mühafizə zonasında yerləşməsi, qatarların hərəkəti zamanı müxtətiv növ təhlükələrin, fövqəladə hadisələrin baş verməsinə səbəb ola bilər. Qeyd olunan ünvanda fövqəladə hadisənin yarandığı zaman xüsusi təyinatlı texnikanın həmin əraziyə yaxınlaşmasına ciddi problemlər yarada bilər. Bununla əlaqədar olaraq həmin ərazidə baş verə biləcək fövqəladə hadisənin qarşısının alınması məqsədi ilə dəmir yolu xətlərinin mühafizə zonasında yerləşən özbaşına inşa edilmiş fərdi yaşayış evlərinin köçürülməsinə zərurət yaranmışdır. Sözügedən ərazidən 2017-ci ilin avqust ayından başlayaraq 2018-ci ilin mart ayına qədər "xxxx" QSC tərəfindən 477 fərdi yaşayış evinin köçürülməsi həyata keçirilmişdir. Qeyd olunanları nəzərə alaraq Keşlə qəsəbəsi, Y.Səfərov küçəsi 32 ünvanında uzun illər öncə özbaşına inşa edilmiş və hal-hazırda qəzalı vəziyyətə düşmüş fərdi yaşayış evlərinin sakinlərinin təhlükəsizliyinin təmin olunması məqsədi ilə müvafiq tədbirlərin görülməsi üçün köməklik göstərilməsini xahiş etmişdir. 14.21 iyun 2019-cu il tarixli aktdan görünür ki, Cavabdeh1 məxsus fərdi yaşayış evi 1965-cı illərdə tikilib, NZS qəsəbəsi ərazisində dəmiryolunun mühafizə zonasında, dəmiryolu xətti səviyyəsindən 6-7 metr yüksəklikdə, yamacda yerləşir. Birmərtəbəli ev qismən düzbucaqlı formada, ümumi sahəsi 45.76 m2 olub, qonşu evə bitişik inşa edilmişdir. Mərtəbənin hündürlüyü 2,6 metrdir. Evin yükdaşıyan divarlarının qalınlığı 40 sm, arakəsmələrin qalınlığı isə 20 sm olmaqla, mişarlanmış əhəngdaşından tikinti norma və qaydalarına əməl edilmədən tikilmişdir. Evə giriş hissəsi, mətbəx və ayaqyolu yamacda primitiv qaydada metal boru dayaqlar və tirlər üzərində düzəldilmiş meydançada inşa edilmişdir. Evin tavan və döşəmələri dikt, qapı və pəncərələri ağac materialındandır. Evin damı, biryamaclı çardaq tipli olmaqla, ağac materialı üzərində dalğalı azbest-şifer materialındandır. Evin əksər divarları və suvaq qatı fiziki köhnəlmələrdən, dəmiryolu xəttində hərəkət edən qatarların mütəmadi olaraq dinamiki titrəyişlərindən və mənzillərin uzun müddət təmirsiz istismarından ovulub yararsız hala düşmüşdür. Mətbəx, hamam və ayaqyolunun divarlarında nəmişlik əlamətləri nəticəsində eni 2-4 mm olan müxtəlif istiqamətli birtərəfli çatlar yaranmışdır. Sakinlər tərəfindən mənzillərdə su, kanalizasiya və işıq xətləri pərakəndə qaydada çəkilmişdir. Borulardan və damın yararsız örtüklərindən daxilə su sızmaları mövcuddur. Otaqların pəncərə boşluqlarında ağac atmaların bəzilərinin çürüməsi müşahidə olundu. Yamacda primitiv inşa edilmiş meydança hazırda istismara yararsız vəziyyətdədir və hər an uçma təhlükəsi vardır. 4 nəfərdən ibarət ailə üzvünün həyatı üçün yolverilməz şərait yaranmışdır. Evin girişinin, hündürlükləri 6-7 metr olan metal boru dayaqlar və tirlər üzərindəki meydançada inşa edildiyini, bu meydançanın istismara yararsız vəziyyəti və hər an uçma təhlükəsinin olduğunu, dəmiryolunun mühafizə zonasında yerləşməsini və evdə yaranmış çatların mövcudluğunu nəzərə alaraq, evin texniki vəziyyəti yolverilməzdir. Evin girişinin altında yerləşən metal estakadanın və meydançanın təhlükəsiz istismarı üçün konstruktiv tədbirlərin görülməsi zəruridir. Hacınisə Qurbanovaya məxsus fərdi yaşayış evi 1960-cı illərdə NZS qəsəbəsi ərazisində dəmiryolunun mühafizə zonasında, dəmiryolu xəttindən 6-7 metr yüksəklikdə yamacda yerləşir. Birmərtəbəli ev qismən düzbucaqlı formada olub, 32,46 m2 sahədə qonşu evə bitişik halda inşa edilmişdir. Mərtəbənin hündürlüyü 2,6 metrdir. Evin yükdaşıyan divarlarının qalınlığı 40 sm, arakəsmələrin qalınlığı isə 20 sm olmaqla, mişarlanmış əhəngdaşı ilə tikinti norma və qaydalarına əməl edilmədən tikilmişdir. Evə giriş hissəsi, hamam və ayaqyolu, yamacda metal boru dayaqlar və tirlər üzərində düzəldilmiş meydançada inşa edilmişdir. Evin tavan və döşəmələri dikt, qapı və pəncərələri ağac materialındandır. Evin damı biryamaclı, çardaq tipli olmaqla ağac materialı üzərində dalğalı azbest-şifer matenalındandır. Evə giriş üçün metal boru dayaqları üzərində primitiv qaydada düzəldilmiş meydançanın örtüyü yararsız vəziyyətdə olduğundan hər an uçma təhlükəsi vardır. Evin əksər divarları və suvaq qatı fiziki köhnəlmələrdən, dəmiryolu xəttində hərəkət edən qatarların mütəmadi olaraq dinamiki titrəyişlərindən və mənzillərin uzun müddət təmirsiz istismar olunduğundan ovulub yararsız hala düşmüşdür. Sakinlər tərəfindən mənzillərdə pərakəndə qaydada su, kanalizasiya və işıq xətləri çəkilmişdir. Borulardan və damın yararsız örtüklərindən daxilə su sızmaları mövcuddur. Otaqların pəncərə boşluqlarında ağac atmaların bəzilərinin çürüməsi müşahidə olundu. Mətbəxdə, hamamda və ayaqyolunun divarlarında nəmişlik əlamətləri nəticəsində eni 2-4 mm olan müxtəlif İstiqamətli birtərəfli çatlar yaranmışdır. Tikilidə yaşayan ailənin özləri üçün ayrıca tikdikləri hamam və ayaqyolunun divarlarında suların sızması nəticəsində əmələ gələn nəmişlik suvaqların tökülməsinə səbəb olmuş və eni 1-6 mm olan çoxlu sayda müxtəlif istiqamətli birtərəfli çatlar yaratmışdır. Yamacda primitiv inşa edilmiş meydança hazırda istismara yararsız vəziyyətdədir və hər an uçma təhlükəsi vardır. 3 nəfərdən ibarət ailə üzvünün həyatı üçün yolverilməz şərait yaranmışdır. Evin giriş hissəsi, hamam və ayaqyolu, yamacda dəmiryolunun mühafizə zonasında hündürlükləri 6-7 metr olan metal boru dayaqlar və tirlər üzərindəki meydançada inşa edildiyini, bu meydançanın istismara yararsız vəziyyətini, evin divarlarında yaranmış çatların mövcudluğunu və qatarların hərəkəti zamanı ciddi titrəyişlərə məruz qalmasından hər an uçma təhlükəsinin olduğunu nəzərə alaraq, evin texniki vəziyyəti yolverilməz kimi qiymətləndirilir. Evin giriş hissəsi, hamam və ayaqyolunun altında yerləşən metal estakadanın və meydançanın təhlükəsiz istismarı üçün konstruktiv tədbirlərin görülməsi zəruridir.

15. Kommunal xidmətlərə dair qəbzlərdən görünür ki, ünvan 1 ünvanında yerləşən evə dair kommunal xidmətlər Cavabdeh1 adınadır.

16. Kommunal xidmətlərə dair qəbzlərdən görünür ki, ünvan 2 ünvanında yerləşən evə dair kommunal xidmətlər Cavabdeh2 adınadır.

17. Bakı şəhəri Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqularının Qeydiyyatı tərəfindən xx.xx.2004-cü il tarixdə Cavabdeh2 fiziki şəxslər tərəfindən özbaşına tikilmiş yaşayış evlərinin qiymətləndirilməsinə dair hesabat verilmişdir.

18. Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Azərbaycan Respublikasının Nazirlər Kabinetinə ünvanlandığı 13 oktyabr 2022-ci il tarixli məktubdan görünür ki, Azərbaycan Respublikasının Maliyyə Nazirliyində ünvan 4 ünvanda yerləşən dord fərdi yaşayış evinin sakinlərinin təhlükəsizliyinin təmin olunması məqsədilə birdəfəlik maddi yardım ödənilməklə onların köçürülməsi və bu evlərin sökülməsinin məqsədəuyğun hesab edildiyi barədə Bakı Şəhər İcra Hakimiyyətinin məktubuna və əlavələrə aidiyyəti üzrə baxılmışdır. Sözügedən evlərin texniki vəziyyətinə dair Fövqəladə Hallar Nazirliyinin aktından göründüyü kimi, bu tikililər 1960-cı illərdə dəmir yolunun mühafizəsi zonasında özbaşına olmaqla yamacda və hir hissəsi metal boru dayaqlar və tirlər üzərində primitiv qaydada düzəldilmiş meydançada tikinti norma-qaydalarına əməl olunmadan inşa edilmiş və fiziki köhnəlmədən, qatarların hərəkətindən yaranan titrəyişlərdən və uzun müddət təmirsiz istismar edildiyindən yararsız hala düşmüşdür. Eyni zamanda, daxil olmuş məktubda fərdi evlərin sakinlərinin maddi yardım müqabilində köçürülməsi haqda qərarın hansı instansiyada qəbul edildiyi barədə məlumat verilməmişdir. Ölkə ərazisində dövlət əhəmiyyətli strateji magistral boru kəmədən və kommunikasiyaların (qaz, neft kəmərləri, dəmir yolu, elektrik verilişi xətləri və s) mühafizə zonasında yerləşən şəhərsalma və tikintiyə dair normativlər pozulmaqla özbaşına inşa edilmiş kifayət qədər yaşayış evlərinin mövcud olduğunu və sözügedən dörd fərdi evin sakinlərinin maddi yardım verilməklə köçürülməsinin arzuolunmaz presedentə səbəb ola biləcəyini nəzərə alaraq, məsələnin "xxxx" QSC tərəfindən hüquq-məhkəmə müstəvisində həllini dəstəkləyir və gələcəkdə bu qəbildən olan müraciətlərin mövcud qanunvericiliyin tələblərinə uyğun tənzimlənməsini təklif etmişlər.

19. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 30 dekabr 2023-cü il tarixli, 3-16-16/2-10/5856 nömrəli ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli, 33 nömrəli qərarı ilə təsdiq edilmiş “Dəmir yolu nəqliyyatı təyinatlı torpaqlardan və dəmir yolunun xüsusi mühafizə zonasına aid torpaqlardan istifadə olunması Qaydaları”nın 2-ci hissəsində və 21-ci bəndində göstərilənləri nəzərə alaraq ünvan 5 ünvanında yerləşən Cavabdeh2 və Cavabdeh1 İsrafil qızının istifadələrində olan fərdi yaşayış evləri NZS ərazisindən keçən dəmir yolunun mühafizə zonasına düşdüyü müəyyən edilmişdir.

İşin faktiki halları:

20. Məhkəmə iclasında müəyyən edildi ki, Bakı şəhəri, Nizami rayonu, Y.Səfərov küçəsi ev 32 ünvanında yerləşən 41 saylı fərdi yaşayış evi Cavabdeh1 və 54 saylı fərdi yaşayış evi Cavabdeh2 məxsusdur. Həmin fərdi yaşayış evlərinə dair kommunal xidmətlərə görə cavabdehlər tərəfindən ödənişlər edilmişdir. Tətbiq edilən hüquq:

21. Azərbaycan Respublikası Konstitusiyasının:

1. İnsan və vətəndaş hüquq və azadlıqlarının dövlət müdafiəsinin təminatlılığı Konstitusiyanın 12-ci maddəsində öz əksini tapmış dövlətin ali məqsədi ilə bağlıdır. Həmin maddəyə müvafiq olaraq vətəndaşların hüquq və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir. Hakimiyyətin ayrı-ayrı qolları insan hüquq və azadlıqlarının qorunmasına görə cavabdehlik daşıyır. Konstitusiyanın 71-ci maddəsinin 1-ci hissəsinə müvafiq olaraq Konstitusiyada təsbit olunmuş insan və vətəndaş hüquq və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur.

2. Hər kəsin mənzil toxunulmazlığı hüququ vardır.

22. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

7-ci maddəsinə əssən Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsində nəzərdə tutulanlar istisna olmaqla, mülki qanunvericilik müddəalarının geriyə qüvvəsi yoxdur və onlar qüvvəyə mindikdən sonra əmələ gəlmiş münasibətlərə tətbiq edilir; qanunla birbaşa nəzərdə tutulmuş hallarda mülki qanunvericiliyin geriyə qüvvəsi ola bilər; mülki hüquq subyektlərinə ziyan vurarsa və ya onların vəziyyətini pisləşdirərsə, mülki qanunvericiliyin geriyə qüvvəsi ola bilməz. 180.4-cü maddəsinə əssən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər.

23.Azərbaycan Respublikası Mənzil Məcəlləsinin:

5.3-cü maddəsinə əsasən bu Məcəllədə və digər qanunlarda nəzərdə tutulmuş əsaslar və qayda istisna olmaqla, heç kəs yaşayış sahəsindən çıxarıla bilməz və ya heç kimin yaşadığı sahədən istifadə hüququ, o cümlədən kommunal xidmətlərdən istifadə etmək hüququ məhdudlaşdırıla bilməz. 9.1-ci maddəsinə əsasən mənzil hüquqlarının müdafiəsi qanunvericiliklə nəzərdə tutulmuş qaydada və hallarda məhkəmə qaydasında həyata keçirilir.

24. Avropa İnsan Hüquqları Məhkəməsinin “S.Əhmədovanın Azərbaycana qarşı” iş üzrə 18 noyabr 2021-ci il tarixli Qərarı:

Konvensiyanın 8-ci maddəsinə əsasən “Hər kəsin öz evinə hörmət etmək hüququ var...” Məhkəmə qeyd edir ki, hazırki işdə evin sökülməsinə və ərizəçinin çıxarılmasına qərar verərkən, daxili məhkəmələr yalnız onun dövlətə məxsus torpaqda tikilmiş icazəsiz tikinti olduğuna diqqət yetiriblər (Baqdonaviçius və digərləri ilə müqayisə edin, istinad edilən yuxarıda, § 102). Ərizəçi apellyasiya şikayətlərində sözügedən evin onun yeganə evi olduğunu və başqa ev almaq üçün imkanları olmadığı üçün onun və qızı evdən çıxarılacağı təqdirdə evsiz qalacağını iddia etsə də, daxili məhkəmələr bu məqama tamamilə məhəl qoymamışlar.

Məhkəmə baxışının hədləri:

25. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin:

14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 167.1.1-ci maddəsinə əsasən məhkəmə işi məhkəmədə baxılmağa hazırlamaq üçün işdə iştirak edən şəxslərə işin icraatı barədə məlumat verir, onların iştirakı ilə işin məhkəmə baxışına təyin edilməsi məsələsi müzakirə edilir; tərəflərə təqdim olunmuş yazılı sənədləri tamamlamağı, zərurət olduqda təqdim olunmuş yazılı materiallarla bağlı izahlar verməyi, habelə iş üçün əhəmiyyətli olan sənədləri və digər sübutları işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim etməyi təklif edir; birgə cavabdehlərin və birgə iddiaçıların və ya üçüncü şəxslərin işə daxil olması məsələsini, habelə əsl olmayan tərəfin əvəz edilməsi məsələsini həll edir. Göründüyü kimi cvabdehin əsl cavabdehlə əvəz olunması məhkəmənin hazırlıq iclasında həll olunan məsələdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

Məhkəmənin mövqeyi:

26. İşin mübahisəsiz halına görə, ünvan 7 ünvanında özbaşına tikilmiş yaşayış evləri dövlət tərəfindən xx.xx.2004-cü il tarixli hesabatla qiymətləndirilmişdir. Həmin evlər 1960-cı illərdə inşa edilmişdir. Cvabdehlər sökülməsi tələb olunan evləri tikməmişlər başqa şəxslərdən almışlar və uzun illərdir ailə üzvləri ilə orada yaşayırlar. Bundan başqa evdə yaşamaq üçün lazım olan qaz, işıq və su ilə dövlət tərəfindən təmin olunmuşlar. Onların istehlakı müqabilində bütün kommunal xidmətləri ödəyirlər.

27. Özbaşına tikintinin anlayışını və onun nəticələrini müəyyən edən Mülki Məcəllənin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır.

28. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, iddiaçının iddia etdiyi kimi cavabdehlər tərəfindən özbaşına tikili tikməmişlər. Qeyd olunan evlər başqa şəxslər tərəfindən 1960-cı ildə tikilmiş və cavabdehlər satın almışlar.

29. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 30 dekabr 2023-cü il tarixli, 3-16-16/2-10/5856 nömrəli ekspert rəyindən məlum olur ki, ünvan 5 ünvanında yerləşən Cavabdeh2 və Cavabdeh1 İsrafil qızının istifadələrində olan fərdi yaşayış evləri NZS ərazisindən keçən dəmir yolunun mühafizə zonasına düşür.

30. Lakin, buna baxmayaraq məhkəmə xüsusi ilə vurğulamağı zəruri hesab edir ki, iddiaçının istinad etdiyi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli 33 nömrəli qərarı ilə təsdiq olunmuş “Dəmir yol təyinatlı torpaqlardan və dəmir yolunun xüsusi mühafizə zonasına aid torpaqlardan istifadə olunması qaydaları” 1960-cı ildə evlərin tikilməsindən və Bakı şəhəri Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqularının Qeydiyyatı tərəfindən verilmiş xx.xx.2004-cü il tarixli Cavabdeh2 fiziki şəxslər tərəfindən özbaşına tikilmiş yaşayış evlərinin qiymətləndirilməsinə dair hesabatdan sonra qəbul olunmuşdur.

31. Konstitusiyanın 149-cu maddəsinin Vİİ hissəsinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir.

32. Mülki Məcəllənin 7-ci maddəsinə əsasən mülki qanunvericilik müddəalarının geriyə qüvvəsi yoxdur və onlar qüvvəyə mindikdən sonra əmələ gəlmiş münasibətlərə tətbiq edilir. Həmçinin mülki hüquq subyektlərinə ziyan vurarsa və ya onların vəziyyətini pisləşdirərsə, mülki qanunvericiliyin geriyə qüvvəsi ola bilməz.

33. Qanunvericiliyin tələbindən də görünür ki, hazırki halda Nazirlər Kabinetinin qərarının geriyə qüvvəsi cavabdehlərin vəziyyətini pisləşdir. Belə olan halda cavabdehlərin təməl hüquqları olan konstitusion hüquqları pozulur.

34. Avropa İnsan Hüquqları Məhkəməsinin “S.Əhmədovanın Azərbaycana qarşı” iş üzrə 18 noyabr 2021-ci il tarixli Qərarına əsasən Məhkəmə, Səyyarə Əhmədovanın evindən çıxarılmasını və evin sökülməsini onun Konvensiyanın 8-ci maddəsi ilə təminat altına alınan hüquqlarının pozulması hesab etmişdir.

35. Beləliklə məhkəmə belə qənaətə gəlir ki, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 ailələri ilə birlikdə yaşadıqları evlər sökülsə onların “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 8-ci maddəsi ilə təminat altına alınan hüquqları pozulmuş olacaq.

36. Göründüyü kimi cavabdehlərin sökülməsi tələb olunan evlərdən başqa yaşayış yeri yoxdur. Belə olan halda məhkəmə hesab edir ki, əgər sökülməsi tələb edilən evlər iddiaçının fəaliyyətini həyata keçirməsinə maneə törədirsə, bu zaman iddiaçı cavabdehləri onların ailə üzvləri ilə birlikdə yaşamaları üçün yaşayış yeri ilə təmin etməlidir.

37. Həmçinin “Azemis”dən çıxarışdan da görünür ki, cavabdehlərin mülkiyyətində heç bir əmlak yoxdur. Odur ki, iddiaçı tərəfindən həmin evlərin sökülməsi müqabilində cavabdehlər yaşayış yeri ilə təmin edilməli, yaxud onlara kompensasiya ödənilməlidir.

Məhkəmə xərcləri:

38. İddia tələbi təmin edilmədiyindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir.

39. Həmçinin iş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertiza tədqiqatının dəyəri olan 100 manat məbləğində pul "xxxx" Qapalı Səhmdar Cəmiyyətindən alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir.

Nəticə:

40. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “qanunsuz tikilinin sökülməsi” tələbinə dair iddiası rədd edilməlidir.

41. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Qət etdi:

İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “qanunsuz tikilinin sökülməsi” tələbinə dair iddiası rədd edilsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Məhkəmə tikinti-texniki ekspertiza tədqiqatının dəyəri olan 100 manat məbləğində pul "xxxx" Qapalı Səhmdar Cəmiyyətindən tutulsun və X7, KOD 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən: Ülkər Yusifova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar