Məhkəmə qərarları › İş №e-2(007)-959/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-959/2025

05.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-959/2025 05.03.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Starə Vidadil qızının sədrliyi ilə, Nağıyeva Əfsanə Fərhad qızının katibliyi ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi. İddia tələbi :

1. İddiaçı "xxxx" MMC Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən “X1 15” kompüter üçün 3621.60 ödənilməmiş hissə, güzəşt olunaraq 1086.48 manat dəbbə; xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən “Playstation 5 Slim” üçün 723 manat ödənilməmiş hissə, güzəşt olunaraq 216.90 manat dəbbə, ümumilikdə 5647.98 manat borc, 76.48 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

İddia tələbinin əsaslandırıldığı hallar :

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh ilə İddiaçı MMC arasında bağlanmış xx.xx.2024-cü il, xx.xx.2024-cü il tarixli müqavilələrə əsasən “X1 15”, “Playstation 5 Slim” almış və nəticədə 5647.98 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2024-cü il müqaviləsinə əsasən alqı-satqı qiyməti 4408.94 manat olan “X1 15” kompüter üçün ümumilikdə 4708.08 manat olmaqla, ondan 3621.60 manat ödənilməmiş hissə, güzəşt olunaraq 1086.48 manat dəbbə; xx.xx.2024-cü il tarixli müqaviləsinə əsasən alqı-satqı qiyməti 1326 manat olan “Playstation 5 Slim” üçün ümumilikdə 939.90 manat olmaqla ondan, 723 manat ödənilməmiş hissə, güzəşt olunaraq 216.90 manat dəbbə borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 1390.34 manat təşkil edir. Cavabdehlə aralarında bağlanılmış xx.xx.2024-cü il, xx.xx.2024-cü il Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhviltəslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdikləri xx.xx.2024cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin Məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğu rəsmi qaydada bildirilsədə, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Tələbin əsaslığını və əmlakın dəyərini sübut sənədlər: tərəflər arasında bağlanılmış Müqavilə, onun əlavəsi, bildirişi, əşyaların təhvil-təslimaktı və ödəniş cədvəlindən ibarətdir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Ödəniş cədvəlinin 3-cü bəndinə əsasən, ödəniş edilən zaman hesablanmış penya aşkarlanırsa, müştərinin ödədiyi məbləğin 50%-nə qədər hissəsi penya ödənilməsinə yönəldilə bilər.

İş materialları :

3. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli, ********* nömrəli müqavilədən görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh sahibliyinə və istifadəsinə “X1 15” verilmiş, xx.xx.2024-cü il tarixli, 03667891 nömrəli müqavilədən görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh sahibliyinə və istifadəsinə “Playstation 5 Slim” verilmişdir. Cavabdeh müqavilələr üzrə hesablanmış borc məbləğlərini tam və vaxtında ödəməyi öhdəsinə götürmüşdür.

4. xx.xx.2024-cü il tarixli, ********* nömrəli müqavilənin ayrılmaz tərkib hissəsi olan əlavədən görünür ki, cavabdeh ilkin ödəniş 335 manat olmaqla, xx.xx.2024-cü il tarixdən başlayaraq hər ayın 05-dən gec olmayaraq 18 ay müddətində hər ay 226.33 manat olmaqla, cəmi 4409.02 manat ödəniş etməli və xx.xx.2024-ci il tarixli, 03667891 nömrəli müqavilənin ayrılmaz tərkib hissəsi olan əlavədən görünür ki, cavabdeh ilkin ödəniş olaraq 360 manat ödəniş etməklə, xx.xx.2024-cü il tarixdən başlayaraq hər ayın 10-dan gec olmayaraq 12 ay müddətində hər ay 80.5 manat olmaqla, cəmi 1326 manat ödəniş etməlidir.

5. xx.xx.2024-cü il tarixli və xx.xx.2024-ci il tarixli bildiriş və təhvil-təslim aktlarından görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixli, xx.xx.2024-cü il tarixli müqavilələr üzrə əşyaları tam, qüsursuz təhvil almışdır.

6. İddiaçı MMC tərəfindən təqdim edilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixli müqavilə üzrə 3621.20 manat əsas, 1086.48 manat cərimə borcu olmaqla, cəmi 4708.08 manat və xx.xx.2024-cü il tarixli müqavilə üzrə 723 manat əsas, 216.90 manat cərimə borcu olmaqla, cəmi 939.90 manat borcu olmaqla, ümumilikdə 5647.98 manat borcu vardır.

7. İşə əlavə olunmuş İddiaçı MMC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubundan görünür ki, cavabdeh müqavilələr üzrə öhdəliklərin icrasını gecikdirmiş, yəni “ödəniş cədvəlləri”ndə nəzərdə tutulan vaxt və qaydaya əməl etməmişdir. Cavabdeh tərəfindən xəbərdarlıqdan irəli gələn öhdəliklərin icrası ilə əlaqədar çağırışa 3 (üç) iş günü ərzində riayət olunmadığı təqdirdə, müqavilənin 4.1-ci bəndinə əsasən aidiyyəti üzrə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir.

8. xx.xx.2024-cü il tarixli, ********** nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı MMC tərəfindən məhkəməyə müraciət etmək üçün 76.48 manat dövlət rüsumu ödənilmişdir.

Tərəflərin izahatları :

9. İddiaçı MMC və Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. İddiaçının nümayəndəsi elektron kabinet vasitəsi ilə ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

10. Belə olan halda məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

İşin faktiki halları

11. İddiaçı MMC ilə Cavabdeh arasında xx.xx.2024-ci il tarixli və xx.xx.2024-ci il tarixli alqı-satqı müqavilələrinin bağlanması və cavabdehin iddiaçı qarşısında borcunun yaranması işin mübahisəsiz hallarıdır.

Məhkəmə baxışının hədləri:

12. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi : 14.2. məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

77. hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.

Tətbiq edilən hüquq :

13. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin :

107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 222.2. Pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir.

14. Azərbaycan Respublikası Mülki Məcəlləsi :

600.1. Alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 601.1. Əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. 601.2. Hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. 600.4. Əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1. öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.

467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.

Məhkəmənin mövqeyi :

15. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia tələbi qismən təmin edilməlidir.

16. Belə ki, iddia ərizəsi iş materialları ilə birlikdə araşdırılarkən müəyyən edilmişdir ki, İddiaçı MMC ilə Cavabdeh arasında nisyə alqı-satqı müqavilələri bağlanmışdır.

17. Mülki qanunvericiliyə əsasən hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun.

18. İş materiallarına əlavə edilmiş xx.xx.2024-ci il tarixli müqavilə və müqavilənin ayrılmaz tərkib hissəsi olan əlavədən görünür ki, xx.xx.2024-ci il tarixli müqavilə üzrə ilkin ödəniş 335 manat ödəməklə, cavabdeh xx.xx.2024-cü il tarixdən başlayaraq xx.xx.2026-cı il tarixədək hər ay 226.33 manat ödəmək şərti ilə ümumi dəyəri 4409.02 manat “X1 15”, xx.xx.2024-cü il tarixli müqavilə və müqavilənin ayrılmaz tərkib hissəsi olan əlavədən görünür ki, xx.xx.2024-cü il tarixli müqavilə üzrə ilkin ödəniş 360 manat ödəməklə, cavabdeh xx.xx.2024-cü il tarixdən başlayaraq xx.xx.2025-ci il tarixədək 80.5 manat ödəmək şərti ilə ümumi dəyəri 1326 manat olan “Playstation 5 Slim” almışdır.

19. İş materiallarına əlavə edilmiş əşyaların təhvil-təslim aktından görünür ki, iddiaçı alqı-satqı müqavilələri üzrə öz öhdəliyini yerinə yetirərək müqavilədə nəzərdə tutulan əşyaları cavabdehə təhvil vermişdir. Lakin cavabdeh müqavilə ilə üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etməmiş, onun iddiaçının qarşısında icra edilməmiş öhdəlikləri vardır.

20. İddiaçı MMC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixli müqavilə üzrə 3621.20 manat əsas, 1086.48 manat cərimə borcu olmaqla, cəmi 4708.08 manat və xx.xx.2024-cü il tarixli müqavilə üzrə 723 manat əsas, 216.90 manat cərimə borcu olmaqla, cəmi 939.90 manat, ümumilikdə 5647.98 manat borcu vardır.

21. Mülki qanunvericiliyə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.

22. Belə olan halda məhkəmə Cavabdehnın bağladığı müqavilələrdən irəli gələn öhdəliklərini icra etməməsi tədqiq olunmuş sübutlarla öz təsdiqini tapdığından iddiaçının xx.xx.2024-ci il tarixli müqavilə üzrə 3621.60 manat və xx.xx.2024-ci il tarixli müqavilə üzrə 723 manat ödənilməmiş əsas borca görə ümumi 7221.63 manat məbləğində pul vəsaitinin ödənilməsi tələbini əsaslı hesab edir.

23. Müqavilələrin 2.6-cı bəndindən görünür ki, cavabdeh ödəniş cədvəli üzrə ödənişləri vaxtında ödəmədiyi təqdirdə müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində peniya ödəməyi öhdəsinə götürümüşdür.

24. Məhkəmə iddiaçı tərəfindən hesablanan cərimənin cavabdehin borcuna görə tənasübsüz surətdə yüksək hesablanması qənaətinə gələrək qeyd edir ki, iddiaçı tərəfindən hesablanmış cərimə hissəsində iddia qismən təmin edilməlidir.

25. Məhkəmə işin hallarını, o cümlədən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafelərini nəzərə alaraq, xx.xx.2024-ci il tarixli müqavilə üzrə 1086.48 manat təşkil edən cərimə məbləğinin 50 manat, xx.xx.2024-ci il tarixli müqavilə üzrə 216.90 manat təşkil edən cərimə məbləğinin 50 manata qədər azaldılmasını məqsədəmüvafiq hesab edir.

26. İş materialları əsasında müəyyən edilir ki, İddiaçı məhkəməyə müraciət etmək üçün 76.48 manat məbləğində dövlət rüsumu ödəmişdir.

27. Buna görə də məhkəmə qeyd edir ki, iddia qismən təmin edildiyinə görə Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən dövlət rüsumunun ödənilməsinə sərf edilmiş vəsaitin əvəzi qismində 76.48 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

Nəticə :

28. Beləliklə, məhkəmə qanunvericiliyin tələblərinə əsasən iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək qeyd edir ki, iddia tələbi qismən təmin edilməli və xx.xx.2024-ci il tarixli müqavilə üzrə 3621.60 manat əsas, 50 manat cərimə borcu və xx.xx.2024-ci il tarixli müqavilə üzrə 723 manat əsas, 50 manat cərimə borcu olmaqla, cəmi 4444.60 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçı MMC-nin hesabına ödənilməlidir.

29. Məhkəmə qeyd edir ki, iddia təmin edildiyindən iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi qismində 76.48 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

30. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 284-5, 284-6, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Qət Etdi :

İddia tələbi qismən təmin edilsin. Cavabdeh 3621.60 manat əsas, 50 manat cərimə borcu və xx.xx.2024-ci il tarixli müqavilə üzrə 723 manat əsas, 50 manat cərimə borcu olmaqla, cəmi 4444.60 (dörd min dörd yüz qırx dörd manat altmış qəpik) manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 76.48 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı MMC-nin hesabına ödənilsin. İddiaçı MMC-nin iddiası qalan hissədə təmin edilməsin Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Nizami rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Starə Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar