Məhkəmə qərarları › İş №e-2(007)-982/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-982/2024

04.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-982/2024 04.04.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı iddia tələbinə dair mülki iş üzrə (Açar sözlər: “subroqasiya qaydasında pul” tələbi) Hakim Əliyeva Starə Vidadil qızının sədrliyi, Nağıyeva Əfsanə Fərhad qızının katibliyi ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia tələbi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi. İddia tələbi :

1. İddiaçı "xxxx" ASC “subroqasiya qaydasında pul” tələbinə dair iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən Cavabdeh 5120 (beş min bir yüz iyirmi) manat pul vəsaitinin və 71.20 manat məbləğində dövlət rüsumunun iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinin əsaslandırıldığı hallar :

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2022-ci il tarixli PAZ********** nömrəli “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” şəhadətnaməsi üzrə "xxxx" ASC-də sığortalanmış, X14 tərəfindən idarə edilən KİA Optima minik markalı **-EU-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2023-cü il tarixində Bakı şəhəri, Nizami rayonu ərazisində**-XB-*** dövlət qeydiyyat nişanlı Mercedes Benz E230 markalı avtomobili ilə toqquşmuşdur və Bakı şəhəri, İnqilab İsmayılov küçəsi, ev 18, mənzil 59-da yaşayan X7 avtomobil ilə vuraraq yüngül xəsarət yetirmişdir. Baş vermiş hadisə ilə bağlı Bakı şəhəri, Nizami RPİ-nin DYPİ inzibati xəta haqqında iş üzrə araşdırma aparılmış, hadisəni törədən sürücü (cavabdeh) X14 barəsində AR İXM-nin 335.3-cü maddəsi ilə qərar yazılmışdır. Mercedes Benz E230 markalı, **-XB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş zərərlə bağlı 4370 (dörd min üç yüz yetmiş) manat ödəniş verilmişdir. X1 dəymiş ziyanla bağlı 750 (yeddi yüz əlli) manat məbləğində sığorta ödənişi verilmişdir. Əlavə olaraq qeyd edilmişdir ki, sığorta müqaviləsi bağlanan zaman nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanı 77EU638, mülkiyyətçisi isə X23 olmuş, sonradan isə nəqliyyat vasitəsinin qeydiyyat nişanı dəyişdirilərək 77GU977 ilə əvəzlənmiş, mülkiyyət hüquqları isə Cavabdeh keçmişdir. Sığorta hadisəsi zamanı sığorta müqaviləsi qüvvədə olmuşdur.

İş materialları :

3. İcbari sığorta müqaviləsinə dair elektron məlumat vərəqəsinin surətindən görünür ki, "xxxx" ASC ilə X23 arasında bağlanılmış xx.xx.2022-ci il tarixli, PAZ********** nömrəli “avtonəqliyyat vasitəsi sahibinin mülki məsuliyyətinin icbari sığortası”na dair icbari sığorta müqaviləsi əsasında “Kia Optima” markalı, **-EU-*** dövlət qeydiyyat nişanlı, Ban nömrəsi 5XXGV4L21GG1200418, mühərrik nömrəsi DK035907, istehsal tarixi 2016-cı il olan avtomobil sığortalanmışdır. Həmin müqavilə ilə əmlaka vurulan zərərə görə 5000 manat, sağlamlığa vurulan zərərə görə 5000 manat, bir hadisə üzrə 50.000 manat sığorta ödənişi nəzərdə tutulmuşdur.

4. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X12 X30 807 nörmrəli, xx.xx.2023-cü il tarixli ekspert rəyi ilə müəyyən edilmişdir ki, X3 bədənində aşkar edilmiş xəsarətlər-sağdan Vİİİ qabırğanın orta kürək xətti üzrə yerdəyişmənin xətti sınığı olmuşdur. Qeyd oluna xəsarət bərk küt əşyanın təsirindən törənmişdir və qərarda göstərilən müddətdə, yəni xx.xx.2023-cü il tarixli yol nəqliyyat hadisəsi zamanı alması mümkündür və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir.

5. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X12 X30 808 nörmrəli, xx.xx.2023-cü il tarixli ekspert rəyi ilə müəyyən edilmişdir ki, X8 bədən səthində xəsarət və ya xəsarət izi aşkar edilməmişdir.

6. Nizami RPİ-də izahat verən Cavabdeh izahatından görünürki, o, izahatında bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə günorta radələrində özünə məxsus X32 **-GU-*** dövlət qeydiyyat nişanlı avtomobilin açarlarını oğluna vermişdir ki, avtomobili yusun, oğlu avtomobili yuduqdan sonra ona sürməyə icazə vermişdir. Sonradan ona məlum olmuşdur ki, oğlu avtomobili idarə edən zaman Mercedes markalı avtomobilin arxa hissəsi ilə onun Kia markalı avtomobilin ön hissəsi toqquşmuşdur.

7. Nizami RPİ-də izahat verən X9 izahatından görünür ki, o, izahatında bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə atasına məxsus X32 **-GU-*** dövlət qeydiyyat nişanlı avtomobili dostu ilə birlikdə yuduqdan sonra atasından icazə alıb sürmüşdür. Su Tikinti xəstəxanasının yaxınlığında avtomobili təxminən 60-70 km saat sürətlə idarə edərkən Mercedes markalı avtomobilin arxa hissəsi ilə onun idarə etdiyi avtomobil toqquşmuşdur. Nəticədə nə özü nədə dostu xəsarət almamışdır.

8. Azərbaycan Respublikası DİN Nizami RPİ-nin TŞ tərəfindən tərtib edilmiş “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə” arayışın surətindən görünür ki, xx.xx.2023-cü il tarixində saat 17:00 dəqiqədə Nizami rayonu, Su Tikinti Xəstəxanasının arxası tərəfdə toqquşma növlü yol-nəqliyyat hadisəsi baş vermişdir. Yol-nəqliyyat hadisəsinin baş verməsində təqsiri olan şəxslər barədə məlumatdan görünür ki, yolnəqliyyat hadisəsini törətmiş avtonəqliyyat vasitəsinin sürücüsü X14, mülkiyyətçisi Cavabdeh, avtonəqliyyat vasitəsinin markası-Kia Optima, dövlət qeydiyyat nişanı- 77GU977-dir və sürücünün nəqliyyat vasitəsini idarə etmək hüququ olmamışdır. Sürücü barədə başlanmış icraatın növü cinayət icraatı və tarixi xx.xx.2023-cü ildir. Hadisə nəticəsində Mercedes Benz E230 markalı 10XB810 dövlət qeydiyyat nişanlı avtomobilə və X2 yüngül zərər dəymişdir. Hadisə zamanı Mercedes Benz E230 markalı 10XB810 dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsini X16 idarəetmişdir. Həmin avtonəqliyyat vasitəsinin mülkiyyətçisi isə X15r.

9. İş materiallarına “Yol nəqliyyat hadisəsinin sxemi və avtomobilin şəkilləri” əlavə edilmişdir.

10. AD seriyalı 390846 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, **-XB-*** dövlət qeydiyyat nişanlı “Mercedes Benz 230” markalı minik avtomobilinin sahibi X15r.

11. xx.xx.2023-cü il tarixli etibarnamənin surətindən görünür ki, **-XB-*** dövlət qeydiyyat nişanlı “Mercedes Benz 230” markalı minik avtomobili X20 tərəfindən 08 iyun 2024-cü il tarixədək idarə etmək üçün X10 verilmişdir.

12. X10 məxsus BB502262 nömrəli 14 dekabr 2021-ci il tarixli sürücülük vəsiqəsinin surətindən görünür ki, sürücülük vəsiqəsi 14 dekabr 2031-ci il tarixədək qüvvədədir.

13. BA seriyalı 301287 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, 77GU977 dövlət qeydiyyat nişanlı, Ban nömrəsi 5XXGV4L21GG1200418, mühərrik nömrəsi DK035907, istehsal tarixi 2016-cı il olan “Kia Optima” markalı minik avtomobilinin sahibi xx.xx.2023-cü il tarixdən Cavabdehdur.

14. Cavabdeh məxsus BB 420710 nömrəli 20 may 2022-ci il tarixli sürücülük vəsiqəsinin surətindən görünür ki, sürücülük vəsiqəsi 20 may 2032-ci il tarixədək qüvvədədir.

15. Nizami RPİ-nin Tş-nin təhqiqatçısı, polis leytenantı X17 xx.xx.2023-cü il tarixli “cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” qərarından görünür ki, 06 avqust 2022-ci il tarixdə TTYS-dan Bakı şəhəri, Nizami rayonu, Su Tikinti xəstəxanasının yanında baş vermiş YNH-si zamanı 1981-ci il təvəllüdlü X3 xəsarət almasına dair Nizami RPİ- daxil olmuş məlumat əsasında toplanmış materialda cinayət tərkibinin əlamətləri olmadığından material üzrə cinayət işi başlanılmasının rədd edilməsi və Cavabdeh əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 335.3-cü maddəsinin tərkibi olduğundan həmin maddə ilə inzibati tənbeh tədbirinin görülməsi üçün qərarın surətinin Nizami RPİ-nin DYPŞ-yə göndərilməsi qərara alınmışdır. Həmin qərarda qeyd edilmişdir ki, yol-nəqliyyat hadisəsi törətməsi ilə bağlı sürücü X9 əməlində Azərbaycan respublikası İXM-nin 338.7-ci maddəsinin tərkibi olduğu üçün həmin maddə üzrə inzibati məsuliyyətə cəlb edilməlidir. Lakin Azərbaycan Respublikası İXM-nin 16-cı maddəsinə əsasən inzibati məsuliyyətə cəlb etmə 16 yaşından yarandığı üçün xx.xx.2008-ci il təvəllüdlü X14 inzibati məsuliyyətə cəlb edilə bilməz. Ona görə onun barəsində toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməli və avtomobilə sahiblik hüququ olan Cavabdeh avtomobili idarəetmə hüququ olmayan şəxsə verilməsinə görə əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 335.3-cü maddəsinin tərkibi olduğundan material həmin maddə üzrə inzibati məsuliyyətə cəlb edilməsi üçün Nizami RPİ-nin DYPŞ-yə göndərilməlidir.

16. “GOLD avto servis” təmir müəssisəsi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli “Dəymiş zərərin hesabatı”na dair aktın surətindən görünür ki, “Mercedez Benz E220” markalı, **-XB-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmiş və hadisə nəticəsində nəqliyyat vasitəsinə dəymiş zərər orta bazar qiymətləri nəzərə alınmaqla 4370 manat qiymətləndirilmişdir.

17. CML-1038/2023-Akt1781/23 saylı xx.xx.2023-cü il tarixli sığorta aktından görünür ki, həmin sığorta aktı üzrə sağlamlığa dəymiş yüngül zərərə görə xx.xx.2023-cü il tarixdə sığorta məbləğinin 15%-i, yəni 750 manat ödəniş həyata keçirilmişdir. Zərərçəkən həmin aktla təsdiq etmişdir ki, bu sığorta aktı ilə müəyyən edilmiş sığorta ödənişi, dəymiş zərərin əvəzinin ödənilməsi üşün qətidir və qeyd olunan zərərə dair sığortaçının heç bir borcu və öhdəliyi qalmamışdır. Sığorta hadisəsi xx.xx.2023-cü il tarixdə baş vermişdir, hadisə zamanı xəsarət alan şəxs X6r.

18. CML-1038/2023-Akt1731/23 saylı xx.xx.2023-cü il tarixli sığorta aktından görünür ki, həmin sığorta aktı üzrə əmlaka dəymiş zərərə görə xx.xx.2023-cü il tarixdə 4370 manat sığorta ödənişi həyata keçirilmişdir. Zərərçəkən həmin aktla təsdiq etmişdir ki, bu sığorta aktı ilə müəyyən edilmiş sığorta ödənişi, dəymiş zərərin əvəzinin ödənilməsi üşün qətidir və qeyd olunan zərərə dair sığortaçının heç bir borcu və öhdəliyi qalmamışdır. Sığorta hadisəsi xx.xx.2023-cü il tarixdə baş vermişdir, hadisə zamanı zərərə uğramış əmlak Mercedes Benz E230 markalı 10XB810 dvlət qeydiyyat nişanlı avtomobildir.

19. #005XOH********** nömrəli xx.xx.2023-cü il tarixli ödəniş tapşırığının surətindən görünür ki, X8 "xxxx" ASC-də olan hesabına "xxxx" ASC tərəfindən “Akt17xx/xx-53887 (77EU638) saylı akta əsasən ödəniş” ödəniş təyinatı əsasında 4370 (dörd min üç yüz yetmiş) manat məbləğində pul köçürülmüşdür.

20. #005XOH********** nömrəli xx.xx.2023-cü il tarixli ödəniş tapşırığının surətindən görünür ki, X3 "xxxx" ASC-də olan hesabına "xxxx" ASC tərəfindən sığorta hadisələri üzrə ödəniş təyinatı əsasında 750 (yeddi yüz əlli) manat məbləğində pul köçürülmüşdür.

21. xx.xx.2024-cü il tarixli, ********** nömrəli və ********** nömrəli mədaxil qəbzlərindən görünür ki, iddiaçı "xxxx" ASC tərəfindən məhkəməyə müraciət etmək üçün 71.20 manat dövlət rüsumu ödənilmişdir.

Tərəflərin izahatları :

22. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iddiaçı "xxxx" ASC-nin nümayəndəsi və Cavabdeh məhkəmə iclasına gəlməmişlər.

23. İddiaçının nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq iddia tələbini müdafiə etdiyini bildirərək, işə onların iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

24. Əvvəlki məhkəmə iclasında (xx.xx.2024-cü il tarixli) iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, avtomobili sığorta etdirməsində məqsəd baş vermiş sığorta hadisəsi ilə bağlı sığorta şirkəti tərəfindən sığorta ödənişi edilməsidir. Bu səbəbdən sığorta şirkəti ondan pul tələb etməməlidir.

25. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Məhkəmə baxışının hədləri:

26. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin :

14.2. məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

77. hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.

Tətbiq edilən hüquq :

27. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin :

107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

28. Azərbaycan Respublikasının Mülki Məcəlləsi :

21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 883.1. Sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. 922.1. Sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. 936.1. Subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. 936.2. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. 936.5. Sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. 1104.1. On dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanlar zərər vurulmasına gətirib çıxarmış mülki hüquq pozuntusu üçün ümumi əsaslarla müstəqil surətdə məsuliyyət daşıyırlar. 1104.2. On dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanın zərərin əvəzini ödəmək üçün yetərli gəliri və ya başqa əmlakı olmadıqda zərərin hamısını və ya çatışmayan hissəsini onun valideynləri (övladlığa götürənlər) və ya himayəçisi zərərin onların təqsiri üzündən yaranmadığını sübuta yetirməsələr, ödəməlidirlər. 1104.4. Valideynlərin (övladlığa götürənlərin), himayəçinin və müvafiq müəssisənin on dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanın vurduğu zərərin əvəzini ödəmək vəzifəsinə zərərvuran yetkinlik yaşına çatdıqda və ya yetkinlik yaşına çatdıqdan sonra zərərin əvəzini ödəmək üçün yetərli gəliri və ya başqa əmlakı yarandıqda və ya yetkinlik yaşına çatanadək fəaliyyət qabiliyyəti əldə etdikdə xitam verilmir. 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. 1115. Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur.

29. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun:

8.2. Bu Qanunun Xüsusi bölməsində başqa cür müəyyən edilməmişdirsə, icbari sığorta müqaviləsi 1 il müddətinə bağlanılır. 8.3. Müvafiq əmlakla bağlı bu Qanunla nəzərdə tutulmuş icbari sığorta təminatının əldə edilməsi barədə icbari sığorta müqaviləsi bağlanmışdırsa, bu Qanunun Xüsusi bölməsində başqa cür nəzərdə tutulduğu hallar istisna olmaqla, həmin müqavilənin qüvvədə olduğu müddət ərzində əmlakın sahibi dəyişdikdə, o cümlədən əmlak qanuni əsaslarla icarəyə və ya digər qaydada başqa şəxsin istifadəsinə verildikdə, bu Qanunun 8.4-cü maddəsi nəzərə alınmaqla, müqavilə müddətinin sonunadək yeni icbari sığorta müqaviləsinin bağlanması tələb olunmur. Bu halda bu Qanunla sığortalıya aid edilən bütün hüquqlar və vəzifələr əmlakın yeni sahibinə və ya istifadəçisinə şamil edilir. 8.4. Bu Qanunun Xüsusi bölməsində qeyd olunmuş hər hansı icbari sığorta növü üzrə sığorta təminatının könüllü sığorta müqaviləsində tam və ya qismən nəzərdə tutulması sığortalını müvafiq icbari sığorta müqaviləsini bağlamaq vəzifəsindən azad etmir. 13.2. Bu Qanunun məqsədləri üçün mülki məsuliyyətin icbari sığortasında müvafiq sığorta şəhadətnaməsində göstərilən əmlakın (binanın, tikilinin, avtonəqliyyat vasitəsinin, cihazın, qurğunun, avadanlığın və s.) sığorta olunan tərəfindən istismar edilməsi nəticəsində üçüncü şəxslərin sağlamlığına və (və ya) əmlakına vurulmuş zərərin əvəzinin ödənilməsi üzrə sığortalının və ya sığorta olunanın mülki məsuliyyətinin yaranması faktı sığorta hadisəsi sayılır. 14.2. Sığorta hadisəsi nəticəsində sığorta olunanın və ya üçüncü şəxsin sağlamlığına vurulan zərərin əvəzi sığorta məbləğinin aşağıdakı nisbətlərində ödənilir: 14.2.5. yüngül xəsarət alması – 15 faiz. 25.1. Sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ aşağıda göstərilən hallarda yaranır: 25.1.3. icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. 52.1. Avtonəqliyyat vasitəsinin Azərbaycan Respublikasının ərazisində istifadəsi nəticəsində zərərçəkən üçüncü şəxslərin sağlamlığına və (və ya) əmlakına dəymiş zərərin əvəzinin ödənilməsi üzrə mülki məsuliyyətin yaranması faktı sığorta hadisəsi hesab olunur. 53.1. Mülkiyyətində avtonəqliyyat vasitəsi olan, yaxud avtonəqliyyat vasitəsinə faktiki sahibliyi həyata keçirən, yəni onu icarə və ya digər əşya hüquqlarına dair müqavilə və ya etibarnamə əsasında idarə edən, yaxud digər qanuni əsaslarla istismar edən şəxslər bu Fəslin məqsədləri üçün avtonəqliyyat vasitəsinin sahibi hesab olunurlar.

İşin faktiki halı :

30. İddiaçı "xxxx" ASC ilə X23 arasında bağlanılmış xx.xx.2022-ci il tarixli, PAZ********** nömrəli “avtonəqliyyat vasitəsi sahibinin mülki məsuliyyətinin icbari sığortası”na dair icbari sığorta müqaviləsi əsasında “Kia Optima” markalı, **-EU-*** dövlət qeydiyyat nişanlı, Ban nömrəsi 5XXGV4L21GG1200418, mühərrik nömrəsi DK035907, istehsal tarixi 2016-cı il olan avtomobil xx.xx.2023-cü il tarixədək sığortalanmışdır. Həmin müqavilə ilə əmlaka vurulan zərərə görə 5000 manat, sağlamlığa vurulan zərərə görə 5000 manat, bir hadisə üzrə 50.000 manat sığorta ödənişi nəzərdə tutulmuşdur.

31. İşin məhkəmə tərəfindən tədqiq edilən halları ilə müəyyən edilmişdir ki, Ban nömrəsi 5XXGV4L21GG1200418, mühərrik nömrəsi DK035907, istehsal tarixi 2016-cı il olan “Kia Optima” markalı avtomobilin mülkiyyətçisi dəyişmiş və sığorta hadisəsinin baş verdiyi zaman mülkiyyətçi Cavabdeh olmuş və avtomobilin dövlət qeydiyyat nişanı dəyişərək 77GU977 olmuşdur. Belə ki, BA seriyalı 301287 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, 77GU977 dövlət qeydiyyat nişanlı, Ban nömrəsi 5XXGV4L21GG1200418, mühərrik nömrəsi DK035907, istehsal tarixi 2016-cı il olan “Kia Optima” markalı minik avtomobilinin sahibi xx.xx.2023-cü il tarixdən Cavabdehdur.

32. Sığorta müqaviləsinin qüvvədə olduğu müddətdə, yəni xx.xx.2023-cü il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində X9 (Cavabdeh oğlu) idarəetdiyi “Kia Optima” markalı, 77GU977 dövlət qeydiyyat nişanlı avtomobil ilə X11 idarəetdiyi Mercedes Benz E230 markalı, **-XB-*** dövlət qeydiyyat nişanlı avtomobil toqquşmuşdur. Baş vemiş yolnəqliyyat hadisəsi nəticəsində Mercedes Benz E230 markalı, **-XB-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə və X1 yüngül zərər dəymişdir. Əmlaka dəymiş zərər 4370 manat məbləğində qiymətləndirilərək iddiaçı "xxxx" ASC tərəfindən X11 bank hesabına köçürülmüşdür. Sağlamlığa dəymiş zərərə görə isə X4 bank hesabına sığorta məbləğinin 15%-i miqdarında (5000x15-750) 750 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir.

33. Baş vermiş yol-nəqliyyat hadisəsində X9 təqsiri müəyyən edilməsinə baxmayaraq inzibati məsuliyyətə cəlb etmək üçün inzibati xətalar qanunvericiliyi ilə müəyyən edilmiş yaş həddinə çatmadığından barəsində inzibati qaydada tənbeh tədbiri tətbiq edilməmişdir. Cavabdeh tərəfindən avtomobil nəqliyyat vasitəsini idarəetmək hüququ olmayan şəxsə verilməsinə görə əməlində Azərbaycan Rrespublikası İXM-nin 335.3-cü maddəsinin tərkibi olduğu müəyyən edilmişdir.

Məhkəmənin mövqeyi :

34. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia tələbi təmin edilməlidir.

35. Belə ki, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsində icbari sığorta üzrə subroqasiya hüququnun yaranmasının əsasları müəyyən edilmişdir. İddiaçı "xxxx" ASC həmin normada sadalanan əsaslardan biri hazırki mülki işin faktiki halına uyğun gəldiyi üçün həmin əsasla icbari sığorta məbləğini geri tələb etmişdir. Həmin əsas-hadisə zamanı sürücünün avtomaşını idarə etməyə hüququ olmaması halıdır.

36. Həmin normada qeyd edilir ki, icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır (maddə 25.1.3).

37. Məhkəmə ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, işin məhkəmə tərəfindən tədqiq edilmiş faktiki hallarından görünür ki, Cavabdeh mülkiyyətində olan Ban nömrəsi 5XXGV4L21GG1200418, mühərrik nömrəsi DK035907, istehsal tarixi 2016-cı il olan “Kia Optima” markalı 77GU977 dövlət qeydiyyat nişanlı avtomobil iddiaçı "xxxx" ASC tərəfindən X23 ilə bağlanmış “avtonəqliyyat vasitəsi sahibinin mülki məsuliyyətinin icbari sığortası”na dair icbari sığorta müqaviləsi əsasında xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək sığortalanmışdır. Müqavilənin qüvvədə olduğu dövrdə avtomobilin sahibi və dövlət qeydiyyat nişanı dəyişmişdir.

38. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun 8.3-cü bəndinə əsasən həmin müqavilənin qüvvədə olduğu müddət ərzində əmlakın sahibi dəyişdikdə, o cümlədən əmlak qanuni əsaslarla icarəyə və ya digər qaydada başqa şəxsin istifadəsinə verildikdə, bu Qanunun 8.4-cü maddəsi nəzərə alınmaqla, müqavilə müddətinin sonunadək yeni icbari sığorta müqaviləsinin bağlanması tələb olunmur. Bu halda bu Qanunla sığortalıya aid edilən bütün hüquqlar və vəzifələr əmlakın yeni sahibinə və ya istifadəçisinə şamil edilir.

39. Məhkəmə qeyd edir ki, iddiaçı "xxxx" ASC ilə X23 arasında bağlanmış xx.xx.2022-ci il tarixli icbari sığorta müqaviləsinin qüvvəsi cavabdeh tərəfindən mübahisələndirilmədiyindən, həmin müqavilədən irəli gələn və müvafiq Qanunla müəyyən edilmiş X23 aid edilən bütün hüquq və vəzifələr Cavabdeh şamil edilməlidir.

40. Həmin müqavilədən və “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanundan irəli gələn öhdəliklərdən biri iddiaçı "xxxx" ASC tərəfindən sığortalanmış nəqliyyat vasitəsini nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxsə verilməsi halında baş vermiş sığorta hadisəsi zamanı dəymiş zərərə görə sığortaçının ödədiyi sığorta ödənişi miqdarında sığortalının daşıdığı məsuliyyətdir.

41. Cavabdeh mülkiyyətində olan və iddiaçı "xxxx" ASC tərəfindən sığortalanmış “Kia Optima” markalı 77GU977 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin yol-nəqliyyat hadisəsinin baş verdiyi xx.xx.2023-cü il tarixdə nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs tərəfindən idarə edilməsi işin mübahisəsiz halıdır.

42. Belə olan halda iddiaçı "xxxx" ASC-nin “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.1.3-cü maddəsinin tələbinə əsasən subraqasiya hüququ yaranmışdır.

43. Məhəkəmə qeyd etməyi zəruri hesab edir ki, subroqasiya zərərvurmadan irəli gələn məsuliyyətin labüdlüyü və zərərin əvəzinin tam ödənilməsi prinsiplərinin həyata keçirilməsinə xidmət edən hüquqi vasitələrdən biridir. Belə ki, sığortalı (faydalanan şəxs) əksər hallarda ona vurulmuş zərəri əhatə edən sığorta ödənişini almaqla, sonrakı tutulmaya marağını itirir. Nəticədə zərər vuran şəxs məsuliyyətdən yayına bilər. Yalnız subroqasiya zərər vuran şəxsdən zərərin əvəzinin tutulmasını təmin edir. Mahiyyətcə, subroqasiya tələb hüququnun güzəştidir (sessiya). Ona görə də sığortaçıya keçən hüquq sığortalı (faydalalan şəxs) ilə zərərə görə məsuliyyət daşıyan şəxs arasında münasibətləri tənzimləyən qaydalara, yəni delikt haqqında normalara riayət etməklə həyata keçirilir. Beləliklə, tərəflər arasında öhdəliyin əmələ gəlmə əsası mülki hüquq pozuntusunun (deliktin) törədilməsidir.

44. MM-nin 1096-cı və 1097.1-ci maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam ödənilməlidir.

45. Zərər vurmadan irəli gələn öhdəliklər zərərçəkmişin əmlak və şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində yaranır, mütləq xarakter daşıyır, zərər vuranın hesabına və yaxud qanunla üzərinə zərərin əvəzinin ödənilməsi vəzifəsi qoyulan başqa şəxslərin hesabına qeyd edilən hüquqların tam bərpa olunmasının təmin edilməsinə yönəlir. Delikt öhdəliyinin yaranması üçün zərər mövcud olmalı, bu, cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməli, qanunsuz hərəkət və hərəkətsizliklə zərər arasında səbəbli əlaqə olmalıdır. Bundan başqa, zərərvuran şəxsin təqsirindən asılı olmayaraq maddi məsuliyyət daşıması halları istisna olmaqla, zərərvuran şəxsin təqsiri müəyyən edilməlidir. Ətrafdakılar üçün yüksək təhlükə yaradan fəaliyyətlə törədilmiş zərərə görə məsuliyyət adi mülki-hüquqi məsuliyyətdən daha ciddidir, belə ki, bu fəaliyyətlə məşğul olan şəxslərin təqsirindən asılı olmayaq yaranır.

46. Qanunvericilikdə nəzərdə tutulmuş təqsirsiz məsuliyyət növlərindən biri Mülki Məcəllənin 1108-ci maddəsinə uyğun olaraq yüksək təhlükə mənbəyinin fəaliyyəti nəticəsində vurulmuş zərərə görə yüksək təhlükə mənbəyinin sahibinin məsuliyyəti və Mülki Məcəllənin 1104-cü maddəsinə əsasən on dörd yaşından on səkkiz yaşınadək yetkinlik yaşına çatmayanın törətdiyi mülki hüquq pozuntusu üçün valideynlərin məsuliyyətidir.

47. Belə ki, Mülki Məcəllənin 1108.1-ci maddəsinə müvafiq olaraq, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur.

48. Yüksək təhlükə mənbəyinin sahibinin üçüncü şəxslərə dəymiş zərəri qarşılamaq öhdəliyi hüquq nəzəriyyəsində “təhlükə məsuliyyəti” adlandırılır. Qanunverici ətrafdakılar üçün təhlükəli olan əşyanın sahibinin və ya fəaliyyət növü ilə məşğul olan şəxsin bu təhlükədən məlumatlı olmasına baxmayaraq, riski öz üzərinə götürərək əşyadan istifadə etməsi və ya fəaliyyət növü ilə məşğul olması səbəbindən üçüncü şəxslərə dəymiş zərəri qarşılamaq öhdəliyinin də onun üzərinə qoyulmasını məqsədəmüvafiq hesab etmişdir. Yüksək təhlükə mənbəyi sahibinin məsuliyyətinin əsasını təqsir deyil, sahiblik etdiyi əşyanın və ya fəaliyyətin təhlükəliliyi təşkil edir.

49. Şəxsin yüksək təhlükəli mənbəyin sahibi kimi məsuliyyətə cəlb edilməsi üçün ilkin şərt onun həmin mənbəyə mülkiyyət hüququnun, icarə hüququnun, nəqliyyat vasitəsini idarə etməyə dair etibarnaməsinin və s. olmasıdır. Qeyd edilənlər yüksək təhlükə mənbəyi sahibliyinin hüquqi əsasını təşkil edir. Digər zəruri şərt isə maddi şərt olmaqla yüksək təhlükə mənbəyi üzərində hakimiyyətə malik olmanı, habelə yüksək təhlükə mənbəyi ilə bağlı mənfəəti olmanı və ondan yararlanmanı nəzərdə tutur. Maddi şərt təmin olunmadan şəxsin yüksək təhlükə mənbəyinin sahibi hesab olunması yolverilməzdir.

50. Beləliklə, ətrafdakılar üçün yüksək təhlükə mənbəyinin sahibi təqsirindən asılı olmayaraq həmin mənbəyin fəaliyyəti nəticəsində vurulmuş zərərin əvəzini ödəməyə borcludur.

51. Həmçinin Mülki Məcəllənin 1104.2-ci maddəsinə əsasən on dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanın zərərin əvəzini ödəmək üçün yetərli gəliri və ya başqa əmlakı olmadıqda zərərin hamısını və ya çatışmayan hissəsini onun valideynləri (övladlığa götürənlər) və ya himayəçisi zərərin onların təqsiri üzündən yaranmadığını sübuta yetirməsələr, ödəməlidirlər. Valideynlərin (övladlığa götürənlərin), himayəçinin və müvafiq müəssisənin on dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanın vurduğu zərərin əvəzini ödəmək vəzifəsinə zərərvuran yetkinlik yaşına çatdıqda və ya yetkinlik yaşına çatdıqdan sonra zərərin əvəzini ödəmək üçün yetərli gəliri və ya başqa əmlakı yarandıqda və ya yetkinlik yaşına çatanadək fəaliyyət qabiliyyəti əldə etdikdə xitam verilmir (1104.4m).

52. Məhkəmə qeyd edir ki, mülki iş üzrə xx.xx.2023-cü il tarixdə baş vermiş yolnəqliyyat hadisəsinin Cavabdeh oğlu - yetkinlik yaşına çatmayan X14 tərəfindən törədilməsi, yol-nəqliyyat hadisəsinin baş verməsində X9 təqsirli olması, əməlində inzibati xəta tərkibi olması, inzibati məsuliyyətə cəlb etmək üçün inzibati xətalar qanunvericiliyi ilə müəyyən edilmiş yaş həddinə çatmaması, Cavabdeh avtomobili idarəetmə hüququ olmayan şəxsə verilməsinə görə əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 335.3-cü maddəsinin tərkibi olması işin məhkəmə tərəfindən tədqiq edilən mübahisəsiz hallarıdır.

53. Belə ki, bu hallar Nizami RPİ-nin Tş-nin xx.xx.2023-cü il tarixli “cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” qərarına və X14, Cavabdeh polis idarəsində verdikləri izahata və işdə olan məhkəmə tərəfindən tədqiq edilmiş digər materiallara əsasən müəyyən edilmişdir.

54. Həmçinin məhkəmə qeyd edir ki, baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində X11 qanuni sahibliyində olan avtonəqliyyat vasitəsinə 4370 manat məbləğində, X1 yüngül zərər dəyməsi və dəymiş zərərlə əlaqədar iddiaçı "xxxx" ASC tərəfindən X13 4370 manat və X7 750 manat sığorta ödənişi həyata keçirilməsi işin məhkəmə tərəfindən tərəfindən müəyyən edilmiş hallarıdır.

55. Belə ki, bu hallar işdə olan və məhkəmə tərəfindən tədqiq edilmiş sığorta aktlarına, dəymiş zərərə dair hesabata, ödəniş tapşırığına əsasən müəyyən edilmişdir.

56. Məhkəmə X1 dəymiş zərərə görə həyata keçirilən sığorta ödənişinin məbləği ilə bağlı qeyd edir ki, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 14.2.5-ci maddəsinə əsasən sığorta hadisəsi nəticəsində sığorta olunanın və ya üçüncü şəxsin sağlamlığına vurulan yüngül xəsarətə görə sığorta məbləğinin 15 faizi məbləğində ödəniş edilməsi nəzərdə tutulduğundan həyata keçirilən ödəniş qanunun tələblərinə uyğundur.

57. Həmçinin məhkəmə qeyd edir ki, Cavabdeh tərəfindən yuxarıda qeyd edilən hallar, o cümlədən, dəymiş zərər və həyata keçirilən sığorta ödənişlərinin məbləği mübahisələndirilməmişdir. Cavabdeh yalnız baş vermiş yol-nəqliyyat hadisəsi zamanı zərərçəkənə dəymiş zərər sığorta şirkəti tərəfindən ödənilməli olduğunu qeyd etməklə, bu səbəbdən iddiaçının ona qarşı iddia qaldırmasına etirazını bildirmişdir.

58. Məhkəmə qeyd edir ki, hazırki mülki iş üzrə zərərin baş verməsi, bunun Cavabdeh qanunsuz hərəkətinin (nəqliyyat vasitəsini ) nəticəsi olması, qanunsuz əməllə zərər arasında səbəbli əlaqə olması müəyyən edilmişdir.

Məhkəmə xərcləri.

59. İddiaçı "xxxx" ASC ödənilmiş 71.2 manat məbləğində dövlət rüsumunun əvəzinin cavabdehdən tutulması tələbini irəli sürmüşdür.

60. İş materialları əsasında müəyyən edilir ki, iddiaçı "xxxx" ASC tərəfindən məhkəməyə müraciət etmək üçün 71.2 manat məbləğində dövlət rüsumu ödənilmişdir.

61. Məhkəmə qeyd edir ki, iddia təmin edildiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddiaçı "xxxx" ASC tərəfindən ödənilmiş 71.2 (yetmiş bir manat iyirmi qəpik) manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

Nəticə :

62. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək qeyd edir ki, iddia təmin edilməli, Cavabdeh 5120 (beş min bir yüz iyirmi) manat məbləğində sığorta ödənişi və 71.2 (yetmiş bir manat iyirmi qəpik) manat məbləğində dövlət rüsumu tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməsinə dair iddia tələbi təmin edilməlidir.

63. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət Etdi:

İddia tələbi təmin edilsin. İddiaçı "xxxx" ASC tərəfindən ödənilmiş 5120 (beş min bir yüz iyirmi) manat məbləğində sığorta ödənişi və 71.2 (yetmiş bir manat iyirmi qəpik) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulsun. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Starə Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar