Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(008)-1202/2025 17.03.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi ilə, Məhkəmə iclas katibi X1, İddiaçının nümayəndəsi X2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı «lizinq müqaviləsinin ləğv edilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı MMC ilə cavabdeh arasında bağlanmış 05 sentyabr 2022-ci il tarixli ALY-1429 saylı “Daxili lizinq” müqaviləsinin ləğv edilməsi, lizinq obyekti olan 2022-ci il buraxılışlı, “Chevrolet Cobalt” minik markalı, **-AC-*** dövlət qeydiyyat nişanlı, XWBJA69V9NA099962 ban, boz metallik rəngli avtomobilin iddiaçıya geri qaytarılması, cavabdehdən 05 sentyabr 2022-ci il tarixli ALY-1429 saylı “Daxili lizinq” müqaviləsinə əsasən lizinq obyektini müvəqqəti sahiblik və istifadə edilməsinə görə 16 noyabr 2024-cü il tarixə 1110.61 manat gecikdirilmiş əsas, 786.78 manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 198.11 manat dəbbə pulu, cəmi 2095.50 manat borc və ödənilmiş 100 manat dövlət rüsumu İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 05 sentyabr 2022-ci il tarixli ALY-1429 saylı “Daxili lizinq” müqaviləsinə əsasən Cavabdeh sifarişi ilə 2022-ci il buraxılışlı, “Chevrolet Cobalt” minik markalı, **-AC-*** dövlət qeydiyyat nişanlı, XWBJA69V9NA099962 ban, boz metallik rəngli avtomobil 22825 manat məbləğinə İddiaçı MMC-nin mülkiyyətinə alınmış və sifarişçinin müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. “Daxili lizinq” müqaviləsinin ayrılmaz tərkib hissəsi olan Lizinq ödənişləri cədvəlinə (Əlavə №3) əsasən Cavabdeh illik 18% hesablanmaqla 60 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 478.03 manat, ümumilikdə isə 32682 manat məbləğində pulu İddiaçı MMC-nin hesabina ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh saylı “Daxili lizinq” müqaviləsi üzrə lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə 16 noyabr 2024-cü il tarixə 1110.61 manat gecikdirilmiş əsas, 786.78 manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 198.11 manat dəbbə pulu, cəmi 2095.50 manat borcu yaranmışdır. “Daxili lizinq” müqaviləsi və “Ödəniş cədvəli”nin şərtlərinə cavabdeh tərəfindən əməl edilməmiş, cavabdeh lizinq ödənişlərinin ödənilməsinə dair öhdəliyi vaxdında və lazımı qaydada icra etməmiş və onun iddiaçı qarşısında öhdəliyi yaranmışdır. Məhkəmə işin aşağıdakı faktiki hallarını nəzərə alaraq hesab edir ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 05 sentyabr 2022-ci il tarixli ALY-1429 saylı “Daxili lizinq” müqaviləsinin ləğv edilməsi tələbinə dair mülki iş üzrə icraata xitam verilməlidir. İddiaçı MMC ilə Cavabdeh arasında xx.xx.2022-ci il tarixli ALY-1429 №-li “Daxili Lizinq” müqaviləsi bağlanmışdır. Həmin müqavilənin: 1.1-ci bəndinə əsasən, lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə lizinq alan bu müqavilə ilə müəyyən edilmiş lizinq ödənişlərini ödəməlidir; 1.3-cü bəndinə əsasən, lizinq ödənişlərinin məbləği, ödənilməsi qaydası və müddətləri müqavilənin ayrılmaz tərkib hissəsi olan lizinq ödənişlərinin cədvəlində (Əlavə № 3) müəyyən edilir; 4.4.1 -ci bəndinə əsasən lizinq Alan müvafiq standartlara, texniki şərtlərə, texniki istismar qaydalarına və istehsalçının təlimatlarına riayət etməklə lizinq obyektini yalnız onun təyinatı üzrə istifadə etməlidir; 4.4.2-ci bəndinə əsasən lizinq Alan lizinq obyektini saz vəziyyətdə saxlamalı, lizinq obyektinin təmiri ilə bağlı bütün xərcləri ödəməlidir; 5.1 -ci bəndinə əsasən təhvil-təslim aktı imzalandığı andan müqaviənin bütün müddəti ərzində Lizinq Obyektinin zərərin bütün növlərindən qorunması, həmçinin onun təsadüfən məhv edilməsi və zədələnməsi riski Lizinq alana keçir; 7.2-ci bəndinə əsasən, lizinq alan gecikdirilən hər təqvim gününə lizinq ödənişi məbləğinə gündəlik 0.3 % hesanlanmaqla cərimə ödəyir; 9.1 -ci bəndinə əsasən, lizinq alan lizinq obtektindən bu müqavilənin şərtlərini pozmaqla, yaxud onun təyinatına uyğun olmamaqla istifadə etdikdə, lizinq obyektini işlək halda saxlamadıqda və bu da onun istehlak keyfiyyətlərini pisləşdirdikdə, lizinq ödənişlərini müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmədikdə müqavilə lizinq verənin təşəbbüsü ilə, Lizinq alana hər hansı bir zərərin əvəzini ödəmədən ləğv edə bilər. İş materiallarında olan "xxxx" MMC tərəfindən Cavabdeh xx.xx.2024-cü il tarixdə ünvanlanmış xəbərdarlıqdan müəyyən edilir ki, cavabdeh yaranmış borcun tez bir zamanda ödəmədiyi təqdirdə, müqavilənin ləğv edilməsi və pulun tutulması üçün lizinq şirkəti tərəfindən qanunamüvafiq tədbirlərin görüləcəyi barədə xəbərdar edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumununun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair» xx.xx.2023-cü il tarixli Qərarında qeyd edilir ki, «Mülki Məcəllənin Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi əsasları adlanan 421-ci maddəsi yalnız müqavilənin birtərəfli qaydada aradan qaldırılması (ləğv edilməsi) hallarını nəzərdə tutmur. Belə ki, Mülki Məcəllənin 421.1-ci maddəsi ləğvetmə ilə bağlı olmayıb, müqavilə azadlığı və tərəflərin bərabərliyi prinsiplərinə uyğun olaraq onların qarşılıqlı razılaşması ilə müqavilə münasibətlərinin dəyişdirilməsi və ya ona xitam verilməsinin mümkünlüyünü nəzərdə tutur. Məcəllənin 423.1-ci maddəsi isə məhz bu məqsədlə bağlanan müqavilənin (razılaşmanın) formasına aid məsələni tənzimləyir. Həmin maddəyə əsasən, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma, əgər bu Məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır. Vurğulanmalıdır ki, göstərilən maddədə “müqavilənin ləğv edilməsi haqqında razılaşma” ifadəsindən istifadə olunsa da, burada məhz tərəflərin qarşılıqlı razılaşması yolu ilə müqavilə münasibətlərinə xitam verilməsi nəzərdə tutulmuşdur. Halbuki, yuxarıda qeyd edildiyi kimi, “ləğv etmə” dedikdə əqdə əsaslanan münasibətlərin qarşılıqlı razılaşma yolu ilə deyil, tərəflərdən birinin birtərəfli iradə ifadəsi ilə aradan qaldırması imkanı başa düşülür. Müqavilənin birtərəfli qaydada aradan qaldırılmasının ümumi əsasları isə Mülki Məcəllənin 421.2 və 422.1-ci maddələrində müəyyən edilmişdir. Məcəllənin 421.2-ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Göründüyü kimi, müqavilənin birtərəfli qaydada aradan qaldırılması (ləğv edilməsi) aşağıda göstərilən əsaslardan birinin mövcud olduğu halda mümkündür: - digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda (məsələn, Mülki Məcəllənin 719.7-ci maddəsində müəyyən edildiyi kimi); - Mülki Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda (məsələn, Mülki Məcəllənin 786.1-ci maddəsində göstərilən hal). Müqavilə öhdəliklərinin əhəmiyyətli dərəcədə pozulması baş vermədiyi bir sıra hallarda, əgər bu hallar Mülki Məcəllə və ya tərəflərin əvvəlcədən qarşılıqlı razılaşması ilə müəyyən edilərsə, müqavilə birtərəfli qaydada ləğv oluna bilər. Belə ki, Mülki Məcəllənin 421.3-cü maddəsinə əsasən müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır». Konstitusiya Məhkəməsi qərara almışdır ki, «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır”. Qeyd edildiyi kimi, hazırki iddiada İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış müqavilənin ləğv edilməsini istəyir. Məhkəmə hesab edir ki, İddiaçı MMC iradə ifadəsinin artıq cavabdehə bildirişin göndərilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir. Beləliklə, həmin müqavilənin ləğv edilməsi iddiaçının birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar artıq baş vermişdir, bu əsasdan da həmin müqavilənin məhkəmə qətnaməsi ilə pozulmasına zərurət yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0, 261.0.1-ci maddələrinə əsasən işə məhkəmədə və ya mülki icrat qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraat xitam verir. Həmin Məcəllənin 263.2-ci maddəsinə əsasən məhkəmə iş üzrə icraatı dayandırdıqda, icraata xitam verdikdə, iddianı baxılmamış saxladıqda, habelə bu Məcəllə ilə nəzərdə tutulmuş digər hallarda qərardad çıxarır. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 268.1-ci maddəsinə əsasən şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 52,191,263, 264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə, QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı «lizinq müqaviləsinin ləğv edilməsi» tələbinə iddia tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Tərəflərə izah edilsin ki, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətinə Sabunçu Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Tahirə Əsədova
Məhkəmə qərarları › İş №e-2(008)-1202/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №e-2(008)-1202/2025
17.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver