Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-1393/2023 06.04.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi ilə, Məhkəmə iclas katibi X3, Cavabdehin nümayəndəsi (atası) X1 iştirakları ilə İddiaçı Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2018-ci il tarixli 689-L/18 №-li müqavilə üzrə 7876 manat gecikdirilmiş borcun və 5964,83 manat cərimə borcunun, hüquqi yardımla bağlı ödənilmiş 300 manat və 200 manat çəkilmiş mediasiya xərcinin, cəmi 14340,83 manat pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onun əsaslandırılmışdır ki, "xxxx" ASC ("xxxx" ASC) ilə cavabdeh arasında xx.xx.2018-ci il tarixli 689-L/18 №-li müqaviləyə əsasən cavabdeh dəyərinin bir hissəsinin əvvəlcədən, qalan hissəsini isə müqavilənin tərkib hissəsi olan ödəniş qrafikinə uyğun olaraq ödəmək şərtilə kənd təsərrüfatı texnikalaranı lizinqə götürmüş, lakin öhdəliklərini yerinə yetirməmişdir. Cavabdehin 7876 manat gecikdirilmiş borc və 5964,83 manat cərimə borcu yaranmışdır. İddiaçının nümayəndəsi məhkəməyə elektron ərizə ilə müraciət edərək işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Cavabdehin nümayəndəsi (atası) X2 iş üzrə izahat verərək qeyd etdi ki, 2022-ci ilin 13 və 17 oktyabrında 3400 manat borcundan pul ödəmişdir. Oğlu Ağdam rayonunun mina təmizləmə işlərində iştirak etdiyindən məhkəməyə gələ bilmir. İddianın qismən təmin edilməsinə etiraz etmir. Məhkəmə cavabdeh tərəfinə izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Hazırki işin faktiki halları aşağıdakılardır. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2020-ci il tarixli, 1137 №-li Fərmanı ilə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi tabeliyindəki "xxxx" ASC-nin adı dəyişdirilərək "xxxx" ASC adlandırılmış, "xxxx" ASC-nin lizinq müqavilələri üzrə hüquq və öhdəlikləri Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə keçirilmişdir. "xxxx" ASC ********** nömrə ilə xx.xx.2005-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır. Şirvan təchizat bazasında yerləşdirmək üçün 28300 manat dəyərində kənd təsərrüfatı texnikasının cavabdehə verilməsi barədə "xxxx" ASC tərəfindən xx.xx.2018-ci il tarixli 2881/ü №-li əmri qəbul edilmişdir. "xxxx" ASC ilə cavabdeh arasında xx.xx.2018-ci il tarixli 689-L/18 №-li lizinq müqaviləsi bağlanılmışdır. Həmin müqaviləyə əsasən cavabdeh dəyərinin bir hissəsinin əvvəlcədən, qalan hissəsini isə müqavilənin tərkib hissəsi olan ödəniş qrafikinə uyğun olaraq ödəmək şərtilə kənd təsərrüfatı texnikalaranı lizinqə götürmüşdür. Müqavilənin 4.2-ci bəndinə əsasən lizinq alan ödəniş qrafikinə uyğun olaraq iki dəfədən artıq ödənişi yerinə yetirməzsə gecikdirilən hər günə görə gecikdirilmiş məbləğin 0,1 faizi həcmində cərimənin hesablanması nəzərdə tutulmuşdur. Müqaviləyə əlavə «-2-yə əsasən ilkin ödəniş (5660 və 11 manat) edildikdən sonra xx.xx.2024-cü il tarixədək ayda 984 manatın ödənilməsi nəzərdə tutulmuşdur. xx.xx.2022-ci il tarixli maliyyə arayışına əsasən cavabdehin müqavilə üzrə 7876 manat gecikdirilmiş əsas borcu və 5964,83 manat cərimə borcu yaranmışdır. Cavabdeh tərəfindən təqdim edilmiş ödəniş qəbzlərindən görünür ki, xx.xx.2022-ci il tarixdə 2400 manat, xx.xx.2022-ci il tarixdə 1000 manat ödəniş edilmişdir. Məhkəmə aşağıdakı hüquqi əsaslara görə iddianın qismən qanuni və əsaslı olduğu qənaətinə gəlmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə, lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Həmin Məcəllənin 748-1.12 və 748-1.12.4-cü maddələrinin tələbinə əsasən lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə lizinq verənin lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsinin vaxtından əvvəl ləğv etmək hüququ vardır. Lizinq alana müvəqqəti sahibliyə və ya istifadəyə verilmiş lizinq obyekti lizinq verənin mülkiyyətidir (həmin Məcəllənin 748-2.1-ci maddəsi). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 433.1-ci maddəsinə əsasən borclu öz öhdəliyini kreditora və ya qanunla və ya məhkəmənin qərarı ilə icranı qəbul etməyə ixtiyarı çatan şəxsə ödəməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehlərdir. Odur ki, məhkəmə hesab edir ki, edilmiş ödənişlər nəzərə alınmaqla, iddia əsas borcun tutulması hissəsində qismən təmin edilərək, 4476 manat (7876 manat – 3400 manat) hissədə təmin, qalan hissədə rədd edilməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, cərimə borcunun tutulması barədə də iddia qismən təmin edilməli, 100 manat tutulmalı, qalan hissədə rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Odur ki, məhkəmə hesab edir ki, xx.xx.2018-ci il tarixli 689-L/18 №-li müqavilə üzrə 4476 manat gecikdirilmiş borc və 100 manat cərimə borcu, cəmi 4576 manat borc Cavabdeh Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin xeyrinə tutulsun. Eyni zamanda iddiaçı hüquqi yardımla bağlı ödənilmiş 300 manatın tutulmasını da istəyir. İddiaçı tərəfindən hüquqi yardıma görə "xxxx" MMC-yə 300 manat hüquqi yardıma görə ödəniş edilmişdir (xx.xx.2021-ci il tarixli «Hüquqi yardımın göstərilməsi haqqında müqavilə» və 000İPX12236105B2 №-li ödəniş qəbzi). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən Məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Odur ki, məhkəmə hesab edir ki, 300 manat cavabdehdən iddaçının xeyrinə tutulmalıdır. Eyni zamanda iddiaçı tərəfindən 200 manat mediasiya xidməti üçün pul ödənilmişdir. Məhkəmə hesab edir ki, 200 manat da cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Dövlət Rüsumu haqqında Azərbaycan Respublikası Qanununun 8.1.3.-cü maddəsinə əsasən iddianın qiyməti 1000 manatdan 10000 manatədk olduqda dövlət rüsumu 30 manat + 10000 manatdan yuxarı olan iddia qiymətinin 0,1% təşkil edir. İddia tələbindən görünür ki, iddianın qiyməti 1000 manatdan çox olmuşdur. Dövlət Rüsumu haqqında Azərbaycan Respublikası Qanununun 9.4-cü maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. İddiaçı dövlət orqanı olduğundan rüsum ödəməkdən azaddır. Bu əsasdan məhkəmə hesab edir ki, iddia 4576 manat hissədə təmin edildiyindən 65,76 manat dövlət rüsumu cavabdehdən dövlət büdcəsinə tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Həmin Məcəllənin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. xx.xx.2018-ci il tarixli 689-L/18 №-li müqavilə üzrə 4476 manat gecikdirilmiş borc və 100 manat cərimə borcu, cəmi 4576 manat borc, hüquqi yardımla bağlı ödənilmiş 300 manat və 200 manat çəkilmiş mediasiya xərci, cəmi 5076 manat pul vəsaiti Cavabdeh Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin xeyrinə tutulsun. İddia qalan hissədə rədd edilsin. 65,76 manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tahirə Əsədova
Məhkəmə qərarları › İş №e-2(008)-1393/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-1393/2023
06.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver