Məhkəmə qərarları › İş №e-2(008)-1393/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-1393/2024

13.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-1393/2024 13.02.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ hakim Qasımov Vidadi Kamal oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1, iddiaçının nümayəndəsi Nümayəndə2, Cavabdeh iştirakı ilə iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı "xx.xx.2022-ci il tarixli ********* nömrəli müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 401,20 manat ödənilməmiş hissə, 60,10 manat cərimə, cəmi 461,30 manat borcun, 30 manat ödənilmiş dövlət rüsumunun tutulması" barədə iddiasına dair mülki işə məhkəmənin binasında açıq məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı "xx.xx.2022-ci il tarixli ********* nömrəli müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 401,20 manat ödənilməmiş hissə, 60,10 manat cərimə, cəmi 461,30 manat borcun, 30 manat ödənilmiş dövlət rüsumunun tutulması" barədə iddia ərizəsi ilə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadına əsasən, həmin iddiaya sadələşdirilmiş icraat qaydasında baxılması qərara alınmışdır. Məhkəmə tərəfindən iddia ərizəsinin surəti cavabdehə göndərilmiş və 10 iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını məhkəməyə təqdim etməsi ona təklif olunmuşdur. Cavabdeh xx.xx.2023-cü il tarixli ərizədə bildirmişdir ki, "xxxx" MMC-yə 461,30 manat borcu vardır, o, borcu ödəməkdən yayınmır, sadəcə olaraq, məhsul xarab olduğu üçün pulu ödəmir. İş üzrə əlavə araşdırmanın aparılması, o cümlədən tərəflərin çağırılaraq izahatlarının alınması zəruri olduğuna, lakin sadələşdirilmiş icraat çərçivəsində zəruri prosessual hərəkətləri yerinə yetirmək mümkün olmadığına görə məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə işə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. İddiaçı öz tələbini belə əsaslandırmışdır ki, cavabdeh xx.xx.2022-ci ildə "Müddətli (nisyə) alqı-satqı müqaviləsi" əsasında "Xiaomi" markalı mobil telefon almışdır. Həmin müqavilə ilə üzərinə götürdüyü öhdəliklərini tam icra etməmiş və nəticədə 401,20 manat əsas, 601 manat cərimə borcu yaranmışdır. Cərimə məbləğinə 90% güzəşt tətbiq edildikdən sonra cavabdehdən 401,20 manat əsas, 60,10 manat cərimə, cəmi 461,20 manat borcunun ödənilməsi tələb edilir. Məhkəmə baxışı zamanı iddiaçının nümayəndəsi izahatında əlavə olaraq bildirdi ki, cavabdehə xx.xx.2022-ci ildə bağlanmış müqaviləyə əsasən "Xiaomi" markalı telefon təqdim olunmuşdur. Telefon təqdim edildikdə zəmanət talonu verilmişdir. Bundan sonra cavabdeh məhsulun xarab olması barədə xx.xx.2023-cü ildə servisə şifahi olaraq müraciət etmişdir. Cavabdeh mağazaya müraciət etməsini təsdiq edə biləcək kamera görüntüləri tələb olunan görüntülərdən 3 aydan çox müddət keçməsi səbəbi ilə təqdim etmək mümkün deyil. Həmçinin, mağazanın əməkdaşları da yenilənib. Məhkəmə baxışı zamanı cavabdeh izahat verərək bildirdi ki, o, həqiqətən xx.xx.2022-ci ildə "xxxx" MMC-dən telefon almışdır. Hədiyyə olduğu üçün qutunu açdırıb məhsulu yoxlamamış, evə gəldikdən sonra telefonun işləmədiyini müəyyən etmişdir. O, xx.xx.2022-ci ildə mağazaya yaxınlaşdığında ona telefonun ekranında problem olduğunu, təmir üçün servisə yaxınlaşaraq 270 manat ödəniş etməli olduğu bildirilmişdir. O, servisə getməmiş, özü başqa yerdə 270 manata telefonu düzəltdirmişdir. Hal-hazırda krediti ödəmədiyi üçün telefon xətləri bağlanmışdır. Borcunu ödəməkdən yayınmır, hər ay 20-25 manat ödəyə bilər. Əsaslandırıcı hissə: Aşağıdakı hallara görə məhkəmə iddianı qismən əsaslı hesab edir. Müəyyən edildi ki, Cavabdeh xx.xx.2022-ci ildə "xxxx" MMC ilə ********* nömrəli "Müddətli (nisyə) alqı-satqı müqaviləsi" bağlayaraq "Xiaomi" markalı telefon almış, bununla da üzərinə 18 ay müddətinə 561,29 manat ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh iddiaçı tərəfindən məhsul və zəmanət talonu təqdim edilmişdir. O, qutunun açılaraq məhsulun yoxlanılmamasını xahiş etmişdir. İşdə olan, iddiaçı "xxxx" MMC və Cavabdeh arasında bağlanmış xx.xx.2022ci il tarixli ********* nömrəli "Müddətli (nisyə) alqı-satqı müqaviləsi"dən görünür ki, cavabdeh iddiaçıdan "Xiaomi" markalı teleon alaraq 18 ay müddətinə hissə-hissə olmaqla cəmi 561,29 manat ödəməyi öhdəsinə götürmüşdür. İşdə olan xx.xx.2023-cü il tarixli "Maliyyə arayışı"ndan görünür ki, Cavabdeh iddiaçı "xxxx" MMC-yə xx.xx.2022-ci il tarixli ********* nömrəli müqavilə üzrə 401,20 manat ödənilməmiş hissə, 601 manat cərimə olmaqla, cəmi borcu 1002,20 manat təşkil edir. İşdə olan, Cavabdeh xx.xx.2022-ci ildə aldığı "Xiaomi" markalı telefon üçün iddiaçı tərəfindən verilmiş **********4 nömrəli "Zəmanət talonu"ndan görünür ki, zəmanətli təmir yalnız istehsalçının təqsirindən baş vermiş qüsurlara aid edilir, qüsurun istehsalçı tərəfindən baş verib-verməməsi yalnız "xxxx" şirkətinin, şirkətlərin Avtorizə olunmuş Servis (ASM) mərkəzinin mütəxəssisləri və ya ixtisaslı mütəxəssislər tərəfindən təsdiq edilə bilər. İşdə olan "Xəbərdarlıq"dan görünür ki, iddiaçı tərəfindən cavabdehə borcun ödənilməsi təklif edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsində deyilir ki, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonar ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqdaisə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə görə, əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 600.5-ci maddəsinə əsasən, alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Həmin Məcəllənin 601.1-ci maddəsinə görə, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissəhissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin 601.2-ci maddəsinə görə isə, hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. İşdən göründüyü kimi, Cavabdeh iddiaçıdan aldığı telefonun dəyərini ödəməkdən yayınmır və borcu hissə-hissə ödəməyə hazır olduğunu bildirir. O, borcu bugünədək ödəməməsinin səbəbi kimi, aldığı telefonu evdə qutudan çıxartdığı zaman telefonun xarab olmasını müəyyən etməsinə, mağazaya qayıdaraq bu barədə məlumat verməsinə, lakin zəmanətə baxmayaraq təmir üçün ondan əlavə pul tələb olunmasına istinad etmişdir. Lakin iddiaçıya təklif edilməsinə baxmayaraq, o, məhkəməyə həmin xüsusatlara dair sübut təqdim edə bilməmişdir, halbuki Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla yanaşı, iddiaçı məhkəməyə verdiyi xx.xx.2024-cü il tarixli arayışda bildirmişdir ki, telefonun satıldığı mağazada müşahidə kameralarının görüntüləri uzun müddət keçməsi səbəbindən qalmamışdır. Digər tərəfdən, cavabdehin izahatı ilə müəyyən edilir ki, o, telefonu hədiyyə vermək məqsədilə aldığına görə onun xahişinə əsasən, mağazada alğı-satqı zamanı telefonun qutusu açılmamış və telefonun işlək olub-olmaması yoxlanmamışdır. Məhkəmə qeyd edir ki, belə olan halda, cavabdehin sonradan telefonun nasaz olmasına istinad etməsi əsaslı deyil. Ona görə də cavabdeh telefonun dəyərini iddiaçıya ödəməlidir. İddiada tələb olunan 60,1 manat cərimə məbləği ilə bağlı isə məhkəmə hesab edir ki, həmin məbləğ tənasübsüz surətdə yüksəkdir və cavabdehdən 20 manat cərimə tutulması kifayətdir. Beləliklə, iddia qismən təmin edilməli, cavabdehdən iddiaçının xeyrinə 401,20 manat ödənilməmiş hissə, 20 manat cərimə, cəmi 421,20 manat məbləğində borc tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İşdən görünür ki, iddiaçı tərəfindən xx.xx.2023-cü ildə ********** nömrəli mədaxil qəbzi ilə 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə hesab edir ki, iddia qismən, yəni 421,20 manat hissədə (91,3 faiz) təmin olunduğuna görə buna mütənasib olaraq, dövlət rüsumunun 91,3 faizi, yəni 27,39 manatı cavabdehə aid edilməli, həmin məbləğ ondan alınaraq iddiaçıya qaytarılmalı, qalan 2,61 manat hissəsi isə iddiaçıya aid edilməlidir. Nəticə hissəsi: Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh xx.xx.2022-ci il tarixli ********* nömrəli müqavilə üzrə 401,20 manat ödənilməmiş hissə, 20 manat cərimə, 27,39 manat dövlət rüsumu, cəmi 448,59 manat məbləğində pul alınaraq iddiaçı "xxxx" MMC-yə ödənilsin. İddia tələbi 40,1 manat cərimə ilə bağlı hissədə təmin edilməsin. İddiaçı "xxxx" MMC tərəfindən ödənilmiş dövlət rüsumunun qalan 2,61 manat hissəsi iddiaçıya aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində qətnamədən Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Apellyasiya şikayətinin məhkəməyə göndərilməsi "Elektron məhkəmə" informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilməlidir. Sədrlik edən Vidadi Qasımov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar