Məhkəmə qərarları › İş №e-2(008)-1488/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-1488/2024

23.05.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-1488/2024 23.05.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “məcburi payın tamamlanması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı “məcburi payın tamamlanması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək məcburi payın tamamlanmasının təmin olunması üçün lazım olan əmlakın dəyərinin, yəni 35 882 (otuz beş min səkkiz yüz səksən iki) manat məbləğində kompensasiyanın və dövlət rüsumu olaraq ödənilmiş 200 (iki yüz) manatın Cavabdeh üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırılmışdır ki, o, xx.xx.2021-ci il tarixində X16 ilə nikaha daxil olmuşdur. Nikahdan sonra əri ilə onun mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən evdə yaşamışlar. Əri xx.xx.2021-ci il tarixinədək həmin evə və onun yerləşdiyi torpaq sahəsinə tam pay hüququ ilə sahib olmuşdur. 2021-ci ilin may ayında sözügedən əmlakdan bağışlama müqaviləsinə əsasən əri tərəfindən bacısı Cavabdeh (83.4 kv.m və 0.0221 ha torpaq sahəsi) hədiyyə verilmiş və onların bu hüququ Daşınmaz Əmlakın Dövlət Reyestrində müvafiq qaydada qeydiyyata alınmışdır. Ərinin payına düşən mülkiyyəti xx.xx.2021-ci il tarixində qeydiyyata alınmışdır (daşınmaz əmlakın reyestr nömrəsi: **********99-10301). xx.xx.2023-cü il tarixində əri xəstəlik nəticəsində vəfat etmişdir. Əgər bağışlama müqaviləsi olmasa idi, Cavabdeh mülkiyyətinə keçən həmin əmlakdan ona düşən məcburi payın həcmi artıq olacaqdı. Belə ki, Əmlak Məsələləri Dövlət Komitısi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən mərhum ərinə verilən Daşınmaz əmlakın real bazar münasibətlərinə uyğun dəyərinin müəyyənlə dair Arayışa əsasən xx.xx.2020-ci il tarixinə ünvan 1 ünvanındakı 55.2 kv.m əmlakın dəyəri 190 000 (yüz doxsan min) manat təşkil etmişdir. Buradan belə qənaətə gəlmək olar ki, həmin dövrdə həmin əmlakın 1 kv.m in qiyməti təxmini (190 000/55.2=3442 (üç min dörd yüz qırx iki) manat təşkil etmişdir. Cavabdeh mülkiyyətində olan 83.4 kv.m əmlakdan və torpaq sahəsindən ona 1/8 həcmində məcburi pay düşür, bu isə təxmini 3 442 x (83.4x1/8)=35 882 (otuz beş min səkkiz yüz səksən iki) manat təşkil edir. Ona düşən hissənin dəyərində kompensasiya tələb etsə də, cavabdeh qətiyyən onunla razılığa gəlmək istəmir. Məhkəmə iclasında iştirak edən İddiaçı və İddiaçı nümayəndəsi və vəkili Vəkil1 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmişlər. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 iddia tələbini qəbul etməyərək rədd edilməsini məhkəmədn xahiş etmişdir Eyni zamanda Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 məhkəməyə etiraz ərizəsi verərək qeyd etmişdir ki, xx.xx.2021-ci il tarixində X16 ilə nikaha daxil olmuşdur. Nikahdan sonra əri ilə onun mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən evdə yaşamışlar. Əri xx.xx.2021-ci il tarixinədək həmin evə və onun yerləşdiyi torpaq sahəsinə tam pay hüququ ilə sahib olmuşdur. 2021-ci ilin may ayında sözügedən əmlakdan bağışlama müqaviləsinə əsasən əri tərəfindən bacısı Cavabdeh (83.4 kv.m və 0.0221 ha torpaq sahəsi) hədiyyə verilmiş və onların bu hüququ Daşınmaz Əmlakın Dövlət Reyestrində müvafiq qaydada qeydiyyata alınmışdır. Ərinin payına düşən mülkiyyəti xx.xx.2021-ci il tarixində qeydiyyata alınmışdır (daşınmaz əmlakın reyestr nömrəsi: **********99-10301). xx.xx.2023-cü il tarixində əri xəstəlik nəticəsində vəfat etmişdir. İddiaçının da göstərdiyi kimi ünvan 1 ünvanında yerləşən ev tam mülkiyyət hüququ ilə cavabdehin qardaşı X11 məxsus olmuşdur. X3 xx.xx.2021- ci il tarixli bağışlanma müqaviləsi ilə mülkiyyətində olan evin bir qismini bacısı Cavabdeh bağışlamışdır. Bağışlama müqaviləsinə əsasən bacısı Cavabdeh (83.4 kv.m və 0.0221 ha torpaq sahəsi) hədiyyə verilmiş və onların bu hüququ xx.xx.2021ci il tarixdə Daşınmaz Əmlakın Dövlət Reyestrində müvafiq qaydada qeydiyyata altnmışdır. Cavabdeh xx.xx.2021-ci il tarixdə Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsindən çıxarış almışdır. X16 evi bacısına bağışlayarkən subay olmuşdur. Mülkiyyət hüququ ilə özünə məxsus olan əmlakı bağışlamaqda sərbəst olmuşdur. Odur ki, iddia tələbi əsassız olduğundan rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatını, dinləyib, iş materiallarındakı sənədlərə hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmamalıdır. - Daşınmaz Əmlakın real bazar münasibətlərinə uyğun dəyərinin müəyyənləşdirilməsinə dair arayışdan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, T.Mustafayev küçəsi, 28 saylı evin xx.xx.2020-ci il tarixə bazar dəyəri 190000 manat təşkil edir. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüququların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrinin xx.xx.2021-ci il tarixli çıxarışından görünür ki, Bakı şəhəri Bakıxanov qəsəbəsi T.Mustafayev küçəsi 28 saylı ümumi sahəsi 98.6 kv.m olan fərdi yaşayış evi və ümumi sahəsi 0.0553 ha olan torpaq sahəsi X9 mülkiyyətindədir. - Azərbyacna Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüququların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrinin çıxarışından görünür ki, Bakı şəhəri Bakıxanov qəsəbəsi T.Mustafayev küçəsi 28 saylı evin 83,4 kv metr 4 otaq və 0,0221 ha torpaq sahəsi Cavabdeh, fərdi evdən 15,2 kv metr, 24,3 kv.metr açıq eyvan və 0,0332 ha torpaq sahəsi X9 mülkiyyətindədir. - Azərbyacna Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüququların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrinin xx.xx.2021-ci il tarixli çıxarışından görünür ki, Bakı şəhəri Bakıxanov qəsəbəsi T.Mustafayev küçəsi 28 saylı ümumi sahəsi 15 kv.metr sahəsi olan evin və ümumi sahəi 0.033620 ha olan torpaq sahəsinin mülkiyyətçisi X12r. - 4 saylı Bakı “Asan Xidmət” mərkəzin Qeydiyyat şöbəsinin AZ-İİ seriyalı 472238 nömrəli nikah haqqında şəhadətnamədən görünür ki, X16 ilə X17 15 noyabr 2021-ci il tarixdə nikaha daxil olmuşlar. Nikahdan sonra arvada Vahabova soyadı verilmişdir. - 4 saylı Bakı “Asan Xidmət” mərkəzin Qeydiyyat şöbəsinin AZ-İİ seriyalı 345918 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X16 xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. - Azərbaycan Respublikasinin Ədliyyə Nazirliyi Vətəndaşliq Vəziyyəti Aktlarinin Reyestri Xidmətinin xx.xx.2024-cü il tarixli 3 məktubunda görünür ki, “Vətəndaşlıq vəziyyəti aktları” X1 sisteminə daxil edilmiş məlumatlar öyrənilərkən, valideynləri X18 ilə X13 olan xx.xx.1960-cı il təvəllüdlü X9 doğumunun xx.xx.1960-cı ildə, xx.xx.1957-ci il təvəllüdlü X7 doğumunun xx.xx.1957-ci ildə, xx.xx.1959-cü il təvəllüdlü X4 doğumunun isə 24 yanvar 1959-cu ildə Sabunçu rayonu, Balaxanı icra nümayəndəliyində qeydə alındığı məlum oimuşdur. Qeyd edirik ki, X16 ilə X8 xx.xx.2011 -ci ildə Yasamal rayon qeydiyyat şöbəsində qeydə alınmış nikahın pozulması haqqında akt qeydi nəzərdən keçirilərkən, onların nikahlarının xx.xx.1981-ci ildə Rusiya Federasiyasının səlahiyyətli qurumunda qeydə alındığı müəyyən edilmişdir. X2 ilə X5 xx.xx.1989-cu il təvəllüdlü X10 doğumu xx.xx.1989-cu ildə Sabunçu rayon qeydiyyat şöbəsində dövlət qeydiyyatına alınmışdır. X16 ilə xx.xx.1968-ci il təvəllüdlü Vahabova (Nuriyeva) Arzu Xudaş qızının nikahı xx.xx.2021 -ci ildə 4 saylı Bakı “ASAN xidmət” mərkəzindəki qeydiyyat şöbəsində rəsmiləşdirmişlər. - Azərbaycan Respublikasinin Ədliyyə Nazirliyi Vətəndaşliq Vəziyyəti Aktlarinin Reyestri Xidmətinin 02 aprel 2024-cü il tarixli 3-16-5/4-13-1989/2024 nömrəli məktubunda görünür ki, Ədliyyə Nazirliyinin “Vətəndaşlıq vəziyyəti aktları” X1 sistemində axtarış aparılarkən E.Vahabovanın doğumu haqqında hər hansı məlumat aşkar olunmamışdır. Həmçinin bildiririk ki, “Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestri” informasiya sisteminə baxış keçirilərkən E.Vahabovanın doğum yerinin Rusiya Federasiyamın Voronej şəhəri olduğu müəyyən edilmişdir. Eyni zaman da bildiririk ki, Rusiya Federasiyasında tərtib edilmiş vətəndaşlıq vəziyyəti aktlarının qeydləri Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin qeydiyyat şöbələrində, eləcə də Vətəndaşlıq vəziyyəti aktlarının reyestri xidmətinin arxivində saxlanılmadığından E.Vahabovanın doğumuna dair məlumat verilməsi mümkün deyildir. İş materiallarında olan ********** nömrəli xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, İddiaçı 200 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Həmin Məcəllənin 1146-ci maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Azərbaycan Respublikası Mulki Məcəlləsinin 1159.1.1-ci maddəsinə əsasən 1-ci növbədə Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. Azərbaycan Respublikası Mulki Məcəlləsinin 1193-cü maddəsinə əsasən vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir. Həmin Məcəllənin 1200-ci maddəsinə əsasən miras qoyan əşyanı üçüncü şəxsə bağışladıqda, məcburi paya hüququ olan şəxs, əgər bağışlanmış əşya mirasa daxil olsaydı, onun məcburi payının arta biləcəyi məbləğdə məcburi payın tamamlanmasını tələb edə bilər. Əgər mirasın açıldığı vaxtadək hədiyyənin verilməsindən iki il keçirsə, hədiyyə hesaba alınmır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193 və 1200-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli qərarında göstərilmişdir ki, Məcburi payın tamamlanması tələbi məcburi paya hüququn xüsusi forması olmaqla, subsidiar xarakter daşıyır. Bu tələbin əsas məqsədi bağışlama yolu ilə məcburi payın aradan qaldırılmasının və ya azaldılmasının qarşısını almaqla qanuni vərəsələrin pozulmuş hüquqlarını bərpa etməkdən ibarətdir. Tamamlanma tələbini Mülki Məcəllənin 1193-cü maddəsində sadalanmış şəxslər irəli sürə bilərlər. Bu cür tələb irəli sürüldükdə bağışlanmış əşya xəyali olaraq miras əmlaka əlavə olunur, həmin hissə ilə birgə miras dəyəri hesablanır, məcburi payın həcmi müəyyənləşdirilir və bu həcmin qarşılanmadığı təqdirdə məcburi paya hüququ olan vərəsələrə çatmalı olan tamamlanmamış hissə ödənilir. Mülki Məcəllənin 1200-cü maddəsinin məzmunundan göründüyü kimi, tamamlanma tələbinin təmin edilməsi üçün bir neçə şərt eyni zamanda mövcud olmalıdır: - tələb irəli sürən şəxs məcburi pay hüququna malik olan şəxslər sırasına aid olmalı; əşya bağışlama yolu ilə üçüncü şəxsin mülkiyyətinə verilmiş olmalı; əşyanın bağışlanmasından iki ildən artıq müddət keçməməli; həmin əşya mirasa daxil olsa idi, miras əmlakın həcmi artmış olmalı idi. Konstitusiya Məhkəməsinin Plenumu bir daha qeyd edir ki, məcburi pay miras əmlakdan məcburi vərəsəyə mütləq şəkildə çatası pay olduğundan qanun üzrə vərəsələrdən birinci növbə vərəsələr (vəsiyyət edənin uşaqları, valideynləri və arvadı (əri)) belə payı miras qoyanın iradəsindən asılı olmadan əldə edirlər. Lakin vəsiyyətnamə olmadığı təqdirdə qeyd olunan şəxslərin aldığı miras əmlaka məcburi pay da daxil olduğundan, bir qayda olaraq həmin məcburi pay hüququnun müdafiəsinə zərurət qalmır. Bağışlama halında isə məcburi pay hüququ olan şəxslər hesab olunan birinci növbə vərəsələrə çatacaq pay pozulduğundan, onlar həmin bağışlanmış əşya hesabına məcburi paylarının tamamlanmasını tələb etməklə pozulmuş hüquqlarını bərpa edə bilərlər. Beləliklə mülki işin araşdırlmasından məlum olur ki, iddiaçı ilə X16 xx.xx.2021-ci il tarixdə rəsmi nikaha daxil olmuşlar. X16 iddiaçı ilə nikaha girməmişdən əvvəl öz mülkiyyətində olan əmlakdan bacısı hazırki mülki iş üzrə cavabdeh olan Cavabdeh 2021-ci ilin may ayında bağışlamışdır. Bundan sonra bağışlama müqaviləsi bağladığdan sonra iki il müddət ötməmiş X16 xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. İddiaçı hazırda məhkəməyə müraciət edərək onun X9 birinci növbədən vərəsəsi olduğundan, X6 bağışlama müqavilə bağladığından iki il ötməmiş vəfat etdiyindən və həmin müqavilə olmasaydı ona çatası payın artıq olduğunu əsas gətirərək cavabdehdən məcburi payının tamamlanmasını xahiş edir. Məhkəmə iddia tələbinə hüquqi qiymət verərək qeyd edir ki, işin mübahisə olunmayan halı budur ki, X16 ilə cavabdeh arasında bağlanmış bağışlama müqaviləsi X9 iddiaçı ilə birgə nikahda əvvəl olmuşdur, yəni bağışlama müqaviləsi bağlanan zaman iddiaçı X9 vərəsəsi olmadığından yəni iddiaçının hüquqları pozulmadığından iddia tələbi təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli, və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: İddiaçı Cavabdeh qarşı məcburi payın tamamlanması tələbinə dair iddia tələbi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar