Məhkəmə qərarları › İş №e-2(008)-1532/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-1532/2024

12.03.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-1532/2024 12.03.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Həqiqət Sahib qızının sədrliyi, Rüstəmova Sürəyya Nazim qızının katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi X3 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən təbii qazdan istifadəyə görə əsassız hesablanmış 1555,20 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, onunla əsaslandırdı ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi ona məxsusdur. Fərdi yaşayış evində Cavabdeh ilə imzalanmış xx.xx.2017-ci il tarixli 04/19702 nömrəli alqı-satqı müqaviləsi əsasında qaz təchizatı həyata keçirilir. Evin qaz sərfiyyatının müəyyənləşdirilməsi üçün quraşdırılmış sayğac ilkin olaraq mexaniki tipli olmuşdur. Qaz sərfiyyatına görə ödənişi hər zaman vaxtlı-vaxtında ödəmiş, heç vaxt sayğacdankənar qoşulmaya və ya digər pozuntuya yol verməmişdir. xx.xx.2023-cü il tarixində həmin sayğac ‘Azəriqaz” İstehsalat Birliyinin əməkdaşları tərəfindən keçirilən müayinə (növbədənkənar yoxlama) zamanı ******* nömrəli akt tərtib olunaraq smart tipli sayğacla əvəz edilmişdir. Qeyd edilən sayğacların dəyişdirilməsi zamanı mexaniki tipli sayğaca müdaxilə faktı aşkar olunmamış, eyni zamanda, sözügedən akta qazdan istifadə qaydalarının pozulması ilə bağlı hər hansı qeyd daxil edilməmişdir. Çıxarılan sayğacı Cavabdeh əməkdaşları qablaşdırmadan özləri ilə aparmışlar. xx.xx.2023-cü il tarixindən etibarən istifadə edilən qazın dəyəri **********068 nömrəli smart kartın balansının artırılması hesabına ödənilmişdir. Hazırda istifadə edilən qazın sərfiyyatına uyğun olaraq ödənişləri vaxtlı-vaxtında həyata keçirir. 2023-cü ilin noyabr və dekabr aylarında istifadə etdiyi qaz sərfiyyatına görə həyata keçirdiyi ödənişlərin öncəki illərlə müqayisədə xeyli artıq olduğunu müəyyən etmişdir. Bununla əlaqədar, Cavabdeh Sabunçu rayonu X5 müraciət etmişdir. Müraciət zamanı 1555,20 manat borcunun olduğu bildirilmiş və artıq tutulma hesabına 175 manat borcunun ödənildiyi məlum olmuşdur (hazırda qalıq 1380,20 manat). Borcun səbəbini soruşduqda **********0 zavod nömrəli mexaniki tipli sayğacın hesablama mexanizminin qoruyucu qapağının üzərində mənşəyi məlum olmayan plomblar aşkar olunduğu üçün “Azəriqaz" İstehsalat Birliyinin əməkdaşları Əkbərov Rafail, Allahverdiyev Elşən və İbrahimov Cavid tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli ******* nömrəli akt əsasında ona 1555,20 manat məbləğində borc hesablandığı və barəsində xx.xx.2023-cü il tarixli “Dəymiş ziyanın bərpasına dair tələbnamə” tərtib olunduğu bildirildi. Borcun hansı əsasla müəyyən olunduğuna dair izahat istədikdə isə Rafail Əkbərov xx.xx.2023-cü il tarixli MSK-14-2-2/3- 5-4425-1 nömrəli aktın onların tərəfindən deyil, “Azəriqaz" X1 Departamenti və Azərbaycan Metrologiya İnstitutu tərəfindən hazırlandığını deyərək, borcun tətbiqinin ondan asılı olmadığını bildirmişdir. Cavabdeh tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamə ona vaxtında təqdim edilməmişdir. xx.xx.2023-cü il tarixli ******* nömrəli akt onun iştirakı olmadan tərtib olunmuş (həmin aktda soyadı və adı qeyd edilsə də imzalanması üçün ona verilməmişdir), eləcə də borcla bağlı hər hansı bildiriş təqdim edilməmişdir. Bununla da, ona borc məbləği kimi 1555.20 manat yazılması və ondan ödənilməsinin tələb olunması cavabdeh tərəfindən istehlakçı kimi hüquqlarının, o cümlədən, tələb pul ödənişi ilə bağlı olduğundan əmlak hüququnun pozulması ilə nəticələnir. xx.xx.2023-cü il tarixli ******* nömrəli akta əsasən sayğacın üzərində 12313504 nömrəli plomb olmuşdur. Həmin aktdan göründüyü kimi plomb "Azəriqaz” İstehsalat Birliyinin əməkdaşları tərəfindən qırılmışdır. Sayğacın üzərində hər hansı qüsur/pozuntu olmasına dair qeyd sözügedən akta daxil edilməmiş və ya bununla bağlı əlavə akt tərtib olunmamışdır. “Dəymiş ziyanın bərpasına dair tələbnamə" xx.xx.2023-cü il tarixində tərtib edilsə də, “Abonentin saldosundan görünür ki, borc məbləği 1555,20 manat 2023-cü ilin oktyabr ayından tutulmağa başlanılmışdır. Sayğaca müdaxilə etməklə qazın talanmasında təqsirli olması barədə Azərbaycan Respublikasının Energetika Nazirliyinin və ya məhkəmənin hər hansı qərarı mövcud deyil. Sayğaca müdaxilə etməklə qazın talanmasında təqsirli olması sübuta yetirilmədən ona qarşı dəymiş ziyanla bağlı tələb irəli sürülmüş və artıq ödənişlər tutulmuşdur. Sayğaca müdaxilə etməklə qazın talanmasında təqsirli olması sübuta yetirən hər hansı foto və ya videoçəkiliş mövcud deyil. Sayğacın dəyişdirilməsi ilə bağlı xx.xx.2023-cü il tarixli ******* nömrəli aktdan da göründüyü kimi, həmin tarixə sayğacın üzərində hər hansı müdaxilə, plomb qırılması və s. olmamışdır. Eləcə də nəzərə alınmalıdır ki, qanunvericiliyə əsasən dövlət standartlarının tələblərinə cavab verən və uyğunluq sertifikatı olan sayğac quraşdırılmalıdır. Sayğacın dəyişdirilməsi zamanı plombun üzərində olması həmin sayğacın onun istifadəsində olduğu müddətdə qanunvericiliyin tələblərinə uyğun olduğunu və həmin tələblər çərçivəsində istismar edildiyi göstərir. Əks təqdirdə, onun tərəfindən sayğaca müdaxilə halı tam şəkildə vizual olaraq (sayğacın üzərindən və ya plombu qırılaraq daxildən müdaxilə halı) görüləcəyi üçün müvafiq aktlarda qeyd olunar, habelə yol verilmiş pozuntu qanunvericiliyə uyğun olaraq texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınardı. Belə ki, qanunvericiliyə əsasən sayğaca müdaxilə plombun qoparılması, baxış şüşəsinin sındırılması, gövdəsinin zədələnməsi və sayğaca vizual baxış nəticəsində qüsurun müəyyən edilməsi mümkün olan digər halları ehtiva edir. Habelə Cavabdeh tərəfindən ona müayinə ilə bağlı 5 (beş) iş günü əvvəl məlumat verilməmiş, eləcə də müayinə zamanı aşkar olunmuş nöqsan və (və ya) pozuntuların aradan qaldırılması ilə bağlı tələb və vurulmuş zərərin hesablanmış məbləği barədə ilkin məlumat (akta əlavə edilməli olan) da təqdim edilməmişdir. Qanunvericiliyin tələblərinə görə hazırkı mülki iş üzrə sübutetmə vəzifəsi cavabdehin üzərinə düşdüyü halda, cavabdeh tərəfindən sübut qismində yalnız aktlar tərtib edilmişdir. Göstərilənlərə əsasən, iddiaçı iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X4 iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, iddia ərizəsi əsassızdır. Belə ki, Azəriqaz” İstehsalat Birliyinin əməkdaşları tərəfindən əraziyə baxış keçirilərkən ünvan 2 ünvanında qaz sayğacına müdaxilə halları aşkar edilmiş və bununla bağlı xx.xx.2023-cü il tarixli il tarixli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktlar tərtib olunaraq dəymiş ziyan hesablanmışdır. İstehlakçı tərəfindən qaz sayğacına müdaxilə hallarını nəzərə alınaraq, iddianın rədd olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: - Cavabdeh ilə cavabdeh İddiaçı arasında bağlanmış xx.xx.2017-ci il tarixli “Qaz paylayıcısı ilə fiziki şəxs olan istehlakçı arasında qazın alqı-satqısı” barədə müqavilənin 1ci maddəsinə əsasən paylayıcı bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin edir. İstehlakçı isə qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq Paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəyir. Həmin müqavilənin 2.3.4-cü maddəsinə əsasən təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu Müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində Paylayıcıya dəymiş zərərin əvəzini ödəmək istehlakçının vəzifəsidir. - Təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2023-cü il tarixli aktdan görünür ki, ünvan 2 ünvanında İddiaçı məxsus evə baxış keçirilərkən abonet kodu **********00000 olan abonentin sayğacın hesablama mexanizminin qoruyucu qapağının üzərində mənşəyi məlum olmayan plomblar aşkar olunmuşdur. Dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, qaz sayğacının nominal qaz sərfi 6 m3 , orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmış və 12960 m3 itki hesablanmışdır. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 9-cu bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 4.2-ci bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qaydaların 4.6-cı bəndinə əsasən, qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır. Həmin Qaydaların 4.7-ci bəndinə əsasən, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 4.9-cu bəndinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi iddiaçı deyil, cavabdeh daşıdığından, o cümlədən, sayğacın yararsız hala düşməsində iddiaçının təqsiri müəyyən edilmədiyindən, habelə zədələnmiş qaz sayğacının təmir olunması, həmin sayğacın dövlət yoxlanmasından keçirilməsi, dəyişdirilməsi cavabdeh tərəfindən həyata keçirilməli olduğundan, itirilmiş qazın bərpası məqsədilə, İddiaçı istifadəsində olan **********00000 saylı abonent koduna əsassız olaraq hesablanmış 1555,20 manat məbləğində borcun silinməsi Cavabdehnə həvalə edilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 121.1-ci maddəsinə əsasən, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə, xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən, məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Həmin Qanunun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Məhkəmə hesab edir ki, 35,55 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq, Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. İddiaçı istifadəsində olan **********00000 saylı abonent koduna əsassız olaraq hesablanmış 1555,20 (min beş yüz əlli beş manat, iyirmi qəpik) manat məbləğində borcun silinməsi Cavabdehnə həvalə edilsin. Cavabdehndən 35,55 (otuz beş manat, əlli beş qəpik) manat dövlət rüsumu tutularaq, Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Həqiqət Mahmudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar