Məhkəmə qərarları › İş №e-2(008)-1572/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-1572/2023

20.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-1572/2023 20.04.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Qədirova Şəbnur Şakir qızının sədrliyi, Nəsibova Əfsanə Elçin qızının katibliyi ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “vurulmuş zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı “vurulmuş zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1299 manat məbləğində vurulmuş zərər və 32.99 manat məbləğində ödənilmiş dövlət rüsumunun, cəmi 1331.99 manat məbləğində pul vəsaitinin alınaraq iddiaçı "xxxx" ASC-nin hesabına köçürülməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ASC “XALQ” BANKİ (bundan sonra ismin müvafiq hallarında «sığortalı» adlandırılacaqdır) mülkiyyətində оlan «JEEP CHEROKEE» markalı 90–PU–398 dövlət nömrə nişanlı avtоmоbilini xx.xx.2019-cu ildən xx.xx.2019-cu il tariхinədək bəzi hadisələrdən, о cümlədən yоl-nəqliyyat hadisələrindən iddiaçı–"xxxx" ASC-də könüllü sığоrta növündə sığоrtalamışdır. Sığоrtalıya CSB ********* nömrəli avtomobilin sığorta şəhadətnaməsi verilmişdir. 2019-cu il iyulun 15-də Cavabdeh idarə etdiyi “OPEL ASTRA” markalı 99–RX–610 dövlət nömrə nişanlı avtоmоbillə Bakı şəhəri M.Əliyev küçəsində "xxxx" ASC-də könüllü sığоrta növündə sığоrtalamış «JEEP CHEROKEE» markalı 90–PU–398 dövlət nömrə nişanlı avtomobillə toqquşmuşdur. Bakı DYP-İin xx.xx.2019-cu il tarixli TP ******* nömrəli inzibati xəta haqqında tənbeh vermə haqqında qərara əsasən Cavabdeh Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə təqsirli bilinmişdir. Başqa sözlə, vurulmuş zərərin məhz cavabdehin təqsirli əməli nəticəsində baş verməsi inzibati xəta haqqında qərarı ilə müəyyən edilərək təsdiqini tapmışdır. "xxxx" MMC tərəfindən xx.xx.2019-cu il tarixində verilmiş qiymətləndirmə aktına əsasən hadisə nəticəsində «JEEP CHEROKEE» markalı 90–PU–398 dövlət nömrə nişanlı avtomobilə 6549 manat məbləğində zərər dəymişdir. İddiaçı xx.xx.2019-cu il tarixdə 6549 manat məbləği "xxxx" MMC-nə ödəmişdir. İddiaçı ilə sığortalı arasında 250 manat şərtsiz azadolma məbləği nəzərdə tutulmuşdur. Cavabdeh idarə etdiyi “OPEL ASTRA” markalı 99–RX–610 dövlət nömrə nişanlı avtomobil "xxxx" ASC-də sığortalandığından sonuncu tərəfindən "xxxx" ASC-nə 5000 manat sığorta ödənişi etmişdir. Sığоrtalı CSB 48314 nömrəli sığоrta aktının V bəndində cavabdеhə qarşı subroqasiya tələbi hüququnun iddiaçıya vеrildiyini təsdiq еtmişdir. İddiaçının nümayəndəsi X1 ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə iclasının iştirakları olmadan keçirilməsi və iddianın tam təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə, işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəmə baxışı iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Eyni zamanda, cavabdeh tərəfindən məhkəməyə iddia tələbinə qarşı yazılı etiraz və iddia müddətinin tətbiq edilməsinə dair ərizə təqdim edilmişdir. Etiraz və ərizə onunla əsaslandırılmışdır ki, 2019-cu ilin iyul ayında idarə etdiyi “OPEL ASTRA” markalı 99–RX–610 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə hərəkətdə olarkən yol-nəqliyyat hadisəsi baş vermişdir. Bundan sonra **-PU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş 6549 manat zərər xx.xx.2019-cu il tarixdə iddiaçı tərəfindən "xxxx" MMC-nə ödənilmişdir. Dəymiş zərər ödənildikdən sonra iddiaçı susmuş, ondan heç bir ödəniş tələb etməmişdir. İddiaçı 3 illik iddia müddətini ötürdükdən sonra ona qarşı tələblə məhkəməyə müraciət etmişdir. Həmin zaman müddətində ona müraciət etməmişdir. Qanunvericiliyin tələbinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti 3 il nəzərdə tutulmuşdur, hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti hesab olunur, iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Digər tərəfdən, iddiaçıya tam ödəniş edilmiş və bu səbəbdən də iddiaçı 36 ay müddətində susmuş və yalnız 3 ildən sonra iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Həmin müddətdə iddiaçı heç vaxt ona və ya sığorta təşkilatına müraciət etməmişdir. Göründüyü kimi iddiaçının iddia tələbi qanunsuz və əsassızdır. İddiaçı iddiasını iddia müddətinin ötürülməsi ilə verdiyindən iddiaya iddia müddəti tətbiq olunmalı, iddia müddətinin ötürülməsi əsası ilə iddiadan imtina olunmalıdır. Göstərilənlərə əsasən iddia müddəti tətbiq edilməklə, iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə, mülki işin materiallarını araşdırıb, tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - CSB200128358 nömrəli xx.xx.2018-ci il tarixli avtomobilin sığorta şəhadətnaməsinin surətindən görünür ki, ASC “XALQ” BANKİN mülkiyyətində оlan «JEEP CHEROKEE» markalı 90–PU–398 dövlət nömrə nişanlı avtоmоbil xx.xx.2019-cu ildən xx.xx.2019-cu il tariхinədək "xxxx" ASC-də sığоrtalanmışdır. - CSB48314 nömrəli xx.xx.2019-cu il tarixli sığorta aktından və xx.xx.2019-cu il tarixli ödəniş tapşırığından görünür ki, «JEEP CHEROKEE» markalı 90–PU–398 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin təmiri üçün ümumilikdə 6549 manat məbləğində pul vəsaiti "xxxx" ASC tərəfindən "xxxx" MMC-nin hesabına köçürülmüşdür. - TP ******* nömrəli xx.xx.2019-cu il tarixli inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, xx.xx.2019-cu il tarixdə saat 19:30-da “OPEL ASTRA” markalı 99– RX–610 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən Cavabdeh ara məsafəsi qaydalarını pozmuş, nəticədə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətdiyinə görə barəsində 40 manat cərimə inibati tənbeh növü tətbiq edilmişdir. - "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2019-cu il tarixli qiymətləndirmə aktının surətindən görünür ki, «JEEP CHEROKEE» markalı 90–PU–398 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin təmiri üçün tələb olunan vəsait 6549 manat müəyyən edilmişdir. - xx.xx.2022-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddia ərizəsinin verilməsi üçün iddiaçı tərəfindən 32.99 manat dövlət rüsumu ödənilmişdir. - xx.xx.2019-cu il tarixli pretenziyadan görünür ki, "xxxx" ASC tərəfindən həyata keçirilən 1299 manat sığorta ödənişinin 7 təqvim günü ərzində ASC-nə ödənilməsi Cavabdeh xahiş olunmuşdur. Həmin müddətdə sığorta ödənişi ödənilmədiyi təqdirdə məhkəməyə müraciət olunacağı bildirilmişdir. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun: 25.1.8-ci maddəsinə əsasən bu Qanunun 63.1-ci maddəsində nəzərdə tutulmuş halda sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ yaranır. 63.1-ci maddəsinə əsasən bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, 25-ci maddəsinə əlavə olaraq avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1099.1-ci maddəsinə əsasən hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Məhkəmə iclasında müəyyən olundu ki, Cavabdeh tərəfindən idarə olunan “OPEL ASTRA” markalı 99–RX–610 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə "xxxx" ASC tərəfindən sığortalanmış «JEEP CHEROKEE» markalı 90–PU–398 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə xx.xx.2019-cu il tarixində yol-nəqliyyat hadisəsi nəticəsində zərər vurulmuşdur. Baş vermiş yol-nəqliyyat hadisəsilə əlaqədar xx.xx.2019-cu il tarixli inzibati tənbeh vermə haqqında qərar tərtib olunmuş və sürücü Cavabdeh təqsirli bilinmişdir. Nəqliyyat vasitəsinin yol-nəqliyyat hadisəsi nəticəsində zədələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi barədə xx.xx.2019-cu il tarixli qiymətləndirmək aktına əsasən «JEEP CHEROKEE» markalı 90–PU–398 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin təmiri üçün tələb olunan vəsait 6549 manat müəyyən edilmişdir. CSB48314 nömrəli xx.xx.2019-cu il tarixli sığorta aktına və xx.xx.2019-cu il tarixli ödəniş tapşırığına əsasən «JEEP CHEROKEE» markalı 90–PU–398 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin təmiri üçün ümumilikdə 6549 manat məbləğində pul vəsaiti "xxxx" ASC tərəfindən "xxxx" MMC-nin hesabına köçürülmüşdür. Ödəniş edildikdən sonra zərərvuran şəxsin avtomobili "xxxx" ASC tərəfindən sığortalandığından 5000 manat sığorta ödənişi "xxxx" ASC-nə ödənilmişdir. İddiaçı ilə sığortalı arasında 250 manat şərtsiz azadolma məbləği də çıxıldıqdan sonra qalıq 1299 manat sığorta ödənişi cavabdeh tərəfindən "xxxx" ASC-nə ödənilməmişdir. Faydalanan şəxsin zərərvuran şəxsə (həm hüquqi, həm də fiziki) qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Qeyd olunanlara əsasən iddiaçı sözügedən zərərin aradan qaldırılması üçün ödədiyi 6549 manat sığorta ödənişinin qalıq 1299 (6459-250-5000) manat hissəsini cavabdehdən tələb etmək hüququna malikdir. Məhkəmə istinad olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, məhkəmədə müəyyən olunmuş faktiki hallar iddiaçı "xxxx" ASC ilə Cavabdeh arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, eləcə də cavabdeh sığortaçının həyata keçirdiyi sığorta ödənişinin əvəzini ödəməli olduğundan, sığorta ödənişinin əvəzini ödəməlidir. Həmçinin məhkəmə, hazırkı iddia tələbinə iddia müddətinin tətbiq edilməsini qanunsuz və əsassız hesab edir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Göründüyü kimi, hazırkı halda iş üzrə tərəflər arasında hər hansı bir müqavilə olmamışdır və öhdəlik sığorta müqaviləsindən deyil, vurulmuş zərərin nəticələrinin aradan qaldırılmasından əmələ gəlmişdir ki, bu cür iddialara da Mülki Məcəllənin 373.1-ci maddəsi ilə müəyyən edilən ümumi iddia müddəti şamil edilir. Məhkəmə hesab edir ki, iddiaçının tələbi təmin edildiyi üçün iddiaçı tərəfindən ödənilmiş 32.99 manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 1299 manat vurulmuş zərər, 32.99 manat dövlət rüsumu olmaqla, cəmi 1331.99 manat məbləğində pul vəsaiti "xxxx" ASC-nin xeyrinə tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 1299 manat vurulmuş zərər, 32.99 manat dövlət rüsumu olmaqla, cəmi 1331.99 manat məbləğində pul vəsaiti "xxxx" ASC-nin xeyrinə tutulsun. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Şəbnur Qədirova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar