Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(008)-166/2025 11.02.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ hakim Qasımov Vidadi Kamal oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1, iddiaçının nümayəndəsi Nümayəndə2 iştirakı ilə iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin "Neft Kəmərləri" İdarəsinin Cavabdeh qarşı "iddiaçının istismarında olan, Buzovna-Ramana DŞ- 250 mm-lik yerüstü neft kəmərinin 10-cu km-də, kəmərə paralel, 1-ci sırada, kəmərdən təqribən 34 metr aralı məsafədə, neft boru kəmərinin mühafizə zonasında Bakı şəhəri Sabunçu rayonu Ramana qəsəbəsi Şuşa şəhərciyi ünvanında cavabdeh tərəfindən inşa edilmiş qeyri-yaşayış obyektinin, hasarın və darvazanın cavabdehin hesabına sökülərək ərazidən çıxarılması, ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçının bank hesabına ödənilməsi" barədə iddiasına dair mülki işə açıq məhkəmə hazırlıq iclasında baxaraq, müəyyən etdi: İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin "Neft Kəmərləri" İdarəsi Cavabdeh qarşı "iddiaçının istismarında olan, Buzovna-Ramana DŞ-250 mm-lik yerüstü neft kəmərinin 10-cu km-də, kəmərə paralel, 1-ci sırada, kəmərdən təqribən 34 metr aralı məsafədə, neft boru kəmərinin mühafizə zonasında Bakı şəhəri Sabunçu rayonu Ramana qəsəbəsi Şuşa şəhərciyi ünvanında cavabdeh tərəfindən inşa edilmiş qeyri-yaşayış obyektinin, hasarın və darvazanın cavabdehin hesabına sökülərək ərazidən çıxarılması, ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçının bank hesabına ödənilməsi" barədə iddia ərizəsi ilə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət etmişdir. İddiaçı öz tələbini belə əsaslandırmışdır ki, qeyd olunan qeyri-yaşayış obyekti, darvaza və hasar neft boru kəmərinin mühafizə zonasında yerləşir. Neft boru kəmərləri strateji əhəmiyyətli dövlət obyekti və yüksək təhlükə mənbəyi olduğundan, həmçinin mühafizə zonası boyunca neft-qaz ayrılmaları olduğundan burada hər an yanğın-partlayış və digər fövqəladə halların baş verməsi mümkündür. Bu hallar əhalinin sağlamlığına xələl gətirə və ölkə iqtisadiyyatına ciddi təhdid yarada bilər. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadına əsasən, iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə olunmuş, ekspertlərin rəy verə bilməsi üçün zəruri olan məlumatların Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsinin 1 saylı Bakı ərazi idarəsindən alınaraq ekspertizaya təqdim edilməsi qərara alınmış və ekspertin rəyi məhkəməyə təqdim edilənədək iş üzrə icraat dayandırılmışdır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsinin 1 saylı Bakı ərazi idarəsinin xx.xx.2024-cü il tarixli 3-21-3-30/2- 49432/2024 nömrəli məktubu ilə mütəxəssis rəyi məhkəməyə göndərilmiş, lakin həmin rəy məhkəmənin qərardadında qoyulmuş sualları tam əhatə etmədiyinə görə məhkəmənin xx.xx.2024-cü il tarixli məktubu ilə 1 saylı Bakı ərazi idarəsinə təkrarən müraciət olunmuşdur. Bundan sonra 1 saylı Bakı ərazi idarəsinin xx.xx.2025-ci il tarixli 3-21-3- 30/2-2979/2025 nömrəli məktubu ilə mütəxəssis rəyi məhkəməyə göndərilmiş, eyni zamanda, həmin idarənin xx.xx.2025-ci il tarixli 3-21-3- 30/2-3010/2025 nömrəli digər məktubunda bildirilmişdir ki, vahid elektron kadastr baza məlumatlarına əsasən, göstərilən torpaq sahəsi Abşeron rayonu inzibati sərhədləri daxilində yerləşir. "Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında" Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinin dördüncü hissəsində deyilir ki, dövlət torpaq kadastrının məlumatları dövlət orqanlarının, bələdiyyələrin və məhkəmələrin qərar qəbul etməsi üçün əsasdır. İşin ərazi aidiyyəti ilə bağlı məhkəmə aşağıdakıları qeyd edir. "Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1, 35.3 və 39.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli Qərarında deyilir: "Mülki Prosessual Məcəllənin 35.1-ci maddəsinə əsasən, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 35.2-ci maddəsinə görə, hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Qeyd edilən maddələrdə mülki məhkəmə icraatının ərazi aidiyyəti ilə bağlı əsas prinsipləri əks olunmuşdur. Belə ki, iddianın bir qayda olaraq cavabdehin rəsmi qeydə alındığı yerin və ya hüquqi şəxsin ünvanının olduğu yerin məhkəməsinə verilməli olduğu təsbit edilmişdir. Eyni zamanda Mülki Prosessual Məcəllədə mübahisənin predmeti, iş üzrə iddiaçının hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət imkanının asanlaşdırılması və s. amillər nəzərə alınmaqla ümumi qaydadan fərqli ərazi aidiyyəti nəzərdə tutulmuşdur. Qanunvericilikdə göstərilən bəzi hallarda iddiaçıya prosessual qənaət prinsipinə uyğun olaraq iddia irəli sürməkdə seçim hüququ verilmişdir. Həmçinin tərəflərin öz iradəsinə uyğun olaraq müqavilə ilə müəyyən etdikləri aidiyyət üzrə iddia irəli sürmək imkanı tanınmışdır (Mülki Prosessual Məcəllənin 36 və 40-cı maddələri). Bununla yanaşı Mülki Prosessual Məcəllədə bir sıra hallar üçün ərazi aidiyyəti dəqiq müəyyən edilərək iddiaçının başqa məhkəmədə iddia qaldırmaq imkanı istisna olunmuşdur. Belə ki, həmin Məcəllədə daşınmaz əşyalarla bağlı müəyyən mübahisələrə dair qanunla müəyyən edilmiş ümumi ərazi aidiyyətindən fərqli aidiyyət növü (müstəsna aidiyyət) nəzərdə tutulmuşdur. Müstəsna aidiyyəti tənzimləyən Mülki Prosessual Məcəllənin 39.1-ci maddəsinə görə, tikintiyə, qurğuya, torpaq sahəsinə mülkiyyət hüququnun tanınması, tikintinin, qurğunun, torpaq sahəsinin başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan sahibkarın və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar tikintinin, qurğunun, torpaq sahəsinin olduğu yerə görə verilir. Müstəsna aidiyyətin mahiyyəti ondan ibarətdir ki, iddiaçının konkret işə baxılması üçün bu və ya digər məhkəməni öz iradəsinə uyğun olaraq seçmək imkanı istisna olunur və müvafiq işə yalnız Mülki Prosessual Məcəllənin 39-cu maddəsində göstərilmiş məhkəmədə baxılır. Müstəsna aidiyyət müvafiq işlərin düzgün və vaxtında həlli üçün əhəmiyyətli dərəcədə əlverişli şərait yaradılmasının təmin edilməsinə yönəlmişdir. Qeyd olunmalıdır ki, qanunla xüsusilə daşınmaz əşya ilə bağlı tələblər üzrə müstəsna aidiyyətin müəyyən edilməsi mübahisə predmeti olan əşyanın yerində müayinəsi, həmin əşyaya dair sənədlərin vaxtında toplanması, eləcə də mülki işin ədalətli və qanunauyğun həllinə yönəlmiş digər prosessual hərəkətlərin yerinə yetirilməsini asanlaşdırır və işə obyektiv baxılmasının təmin edilməsinə xidmət edir. Mülki Prosessual Məcəllənin 39.1-ci maddəsinin məzmununa görə, daşınmaz əşya kimi tikinti, qurğu və torpaq sahəsilə bağlı istənilən mübahisələrə deyil, yalnız aşağıdakı mübahisələrə müstəsna aidiyyət şamil olunur: - daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması; - daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi; - sahibkarın və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar (mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan). Beləliklə, müstəsna aidiyyət qaydalarını tənzimləyən Mülki Prosessual Məcəllənin 39.1-ci maddəsi daşınmaz əşyalarla bağlı bütün mübahisələri deyil, yalnız həmin maddədə sadalanan konkret tələblər üzrə iddiaları ehtiva edir. Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, həmin halların dairəsi qanunvericilikdə dəqiq müəyyən edildiyinə görə geniş təfsir edilə bilməz." Məhkəmə sadalanan prosessual hüquq normalarına və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarında ifadə edilmiş hüquqi mövqeyinə əsaslanaraq bu qənaətə gəlir ki, tikililərin sökülərək ərazidən çıxarılması tələbi mahiyyətcə daşınmaz əşyanın (torpaq sahəsinin) başqasının qeyri-qanuni sahibliyindən götürülməsi tələbindən ibarətdir, həmin tələbə isə müstəsna aidiyyət qaydaları tətbiq edilməlidir. Müəyyən edilmişdir ki, vahid elektron kadastr baza məlumatlarına əsasən, göstərilən torpaq sahəsi Abşeron rayonunun inzibati sərhədləri daxilində yerləşir. Belə olan halda, hazırkı işə baxılması Abşeron Rayon Məhkəməsinin səlahiyyətinə aiddir və iş Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin icraatına aidiyyət qaydalarının pozulması ilə qəbul edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 44.2.2-ci maddəsinə görə, iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa, məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. Odur ki, hazırkı iş torpaq sahəsinin olduğu yer üzrə Abşeron Rayon Məhkəməsində baxılmağa verilməlidir. Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə qərara aldı: İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin "Neft Kəmərləri" İdarəsinin Cavabdeh qarşı "iddiaçının istismarında olan, Buzovna-Ramana DŞ- 250 mm-lik yerüstü neft kəmərinin 10-cu km-də, kəmərə paralel, 1-ci sırada, kəmərdən təqribən 34 metr aralı məsafədə, neft boru kəmərinin mühafizə zonasında Bakı şəhəri Sabunçu rayonu Ramana qəsəbəsi Şuşa şəhərciyi ünvanında cavabdeh tərəfindən inşa edilmiş qeyri-yaşayış obyektinin, hasarın və darvazanın cavabdehin hesabına sökülərək ərazidən çıxarılması, ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçının bank hesabına ödənilməsi" barədə iddiasına dair mülki iş ərazi aidiyyəti üzrə Abşeron Rayon Məhkəməsində baxılmağa verilsin. Qərardaddan onun rəsmi qaydada təqdim olunduğu gündən 10 gün müddətində "Elektron məhkəmə" informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinə şikayət verilə bilər. X3.
Məhkəmə qərarları › İş №e-2(008)-166/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №e-2(008)-166/2025
11.02.2025 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver