Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-1680/2025 11.03.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ hakim Qasımov Vidadi Kamal oğlunun sədrliyi, məhkəmə iclasının katibi X9, Cavabdeh iştirakı ilə iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı "750 manat məbləğində sığorta ödənişi, 30 manat dövlət rüsumu və 0,40 manat xidmət haqqının, cəmi 780,40 manat pulun tutulması" barədə iddiasına dair mülki işə məhkəmənin binasında açıq məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı "750 manat məbləğində sığorta ödənişi, 30 manat dövlət rüsumu və 0,40 manat xidmət haqqının, cəmi 780,40 manat pulun tutulması" barədə iddia ərizəsi ilə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadına əsasən, həmin iddiaya sadələşdirilmiş icraat qaydasında baxılması qərara alınmışdır. Məhkəmə tərəfindən cavabdehə rəsmi qaydada bildiriş göndərilərək, iddiaçının tələbinə dair əsaslandırılmış etirazı olduğu halda, öz dəlillərini və onları təsdiq edən sənədləri məhkəməyə təqdim etməsi ona təklif edilmişdir. Cavabdeh xx.xx.2025-ci ildə məhkəməyə ərizə göndərərək, bugünə qədər icbari sığortaya ödədiyi sığorta məbləği barəsində müvafiq orqana sorğu göndərilməsini xahiş etmişdir. Bundan sonra xx.xx.2025-ci ildə o, məhkəməyə başqa bir ərizə göndərərək, hazırkı iddiaya yazılı icraat qaydasında baxılmasına etiraz etdiyini bildirmiş və iddiaya şifahi və açıq məhkəmə iclasında tərəflərin iştirakı ilə baxılmasını xahiş etmişdir. Cavabdeh məhkəməyə sübutların tələb edilməsi barədə vəsatət verdiyindən və iş üzrə əlavə araşdırmanın aparılması, o cümlədən tərəflərin çağırılaraq izahatlarının alınması zərurəti yarandığından hazırkı işə məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadına əsasən, iddia icraatı qaydasında baxılması qərara alınmışdır. İddiaçı öz tələbini belə əsaslandırmışdır ki, xx.xx.2023-cü ildə Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi ərazisində "xxxx" ASC-də xx.xx.2023-cü il tarixli PAG********** nömrəli şəhadətnamə əsasında avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığortalanmış "Toyota Rav-4" markalı **-RZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş vermiş, hadisə nəticəsində piyada X2 yüngül zərərvurmaya aid xəsarət almışdır. Bu səbəbdən iddiaçı tərəfindən 750 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2023-cü il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərardan müəyyən olunur ki, baş vermiş yol-nəqliyyat hadisəsinin törədilməsində "Toyota Rav-4" markalı **-RZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh təqsirli bilinərək, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə məsuliyyətə cəlb edilmişdir. İddia ərizəsinə əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi "Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi" publik hüquqi şəxsi Sabunçu rayon şöbəsinin xx.xx.2023-cü il tarixli 1500 nömrəli ekspert rəyinə əsasən, yol-nəqliyyat hadisəsi nəticəsində X4 yüngül zərər vurmaya aid olması təsdiq edilmişdir. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2023-cü il tarixli 1574/23 nömrəli geriyə tələb məktubundan müəyyən olunur ki, sığorta hadisəsi nəticəsində X1 zərər vurmaya görə ödənilmiş 750 manat məbləğində pulun ödənilməsi cavabdehdən tələb edilsə də, bu günə qədər ödəniş həyata keçirilməmişdir. Cavabdeh iddianı etiraf etməmiş və etirazında bildirmişdir ki, "xxxx" ASC-nin subroqasiya qaydasında pul tələbinə dair iddiasını əsassız və ədalətsiz hesab edir. Hadisə yerini tərk etməkdən söhbət gedə bilməz. X10 daban nayihəsini sürtməsi o qədər cüzi olub ki, o bunu hiss etməmiş və yoluna davam edərək, bir neçə metr qabaqda yola atılmış kəndirin üstündən keçmək üçün əyləci basarkən güzgüdən geri baxdıqda yolu keçən qızların əvvəlki qaydada yoluna davam etdiklərini gormüş və yoluna davam etmişdir. Növbəti gün polisə çagırıldıqdan sonra Sayalı Mustafayevanın yüngül xəsarət aldığını bilmişdir. Bundan sonra həmin şəxsə lazım olan bütün maddi və mənəvi yardımı gostərsə də, Sayalı Mustafayeva məhkəmə baxışına gəlmədən heç bir maddi və mənəvi tələbinin olmaması haqqında məhkəməyə teleqram gondərmişdir. Əgər sığorta şirkəti sonradan köçürdüyü sığorta ödənişindən formalaşan fonddan ödənilmiş vəsaiti geri istəyəcəkdirsə, onun tərəfindən bütün ehtiyaclar qarşılandıqdan sonra, həmin məbləğin ödənilməsinə nə ehtiyac var. Sonra da həmin vəsait ondan tutulacaqdırsa icbari sığorta haqqı ödəməyə nə ehtiyac var. İcbari sığorta haqqında qanunun vacib müddəaları bir qrup azlığın iradəsini ifadə edir ki, bu da ədalətsizdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə görə, zərər pozulmuş hüququn bərpası üçün çəkilən xərcdir. Bu halda isə ödəniş onun sığorta ödənişlərindən formalaşmış fonddan edilmişdir. Həmin Məcəllənin 883.1-ci maddəsinə əsasən, sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. "İcbari sığortalar haqqında" Qanunun 62.1 və 63.2-ci maddələri Mülki Məcəllənin 883.1-ci maddəsi ilə ziddiyyət təşkil edir ki, bu halda Mülki Məcəllənin müddəası əsas götürülməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 889.1-ci maddəsinə görə, sığorta marağı sığorta hadisəsinin baş verəcəyi təqdirdə şəxsin maliyyə itkisinə məruz qalması ehtimalı ilə şərtlənən və onun sığorta obyektini siğorta etdirmək hüququnun əsaslandığı mənafedir. Əgər onun sığorta marağı yoxdursa və gələcəkdə qarşılanmayacaqdısa, o halda sığorta müqaviləsi bağlandığı andan etibarsızdır. Bütün ödənişləri geri ödənilməlidir. Avtomobil sahibinin mülki məsuliyyətinin icbari sığortası onunçün lazımdır ki, avtomobil idarə edən zaman hər bir kəs üçüncü şəxsin əmlakına və ya sağlamlığına zərər vurulması təhlükəsilə üzləşə bilər. Bu zaman hadisənin törədilməsində təqsirli bilinən şəxs qarşı tərəfə vurulan zərəri ödəməli olacaq. İcbari avtomobil sığortasının movcudluğu sığortalını bu ödəmədən azad etmək üçündür. Əgər şirkət bu vəsaiti məndən tutacaqdısa və o, bu ödənişdən azad olunmayacaqdısa, onda niyə ödəniş etməliydi. İddiaçının nümayəndəsi X11 təqdim etdiyi ərizədə məhkəmə iclaslarının iştirakı olmadan keçirilməsini və iddianın təmin olunmasını xahiş etdiyinə görə məhkəmə baxışı iddiaçının nümayəndəsinin iştirakı olmadan keçirildi. Məhkəmənin təşəbbüsü ilə Abdulhüseynzadə (əvvəlki soyadı - Mustafayeva) Sayalı Abdurəhim qızı mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işdə iştirak etməyə cəlb olunmuşdur. O, məhkəmə iclasının vaxtı və yeri barədə əvvəlcədən xəbərdar edilməsinə baxmayaraq gəlmədiyinə və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat vermədiyinə görə işə onun iştirakı olmadan baxıldı. Məhkəmə baxışı zamanı Cavabdeh iddianı qəbul etməyərək bildirmişdir ki, o, hadisə yerini tərk etməmişdir, avtomobilin X6 dəyməsini hiss etməmiş və hərəkət etməyə davam etmişdir. Növbəti gün polisə çağırıldıqdan sonra o, X4 yüngül xəsarət aldığını bilmiş, bundan sonra həmin şəxsə lazım olan bütün maddi və mənəvi yardımı gostərmişdir. Hadisə yerini tərk etmədiyinə görə sığorta şirkətinin etdiyi ödənişi ondan tələb etməsi əsassızdır. Cavabdeh işdə olan, Bakı Şəhəri Sabunçu Rayon Polis İdarəsinə verdiyi xx.xx.2023-cü il tarixli izahatla bağlı bildirdi ki, həmin izahatı polis əməkdaşı yazmış, o isə oxumadan imzalamışdır. Əslində, o, piyadaya nəinki xəsarət yetirdiyini, avtomobilin piyadaya dəydiyini belə hiss etməmişdir. Əsaslandırıcı hissə: Aşağıdakı hallara görə məhkəmə iddianı əsassız hesab edir. Müəyyən edildi ki, Cavabdeh məхsus "Toyota RAV-4" markalı **-RZ-*** dövlət qeydiyyat nişanlı avtomobil "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən avtonəqliyyat vasitəsinin sahibinin mülki məsuliyyətinin icbari sığortası üzrə xx.xx.2023-cü ildən xx.xx.2024-cü ilədək sığortalanmışdır. Cavabdeh xx.xx.2023-cü ildə saat 12.00-da həmin avtomobillə Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi R.Qəmbərov küçəsində hərəkətdə olarkən təhlükəsiz şərait yaratmamış, manevr qaydasını pozmuş, nəticədə yolu soldan sağa keçən piyada X7 vurmuşdur. Bununla da Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş və Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 3(008)-4131/2023 nömrəli qərarına əsasən, o, həmin inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 200 manat məbləğində inzibati cərimə tətbiq edilmişdir. X6 iddiaçı tərəfindən 750 manat sığorta ödənişi edilmişdir. Hal-hazırda "xxxx" Açıq Səhmdar Cəmiyyəti həmin həmin məbləğin cavabdehdən tutulmasını tələb edir. İşdə olan "İcbari sığorta müqaviləsinə dair məlumat"dan görünür ki, sığortalı Cavabdeh məхsus "Toyota RAV-4" markalı **-RZ-*** dövlət qeydiyyat nişanlı avtomobil sığortaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən avtonəqliyyat vasitəsinin sahibinin mülki məsuliyyətinin icbari sığortası üzrə xx.xx.2023-cü ildən xx.xx.2024-cü ilədək sığortalanmışdır. İşdə olan xx.xx.2023-cü il tarixli A-PAG 0876/23 nömrəli "Baş vermiş sığorta hadisəsi ilə əlaqədar həyata keçiriləcək sığorta ödənişi barədə sığorta aktı"ndan görünür ki, Cavabdeh idarə еtdiyi "Toyota RAV-4" markalı **-RZ-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə xx.xx.2023-cü ildə Bakı şəhəri Bakıxanov qəsəbəsində törətdiyi yol nəqliyyat hadisəsi nəticəsində baş vеrmiş sığorta hadisəsi zamanı X1 dəyən zərərlə əlaqədar sığorta ödənişinin məbləği 750 manat təşkil еdir. İşdə olan "Məhkəmə-tibbi ekspertiza və patoloji anatomiya birliyi" publik hüquqi şəxsi Sabunçu rayon şöbəsinin 1500 nömrəli ekspert rəyindən görünür ki, X3 ayağın İV daraq-barmaq oynağı nahiyəsində proksimal falanqasının oynaq kənarının yerdəyişməsinin xətti sınağı müəyyən edilmişdir. Xəsarət bərk küt əşyanın təsirindən törənmişdir, xx.xx.2023-cü ildə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində törənə bilər və dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. İşdə olan xx.xx.2023-cü il tarixli "Cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərar"dan görünür ki, X4 yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alması faktı əsasında toplanmış material üzrə cinayət işinin başlanılması rədd edilmişdir. İşdə olan xx.xx.2023-cü il tarixli AP ******* nömrəli "Yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan və bu qaydaların pozulması ilə əlaqədar digər inzibati xətalarla bağlı tərtib edilən inzibati xəta haqqında protokol"dan görünür ki, xx.xx.2023-cü ildə saat 12.00-da özünə məxsus "Toyota RAV-4" markalı **-RZ-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən Cavabdeh Bakıxanov qəsəbəsi R.Qəmbərov küçəsində hərəkətdə olarkən tərəfindən təhlükəsiz şərait yaratmamış, manevr qaydasını pozmuş, yolu soldan sağa keçən piyada X4 vurmuş və nəticədə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İşdə olan Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 3(008)-4131/2023 nömrəli qərardan görünür ki, Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 200 manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. İşdə olan cavabdehin Bakı Şəhəri Sabunçu Rayon Polis İdarəsinə verdiyi izahatdan görünür ki, o, xx.xx.2023-cü ildə təqribən saat 12.00 radələrində özünə məxsus avtomobillə Sabunçu rayonu Bakıxanov qəsəbəsi Ramiz Qəmbərov küçəsindən Mahir Əmirov küçəsi istiqamətində iki istiqamətli bir zolaqlı yol ilə saatda təqribən 20-30 km sürətlə hərəkət edərkən yolun sol tərəfindən sağ tərəfinə iki nəfər qadının keçdiyini görmüş, idarə etdiyi avtomobilin təkərinin həmin qadınlardan birinə dəydiyini hiss etmiş, lakin avtomobilin güzgüsündən arxaya baxan zaman həmin qadınların heç nə olmamış kimi yolu keçdiyini gördükdə saxlamadan hərəkətə davam etmişdir. Məhkəmə hazırkı mübahisənin həlli üçün "İcbari sığortalar haqqında" Azərbaycan Respublikası Qanununun aşağıdakı normalarına istinad olunmasını zəruri hesab edir. Maddə 25.1. Sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ aşağıda göstərilən hallarda yaranır: 25.1.1. sığorta hadisəsi inzibati məsuliyyəti istisna edən və ya əməlin cinayət olmasını aradan qaldıran hərəkətlər istisna olmaqla, sığortalının və ya sığorta olunanın həmin hadisənin baş verməsinə yönəldilmiş qəsdən etdiyi qanunazidd hərəkətlərinin nəticəsi olduqda; 25.1.2. bu Qanunun Xüsusi bölməsində hər hansı sığorta növü üzrə başqa cür nəzərdə tutulmamışdırsa, sığorta hadisəsi baş verərkən sığortalının və ya sığorta olunanın, yaxud onların nümayəndəsinin, etibar etdikləri şəxsin əmlakı (binanı, tikilini, avtonəqliyyat vasitəsini, cihazı, qurğunu, avadanlığı və s.) alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə istismar etməsi, həmçinin qeyd olunan maddələrdən istifadənin müəyyənləşdirilməsi ilə bağlı səlahiyyətli orqan tərəfindən aparılan müayinədən boyun qaçırması; 25.1.3. icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. 25.1.4. sığorta hadisəsi icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onun texniki təyinatına uyğun olmayan məqsədlərlə istifadə edilməsi zamanı baş verdikdə; 25.1.5. sığortalı (sığorta olunan) və ya onun nümayəndəsi sığorta hadisəsi zamanı əmlaka daha çox zərərin dəyməsinin qarşısının alınması və (və ya) onun azaldılması istiqamətində, həmçinin zərər çəkmiş və ya zərər çəkmə ehtimalı olan şəxslərin həyatını xilas etmək üçün mümkün olan tədbirləri qəsdən görmədikdə; bu zaman subroqasiya hüququ o həcmdə yaranır ki, qeyd olunan tədbirlər görülmüş olsaydı, zərərin miqdarı həmin həcmdə azalmış olardı. 25.1.6. sığorta hadisəsi sığortalının və ya zərərçəkən olmayan sığorta olunanın bu və ya digər fəaliyyət növü ilə məşğul olarkən, belə fəaliyyət növünü tənzimləyən qanunun tələblərini pozmaqla qəsdən törədilən əməli ilə müşayiət olunduqda; 25.1.7. sığortalı və ya sığorta olunan sığorta müqaviləsi bağlanarkən, sığorta müqaviləsinin məzmununa daxil edilməli olan, həmçinin özünə məlum olan, habelə sığortaçının yazılı surətdə tələb etdiyi və müqavilədən imtina etmək, yaxud onu məzmunu dəyişdirilmiş şəkildə bağlamaq qərarına təsir göstərə bilən, habelə müqavilə bağlandıqdan sonra sığorta riskinin dəyişməsi ilə bağlı bütün hallar barədə sığortaçıya qəsdən məlumat vermədikdə, yaxud qəsdən yanlış məlumat verdikdə; 25.1.8. Bu Qanunun 63.1-ci maddəsində nəzərdə tutulmuş halda. Maddə 63.1. Bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Maddə 63.2. Subroqasiya hüququnun bu Qanunun 25.1.5-ci, 25.1.6-cı və 25.1.7-ci maddələrində nəzərdə tutulmuş əsasları bu Fəslin məqsədləri üçün tətbiq edilmir. Sadalanan normaların birgə təhlilindən görünür ki, yol-nəqliyyat hadisəsi nəticəsində zərər çəkmiş şəxsə dəymiş zərər sığortaçı tərəfindən ödənilir. Qüvvədən olan qanunvericiliklə nəzərdə tutulmuş əsaslar olduqda sığortaçının əmlakını sığorta edənə qarşı subroqasiya hüququ yaranır. Həmin əsaslardan biri baş vermiş sığorta hadisəsi zamanı sürücünün hadisə yerindən yayınmasıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.6-cı maddəsində deyilir ki, yol hərəkəti qaydalarını pozan nəqliyyat vasitəsi sürücüsünün yol nəqliyyat hadisəsi yerindən yayınmasına görə - yüz manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 8.1-ci maddəsində isə deyilir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Göründüyü kimi, yol hərəkəti qaydalarını pozan nəqliyyat vasitəsi sürücüsünün yol nəqliyyat hadisəsi yerindən yayınması ayrıca inzibati xəta hesab olunur. Digər inzibati xətalar kimi, həmin inzibati xətanın da törədilməsində şəxsin təqsirli sayılması üçün onun təqsiri İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada sübuta yetirilməli və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmiş olmalıdır. Lakin iddiaçı məhkəməyə Cavabdeh yol nəqliyyat hadisəsi yerindən yayınmasına görə inzibati məsuliyyətə cəlb olunmasını təsdiq edən hər hansı qərar təqdim etməmişdir. Bu isə cavabdehin yol nəqliyyat hadisəsi yerindən yayınmaqda təqsirli sayılmasını istisna edir. İddiaçı öz iddiasını əsaslandırarkən cavabdehin yol nəqliyyat hadisəsi ilə əlaqədar aparılan araşdırma zamanı Bakı Şəhəri Sabunçu Rayon Polis İdarəsinə verdiyi izahatda idarə etdiyi avtomobilin qabaq təkərinin qadınlardan birinə dəydiyini hiss etdiyini, lakin qadınların heç nə olmamış kimi yolu keçdiyini görüb saxlamadan hərəkətə davam etdiyini bildirməsinə istinad etmişdir. Lakin məhkəmə bununla razılaşmır və qeyd edir ki, əvvəla, cavabdeh belə məzmunda izahat verməsini məhkəmə baxışı zamanı inkar etmiş, digər tərəfdən, cavabdehin hadisə yerindən yayınmasında təqsirinin təsdiqinə dair hakimin, yaxud səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı mövcud olmadığına görə cavabdehin həmin etirafı hazırda onun hadisə yerindən yayınma əməlində təqsirli sayılması üçün kifayət etmir. Əks yanaşma İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş təqsirsizlik prezimpsiyası prinsipinə zidd olardı. Beləliklə, məhkəmə bu qənaətə gəldi ki, iddiaçının cavabdehə qarşı subroqasiya hüququ yaranmamışdır, ona görə də iddia təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, iddia təmin edilmədiyinə görə iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu və 0,40 manat xidmət haqqı ona aid edilməlidir. Nəticə hissəsi: Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə qət etdi: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı "750 manat məbləğində sığorta ödənişi, 30 manat dövlət rüsumu və 0,40 manat xidmət haqqının, cəmi 780,40 manat pulun tutulması" barədə iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində qətnamədən Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Apellyasiya şikayətinin məhkəməyə göndərilməsi "Elektron məhkəmə" informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilməlidir. X15.
Məhkəmə qərarları › İş №e-2(008)-1680/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-1680/2025
11.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver