Məhkəmə qərarları › İş №e-2(008)-1851/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-1851/2023

31.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-1851/2023 31.03.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mirzəliyev Ruslan Əsəd oğlunun sədrliyi, Məhkəmə iclas katibi Rüstəmova Əminə Pünhan qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı «lizinq müqaviləsi üzrə borcun ödənilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı MMC Cavabdeh qarşı 2023-cü il 18 yanvar tarixdə məhkəməyə müraciət edərək, 29 iyul 2021-ci il tarixli MAS-4120 nömrəli “Daxili lizinq” müqaviləsinə əsasən lizinq obyektindən müvəqqəti sahiblik və istifadə edilməsinə görə 14 iyun 2022-ci il tarixə 805.19 manat gecikdirilmiş əsas, 999.23 manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 491.91 manat dəbbə pulu, cəmi 2296.33 manat borc və ödənilmiş 43.37 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı MMC ilə X3 arasında bağlanmış 2021-ci il 29 iyul tarixli, MAS-4120 nömrəli “Daxili lizinq” müqaviləsinə əsasən, iddiaçının sifarişi ilə 2021-ci il buraxılışlı, “Khazar SD” minik markalı, **-PB-*** dövlət qeydiyyat nişanlı, NVAW01HHFME322852 ban nömrəli, qara rəngli avtomobil 17000 manat məbləğinə iddiaçının mülkiyyətinə alınmış və sifarişçinin müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. “Daxili lizinq müqaviləsi”nin ayrılmaz tərkib hissəsi olan lizinq ödənişləri cədvəlinə (Əlavə 3) əsasən cavabdeh illik 24,5 % hesablanmaqla 48 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 447.15 manat, ümumilikdə isə 24864 manat məbləğində pulu iddiaçının hesabına ödəməyi öhdəsinə götürmüş, ödənilməli olan ümumilikdə 24864 manatın 17000 manatı əsas məbləğ təşkil etmişdir. 11 mart 2021-ci il tarixdə X3, Cavabdeh və İddiaçı MMC arasında MAS-4120 nömrəli “öhdəliklərin ötürürülməsi” müqaviləsinə əsasən 29 iyul 2021-ci il tarixli MAS-4120 nömrəli “Daxili lizinq” müqaviləsi üzrə bütün öhdəlikləri Cavabdeh öz üzərinə götürmüşdür.Sonuncu ödəniş 09 mart 2022-ci il tarixdə 1165 manat məbləğində olmuşdur. Eyni zamanda 14 iyun 2022-ci il tarixə 805.19 manat gecikdirilmiş əsas, 999.23 manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 491.91 manat dəbbə pulu, cəmi 2296.33 manat borc və ödənilmiş 43.37 manat dövlət rüsumunun Sonradan iddiaçı tələbin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh 29 iyul 2021-ci il tarixli MAS-4120 nömrəli “Daxili lizinq” müqaviləsinə əsasən lizinq obyektindən müvəqqəti sahiblik və istifadə edilməsinə görə 14 iyun 2022-ci il tarixə 805.19 manat gecikdirilmiş əsas, 999.23 manat gecikdirilmiş mükafat, həmin günə hesablanmış 491.91 manat dəbbə pulu, inzibati xəta haqqında protokollara görə 416 manat, ümumilikdə 2712.33 manat borc və ödənilmiş 47.53 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, lizinq obyekti Cavabdeh istifadəsində olan müddət ərzində inzibati xəta ilə əlaqədar sürücü AR X7 tərəfindən inzibati qaydada cərimələnmişdir. Həmin cərimələrə görə İddiaçı MMC tərəfindən ümumilikdə 416 manat məbləğində pul ödənilmişdir. Qeyd olunanlardan göründüyü kimi ödənilmiş cərimələrin də tələb olunması zərurəti yaranmışdır. Məhkəmənin xx.xx.2023-cü il tarixində keçirilən iclasında iştirak edən iddiaçının nümayəndəsi X4 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddianı qismən qəbul edərək, qeyd etdi ki, avtomobilin inzibati qaydada 416 manat cərimə edilməsindən xəbəri olduğunu, 491.91 manat dəbbə pulun şişirdilmiş məbləğ olduğundan ləğv edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydad məlumatlandırılmış İddiaçı MMC-nin nümayəndəsi xx.xx.2023-cü il tarixində keçirilən məhkəmə iclasına gəlməmiş, ərizə ilə müraciət edərək, işə iştirakları olmadan baxılmasını, iddia tələbinin tam təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən, işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını tədqiq edərək, hesab edir ki, iddia qismən təmin edilməlidir. Hazırki işin faktiki halları aşağıdakılardır (adları çəkilən sənədlər iş materiallarına əlavə edilmişdir). İddiaçı MMC xx.xx.2017-ci il tarixdə ********** № ilə dövlət qeydiyyatına alınmışdır. İddiaçı MMC ilə X3 arasında xx.xx.2021-ci il tarixli MAS-4120 nömrəli “Daxili Lizinq” müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə 1 nömrəli əlavəyə əsasən X1 ilə buraxılış ili 2021-ci il olan, “Khazar SD” minik markalı, **-PB-*** dövlət qeydiyyat nişanlı, NVAW01HHFME322852 ban nömrəli, qara rəngli avtomobil 17000 manat məbləğinə İddiaçı MMC-nin mülkiyyətinə alınmış və sifarişçinin 24.5 faizlə 48 ay müddətinə müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. Müqavilənin ayrılmaz tərkib hissəsi olan lizinq ödənişləri cədvəlinə (Əlavə №3) əsasən X3 illik 24.5 % hesablanmaqla 48 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 447.15 manat, ümumilikdə isə 24864 manat məbləğində pulu iddiaçının hesabına ödəməyi öhdəsinə götürmüş, ödənilməli olan ümumilikdə 24864 manatın 17000 manatı əsas məbləğ təşkil etmişdir. xx.xx.2021-ci il tarixli təhvil-təslim aktına əsasən avtomobil cavabdehə təhvil verilmişdir. xx.xx.2022-ci il tarixli MAS-4120 nömrəli, “öhdəliklərin ötürülməsi” haqqında müqavilədən görünür ki, Cavabdeh 29 iyul 2021-ci il tarixli MAS-4120 nömrəli “Daxili lizinq" müqaviləsi üzrə bütün öhdəlikləri öz üzərinə götürmüşdür. xx.xx.2022-ci il tarixli təhvil-təslim aktından görünür ki, Azərmaş MMC mülkiyyətində olan KHAZAR SD markalı, **-PB-*** dövlət qeydiyyat nişanlı avtomobili Cavabdeh təhvil almışdır. Adıçəkilən Müqavilənin: 1.1-ci bəndinə əsasən, lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə lizinq alan bu müqavilə ilə müəyyən edilmiş lizinq ödənişlərini ödəməlidir; 1.3-cü bəndinə əsasən, lizinq ödənişlərinin məbləği, ödənilməsi i qaydası və müddətləri müqavilənin ayrılmaz tərkib hissəsi olan lizinq ödənişlərinin cədvəlində (Əlavə 3) müəyyən edilir; 7.2-ci bəndinə əsasən, lizinq alan gecikdirilən hər təqvim gününə lizinq ödənişi məbləğinə gündəlik 0.3 % hesanlanmaqla cərimə ödəyir; 4.4.1 -ci bəndinə əsasən lizinq Alan müvafiq standartlara, texniki şərtlərə, texniki istismar qaydalarına və istehsalçının təlimatlarına riayət etməklə lizinq obyektini yalnız onun təyinatı üzrə istifadə etməlidir; 4.4.2-ci bəndinə əsasən lizinq Alan lizinq obyektini saz vəziyyətdə saxlamalı, lizinq obyektinin təmiri ilə bağlı bütün xərcləri ödəməlidir; 5.1 -ci bəndinə əsasən təhvil-təslim aktı imzalandığı andan müqaviənin bütün müddəti ərzində Lizinq Obyektinin zərərin bütün növlərindən qorunması, həmçinin onun təsadüfən məhv edilməsi və zədələnməsi riski Lizinq alana keçir; 9.1 -ci bəndinə əsasən, lizinq alan lizinq obtektindən bu müqavilənin şərtlərini pozmaqla, yaxud onun təyinatına uyğun olmamaqla istifadə etdikdə, lizinq obyektini işlək halda saxlamadıqda və bu da onun istehlak keyfiyyətlərini pisləşdirdikdə, lizinq ödənişlərini müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmədikdə müqavilə lizinq verənin təşəbbüsü ilə, Lizinq alana hər hansı bir zərərin əvəzini ödəmədən ləğv edə bilər. Cavabdeh müvəqqəti istifadəsinə verilmiş İddiaçı MMC-nin mülkiyyətində olan KHAZAR SD markalı, **-PB-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2022-ci il tarixdə şirkətin müvəqqəti duracağına yerləşdirilmişdir. (BDY-in xx.xx.2022-ci il tarixli Akta əsasən) xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək, yəni lizinq obyekti Cavabdeh istifadəsində olan müddət ərzində, inzibati xəta ilə əlaqədar sürücü AR X7 tərəfindən inzibati qaydada cərimələnmiş,həmin cərimələrə görə İddiaçı MMC tərəfindən ümumilikdə 416 manat məbləğində pul ödənilmişdir (mədaxil qəbzləri). xx.xx.2022-ci il tarixdə verilən 4797 nömrəli arayışına əsasən xx.xx.2021 -ci il tarixli MAS-4120 nömrəli “Daxili lizinq” müqaviləsinə əsasən lizinq obyektindən müvəqqəti sahiblik və istifadə edilməsinə görə xx.xx.2022-ci il tarixə cavabdehin 805.19 manat gecikdirilmiş əsas, 999.23 manat gecikdirilmiş mükafat, həmin günə hesablanmış 491.91 manat dəbbə pulu, cəmi 2296.33 manat borcu var. Hazırda iddiaçı həmin 2296.23 manat məbləği (805.19 manat əsas, 999.23 manat mükafat, 491.91 manat dəbbə pulu), 416 manat ödənilmiş cərimələr, ümumilikdə 2712.33 manat borcun və 47.53 manat dövlət rüsumunun İddiaçı MMC-nin xeyrinə tutulmasını istəyir. Məhkəmə aşağıdakı hüquqi əsaslara görə iddianın qismən əsaslı olduğu qənaətinə gəlmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 747.1-ci maddəsinə əsasən, lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur; 748-1.9-cu maddəsinə əsasən lizinq alan lizinq obyektini qaytarmayıbsa və ya vaxtında qaytarmayıbsa, lizinq verənin gecikmə vaxtı üçün ödəniş tələb etmək hüququ vardır; 748-1.12-ci maddəsinə əsasən, lizinq alanın lizinq obyektindən istifadə şəraiti lizinq müqaviləsinin şərtinə və ya lizinq obyektinin təyinatına uyğun deyilsə, lizinq alan lizinq obyektini işlək halda saxlamırsa və bu da onun istehlak keyfiyyətlərini pisləşdirirsə, lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə, lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır; 748-7.1-ci maddəsinə əsasən, lizinq obyekti olan əmlakın zərərin bütün növlərindən qorunması, həmçinin onun məhv edilməsi, itirilməsi, korlanması, talanması, vaxtından əvvəl sıradan çıxması, quraşdırılması və ya istifadəsi zamanı buraxılan səhvlərdən və istismarı zamanı yol verilən risklərdən qorunması ilə bağlı məsuliyyəti, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektinin faktiki qəbulu anından lizinq alan daşıyır; 748-7.11-ci maddəsinə əsasən, Lizinq ödənişlərinin ümumi məbləğinə (Lizinq obyektinin əldə edilməsi ilə bağlı zəruri xərclər, Lizinq verənin mükafatının məbləği, Lizinq verənin əlavə xidmətlərinin haqqı və s.) daxildir. Odur ki, məhkəmə hesab edir ki, iddia 805.19 manat gecikdirilmiş əsas, 999.23 manat gecikdirilmiş mükafat pulu cavabdehdən tutulması hissəsində təmin edilməlidir. Eyni zamanda, məhkəmə hesab edir ki, iddia 491.91 manat dəbbə pulunun tutulması hissəsində qismən təmin edilməklə, 40 manat məbləğində təmin, qalan hissədə rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Məhkəmə hesab edir ki, 805.19 manat gecikdirilmiş əsas borca nisbətdə 491.91 manat dəbbə pulu tənasübsüz surətdə yüksəkdi. Eyni zamanda, iddiaçı cavabdehin əvəzinə ödədiyi 416 manat cəriməyə dair bütün ödəniş qəbzlərini təqdim etdiyindən, iddia 416 manatın tutulması hissəsində də təmin edilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia 805.19 manat gecikdirilmiş əsas, 999.23 manat gecikdirilmiş mükafat, 40 manat dəbbə pulu, 416 manat ödənilmiş cərimələr, ümumilikdə 2260.42 manat borcun İddiaçı MMC-nin xeyrinə tutulması hissəsində təmin, qalan hissədə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Eyni zamanda, məhkəmə hesab edir ki, ödənilmiş 47.53 manat dövlət rüsumu da cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 805.19 (səkkiz yüz beş manat, on doqquz qəpik) manat məbləğində əsas borc, 999.23 (doqquz yüz doxsan doqquz manat, iyirmi üç qəpik) manat gecikmiş mükafat, 40 (qırx) manat məbləğində cərimə borcu və inzibati xəta haqqında protokollara görə ödənilmiş 416 (dörd yüz on dörd) manat olmaqla, cəmi 2260.42 (iki min iki yüz altmış manat, qırx iki qəpik) manat borc və 47.53 (qırx yeddi manat, əlli üç qəpik) manat dövlət rüsumu tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ruslan Mirzəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar