Məhkəmə qərarları › İş №e-2(008)-194/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-194/2025

04.12.2025 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-194/2025 04.12.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Qədirova Şəbnur Şakir qızının sədrliyi, Məmmədova Ləman Rizvna qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Heydər Əliyev adına X6 Cavabdeh qarşı “tikilinin sökülərək mühafizə zonasından çıxarılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Heydər Əliyev adına X8 Cavabdeh qarşı “tikilinin sökülərək mühafizə zonasından çıxarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında Heydər Əliyev adına X7 məxsus neft məhsulu nəql olunan Dş-500 mm neft boru kəmərinin ”Mühafizə Zonası”nın 10 metrliyində Cavabdeh tərəfindən üzərində 3 qırmızı kərpic hündürlüyündə hörgü işləri aparılaraq yenidən dam örtüyü vurulan 12x5 metr ölçülərində olan yaşayış evinin və həmin evin qarşısında tikilən 2 metr enində, 7 metr uzunluğunda və 2 metr hündürlüyündəki hasarın sökülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında Heydər Əliyev adına X7 məxsus neft məhsulu nəql olunan Dş-500 mm neft boru kəmərinin “Mühafizə zonası”nın 10 metrliyində Cavabdeh tərəfindən 12x5 metr ölçülərində olan yaşayış evinin dam örtüyünün sökülməsi və üzərinə 3 qırmızı kərpic hündürlüyündə hörgü işləri aparılaraq yenidən dam örtüyünün vurulması və həmin evin qarşısında 2 metr enində, 7 metr uzunluğunda və 2 metr hündürlüyündə hasar tikilməsi faktı aşkar edilmişdir. Tikinti işlərinin neft boru kəmərinin mühafizə zonası daxilində aparıldığı və bu səbəbdən qanunazidd olduğu SOCAR-ın Təhlükəsizlik İdarəsinin və Zavodun obyektlərini mühafizə edən müvafiq Polis İdarəsinin əməkdaşları tərəfindən vətəndaş Cavabdeh izah olunmuş və görülən işlərin dayandırılması, həmçinin əlavə işlərin aparılmamasına dair ona xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 24 yanvar 2003-cü il tarixli, 844 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Nizamnaməsinə əsasən, NEZ Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin strukturuna daxil olan hüquqi şəxs statuslu müəssisə kimi fəaliyyət göstərir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “İstismar olunan ixrac neft boru kəmərlərinin “Mühafizə Zonası”nın müəyyənləşdirilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında 02 noyabr 2004-cü il tarixli 167 nömrəli Qərarına əsasən ixrac neft boru kəmərlərinin marşrutu boyunca-boru kəmərinin oxunun hər tərəfindən 50 metrlik məsafə “Mühafizə Zonası”na aid edilir. “Mühafizə Zonası” ixrac boru kəmərinin təhlükəsiz istismarı və xidməti üçün şərait yaratmaq, həmçinin boru kəmərinin zədələnmə ehtimalının qarşısının alınması məqsədi ilə müəyyənləşdirilmişdir. “Mühafizə Zonası”nda Azərbaycan Respublikasının Energetika Nazirliyinin və X1 Dövlət Agentliyinin (istismarçı təşkilatın rəyini almaqla) rəsmi icazəsi olmadan hər hansı tikinti işlərinin aparılması və həmin ərazinin digər məqsədlər üçün istifadə olunması qadağandır. İddiaçıya məxsus neft boru kəmərinin mühafizə zonasında yerləşən torpaq sahəsi faktiki olaraq cavabdeh tərəfindən zəbt edilmişdir ki, bu da həmin kəmərə qulluq edilməsinə, onun istismar edilməsinə maneçilik yaratmaqla yanaşı insanların həyatı üçün də təhlükə yaradır. Zavodun fəaliyyətinin təmin edilməsi üçün müxtəlif istehsalat və sahələrdə ayrı-ayrı texnoloji əməliyyatlar həyata keçirildiyindən, həmin istehsalat və sahələrin bir-birindən xeyli aralı məsafədə yerləşdiyini nəzərə alaraq, aralarında boru kəmərləri çəkilmişdir. Həmçinin hazır məhsulların anbarlara yığılması üçün boru kəmərləri çəkilmişdir. Bu neft boru kəmərləri qanunvericiliyə əsasən, magistral boru kəmərləri hesab olunur. Normativ sənədlərə əsasən, boru kəmərinin təyinatı, diametri və kəmərdə olan təzyiqə görə boru kəmərləri ətrafında mühafizə zonası müəyyən olunmuşdur. Mühafizə zonalarının müəyyən edilməsi bir neçə amillə bağlıdır. İlk olaraq, boru kəmərləri və neft məhsulları anbarları dövlət əhəmiyyətli obyektlər hesab edilir. Bu obyektlərdə hər hansı bir qəza nəticəsində yanğın və partlayış baş verdiyi halda ətrafda olan şəxslər üçün böyük təhlükə yarada bilər. Digər tərəfdən, bu obyektlərin mühafizəsinin effektli təşkilinə həmin ərazidə inşa edilmiş tikililər maneçilik törədir. Bütün bunları nəzərə alaraq, mühafizə zonasının mövcudluğu olduqca zəruridir. Daha sonra iddiaçı xx.xx.2025-ci il tarixdə məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, ünvan 1 ünvanında (koordinatlar: X-408907; Y-4477238) Heydər Əliyev adına X7 məxsus neft məhsulu nəql olunan Dş-500 mm neft boru kəmərinin ”Mühafizə Zonası”nın 10 metrliyində Cavabdeh tərəfindən üzərində 3 qırmızı kərpic hündürlüyündə hörgü işləri aparılaraq yenidən dam örtüyü vurulan 12x5 metr ölçülərində olan yaşayış evinin və həmin evin qarşısında tikilən 2 metr enində, 7 metr uzunluğunda və 2 metr hündürlüyündəki hasarın sökülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X3 iddia tələbini müdafiə etdi, iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli aktın surətindən görünür ki, Heydər Əliyev adına X7 məxsus neft məhsulu nəql olunan Dş-500 mm neft boru kəmərinin “Mühafizə Zonası”nın on metrliyində tikinti işləri aparılan Sabunçu rayonu, Elşən Mehdiyev 14 ünvanına baxış keçirilərkən əlavə hörgü və başa çatmış tikinti işləri faktı aşkar edilmişdir. Görülən işlər Cavabdeh tərəfindən aparılıb. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli aktın surətindən görünür ki, xx.xx.2023-cü il tarixində 37 saylı postun ərazisində saat 11:20-də ünvan 3 ünvanında neft məhsulu nəql olunan boru kəmərindən təqribən 8-10 metr aralı məsafədə özünün bildirdiyinə görə Cavabdeh məxsus köhnədən olan 12x5 metr ölçülərdə olan yaşayış evinin, köhnədən olan dam örtüyünün sökülməsi və üzərinə 3 qırmızı kərpic hündürlüyündə hörgü işləri aparılaraq yenidən dam örtüyünün vurulması eləcə də, yaşayış evinin qarşısında 7 metr uzunluğunda, 2 metr enində və 2 metr hündürlüyündə hasar tikilməsi tərəflərindən aşkarlandı. Cavabdeh gördüyü işlərin mühafizə ərazisinə düşdüyü üçün qanunazidd olduğu bildirilmiş və əlavə işlərin aparılmaması üçün yazılı xəbərdarlıq təqdim olunmuşdur. İş materiallarında olan xx.xx.2023-cü il tarixli xəbərdarlıqdan görünür ki, mühafizə zonasında tikinti işlərinin aparılmasının qanunazidd olması barədə Cavabdeh yazılı xəbərdarlıq edilmiş və sonuncu xəbərdarlığı imzalamışdır. İş materiallarında olan xx.xx.2020-ci il tarixli arayışdan görünür ki, Heydər Əliyev adına X5 10 saylı sahəyə (Güzdək) neft məhsulları nəql olunan Dş-500 mm (dizel yanacağı) və Dş-300 mm (reaktiv mühərrik yanacağı) neft boru kəmərləri 1993-cü ildə, “Azərikimya” İB-nin Etilen-Polietilen Zavoduna neft məhsulları nəql olunan Dş-200 mm (quru qaz), Dş-250 mm (nafta) neft boru kəmərləri isə 2011-ci ildə çəkilmiş və zavodun balansındadır. İş materiallarında olan xx.xx.2023-ci il tarixli qəbzdən görünür ki, iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi üçün 100 manat dövlət rüsumu ödənilmişdir. İş materiallarına əlavə edilmiş Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli mütəxəssis rəyindən görünür ki, göstərilən torpaq sahəsi faktiki olaraq 0.00749 ha təşkil edir. Sahə üzərində mövcud olan yaşayış evin tikintialtı sahəsi 0.006 ha-dır. Tikilmiş hasarın və yaşayış evinin neft kəmərinə qədər olan məsafəni göstərən baş plan tərtib edilərək rəyə əlavə olunur. Həmçinin hasarın və yaşayış evinin yerləşdiyi ərazinin koordinatları əlavə olunur. Vahid elektron kadastr baza məlumatlarına əsasən koordinatlarla verilmiş sahə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2025-ci il tarixli 578s nömrəli Sərəncamına əsasən müəyyən edilmiş ərazinin sərhədləri daxilində yerləşir. Həmçinin sahə tamamilə Heydər Əliyev adına X6 500.0 mm-lik neft kəmərinin mühafizə zonasının daxilindədir. Bundan əlavə sahə qəbirstanlıq ərazisindən təqribən 21.0 metr aralı məsafədə yerləşir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin: 55-ci maddəsinə əsasən hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; hüquqi və (və ya) fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər; məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü; vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər yollarla yaranır. 66-cı maddəsinə əsasən övlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Xüsusi mülkiyyətdə olan torpaqlar üzərində bütün hüquqların başqasına keçməsi isə tərəflər arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, məhdudiyyətlər və servitutlar, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə digər şərtlər nəzərdə tutulur. Torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. 67-ci maddəsinə əsasən torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. Torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 155.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasına mülkiyyət hüququ ilə mənsub olan əmlak dövlət mülkiyyətidir. 155.2-ci maddəsinə əsasən fiziki, hüquqi şəxslərin və ya bələdiyyələrin mülkiyyətində olmayan torpaq və digər təbii ehtiyatlar dövlət mülkiyyətidir. 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. 180.2-ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. 180.4-cü maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları”nın 6.7-ci bəndinə əsasən boru kəmərlərinin mühafizə zonasında onu istismar edən hüquqi və fiziki şəxslər Magistral boru kəmərləri idarəsi və onun yerli orqanlarının yazılı razılığı olmadan aşağıda göstərilən işlərin aparılması qadağandır: a) hər hansı tikinti və quraşdırma işləri; b) bütün növ kol və ağacların basdırılması, yem məhsullarının, gübrə və materialların yığılması, ot və samanların tayaya vurulması, heyvan saxlamaq, balıq yetişdirmək üçün yerlərin ayrılması, balıq və su heyvanlarının tutmaq, bitkiləri yığmaq, buz sındırılması və yığılması; c) boru kəmərlərinin üstündən və yanından keçidlərin düzəldilməsi, avtomobil və digər nəqliyyat vasitələri, traktor və mexanizmlər üçün dayanacaqların təşkili, kollektiv bağ və bostan salınması; ç) torpaq meliorasiya işlərinin aparılması, suvarma və qurutma sistemlərinin quraşdırılması; d) hər növ dağ, quraşdırma, partlayış və torpaq səthinin düzləndirmə işləri; e) quyuların quraşdırılması, şurf açılması və yerin təkindən nümunə götürülməsi məqsədi ilə geolociseysmik, geodeziya və başqa axtarış işləri. Boru kəmərlərinin mühafizə zonasında iş aparılmasına, yazılı şəkildə icazə almış hüquqi və fiziki şəxslər, boru kəmərinin mühafizəsini təmin edən şərtlərə əməl etməyə borcludurlar. Boru kəmərlərinin mühafizə zonasında iş aparılması şərtləri magistral boru kəmərlərini istismar edən təşkilatın yerli orqanları tərəfindən təyin edilir və müvafiq yerli icra hakimiyyəti və Dövdağtexnəzarət Komitəsi orqanları ilə razılaşdırıldıqdan sonra həyata keçirilir. Boru kəmərlərinin mühafizə zonalarında partlayış işlərinin aparılmasına yazılı icazə, ancaq Dövdağtexnəzarət Komitəsi tərəfindən təsdiq edilmiş partlayış işlərinin təhlükəsiz aparılmasının vahid qaydalarına uyğun olaraq həmin işləri aparan müəssisə (təşkilat) tərəfindən tələb olunan materiallar təqdim edildikdən sonra verilməlidir. İşin faktiki halları ilə müəyyən olundu ki, “Heydər Əliyev adına X8”nun istismarında olan Dş 500 mm-lik neft kəmərinin mühafizə zonasında, Sabunçu rayonu E.Mehdiyev küçəsi 14 ünvanında Cavabdeh tərəfindən 3 qırmızı kərpic hündürlüyündə hörgü işləri aparılaraq yenidən dam örtüyü vurulan 12x5 metr ölçülərində olan yaşayış evi və həmin evin qarşısında tikilən 2 metr enində, 7 metr uzunluğunda və 2 metr hündürlüyündə hasar inşa olunmuşdur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi qanuni və əsaslı olduğundan təmin edilməli, “Heydər Əliyev adına X8”nun istismarında olan Dş 500 mm-lik neft kəmərinin mühafizə zonasında, Sabunçu rayonu E.Mehdiyev küçəsi 14 ünvanında Cavabdeh tərəfindən inşa olunmuş üzərində 3 qırmızı kərpic hündürlüyündə hörgü işləri aparılaraq yenidən dam örtüyü vurulan 12x5 metr ölçülərində olan yaşayış evi və həmin evin qarşısında tikilən 2 metr enində, 7 metr uzunluğunda və 2 metr hündürlüyündə hasar özbaşına (qanunsuz) tikililər hesab edilməli və tikililər cavabdehin hesabına sökülərək mühafizə zonasından çıxarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddiaçıya aid edilməli, məhkəmə tikintitexniki ekspertiza tədqiqatının dəyəri olan 100 manat Cavabdeh tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia təmin edilsin. “Heydər Əliyev adına X8”nun istismarında olan Dş 500 mm-lik neft kəmərinin mühafizə zonasında, ünvan 4 ünvanında Cavabdeh tərəfindən inşa olunmuş üzərində 3 qırmızı kərpic hündürlüyündə hörgü işləri aparılaraq yenidən dam örtüyü vurulan 12x5 metr ölçülərində olan yaşayış evi və həmin evin qarşısında tikilən 2 metr enində, 7 metr uzunluğunda və 2 metr hündürlüyündə olan hasar cavabdehin hesabına sökülərək mühafizə zonasından çıxarılsın. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Məhkəmə tikinti-texniki ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat Cavabdeh tutulsun, VÖEN **********, AZ34CTRE********************, X2, KOD 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ013601**********3944, SFİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Şəbnur Qədirova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar