Məhkəmə qərarları › İş №e-2(008)-2009/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №e-2(008)-2009/2024

26.01.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(008)-2009/2024 26.01.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Qədirova Şəbnur Şakir qızının sədrliyi ilə, İddiaçı cavabdeh Bakı şəhəri Sabunçu rayonu Zabrat bələdiyyəsinə qarşı miras payın müəyyən edilməsi, torpaq sahəsindən istifadə və sahibliyə maneənin yaradılmasının qadağan olunması, icarə müqaviləsi üzrə onun müqavilə tərəfi kimi tanınması tələbinə dair iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri Sabunçu rayonu Zabrat bələdiyyəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum anası X1 miras qalmış Bakı şəhəri Zabrat qəsəbəsi, R.Göyüşov küçəsində yerləşən 2.490 kv.m. torpaq sahəsinə icarə hüququnun İddiaçı tam miras payı kimi müəyyən edilməsi, xx.xx.2007-ci ildə Bakı şəhəri Sabunçu rayon Zabrat bələdiyyəsi ilə X3 arasında bağlanmış icarə müqaviləsi üzrə hüquqlar və vəzifələr İddiaçı aid edilməklə onun müqavilə tərəfi kimi tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə, iddia ərizəsini nəzərdən keçirib hesab edir ki, ərizə ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Belə ki, iddiaçı bir-biri ilə əlaqəsi olmayan bir neçə tələbi birləşdirmişdir. İddiaçı iddia ərizəsində anası X2 vəfatından sonra mübahisəli torpaq sahəsini miras olaraq tam qəbul edib idarə etdiyini, anasının vəfatından dərindən sarsıldığından vərəsəlik işinin açılması üçün notariusa vaxtında müraciət edə bilmədiyini qeyd etmişdir. Məhkəmə qeyd edir ki, mirasın qəbul edilməsi faktının müəyyən edilməsi barədə işlərə xüsusi icraat qaydasında baxılır. İddiaçı isə hazırkı tələblə iddia icraatı qaydasında məhkəməyə müraciət etmişdir. Digər tərəfdən Bakı şəhəri Sabunçu rayon Zabrat bələdiyyəsi ilə X3 arasında bağlanmış icarə müqaviləsi üzrə hüquqlar və vəzifələr İddiaçı aid edilməklə onun müqavilə tərəfi kimi tanınmasını bələdiyyənin üzərinə öhdəlik kimi qoyulmasını xahiş edir, halbuki Bakı şəhəri Sabunçu rayon Zabrat bələdiyyəsi inzibati orqandır və bu tələblərə inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr tərəfindən baxılmalıdır. Göründüyü kimi iddiaçı bir-biri ilə əlaqəsi olmayan bir neçə tələbi birləşdirmişdir. Məhkəmə hesab edir ki, iddiaçı öncə mirasın qəbul edilməsi faktının müəyyən edilməsi barədə ərizə verərək xüsusi icraat qaydasında məhkəməyə müraciət etməlidir. Azərbaycan Respublikasinin İnzibati Prosessual Məcəlləsinin: 2.1. Qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. 2.2. İnzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.2. inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia); 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia); Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 307.1. Məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2. Məhkəmə aşağıdakıların müəyyən edilməsi barədə işlərə baxır: 307.2.9. mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin; 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. 152.1.7-ci maddəsinə əsasən bir və ya bir neçə cavabdehə bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Beləliklə, məhkəmə yuxarıda göstərilənlərə əsasən, hesab edir ki, iddia ərizəsi geri qaytarılmalı və iddiaçıya izah edilməlidir ki, göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət edə bilər. Məhkəmə, həmçinin Mülki Prosessual Məcəllənin 114.1.3-cü maddəsinə əsasən qeyd edir ki, ödənilmiş dövlət rüsumu iddiaçıya geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 149, 152, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı cavabdeh Bakı şəhəri Sabunçu rayonu Zabrat bələdiyyəsinə qarşı miras payın müəyyən edilməsi, torpaq sahəsindən istifadə və sahibliyə maneənin yaradılmasının qadağan olunması, icarə müqaviləsi üzrə onun müqavilə tərəfi kimi tanınması tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya izah edilsin ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. İddiaçı tərəfindən ödənilmiş 100 manat məbləğində dövlət rüsumu (Qəbzin nömrəsi - **********) iddiaçıya qaytarılsın. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Şəbnur Qədirova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar