Məhkəmə qərarları › İş №e-2(008)-2076/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-2076/2024

26.04.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-2076/2024 26.04.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ hakim Qasımov Vidadi Kamal oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1, iddiaçının nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakı ilə iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı "sudan istifadəyə görə yaranmış 399,69 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması" barədə iddiasına dair mülki işə məhkəmənin binasında açıq məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı "sudan istifadəyə görə yaranmış 399,69 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması" barədə iddia ərizəsi ilə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadına əsasən, həmin iddiaya sadələşdirilmiş icraat qaydasında baxılması qərara alınmışdır. Məhkəmə tərəfindən iddia ərizəsinin surəti cavabdehə göndərilmiş və 10 iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını məhkəməyə təqdim etməsi ona təklif olunmuşdur. Cavabdeh xx.xx.2024-cü il tarixli ərizədə bildirmişdir ki, əvvəlki su nəzarətçisi ona ağlına gələn borcu yazmış və ondan dəfələrlə 30, 40, 50, 70 manat ödəniş almışdır. O, hər ay nəzarətçinin gətirdiyi çekə uyğun ödəniş edir. İş üzrə əlavə araşdırmanın aparılması, o cümlədən tərəflərin çağırılaraq izahatlarının alınması zəruri olduğuna, lakin sadələşdirilmiş icraat çərçivəsində zəruri prosessual hərəkətləri yerinə yetirmək mümkün olmadığına görə məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə işə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. İddiaçı öz tələbini belə əsaslandırmışdır ki, cavabdeh istifadə etdiyi suya görə xidmətin dəyərini tam ödəməmiş və nəticədə borcu yaranmışdır. Məhkəmə baxışı zamanı iddiaçının nümayəndəsi Nümayəndə iddianı müdafiə edərək izahatında bildirmişdir ki, tərəflər arasında müqavilə xx.xx.2007-ci ildə bağlanmışdır. Sayğac birinci dəfə xx.xx.2011-ci ildə quraşdırılmışdır. Həmin günə qədər hesablamalar 2 nəfər üzrə adambaşına ayda 5 m³ olmaqla, sonra isə sayğac göstəricisinə uyğun olaraq aparılmışdır. 2016-cı ilə qədər cavabdehin borcu olmamışdır. xx.xx.2017-ci ildə birinci sayğac dəyişdirilərək, ikincisi quraşdırılmışdır. Həmin vaxt sayğacın göstəricisi 117 m³ olmuşdur. xx.xx.2022-ci ildə sayğac ünçüncü dəfə dəyişdirilmişdir. Cavabdehin hal-hazırda sudan istifadəyə görə 399,69 manat borcu mövcuddur. Məhkəmə baxışı zamanı Cavabdeh iddianı qismən qəbul edərək izahatında bildirmişdir ki, iddiaçının nümayəndəsi müqavilənin 2007-ci ildə bağlandığı desə də, o, hazırda yaşadığı evi xx.xx.2008-ci ildə almışdır. Orada qızı ilə birlikdə yaşayırlar, çox vaxt evdə olmurlar, sudan az istifadə edirlər, bağçası yoxdur, həftənin üç günü su gəlmir. "xxxx" ASC-nin Xəqani adlı əməkdaşı suya borcu olduğunu bildirdikdə, ona dəfələrlə 30, 40, 50 və 70 manat məbləğində ödənişlər etmiş, lakin bu ödənişləri təsdiq edən qəbz almamışdır. Sudan istifadəyə görə yazılan borcun yarısı onun ola bilər, ayda 30 manat ödəməyə razıdır. O, bu barədə ərizə təqdim etmişdir. Əsaslandırıcı hissə: Aşağıdakı hallara görə məhkəmə iddianı əsaslı hesab edir. Müəyyən edildi ki, iddiaçı Bakı şəhəri Sabunçu rayonu Sabunçu qəsəbəsi Məmmədyarov küçəsində yerləşən 10 nömrəli evdə yaşayır. Həmin ünvan üzrə sayğac ilk dəfə xx.xx.2011-ci ildə quraşdırılmışdır. Sayğac quraşdırılanadək suyun qiyməti adambaşına su istehlak nörması 5 m³ olmaqla, 1 m³ görə 0,30 manat məbləğində müəyyən edilmişdir. İddiaçının həmin dövr üçün borcu yoxdur. xx.xx.2017-ci ildə sayğac dəyişdirilmiş, son göstəricisi 117 m³ olmuşdur. Bundan sonra sayğac yenidən xx.xx.2022-ci ildə dəyişdirilmişdir. İşdə olan xx.xx.2024-cü il tarixli "Abonent kartı"ndan görünür ki, tərəflər arasında xx.xx.2007-ci ildə bağlanmış müqavilə əsasında iddiaçının ünvanı üzrə xx.xx.2011-ci, xx.xx.2017-ci və xx.xx.2022-ci ildə sayğac quraşdırılmışdır. İşdə olan "18 mexaniki su sayğacının təmiri və ya dəyişdirilməsi" haqqında aktdan görünür ki, cavabdehə aid su sayğacı xx.xx.2017-ci və xx.xx.2022-ci ildə dəyişdirilmişdir. xx.xx.2017-ci ildə sayğac dəyişdirilərkən son göstəricisi "00117 kub.m" qeyd edilmişdir. İşdə olan "xxxx" ASC tərəfindən verilmiş cədvəldən görünür ki, 2016- 2023-cü illər üzrə su təchizatı və tullantı suların axıdılması xidmətlərindən istifadəyə görə cavabdehin xx.xx.2024-cü ilə yekun borcu 399,69 manat təşkil edir. İşdə olan xx.xx.2023-cü il tarixli "Xəbərdarlıq"dan görünür ki, iddiaçı tərəfindən cavabdehə borcun ödənilməsi təklif edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikasının Tarif (Qiymət) Şurasının xx.xx.2011-ci il tarixli qərarına əsasən, əhali qrupu üçün su təchizatı və tullantı sularının axıdılması xidmətinə görə 1 m³ suyun qiyməti 0,30 manat, həmin miqdarda tullantı sularının axıdılmasına görə xidmətin qiyməti isə 0,06 manat, Tarif (Qiymət) Şurasının xx.xx.2016-cı il tarixli Qərarına əsasən, əhali qrupu üçün su təchizatı və tullantı sularının axıdılması xidmətinə görə 1 m³ suyun qiyməti 0,35 manat, həmin miqdarda tullantı sularının axıdılmasına görə xidmətin qiyməti isə 0,15 manat müəyyən edilmişdir. "Su təchizatı və tullantı suları haqqında" Azərbaycan Respublikası Qanununun 61-ci maddəsinin 1-ci bəndində göstərilir ki, su təchizatı və kanalizasiya müəssisəsi ilə fərdi istehlakçı arasında müqavilənin olubolmamasından asılı olmayaraq, xidmətlərin haqqının ödənilməsi üzrə istehlakçıların vəzifələri onların obyektdə yaşaması, obyektin icarəçisi olması və ya onlar tərəfindən su təchizatı obyektlərindən hər hansı digər məqsədlər üçün istifadə faktına əsaslanır. Həmin Qanunun 62-ci maddəsindən göründüyü kimi, istehlakçı su təchizatı və kanalizasiya müəssisələrinə, onların göstərdikləri xidmətlərə görə borcu, hesabın ödənilməsinə təqdim olunduğu gündən bir ay müddətində ödəməlidir və istehlakçı tərəfindən bu vəzifənin yerinə yetirilməməsi su təchizatı və kanalizasiya müəssisəsi qanunvericiliklə nəzərdə tutulmuş müvafiq tədbirləri görmək hüququnu yaradır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2014-cü il tarixli 262 nömrəli qərarı ilə təsdiq edilmiş "Sudan istifadə qaydaları"nın 4.1.3-cü bəndinə əsasən, verilən suyun və axıdılan tullantı sularının həcminə uyğun olaraq ona təqdim edilmiş hesab üzrə ödənişin həyata keçirilməsini istehlakçı təmin etməlidir. Məhkəməyə təqdim olunmuş hesablama sənədləri ilə müəyyən olunur ki, cavabdehin sudan istifadə ilə əlaqədar iddiaçıya 399,69 manat borcu yaranmışdır. "xxxx" ASC-nin tələbi həmin məbləğin ödənilməsindən ibarətdir. Cavabdeh yaranmış borcdan ödənişlər etdiyini, pulu nəqd şəkildə iddiaçının Xaqani adlı əməkdaşına ödədiyini bildirsə də, məhkəməyə bunu təsdiq edən sübut təqdim edə bilməmişdir. Ona görə də məhkəmə bu qənaətə gəldi ki, iddiaçı cavabdehdən 399,69 manat məbləğində borcun ödənilməsini tələb etməkdə haqlıdır. Bu səbəbdən iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İşdən görünür ki, iddiaçı tərəfindən xx.xx.2024-cü ildə ********** nömrəli mədaxil qəbzi ilə 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyi üçün məhkəmə xərcləri cavabdehə aid edilməli, həmin məbləğ ondan alınaraq iddiaçıya ödənilməlidir. Nəticə hissəsi: Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh sudan istifadəyə görə yaranmış 399,69 manat borc və 30 manat ödənilmiş dövlət rüsumu, cəmi 429,69 manat məbləğində pul alınaraq iddiaçı "xxxx" ASC-yə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində qətnamədən Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Apellyasiya şikayətinin məhkəməyə göndərilməsi "Elektron məhkəmə" informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilməlidir. X3.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar