Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-2446/2025 24.04.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mirzəliyev Ruslan Əsəd oğlunun sədrliyi, X4 qızının katibliyi, İddiaçı "xxxx" MMC-nin nümayəndəsi X1, Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Sabunçu Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı “kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında borcun tutulması” tələbinə dair kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən İMEİ KODU **********59956 HONOR X8B markalı telefon üçün 600 (altı yüz) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.60 (iyirmi üç manat, altmış qəpik) manat rüsum, 180 (yüz səksən) manat cərimə olmaqla cəmi 803.60 (səkkiz yüz üç manat altmış qəpik) manat borc və 30 (otuz) manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Tələbi onunla əsaslandırmışdır ki, cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, İMEİ KODU **********59956 HONOR X8B markalı telefon almış və nəticədə 803.60 (səkkiz yüz üç manat, altmış qəpik) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə alqı-satqı qiyməti 600 (altı yüz) manat (yəni 12 ay x 50 + 0 manat ilkin ödəniş) olan İMEİ KODU **********59956 HONOR X8B markalı telefon üçün ümumilikdə, 803.60 (səkkiz yüz üç manat, altmış qəpik) manat olmaqla ondan 600 (altı yüz) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.60 (iyirmi üç manat, altmış qəpik) manat rüsum, müştəriyə güzəşt olunaraq 180 (yüz səksən) manat cərimə pulu borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 0 manat təşkil edir. Cavabdeh xx.xx.2025-ci il tarixdə etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" MMC-nin iddiasının əsassız olduğundan rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Etiraz ərizəsini onunla əsaslandırmışdır ki, telefonu aldıqdan sonra istifadə zamanı texniki qüsurlar aşkar etmiş və bu qüsurların aradan qaldırılması üçün satış tarixindən sonra 14 gün ərzində iki dəfə mağazaya müraciət etmişdir. Satıcı problemi həll etmək əvəzinə sadəcə telefonun proqram təminatını yenidən yükləməklə (format etməklə) onu yubatmışdır. Format etdikdən sonra yalnız 1-2 gün işləmiş, daha sonra yenidən əvvəlki problemlərə qayıtdığından 2 dəfə mağazaya müraciəti olmuşdur. Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən, istehlakçı malın keyfiyyətsiz olduğunu müəyyən etdikdə 14 gün ərzində həmin malın dəyişdirilməsini və ya müqavilənin ləğv edilməsini tələb etmək hüququna malikdir. O, bu hüququmdan istifadə etmiş, lakin iddiaçı onun haqlı tələbini yerinə yetirməyərək həm telefonun təmirini təmin etməmiş, həm də onun maliyyə vəziyyətinə ziyan vurmuşdur. Həmçinin, onu “yola verərək” 14 gün keçməsi üçün qanunsuz vaxt uzatması həyata keçirmişdir. Bu müraciətlər mağazanın video müşahidə kameralarından çıxarışlarla sübut edilə bilər. Beləliklə, problem aradan qalxmadığı üçün xx.xx.2024-cü il tarixində telefonu servisin təhvil sənədi ilə birlikdə rəsmi servisə göndərilməsinə nail olmuşdur. Servisin isə bu günə kimi nə müsbət, nə də neqativ xəbəri təqdim edilməmiş və cihaz üzərində olan istifadə hüquqları pozulmuşdur. Servisin təhviltəslim aktı sübut edir ki, cihaz servisə qeyd edilmiş tarixdə cihaz verilmiş və onun istifadəsinə təqdim edilməmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-2446/2025 nömrəli xx.xx.2025-ci il tarixli qərardadına əsasən iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında borcun tutulması” tələbinə dair kiçik iddia ərizəsinə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı "xxxx" MMC-nin nümayəndəsi X2 iddia ərizəsini müdafiə ederək, müqavilənin təhvil-təslim aktından da göründüyü üzrə, cavabdehin telefonu tam qüsursuz halda təhvil aldığını, əmtəə görünüşündə cuzi əyrilik olması ilə cavabdehin razılaşdığını, telefon hal-hazırda mağazada olduğunu, cavabdehin istənilinən vaxt gəlib götürə biləcəyini, etirazın əsassız olduğunu və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etmiyərək, telefonda gözlə görünən əyriliyinin olmadığını, sonradan "xxxx" MMC-nin rəsmi servisi əyrilik olduğunu müəyyən etdiyini, istifadəyə yarasız telefon üçün ödəniş etmədiyini, iddia tələbinin əsassız olduğunu və iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan xx.xx.2024-cü il tarixli müqavilə və onlara əlavədən görünür ki, Cavabdeh "xxxx" MMC-dən qiyməti 600 manat olan İMEİ KODU **********59956 HONOR X8B markalı telefonu, ayda 50 manat ödəmək şərti ilə 12 ay müddətinə almışdır. "xxxx" MMC tərəfindən verilmiş 24 yanvar 2025-cü il tarixli maliyyə cədvəlindən müəyyən edilir ki, cavabdehin həmin tarixədək iddiaçıya xx.xx.2024-cü il tarixli müqavilə üzrə cəmi 803.60 (səkkiz yüz üç manat altmış qəpik) manat məbləğində borcu yarandığı göstərilmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2025-ci il tarixli bildirişin surətindən görünür ki, Cavabdeh borca görə öhdəliklərin icrasının həyata keçirməsi qanunla müəyyən olunmuş qaydada tələb olunmuş, müqavilə üzrə öhdəliklərini icra etmədiyi təqdirdə qanunla müəyyən olunmuş qaydada məhkəməyə müraciyət ediləcəyi barədə xəbərdar edilmişdir. İş materiallarına əlavə olunmuş İrşad elektronics tərəfindən verilmiş rəydən görünür ki, cihaza baxış keçirilmiş və müəyyən edilmişdir ki, cihaz mexaniki təsir alıb və bu səbəbdən istehsalçının zəmanət şərtlərinə daxil deyildir. Məhkəmə hesab edir ki, tərəflər arasında yaranmış mübahisəyə nisyə alqı-satqı müqaviləsinin müddəaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər. 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.2-ci maddəsinə əsasən, əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata kecirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 601-ci maddəsinə əsasən, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. 601.2-ci maddəsində göstərilmişdir ki, hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə həmin Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Cavabdeh müqavilələr üzrə götürdüyü öhdəliyi lazımi qaydada icra etməmiş, iddiaçıya olan borcunu sazişlə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir. Bununla da sazişin şərtlərini pozmuşdur. Məhkəmə iddiaçı tərəfindən hesablanan 180 (yüz səksən) manat cərimənin cavabdeh borcuna görə tənasübsüz surətdə yüksək hesablanması qənaətinə gələrək qeyd edir ki, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməlidirlər. Əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi hər iki tərəfin təqsiri üzündən baş vermişsə, məhkəmə borclunun məsuliyyətinin ölçüsünü müvafiq surətdə azaldır. Kreditor icra etməmək və ya lazımınca icra etməmək nəticəsində dəyən zərərin miqdarının artmasına qəsdən və ya ehtiyatsızlıq üzündən kömək göstərdikdə və ya zərəri azaltmaq üçün ağlabatan tədbirlər görmədikdə də, məhkəmə borclunun məsuliyyətinin ölçüsünü azalda bilər. (MM-nin 458.1-ci mad.) Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçının xeyrinə cəriməyə görə cavabdehdən xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 18 (on səkkiz) manat dəbbə pulu tutulmalıdır. Qeyd edilənlərə əsasən, iddia tələbi qismən təmin edilərək, Cavabdehdan xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən üçün 600 (altı yüz) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.60 (iyirmi üç manat, altmış qəpik) manat rüsum, 18 (on səkkiz) manat dəbbə borcu olmaqla, cəmi 641,60 (altı yüz qırx bir manat, altmış qəpik) manat borc pul və 30 (otuz) manat dövlət rüsumu tutularaq iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia tələbi qismən təmin edilsin. Cavabdehdan xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən üçün 600 (altı yüz) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.60 (iyirmi üç manat, altmış qəpik) manat rüsum, 18 (on səkkiz) manat dəbbə borcu olmaqla, cəmi 641,60 (altı yüz qırx bir manat, altmış qəpik) manat borc pul və 30 (otuz) manat dövlət rüsumu tutularaq iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Ruslan Mirzəliyev
Məhkəmə qərarları › İş №e-2(008)-2446/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-2446/2025
24.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver