Məhkəmə qərarları › İş №e-2(008)-2605/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-2605/2024

18.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-2605/2024 18.07.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Həqiqət Sahib qızının sədrliyi, Rüstəmova Sürəyya Nazim qızının katibliyi Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “borcunun ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı “borcunun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2019-cü il tarixli, MZK5683317 saylı nisyə alqı-satqı müqaviləsi üzrə 868 manat əsas, 200 manat faiz borcu olmaqla, cəmi 1068 manat borc məbləğində pul vəsaiti və 31 manat dövlət rüsumunun cavabdehdən tutularaq, xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iş üzrə Cavabdeh İddiaçı MMC ilə müddəti 12 ay olmaqla, xx.xx.2019-cu il tarixli nisyə alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən cavabdeh iddiaçıdan dəyəri 1509 manat olan məişət avadanlığı əldə etmişdir. Cavabdehin müqavilə üzrə ödənişlər etdikdən sonra iddiaçıya 868 manat əsas borcu qalmışdır. Qeyd edilən nisyə alqı-satqı müqaviləsinə əsasən cavabdeh müqavilə müddəti bitdikdən sonra iddiaçıya qaytarılmayan məbləğ üçün əlavə olaraq hər gün üçün 1% miqdarında faiz ödəməyi öhdəsinə götürmüşdür. Belə ki, cavabdehin iddiaçıya əsas borcdan əlavə olaraq 12759 manat faiz borcu yaranmışdır (868 manat x 1470 gün x 1%=12759 manat). İddiaçı faiz borcunu cavabdehdən cəmi 200 manat məbləğində tələb edir. Yuxarıda göstərilənləri nəzərə alaraq, Cavabdeh xx.xx.2019-cu il tarixli, MZK5683317 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən 868 manat əsas borc, müqavilə üzrə hesablanmış 200 manat faiz borcu, 31 manat dövlət rüsumunun əvəzi olmaqla, cəmi 1099 manat məbləğində pul vəsaiti cavabdedən tutularaq, iddiaçıya ödənilməlidir. İddiaçı MMC-nin nümayəndəsi Vəkil ərizə ilə məhkəməyə müraciət edərək, işə onun iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qismən qəbul edərək izahatında bildirdi ki, borcun ödənilməməsinə səbəb maddi imkanının olmamasıdır. Tələb olunan 200 manat faiz borcla razı deyildir, qətnamə qəbul edərkən maddi vəziyətinin nəzərə alınmasını məhkəmədən xahiş etdi. Məhkəmə, cavabdehin izahatını dinləyib, iddia ərizəsini və işə əlavə edilmiş sənədləri nəzərdən keçirib və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli, MZK5683317 saylı borc müqaviləsinə əsasən, cavabdeh aldığı məişət avadanlığı görə 12 ay ödəniş cədvəli üzrə hər ay 117 manat olmaqla cəmi 1509 manat ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2023-cü il tarixli maliyyə arayışlarından görünür ki, cavabehin xx.xx.2019-cü il tarixli, MZK5683317 saylı nisyə alqı-satqı müqaviləsi üzrə ödənilməmiş 868 manat manat məbləğində borcu vardır. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, tərəflər arasında xx.xx.2019-cü il tarixli müqavilə bağlanarkən qanunun tələblərinə tam əməl edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 433.1-ci maddəsinə əsasən, borclu öz öhdəliyini kreditora və ya qanunla və ya məhkəmənin qərarı ilə icranı qəbul etməyə ixtiyarı çatan şəxsə ödəməlidir. 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 600.1-ci maddəsində göstərilir ki, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini tələb edə bilər. Bununla belə, məhkəmə hesab edir ki, cavabdehdən iddiaçının xeyrinə xx.xx.2019cu il tarixli, MZK5683317 saylı nisyə alqı-satqı müqaviləsi üzrə 200 manat faiz borcunun tutulmasının hüquqi və müqavilə əsası yoxdur. Belə ki, xx.xx.2019-cu il tarixli, MZK5683317 saylı borc müqaviləsinə əsasən, tərəflər yalnız ödənilməli əsas məbləğ barədə razılığa gəlmişlər. Həmin müqavilədə əlavə (faiz, cərimə) ödənişlərə dair müddəalar əksini tapmamışdır. Yəni sözügedən müqavilədə əsas borcla yanaşı, faiz borcunun tutulması nəzərdə tutulmamışdır. Tərəflər arasında bununla bağlı ayrıca razılaşma da mövcud deyil. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdehdən 200 manat məbləğində faiz borcunun tutulmaması hissəsində iddia tələbi təmin edilməməlidir. Beləliklə, məhkəmə, yuxarıda göstərilənləri ümumiləşdirib məhkəmə iclasında tədqiq edilən sübutları qiymətləndirərək hesab edir ki, Cavabdeh İddiaçı xeyrinə xx.xx.2019-cu il tarixli, MZK5683317 saylı borc müqaviləsi üzrə 868 manat məbləğində əsas borc tutulmalıdır. Eyni zamanda iş materiallarından görünür ki, iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi üçün 31 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.1-ci maddəsinə əsasən məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 1.000 manatadək olduqda 30 manat məbləğində dövlət rüsumu tutulur. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən, iddiaçı tərəfindən ödənilmiş 42 manat dövlət rüsumunun 30 manat hissəsi cavabdehə aid edilməklə, ondan tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq, obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh İddiaçı xeyrinə xx.xx.2019-cu il tarixli, MZK5683317 saylı borc müqaviləsi üzrə 868 (səkkiz yüz altmış səkkiz) manat məbləğində borc və 30 manat ödənilmiş dövlət rüsumunun əvəzi tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetə yerləşdirməklə 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Həqiqət Mahmudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar