Məhkəmə qərarları › İş №e-2(008)-264/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-264/2024

16.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-264/2024 16.05.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Qədirova Şəbnur Şakir qızının sədrliyi, Mamedova Ləman Rizvan qızının katibliyi, Cavabdeh nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “subroqasiya hüququ əsasında pulun tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı “subroqasiya hüququ əsasında pulun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 27.296,45 (iyirmi yeddi min iki yüz doxsan altı manat qırx beş qəpik) manat yolnəqliyyat hadisəsi nəticəsində verilmiş sığorta ödənişinin məbləği, 172,29 (bir yüz yetmiş iki manat iyirmi doqquz qəpik) manat dövlət rüsumu, ümumilikdə 27.468,74 (iyirmi yeddi min dörd yüz altmış səkkiz manat yetmiş dörd qəpik) manat tutularaq iddiaçı "xxxx" ASCnə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2022-ci il tarixdə baş vermiş yolnəqliyyat hadisəsi nəticəsində Cavabdeh idarə etdiyi “Opel Astra minik” markalı ** XM *** dövlət qeydiyyat nişanlı avtomobil Bakı şəhəri Səbail rayonu Neftçilər prospekti ilə hərəkət edən zaman “Audi Q8” markalı ** SX *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq yol-nəqliyyat hadisəsi törətmişdir. Belə ki, yuxarıda qeyd olunan hadisə ilə bağlı Bakı Şəhər DYPİ tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli TP ******* saylı qərar ilə “Opel Astra minik” markalı ** XM *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı (yolayrıcını keçmə qaydalarının pozulması) törətməkdə təqsirli bilinmişdir. Beləliklə, qeyd edilən yol-nəqliyyat hadisəsi nəticəsində "xxxx" ASC-də “avtonəqliyyat vasitələrinin könüllü sığortası” növü üzrə sığortalanan “Audi Q8” markalı ** SX *** dövlət qeydiyyat nişanlı avtomobilə 32.508 (otuz iki min beş yüz səkkiz) manat maddi zərər dəymişdir. MİP 210088 saylı sığorta şəhadətnaməsinə və AKS220071 saylı xx.xx.2022-ci il tarixli və AKS220071 nömrəli akta 1 saylı əlavəyə əsasən "xxxx" ASC tərəfindən AKS220071 saylı akt üzrə 30.528 (otuz min beş yüz iyirmi səkkiz) manat, AKS220071 saylı akta 1saylı əlavə üzrə isə 1730 (bir min yeddi yüz otuz) manat, ümumilikdə 32.258 (otuz iki min iki yüz əlli səkkiz) manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Cəmiyyətin əməkdaşları tərəfindən müvafiq sığorta hadisəsi araşdırılan zaman müəyyən edilmişdir ki, “Opel Astra minik” markalı ** XM *** dövlət qeydiyyat nişanlı avtomobilin “avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə sığortası "xxxx" ASC-də olmuşdur. “İcbari Sığortalar haqqında” AR Qanununun 56.1.2-ci maddəsinin tələbinə əsasən iddiaçı tərəfindən "xxxx" ASC-nə “avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə sığorta ödənişin edilməsi üçün müraciət edilmiş və müvafiq sığorta şirkətindən sığorta hadisəsi üzrə 4961,55 (dörd min doqquz yüz altmış bir manat, əlli beş qəpik) manat ödəniş həyata keçirilmişdir. Bundan sonra sığorta hadisəsi üzrə vurulmuş zərərə görə təqsirkar şəxsin üzərində qalan hissə 27.296,45 (iyirmi yeddi min iki yüz doxsan altı manat qırx beş qəpik) manat təşkil etmişdir. İddiaçının nümayəndəsinə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X4 iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil işə mahiyyəti üzrə baxılmasını tələb etdi, iddia tələbini qismən qəbul etdi və bildirdi ki, iddia ərizəsində göstərilən ziyanın məbləği ilə razı deyil, ekspertin rəyi ilə razıdırlar, rəydə göstərilən məbləğdən sığorta şirkətinin ödədiyi 4961,55 manat çıxıldıqdan sonra qalan məbləği qəbul edirlər. Məhkəmə, proses iştirakçısının izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - xx.xx.2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi üçün 171.89 manat məbləğində dövlət rüsumu ödənilmişdir. - xx.xx.2022-ci il tarixli ödəniş tapşırığından görünür ki, "xxxx" ASC tərəfindən "xxxx" MMC-nin hesabına 26.083,05 manat məbləğində sığorta ödənişi ödənilmişdir. - xx.xx.2022-ci il tarixli ödəniş tapşırığından görünür ki, "xxxx" ASC tərəfindən "xxxx" MMC-nin hesabına 4694.95 manat məbləğində sığorta ödənişi ödənilmişdir. - xx.xx.2022-ci il tarixli ödəniş tapşırığından görünür ki, "xxxx" ASC tərəfindən 1730 manat məbləğində sığorta ödənişi ödənilmişdir. - xx.xx.2022-ci il tarixli AKS220071 nömrəli sığorta aktından görünür ki, xx.xx.2022-ci il tarixdə baş vermiş sığorta hadisəsi nəticəsində “Audi Q8” markalı **-SX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin təmiri üçün ümumilikdə 30.778 manat məbləğində sığorta ödənişi "xxxx" ASC tərəfindən "xxxx" MMC-nin hesabına köçürülmüşdür. - xx.xx.2022-ci il tarixli AKS2200071 nömrəli sığorta aktına 1 saylı əlavədən görünür ki, xx.xx.2022-ci il tarixdə baş vermiş sığorta hadisəsi nəticəsində sığortalı X2 hesabına 1730 manat məbləğində sığorta ödənişi köçürülmüşdür. - MİP210088 nömrəli xx.xx.2021-ci il tarixli fiziki şəxslərə təqdim edilən avtomobil nəqliyyatı vasitələrinin tam sığortası şəhadətnaməsindən görünür ki, X3 məxsus “Audi Q8” markalı **-SX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin sığortası üzrə "xxxx" ASC-də sığortalanmışdır. - xx.xx.2022-ci il tarixli qüsur aktından görünür ki, “Audi Q8” markalı **-SX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin təmiri üçün xidmət haqqı 1730 manat təşkil edir. - "xxxx" MMC tərəfindən tərtib edilmiş qüsur aktından və xx.xx.2022-ci il tarixli elektron qaimədən görünür ki, “Audi Q8” markalı **-SX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş ziyan 30.778 manat müəyyən edilmişdir. - xx.xx.2022-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, xx.xx.2022-ci il tarixdə **-XM-*** dövlət qeydiyyat nişanlı “Opel Astra” markalı nəqliyyat vasitəsini idarə edən Cavabdeh Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 60 manat məbləğində cərimə inzibati tənbeh növü tətbiq edilmişdir. - Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9/6216-8/2388 nömrəli xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, yol-nəqliyyat hadisələri eksperti tərəfindən nəqliyyat vasitələrinə baxış keçirilərkən onların zədələnmiş hissələrini tam həcmdə müəyyən etmək mümkün deyildir. Belə ki, nəqliyyat vasitələrində daxili zədələr, yəni xarici baxışla aşkar olunması mümkün olmayan zədələr olduğundan, nəqliyyat vasitələri ixtisaslaşdırılmış servis şəraitində təmir üzrə mütəxəssislər tərəfindən sökülmədən, müxtəlif testlər keçirilmədən onların tam şəkildə müəyyən edilməsi mümkün deyildir. Nəqliyyat vasitələrinin tam şəkildə hansı hissələrinin zədələnməsini nəqliyyat vasitələri ixtisaslaşdırılmış servis şəraitində mütəxəssislər tərəfindən sökülüb bərpa olunması zamanı müəyyən edilə bilər. Odur ki, qeyd olunan sual üzrə yol-nəqliyyat hadisələri ekspertizaları tədqiqatı aparılmır. Nəzəri hesablama yolu ilə iş materiallarında olan zərər aktı məlumatlarına əsasən 2019-cu il buraxılışlı “Audi” markalı “Q8” model mühərrik həcmi 2995 kubsm **-SX-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci təxminən 23291,16 manat müəyyən edilir. O cümlədən, dəyişilməli hissələrin qiyməti 21176,16 manat; təmir-bərpa işlərinin qiyməti 2115,00 manat. - TSEK-da sonuncu müayinəyə dair məlumatdan görünür ki, Cavabdeh ikinci dərəcəli əlildir. - Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9/9453 nömrəli xx.xx.2024-cü il tarixli rəyindən görünür ki, nəzəri hesablama yolu ilə iş materiallarında olan "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli zərər aktı məlumatlarına əsasən 2019-cu il buraxılışlı “Audi” markalı “Q8” model mühərrik həcmi 2995 kubsm **-SX- *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci təxminən aşağıdakı kimi müəyyən edilir:

1. Dəyişilməli hissələrin qiyməti təzə hissələrin qiymətinə müvafiq hesablanmaqla 26050,00 manat. O cümlədən: Dəyişilməli hissələrin qiyməti – 23935,00 manat; Təmir-bərpa işlərinin qiyməti – 2115,00 manat.

2. Dəyişilməli hissələrin qiymətinə aşınma tətbiq edilməklə 23291,16 manat. O cümlədən: Dəyişilməli hissələrin qiyməti – 21176,16 manat; Təmir-bərpa işlərinin qiyməti – 2115,00 manat. Nəqliyyat vasitələrinə dəymiş ziyanın müəyyən olunması ilə bağlı ekspertizalar barədə Məhkəmə ekspertizası mərkəzinin 27 yanvar 2015-ci il tarixli 422 nömrəli məktubunda göstərilənlərə əsasən nəqliyyat vasitələrinə dəymiş ziyanın müəyyən olunması ixtisaslaşdırılmış servis müəssisələrinin arayışı əsasında əmtəəşünaslıq ekspertizalarının aparılması məqsədə müvafiq hesab olunduğundan, 2019-cu il buraxılışlı “Audi” markalı “Q8” model mühərrik həcmi 2995 kubsm **-SX-*** dövlət qeydiyyat nişanlı avtomobilin bərpası məqsədilə zədələnmiş hissələrin (dəyişilməli və bərpa oluna bilən) və görüləcək əl işlərinin qiymətləndirilməsi üzrə ekspertiza tədqiqatı 2(008)-4478/2023 nömrəli mülk iş materiallarında olan zərər aktı əsasında hesablanır. - Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarışdan görünür ki, Cavabdeh müharibə veteranıdır və 2-ci qrup əlildir. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun 63.1. maddəsinə əsasən bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 936.1. Subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. 936.2. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. 936.5. Sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1099.1. Hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. 1114.1. Başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Məhkəmə iclasında müəyyən olundu ki, Cavabdeh tərəfindən idarə olunan **-XM-*** dövlət qeydiyyat nişanlı “Opel Astra” markalı avtonəqliyyat vasitəsi ilə "xxxx" ASC tərəfindən “avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin sığortası” növü üzrə sığortalanmış **-SX-*** dövlət qeydiyyat nişanlı “Audi Q8” markalı avtonəqliyyat vasitəsinə xx.xx.2022-ci il tarixdə yol-nəqliyyat hadisəsi nəticəsində zərər vurulmuşdur. Baş vermiş yol-nəqliyyat hadisəsilə əlaqədar xx.xx.2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar qəbul olunmuş və sürücü Cavabdeh təqsirli bilinmişdir. Müqavilə üzrə öhdəlikləri əsasında sığortalı avtonəqliyyat vasitəsinin təmir olunması üçün zərərçəkən avtonəqliyyat vasitəsi təmir mərkəzinə yönləndirilmişdir. "xxxx" MMC tərəfindən tərtib edilmiş qüsur aktına əsasən **-SX-*** dövlət qeydiyyat nişanlı “Audi Q8” markalı avtonəqliyyat vasitəsinə dəymiş ziyanın ümumi məbləği (təmir və usta xərci) 32.258 manat müəyyən edilmişdir. Zərərvuran şəxsin mülki məsuliyyəti "xxxx" ASC tərəfindən “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə sığortalandığından 4961.55 manat sığorta ödənişi "xxxx" ASC-nə ödənilmişdir. Lakin cavabdeh tərəfindən qalıq 27.296,45 manat sığorta ödənişi "xxxx" ASC-nə ödənilməmişdir. Faydalanan şəxsin zərərvuran şəxsə (həm hüquqi, həm də fiziki) qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Qeyd olunanlara əsasən iddiaçı sözügedən zərərin aradan qaldırılması üçün ödədiyi 32.258 manat sığorta ödənişinin qalıq 27.296,45 manat hissəsini cavabdehdən tələb edir. Məhkəmə, istinad olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, məhkəmədə müəyyən olunmuş faktiki hallar iddiaçı "xxxx" ASC ilə Cavabdeh arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, eləcə də cavabdeh sığortaçının həyata keçirdiyi sığorta ödənişinin əvəzini ödəməli olduğundan, sığorta ödənişinin əvəzini ödəməlidir. Dəymiş maddi ziyanın həcmi ilə bağlı qeyd edilməlidir ki, qüsur aktına əsasən “Audi Q8” markalı **-SX-*** dövlət qeydiyyat nişanlı avtomobilə (təmir və usta xərci ilə birlikdə) cəmi 32.258 manat məbləğində ziyan dəyməsi müəyyən edilmişdir. Məhkəmə tərəfindən avtomobilə dəymiş ziyanın məbləğinin müəyyən edilməsi məqsədi ilə məhkəməəmtəəşünaslıq ekspertizası təyin edilmiş, verilmiş ekspert rəyi ilə 2019-cu il buraxılışlı “Audi Q8” markalı **-SX-*** dövlət qeydiyyat nişanlı avtomobilin dəyişilməli hissələrinin qiyməti aşınma tətbiq edilməklə, 23.291,16 (dəyişilməli hissələrin qiyməti – 21176,16 manat; təmir-bərpa işlərinin qiyməti – 2115,00 manat) manat müəyyən edilmişdir. Bundan başqa, yuxarıda qeyd edildiyi kimi cavabdehin idarə etdiyi nəqliyyat vasitəsi "xxxx" ASC tərəfindən “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə sığortalandığından 4961.55 manat sığorta ödənişi "xxxx" ASC-nə ödənilmişdir. Bu səbəbdən həmin məbləğ “Audi Q8” markalı **-SX-*** dövlət qeydiyyat nişanlı avtomobilin dəyişilməli hissələrinin qiymətindən çıxılmalı və cavabdeh tərəfindən iddiaçıya ödənilməli olan sığorta ödənişi 18.329,61 (23.291,16-4961.55) manat müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh subroqasiya qaydasında dəymiş ziyana görə 18.329,61 manat sığorta ödənişi "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalı, iddia qalan hissədə rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.20-ci maddəsinə əsasən məhkəmədə verilən iddialar üzrə - şəhid ailələri, müharibə veteranları, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, qaçqınlar və məcburi köçkünlər, habele Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Məhkəmə hesab edir ki, cavabdeh müharibə veteranı olduğundan, dövlət rüsumu iddiaçıya aid edilməli, məhkəmə-əmtəəşünaslıq ekspertizası tədqiqatının dəyəri olan cəmi 160 manat məbləğində pul "xxxx" Açıq Səhmdar Cəmiyyətindən və Cavabdeh müştərək qaydada tutulmalı və X1, KOD 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq,

QƏT ETDİ:

İddia qismən təmin edilsin. Cavabdeh subroqasiya qaydasında dəymiş ziyana görə 18329,61 manat sığorta ödənişi "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. İddia qalan hissədə rədd edilsin. Dövlət rüsumu iddiaçıya aid edilsin. Məhkəmə-əmtəəşünaslıq ekspertizası tədqiqatının dəyəri olan cəmi 160 manat məbləğində pul "xxxx" Açıq Səhmdar Cəmiyyətindən və Cavabdeh müştərək qaydada tutulsun və X1, KOD 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən: Şəbnur Qədirova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar