Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-2692/2025 05.06.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Qədirova Şəbnur Şakir qızının sədrliyi, Mamedova Ləman Rizvan qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı MMC-nin xeyrinə 620 manat əsas borc, ödənişin gecikdirilməsinə görə 100 manat peniya və məhkəməyə müraciət etmək üçün ödənilmiş 30 manat dövlət rüsumu, cəmi 750 manatın ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, müqaviləyə əsasən İddiaçıMMC “Drop+” markalı sutəmizləyici filtiri Cavabdeh mülkiyyətinə verməyi, sonuncu isə malı qəbul edib dəyərini pul şəklində satıcıya ödəməyi öz üzərinə götürmüşdür. Müqavilə üzrə göstərilən mal iddiaçı tərəfindən cavabdehə təhvil verilmiş, sonuncu isə bu malları qəbul etmişdir. xx.xx.2023-cü il tarixli müqavilənin 1 saylı əlavəsinə əsasən satılan malın cəmi dəyəri 1195 manat təşkil etmişdir. Müqavilənin 1.1, 3.12 və 4.2-ci bəndlərinə əsasən alıcı müqaviləyə əlavə ilə razılaşdırılmış qaydada malın dəyərini pul şəklində hissə-hissə və ya tam ödəməlidir. Alıcı tərəfindən alınan mallara görə satıcıya 575 manat ödəniş edilsə də, 620 manat borc bu günə kimi ödənilməmiş qalmışdır. Bununla bağlı dəfələrlə şifahi şəkildə cavabdehə müraciət edilməsinə, danışıqlar aparılmasına baxmayaraq onun tərəfindən pulun ödənilməsi istiqamətində heç bir tədbir görülmür və hazırda həmin pullar iddiaçıya ödənilmir. Beləliklə iddiaçı müqavilə üzrə üzərinə götürdüyü bütün öhdəlikləri qüsursuz şəkildə yerinə yetirmiş, lakin cavabdeh müqavilə üzrə öz öhdəliklərinin yerinə yetirilməsindən qərəzli şəkildə boyun qaçırmışdır. Cavabdeh iddiaçıya məxsus pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmışdır. Bu pulların ödənilməsini gecikdirməklə özündə saxlayaraq həmin vəsaitlərdən faydalanmışdır. Müqavilənin 4.6-cı maddəsinə əsasən alıcı satıcıya hər gecikdirilmiş gün üçün malın qalıq məbləğinin 1% miqdarında penya ödəməyi üzərinə götürür. Buna görə də cavabdehdən əlavə olaraq penya şəklində 100 manat pul tutularaq iddiaçıya verilməlidir. İddiaçının nümayəndəsi Nümayəndə xx.xx.2025-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə iclasının iştirakı olmadan keçirilməsini və iddia tələbinin tam təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə, işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barəsində lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat daxil olmamışdır. Belə olan halda, məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli müqavilədən görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh sahibliyinə və istifadəsinə “Drop plus” markalı sutəmizləyici filtiri verilmişdir. Cavabdeh müqavilə üzrə hesablanmış faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürmüşdür. - xx.xx.2023-cü il tarixli müqaviləyə 1 saylı əlavənin ödəniş cədvəlindən görünür ki, Cavabdeh hər ayın 08-dən gec olmayaraq 21 ay müddətində hər ay 55 manat ödəniş etməlidir. - xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən 620 manat ödənilməmiş borcu vardır. - İddiaçı MMC tərəfindən Cavabdeh göndərilmiş 2.12.2023-cü il tarixli xəbərdarlıqdan görünür ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən cavabdeh istifadəsinə verilmiş “Drop plus” markalı sutəmizləyici filtiri üçün müqavilə üzrə öhdəliklərin icrasını gecikdirmiş, yəni “ödəniş cədvəli”ndə nəzərdə tutulan vaxt və qaydaya əməl etməmişdir. İddiaçı MMC xəbərdarlıqdan irəli gələn öhdəliklərin icrası ilə əlaqədar çağırışa 3 iş günü ərzində riayət olunmadığı təqdirdə, müqavilənin 6.8-ci bəndinə əsasən aidiyyəti üzrə məhkəməyə müraciət olunacağını bildirmişdir. - xx.xx.2025-ci il tarixli qəbzdən görünür ki, İddiaçı MMC məhkəməyə müraciət etmək üçün 30 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinin tələbinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsinin tələbinə görə əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Tərəflər arasında olan müqavilə münasibətlərindən göründüyü kimi, tərəflər əşyanın alınıb-satılması barədə razılığa gəlmişlər. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, məhkəmədə müəyyən olunmuş faktiki hallar tərəflər arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, eləcə də cavabdeh müqavilə üzrə iddiaçı qarşısında öhdəlik götürdüyündən və müqavilə üzrə onların risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün məsuliyyət daşıdığından, yaranmış əsas borc məbləğini ödəməlidir. Qeyd edilənlərlə müəyyən olundu ki, xx.xx.2023-cü il tarixli müqavilənin şərtlərinə görə Cavabdeh müqavilə üzrə hesablanmış borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, borcun ödənilməsinə dair öhdəliyi lazımi qaydada icra etməmişdir. Bu barədə xəbərdar edilməsinə baxmayaraq, cavabdeh öhdəliyinin icra edilməsindən qərəzli olaraq yayınmışdır. Məhkəmə iddianın cərimə borcunun ödənilməsi hissəsini araşdıraraq hesab edir ki, iddia həmin hissədə qismən əsaslıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 465.2-ci maddəsinə görə əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə hesab edir ki, xx.xx.2023-cü il tarixli müqavilə üzrə hesablanmış 100 manat cərimə borcunun məbləği azaldılaraq 31 manat məbləğində müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən 620 manat ödənilməmiş hissə, 31 manat cərimə olmaqla, ümumilikdə 651 manat borc və 30 manat dövlət rüsumu tutularaq İddiaçı MMC-nə ödənilməli, iddia qalan hissədə rədd edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən 620 manat ödənilməmiş hissə, 31 manat cərimə olmaqla, ümumilikdə 651 manat borc və 30 manat dövlət rüsumu tutularaq İddiaçı MMC-yə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Şəbnur Qədirova
Məhkəmə qərarları › İş №e-2(008)-2692/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-2692/2025
05.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver