Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-2877/2025 18.06.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Həqiqət Sahib qızının sədrliyi, Rüstəmova Sürəyya Nazim qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə Sabunçu Rayon Məhkəməsinə müraciət edərək, xx.xx.2017-ci il tarixli, M-0059 saylı alqı-satqı müqaviləsi üzrə cavabdehdən 579 manat məbləğində borcun və 30 manat dövlət rüsumunun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, fiziki şəxs X1 ilə (VÖEN **********) “Sintra” markalı su filterlərinin satışı ilə əlaqədar olaraq Cavabdeh arasında xx.xx.2017-ci il tarixli M-0059 saylı alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə müvafiq olaraq, “Sintra” firmasının istehsalı, 1399 manat məbləğində olan “Sintra” modelli su təmizləmə sistemi quraşdırılaraq ona təhvil verilmiş və bu barədə müvafiq təhvil-təslim aktı tərtib edilərək tərəflərin imzası ilə təsdiq edilmişdir. Həmin alqı-satqı müqaviləsinin şərtlərinə görə, Cavabdeh “Sintra” markalı su filterini kredit üzrə hesablanmış əsas borc məbləğini vaxtında ödəməyi öhdəsinə götürsə də, kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Bu barədə dəfələrlə yazılı və şifahi qaydada xəbardarlıq edilməsinə baxmayaraq, öhdəliyinin icrasından qərəzli olaraq yayınmışdır. Alqı-satqı müqaviləsinin 2.4-cü bəndinə əsasən, cavabdeh 50 manat ilkin ödəniş edərək, 2.4-cü bəndinə göstərilən qaydada 23 ay müddətinə olmaqla hər ayın 20-dən gec olmayaraq, hər ay 60 manat ödəniş etməli olduğu halda, öhdəliklərini vaxtı-vaxtında və lazımi qaydada icra etməmişdir. Təqdim olunan maliyyə arayışına əsasən Cavabdeh kreditə görə borcu 579 manat təşkil edir. Fiziki şəxs (VÖEN **********) əsasında fəaliyyət göstərən X1 ilə İddiaçı MMC arasında xx.xx.2019-cu il tarixli N-004 saylı tələbetmə hüquqlarının güzəşt olunmasına dair müqavilə bağlanmışdır. Göstərilənlərə əsasən iddianın təmin edilməsi məhkəmədən xahiş olunmuşdur. İddiaçının nümayəndəsinə məhkəmə baxışı iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Cavabdeh ərizə ilə müraciət edərək, işə onun iştirakı olmadan baxılmasını və iddia müddətinin keçdiyini nəzərə alaraq, iddia tələbinə iddia müddətinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, məhkəmə iclasında araşdırılmış sübutları və iş materiallarını tədqiq edərək hesab edir ki, iddia rdd edilməlidir. Belə ki, iş materiallarında olan X1 ilə Cavabdeh arasında bağlanmış xx.xx.2017-ci il tarixli, M-0059 saylı alqı-satqı müqaviləsinə əsasən, sonuncu, 50 manat ilkin ödəniş etməklə, “Sintra” modelli su təmizləmə sistemi və onun ayrılmaz tərkib hissəsi olan aksessuarları hər ayın 20-də 60 manat ödəmək şərti ilə 23 ay müddətinə almışdır. İş materiallarında olan xx.xx.2017-ci tarixli təhvil-təslim aktından görünür ki, Cavabdeh “Sintra” modelli su təmizləmə sistemi və onun ayrılmaz tərkib hissəsi olan aksessuarlarını işlək vəziyyətdə təhvil almışdır. İş materiallarında olan xx.xx.2019-cu il tarixli tələbetmə hüquqlarının güzəşt olunmasına dair 004 saylı müqavilədən görünür ki, xx.xx.2017-ci il tarixli, M-0059 saylı alqı-satqı müqaviləsi üzrə tələb hüququ İddiaçı MMC-yə keçmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, xx.xx.2017-ci il tarixli, M-0059 saylı müqavilə ilə üzərinə düşən öhdəliyi yerinə yetirməyəcəyi təqdirdə, məhkəməyə müraciət olunacağı barədə iddiaçı tərəfindən cavabdehə xəbərdarlıq edilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, xx.xx.2017-ci il tarixli, M-0059 saylı alqı-satqı müqaviləsi üzrə Cavabdeh borcu 579 manat təşkil edir. Beləliklə, mülki işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından aydın olur ki, X1 ilə Cavabdeh arasında bağlanmış xx.xx.2017-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən, cavabdeh 50 manat ilkin ödəniş etməklə, 1399 manat dəyərində olan “Sintra” modelli su təmizləmə sistemi və onun ayrılmaz tərkib hissəsi olan aksessuarları hər ayın 20-də 60 manat ödəmək şərti ilə 23 ay müddətinə almışdır. Müqavilənin qüvvədə olma müddəti xx.xx.2019-cu il tarixdə bitmişdir. İddiaçı xx.xx.2017-ci il tarixli alqı-satqı müqaviləsi üzrə borcun qaytarılması barədə iddia tələbi ilə məhkəməyə elektron qaydada yalnız xx.xx.2025-cı il tarixdə müraciət etmişdir. Cavabdeh elektron qaydada verdiyi ərizəsində iddiaçının tələbi üzrə iddia müddətinin keçdiyini bildirmiş və bu səbəbdən də iddia müddətinin tətbiqi ilə bağlı ərizə verərək iddianın rədd edilməsini xahiş etmişdir. Göründüyü kimi, hazırkı iddia tələbi üzrə cavabdeh tərəfindən mübahisələndirilən əsas hal məhz tələb üzrə iddia müddətinin keçməsidir. Bu baxımdan, məhkəmə cavabdehin iddia müddətinin tətbiqi barədə ərizəsi ilə bağlı aşağıdakıları qeyd edir. Pozulmuş hüquqların müdafiəsi üçün hüququ pozmuş şəxsə qarşı məcburiyyət tədbirlərinin tətbiqi halına qanun iddia müddətlərini şamil edir. Bu qayda bir sıra məqsəd və funksiyalara xidmət edir. Belə ki, iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını daha da intizamlı etmək, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Bu hüquqi müdafiə vasitəsi həmçinin, məhkəmələri aradan uzun müddət keçmiş olan köhnə məsələlərlə bağlı hüquqi ixtilaflarla məşğul olmaqdan, borcluları öhdəliklərin icrasına dair sübutları əbədi olaraq saxlamaq məcburiyyətindən azad etmək məqsədinə xidmət edir. Yəni, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Bundan əlavə, iddia müddəti, tələbin aradan uzun bir müddət keçməsinə baxmayaraq istifadə edilməməsi, öhdəliyin ya daha əvvəl icra edilməsini, ya da ümumiyyətlə belə öhdəliyin meydana gəlmədiyini ehtimal verməyə haqlı bir əsas yaradır, habelə öz tələb hüququna qarşı uzun müddət laqeyd qalan kreditorun hüququnu qorunmağa daha az layiq olduğu mülahizəsinə əsaslanır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Stanyo Belçikaya qarşı iş üzrə 07 iyul 2009-cu il tarixli qərarında göstərilmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1 və 372.2-ci maddələrinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Həmin Məcəllənin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Mülki Məcəllənin 375.1-ci və 375.2-ci maddələrinə əsasən hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Məhkəmə qeyd edir ki, tərəflər arasında münasibətlər müqavilə xarakterli münasibət olduğu üçün qeyd edilən tələbə üç illik iddia müddəti şamil edilməlidir. Məhkəmə xüsusilə qeyd edir ki, müqavilə xarakterli öhdəliklərdən irəli gələn tələblərin qanuni həlli baxımdan iddia müddətinin axımının başlanmasının müəyyənləşdirilməsi mühüm əhəmiyyət kəsb edir. Mülki Məcəllənin 377.1-ci və 377.2-cü maddələrinə əsasən, iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. İcra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Mülki Məcəllənin 373.2-ci və 384-cü maddələrinin şərh edilməsinə dair 03 iyun 2013-cü il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. Məhkəmə qeyd edir ki, hazırkı mülki mübahisə də müqavilədən irəli gələn öhdəliklə bağlı olduğu üçün həmin mübahisəyə məhz Konstitusiya Məhkəməsinin mövqeyindən yanaşılmalı və iddia müddətinin axımının başlanmasını kredit müqavilələri üzrə müddətin bitməsi anından hesablanmalıdır. Mülki işin mübahisəsiz hallarına əsasən, X1 ilə Cavabdeh arasında bağlanmış xx.xx.2017-ci il tarixli alqı-satqı müqaviləsinin qüvvədə olma müddəti xx.xx.2019-cu il tarixdə bitir. Hazırkı tələblə isə məhkəməyə xx.xx.2025-ci il tarixdə müraciət olunmuş, bununla da qanunla müəyyənləşdirilmiş iddia müddəti ötürülmüşdür. Beləliklə, göstərilənlərə əsasən məhkəmə bu qənaətə gəlir ki, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası müddətinin ötürülməsi əsası ilə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçının tələbi təmin olunmadığı üçün məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetə yerləşdirməklə 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Həqiqət Mahmudova
Məhkəmə qərarları › İş №e-2(008)-2877/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-2877/2025
18.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver