Məhkəmə qərarları › İş №e-2(008)-2911/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-2911/2024

27.09.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-2911/2024 27.09.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Qədirova Şəbnur Şakir qızının sədrliyi, Mamedova Ləman Rizvan qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı “əsassız borcun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı “əsassız borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən təbii qazdan istifadəyə görə əsassız hesablanmış 2656,8 (iki min altı yüz əlli altı manat səksən qəpik) manat məbləğində borcun silinməsi, pozulmuş hüquqlarının bərpası ilə bağlı çəkdiyi xərcin - 200 manat məbləğində pulun Cavabdehndən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, ünvan 1 ünvanında yaşayır. Həmin ünvanda quraşdırılan sayğac onun adınadır. Abonent kodu **********20000-dir. Tərəfindən hər ay ödənişlər edilib. Bu yaxınlarda hesabında borcun yarandığını görmüşdür. Müraciəti əsasında ona cavabdeh təşkilat tərəfindən müvafiq sənədlər təqdim edildi. Ona təqdim edilmiş sənədlərə əsasən onun barəsində “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2020-ci il tarixli ******* saylı akt tərtib edilmişdir. Həmin akta əsasən guya mənzildə təbii qazdan sayğacdan kənar qeyri-qanuni istifadə aşkarlanmışdır. Həmin akt əsasında dəymiş ziyanın hesablanması göstərilmişdir. Lakin aktla razı deyil. Çünki həmin akt tamamilə əsassızdır. Belə ki, cavabdeh əgər 2020-ci ilin dekabr ayında təbii qaz xəttinin talanmasını aşkar etmişdirsə, bəs niyə görə bu qanunsuzluğun qarşısını almaq üçün təbii qazın verilməsini dayandırmırdı. Çünki, “Qazdan istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli Qərarının 6.5-ci bəndinə görə qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalıdır. Göründüyü kimi, qanunvericilik imperativ qaydada qazpaylayıcısının üzərinə qazın verilməsini dayandırılması vəzifəsi qoymuşdur. Bundan başqa, onun yaşayış ünvanı Kürdəxanı qəsəbəsi D.Vasif küçəsi ev 48-dir. Lakin cavabdehin tərtib etdiyi sənədlərdə ev 51B qeyd edilib. Görünür, cavabdeh qonşunun cəriməsini onun hesabına yazıb. Çünki fotoşəkillərdə də qonşunun sayğac şəkilləri əks olunub. Təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt tərtib edilərkən istehlakçı tərəfindən hər hansı bir müdaxilənin olub-olmaması müəyyən edilməmiş və hal şahidlərinin iştirakı təmin edilməmişdir. Göründüyü kimi həmin akt formaldır. Təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt və itirilmiş təbii qazın dəyərinin hesablanması barədə sənəd borc məbləğinin yaranması üçün əsaslı hesab edilə bilməz. Əvvəla, bu akt məhz onun sayğaca müdaxilə etdiyini yaxud sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə etdiyini bilavasitə təsdiq etmir. Çünki bu aktlar yalnız cavabdeh tərəfin maraqlı şəxsləri tərəfindən tərtib edilmişdir. İtirilmiş təbii qazın dəyəri hesablanarkən hər hansı bir normativ hüquqi akta, hansısa qaydalara da istinad edilməmişdir. Bu cür hesablama üsulu ilə ümumiyyətlə, hansısa şəxsin cavabdehə hansısa miqdarda maddi ziyan vurmasını müəyyən etmək mümkünsüzdür. Cavabdehin təqdim etdiyi aktlardan görünür ki, onlar qanunvericiliyin tələblərinə zidd olaraq birtərəfli qaydada, istehlakçının (və ya onun hər hansı ailə üzvünün) iştirakı təmin olunmadan tərtib olunmuş, eyni zamanda aktların bir surəti təqdim olunmamış və ya göndərilməmişdir. Halbuki, qaydaların yuxarıda qeyd edilən tələblərinə görə şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Əgər həqiqətən, qanunusuz qoşulma halı aşkar edilmişdirsə, deməli cavabdeh bilərəkdən qaz xəttini dayandırmamaqla, qanunsuzluğun davam etdirilməsinə rəvac vermişdir. Dəymiş ziyanın bərpasına dair qəbul olunmuş tələbnamələrdən görünür ki, barəsində cərimə borc məbləğləri hesablanarkən ona məxsus fərdi yaşayış evində PQ-4 və QSSQ məişət qaz qurğulardan başqa, dəmir soba üzrə də hesablamalar aparılmışdır. Halbuki, evində dəmir soba yoxdur. Dəymiş ziyanın bərpasına dair qəbul olunmuş tələbnamələrdə aparılmış hesablamalar 24 saat müddətinə olmaqla 90 gün müddətləri üçün hesablanmışdır. 24 saat müddətinə hesablamaların aparılmış olması o deməkdir ki, 8 saat iş saatı və eləcə də gecə də (8 saat yuxu rejimi) evində məişət qaz qurğusu daimi açıq olmuş və təbii qaz istehlak edilmişdir. 270 gün müddəti üçün isə təbii qazdan qanunsuz istifadə edilmiş olunmasına dair tələbnamənin qəbul edilməsi hər hansı bir normativ hüquqi akta əsaslanmır. Zərərin məbləği akt tərtib edildikdən sonra müvafiq tələbnamə əsasında müəyyən edilsə də tələbnamənin mövcudluğu da iddianın əsaslı olması demək deyil. Yəni, dəymiş ziyanın hesablanması ilə bağlı orta günlük iş rejiminin 24 saat müəyyən edilməsi də əsaslandırılmalıdır. İtirilmiş təbii qazın dəyəri hesablanarkən hər hansı bir normativ hüquqi akta, hansısa qaydalara da istinad edilməmişdir. Dəymiş zərərin Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin (SOCAR) Şurasının xx.xx.2011ci il tarixli 11 №-li qərarı ilə təsdiq edilmiş «İstehlakçılar tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması hallarında qanunsuz istifadə olunmuş qazın dəyərinin bərpasının hesablanması qaydaları»na əsasən müəyyən edilməsi isə mötəbər sayıla bilməz. Tərtib edilmiş əsassız akt ucbatından 2656,8 manat borc yazılmışdır. Bundan başqa, o, pozulmuş hüquqlarının bərpası ilə bağlı vəkillə hüquqi yardımın göstərilməsinə dair xx.xx.2024-cü il tarixdə 106 nömrəli müqavilə bağlamış, 200 manat ödəniş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X3 iddia tələbini qəbul etmədi və izahatında bildirdi ki, iddiaçının ünvanında quraşdırılmış sayğaca baxış keçirilmiş və abonentin sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə etdiyi aşkar edilmişdir. Qeyd olunanlara əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə, proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2020-ci il tarixli ******* saylı aktın surətindən görünür ki, iddiaçının ünvanında quraşdırılmış sayğaca baxış keçirilmiş və abonentin sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə etdiyi aşkar edilmişdir. İş materiallarında olan dəymiş ziyanın bərpasına dair tələbnamənin surətindən görünür ki, ünvan 3 ünvanında sayğacdan kənar qeyri-qanuni qaz xətti vasitəsi ilə təbii qazdan istifadə olunduğu aşkar edilmiş, dəymiş ziyanın həcmi 26568 kubmetr müəyyən edilmişdir. İş materiallarında olan abonent saldosundan görünür ki, İddiaçı yaşadığı fərdi yaşayış evində qaz sərfinə görə xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 2656.80 manat məbləğində borc hesablanmışdır. İş materiallarında olan hüquqi yardımın göstərilməsi haqqında 106 nömrəli xx.xx.2024-cü il tarixli müqavilədən və xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, İddiaçı tərəfindən Bakı şəhəri 7 saylı Vəkil Bürosunun hesabına 200 manat məbləğində pul köçürülmüşdür. Məhkəmə iclasında iş materialları ilə müəyyən edilmişdir ki, iddiaçının yaşadığı evə verilən təbii qazın istehlak miqdarını ölçmək üçün quraşdırılmış sayğaca baxış keçirilən zaman cavabdeh tərəfindən abonentin təbii qazdan sayğacdan kənar qeyri-qanuni istifadə etdiyi aşkar edilmişdir. Buna görə cavabdeh iddiaçıdan itirilmiş qazın bərpası məqsədilə xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 2656.80 manat vurulmuş ziyan tələb edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilən “Qazdan istifadə qaydaları”nın: 1.1-ci bəndinə əsasən bu Qaydalar “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq hazırlanmışdır və qaz paylayıcısı ilə istehlakçı arasında qaz təchizatı üzrə münasibətləri (qazın alqı-satqı müqaviləsi əsasında), şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtlərini, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtlərini və digər məsələləri tənzimləyir. 1.3-cü bəndinə əsasən qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. 1.4-cü bəndinə əsasən istehlakçıya tələb olunan qazın həcmi onun istismar edəcəyi qaz qurğularının texniki pasport göstəricilərində maksimal saatlıq qaz sərfinə uyğun olaraq müəyyən edilir. 3.4.1-ci bəndinə əsasən özbaşına qaz qurğularının quraşdırılmasını, qaz qurğularının və qapadıcı ventillərin yerdəyişməsini, dəyişdirilməsini və təmirini həyata keçirmək, habelə bina daxilində qeyri-metal borular vasitəsilə qurğulara qaz xəttinin çəkilişini aparmaq istehlakçılara qadağandır. 6.5-ci bəndinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. 6.6-cı bəndinə əsasən qazın verilməsinin dayandırılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan və müvafiq qaydada rəsmiləşdirildikdən sonra 1 (bir) iş günü müddətində qaz paylayıcısı tərəfindən qazın verilməsi bərpa edilməlidir. 6.7-ci bəndinə əsasən qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci və 6.1.7-ci yarımbəndləri istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 21.1-ci maddəsində göstərilir ki, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinin tələbinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. 560.2-ci maddəsinə əsasən hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. 560.3.5.2-ci maddəsinə əsasən istehlakçıların zərərinə istehsalın, satışın və ya texniki inkişafın məhdudlaşdırılması hüquqdan sui-istifadədir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsi (hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir) sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Sübutetmə vəzifəsinin ümumi qaydalara əsasən işdə iştirak edən tərəflərin üzərinə qoyulması mülki məhkəmə icraatında çəkişmə və tərəflərin bərabərliyi prinsipindən doğur. Çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyini müdafiə etmək üçün irəli sürdükləri tələb və etirazların əsaslarını sübut etmək vəzifələrini, bunun üçün sübutlar təqdim etmək, vəsatətlər vermək və başqa zəruri prosessual hərəkətləri etmək imkanını müəyyən edir. Çəkişmə prinsipi müəyyən edilmiş sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq işdə iştirak edən hər bir şəxs öz tələb və etirazlarını əsaslandırdığı halları sübut edir. Hazırkı mübahisədə ona dəymiş ziyanı sübut etmək vəzifəsi cavabdehin üzərinə düşür. Lakin cavabdeh iddiaçı tərəfindən təbii qazdan qeyri-qanuni istifadə edilməsini və bunun nəticəsində ziyan vurulmasını sübut edə bilməmişdir. Belə ki, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 3/847 nömrəli xx.xx.2024-cü il tarixli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş ünvan 4 ünvanda yerləşən fərdi yaşayış evinə quraşdırılmış qaz sayğacı və ona bərkidilmiş giriş-çıxış borusunda (hal-hazırda və əvvəllər) hər hansı kənar müdaxilə nəticəsində yarana bilən zədə, iz (qaynaq izi) və əlavə xətt aşkar edilmədi. Bundan başqa, cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş və iddiaçının yaşadığı fərdi yaşayış evinə aid olduğunu göstərən fotoşəkillərlə, ekspertiza tədqiqatı zamanı iddiaçının yaşadığı ünvan 4 evə quraşdırılmış qaz sayğacına və borusuna baxış zamanı çəkilmiş fotoşəkillər fərqlidir. Göründüyü kimi məhkəmə araşdırması zamanı tədqiq edilmiş sübutlarla iddiaçı tərəfindən təbii qazdan sayğacdan kənar qeyri-qanuni istifadə edilməsi faktı öz təsdiqini tapmamışdır. Belə olan halda, xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 2656.80 manat vurulmuş ziyanın da İddiaçı aid edilməsi əsassızdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh tərəfindən İddiaçı **********20000 saylı abunə koduna hesablanmış 2656.80 manat məbləğində borc silinməlidir. Məhkəmə hesab edir ki, Cavabdehndən 46.56 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə, 110 manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Belə ki, «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikasının Qanununun 9.1.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Bundan başqa, məhkəmə, vəkilə ödənilən 200 manat pulun cavabdehdən iddiaçının xeyrinə tutulması hissəsində iddia tələbini əsaslı hesab edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh tərəfindən İddiaçı **********20000 saylı abunə koduna hesablanmış 2656,80 manat məbləğində borc silinsin. Vəkilin göstərdiyi yardıma görə ödənilmiş 200 manat məbləğində pul Cavabdehndən tutularaq İddiaçı ödənilsin. Cavabdehndən 46.56 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Məhkəmə-trasoloji ekspertizası tədqiqatının dəyəri olan 110 manat məbləğində pul Cavabdehndən tutulsun və X1, KOD 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Şəbnur Qədirova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar