Məhkəmə qərarları › İş №e-2(008)-2981/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №e-2(008)-2981/2025

11.03.2025 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(008)-2981/2025 11.03.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin hakimi Paşayeva Adilə Adil qızı, iddiaçılar İddiaçı1 və qeyrilərinin Cavabdeh qarşı 3-cü şəxslər qismində AR FHN Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi, AR Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Bakı Şəhər İcra Hakimiyyəti və Suraxanı Rayon İcra Hakimiyyəti cəlb olunmaqla “qanunsuz tikilinin sökülməsi” tələbinə dair iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçılar İddiaçı1 və qeyriləri Cavabdeh qarşı 3-cü şəxslər qismində AR FHN Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi, AR Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Bakı Şəhər İcra Hakimiyyəti və Suraxanı Rayon İcra Hakimiyyəti cəlb olunmaqla “qanunsuz tikilinin sökülməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsinin, Mirzəağa Əliyev (keçmiş Məktəb) küçəsində (Cümə məscidi ilə üzbəüz), reyestrdən çıxarışa əsasən yeni qaydalarla Hövsan qəsəbəsi 163-cü Hövsan küçəsi, giriş 63 ünvanında qanunsuz inşa edilən tikinti obyektinin sökülməsi və vəkil xidmətləri üçün çəkilmiş 2600 manat məbləğində vəsaitin cavabdehdən tutularaq iddaçılara ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 39.1-ci maddəsinə əsasən daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar daşınmaz əşyanın olduğu yerə görə verilir. İddia ərizəsindən görünür ki, iddiaçıların tələbi Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsinin, Mirzəağa Əliyev (keçmiş Məktəb) küçəsində (Cümə məscidi ilə üzbəüz), reyestrdən çıxarışa əsasən yeni qaydalarla Hövsan qəsəbəsi 163-cü Hövsan küçəsi, giriş 63 ünvanında qanunsuz inşa edilən tikinti obyektinin sökülməsidir və məhkəmə hesab edir ki, tələb qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialara aiddir və daşınmaz əşyanın olduğu yerə görə verilməlidir. Belə olan halda məhkəmə hesab edir ki, hazırki iddia tələbi müstəsna aidiyyata aid olduğundan Sabunçu Rayon Məhkəməsində baxıla bilməz. Azərbaycan Respublikası MPM-in 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Azərbaycan Respublikası MPM-in 152.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Azərbaycan Respublikası MPM-in 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli ********** nömrəli mədaxil qəbzi ilə 30 manat dövlət rüsumu İddiaçı35 tərəfindən ödənilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli, **********8 nömrəli qəbz ilə 70 manat məbləğində pulun kim tərəfindən ödənildiyi məlum deyil. Elektron məhkəmə sistemindən əldə olunmuş qəbz haqqında məlumatdan görünür ki, həmin nömrəli qəbzlə bağlı heç bir məlumat aşkar edilməmişdir. Bu səbəbdən rüsumun geri qaytarılması mümkün olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.3-cü maddəsinə əsasən, həmin Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa dövlət rüsumu da geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.2-ci maddəsinə görə, həmin Məcəllənin 114.1.1-ci maddəsində nəzərdə tutulmuş hallarda dövlət rüsumunun artıq ödənilmiş hissəsi geri qaytarılır. Dövlət rüsumu Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş digər hallarda da geri qaytarılır. Məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir. Məhkəmə hesab edir ki, hazırkı iddia ərizəsi geri qaytarıldığından İddiaçı35 tərəfindən xx.xx.2025-ci ildə ********** nömrəli mədaxil qəbzi ilə ödənilmiş 30 manat məbləğində pul büdcədən rüsumu ödəyən şəxsə geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 39, 152, 263-264, 268-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçılar İddiaçı1 və qeyriləri Cavabdeh qarşı 3-cü şəxslər qismində AR FHN Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi, AR Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Bakı Şəhər İcra Hakimiyyəti və Suraxanı Rayon İcra Hakimiyyəti cəlb olunmaqla “qanunsuz tikilinin sökülməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər icraata qəbul edilmədən geri qaytarılsın. İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə aidiyyəti məhkəməyə müraciət etməyə mane olmur. İddiaçı35 tərəfindən xx.xx.2025-ci ildə ********** nömrəli qəbz ilə ödənilmiş 30 manat məbləğində pul büdcədən İddiaçı35 geri qaytarılsın. Qərardadın dövlət rüsumunun qaytarılması hissəsində icrası Bakı Şəhər Baş Maliyyə İdarəsinə həvalə edilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Adilə Paşayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar