Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-2997/2024 20.05.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Paşayeva Adilə Adil qızının sədrliyi, məhkəmə iclas katibi Rzayev Əsvər Məhərrəm oğlunun katibliyi, iddiaçının nümayəndəsi X1, Cavabdeh iştirakı ilə iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı "borc" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı "borc" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən sudan istifadəyə görə yaranmış 622,96 manat borcun və 30 manat dövlət rüsumu üzrə xərclərin tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin sözügedən ərizə ilə kiçik iddia üzrə sadələşdirilmiş icraat qaydasında baxılması üçün müraciət etsə də, cavabdeh xx.xx.2024cü ildə məhkəməyə ərizə ilə müraciət edərək, iddiaçının tələbi ilə razı olmadığı, etirazlarının olduğu üçün işin iddia icraatı qaydasında baxılmasını, məktubun ünvana gec çatdığı üçün mobil nömrəsinə SMS bildirişlə məhkəmənin iclası barədə məlumatın göndərilməsini və iddiaçının tələbinin əks olunduğu iddia ərizəsinin ona təqdim olunmasını xahiş etmişdir. Ona görə də, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)- 2997/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərardadı ilə iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı "borc" tələbinə dair kiçik iddia ərizəsinə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdehlə xx.xx.2013-cü ildə bağlanmış müqaviləyə əsasən su ilə təchiz edilmişdir (abonent kodu: **********206). Abonentin istifadə etdiyi suyun dəyəri ünvan üzrə qeydiyyatda olan şəxslərin say tərkibinə uyğun olaraq 3 (üç) nəfər olmaqla normativ qaydada hesablanmışdir. Cavabdeh əhali qrupu abonentinə aid olmaqla ötən dövr ərzində sudan mütəmadi olaraq istifadə etsə də, istifadə etdiyi suya görə qismən ödəniş etmiş, nəticədə xx.xx.2024-cü ilə 622,96 manat borcu yaranmışdır. "xxxx" ASC tərəfindən borcun ödənilməsi tələbi ilə cavabdehin ünvanına hər ay bildiriş, sonuncu dəfə isə xx.xx.2024-cü ildə xəbərdarlıq məktubu göndərilmiş, lakin cavabdeh borcu ödəməkdən imtina etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 iddianı müdafiə edərək bildirmişdir ki, sayğac quraşdırılan dövrədək 3 nəfər ailə üzvü nəzərə alınaraq borc hesablanmışdır. Cavabdehlə borcun hissə-hissə ödənilməsi barədə razılıq əldə olunmasına baxmayaraq, borc hələ də ödənilməmişdir. Bü günki tarixə 620 manat borc mövcuddur. İddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddianı qismən qəbul edərək izahatında bildirmişdir ki, 2021-ci ilə qədər olan 300 manat borcu qəbul edir, lakin bu hal-hazırda orada yaşamır, ona görə də 320 manatı qəbul etmir. 2011-ci ildə oğlu şəhid olmuşdur. "xxxx" ASC-yə orada yaşamamağına dair sənəd təqdim etməmişdir. Hal-hazırda həmin ünvanda oğlu yaşayır. İddianın rədd edilməsini xahiş edir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli "Abonent kartı"ndan görünür ki, iddiaçı ilə cavabdeh arasında (**********206 №-li abonent kodu) xx.xx.2013-cü ildə Bakı şəhəri, Sabunçu rayonu, X3, ev 1 "su və çirkab" üzrə xidmət müqaviləsi bağlanmışdır, ailə üzvü 3 nəfərdir. Həmin abonent kartından cavabdehin yaranmış yekun borcunun 620,46 manat olduğu görünür. - xx.xx.2013-cü il tarixli "Su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə dairr əhali qrupuna aid olan fiziki şəxslərlə bağlanan müqavilə"dən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, X3, ev 1 ünvan üzrə Cavabdeh "xxxx" ASC tərəfindən içməli suyun buraxılması, tullantı suların kanalizasiya sisteminə qəbulu, təmizlənməsi və axıdılması təmin edilir. - "xxxx" ASC-nin xx.xx.2024-cü il tarixli "52 Mexaniki su sayğacının quraşdırılması" haqqında aktdan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, X3, ev 1 ünvan üzrə xx.xx.2024-cü ildə yeni sayğac quraşdırılmışdır. Həmin sənəddə müştərinin imza qrafası böşdur, cavabdehin imzası qeyd olunmamışdır. - "xxxx" ASC tərəfindən cavabdehə göndərilmiş xəbərdarlıq xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, yaranmış borcu ödəmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. - "xxxx" ASC-nin xx.xx.2021-ci tarixli 00054 nömrəli "Yaranmış borcun ödənilməsi qaydasına dair razılaşma protokolu"ndan görünür ki, cavabdehin xx.xx.2021-ci tarixə 297,36 manat borcu olmuşdur. - 25.08.2022-ci il tarixli 007641 nömrəli "Şəhid ailəsi üzvünün vəsiqəsi"nin surətindən görünür ki, Cavabdeh şəhid ailəsinin üzvüdür. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, xx.xx.2013-cü ildə tərəflər arasında müqavilə bağlanmış, cavabdeh su ilə təchiz edilmişdir. xx.xx.2024-cü ildə cavabdehin ünvanı üzrə mexaniki su sayğacı quraşdırılmışdır. Sayğac quraşdırılan tarixədək hesablamar ailə üzvlərinin tərkib sayına görə aparılmışdır. Cavabdeh Bakı şəhəri, Sabunçu rayonu, X3, ev 1 ünvan üzrə yaşamadığını bildirsə də, bunu təsdiq edən sübut məhkəməyə təqdim etməmişdir. Bundan başqa, iddiaçı cavabdehdən iddia ərizəsində 622,96 manat borcun tutulmasını tələb etsə də, məhkəmənin baxış iclasında cavabdehin 620 manat borcu olduğunu bildirmişdir. "Su təchizatı və tullantı suları haqqında" Azərbaycan Respublikasının Qanununun 4.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər bu Qanunda və digər normativ hüquqi aktlarda nəzərdə tutulmuş qaydada və şərtlərlə su ehtiyatlarından istifadə etmək və bu məqsədlə su kəmərləri və kanalizasiya qurğularını tikmək və istismar etmək, tullantı sularını və tullantıları atmaq hüquqlarına malikdirlər. Həmin Qanunun 5.2-ci maddəsinə əsasən, su təchizatı və kanalizasiya müəssisələri öz hüquqlarını, səlahiyyətlərini və vəzifələrini qanunvericiliyə və bu maddənin 1-ci bəndinin "a" yarımbəndində nəzərdə tutulan xidmətlərin göstərilməsi haqqında istehlakçılar və ya müvafiq icra hakimiyyəti orqanı (bələdiyyə) ilə bağladıqları müqavilə şərtlərinə riayət etməklə həyata keçirirlər. Həmin Qanunun 59.3-cü maddəsinə əsasən, su təchizatı və kanalizasiya müəssisələrinin xidmətlərinə görə ödəmələrin məbləği suölçən cihazların göstəricilərinə görə verilən suyun həcminin və ya obyektlərdən axıdılan tullantı sularının miqdarının uçotuna əsasən hesablanır. Bundan başqa "Sudan istifadə Qaydaları"nın 2.1.5-ci maddəsinə əsasən, istehlakçıya verilən suyun və axıdılan tullantı sularının həcmini smart-kart tipli olmayan suölçən cihazın göstəricilərinə əsasən, suölçən cihaz quraşdırılmadıqda isə bu Qaydaların 7.2-ci bəndinə uyğun olaraq müəyyənləşdirmək STKM-in vəzifələrinə aiddir. Həmin Qaydaların 7.2-ci maddəsinə görə, STKM smart-kart tipli olmayan suölçən cihaz quraşdırılmış istehlakçıya ötən ay ərzində verdiyi suyun həcmini belə cihazın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya buna görə ödənilməli olan vəsaitin həcmini əks etdirən hesab təqdim etməlidir (göndərməlidir). Su sərfi haqqında məlumatın təqdim edilməsini STKM ilə bağlanılmış müqaviləyə əsasən istehlakçının özü də həyata keçirə bilər. "Su təchizatı və tullantı suları haqqında" Qanunun 61-ci maddəsinin 1-ci bəndində göstərilir ki, su təchizatı və kanalizasiya müəssisəsi ilə fərdi istehlakçı arasında müqavilənin olub-olmamasından asılı olmayaraq, xidmətlərin haqqının ödənilməsi üzrə istehlakçıların vəzifələri onların obyektdə yaşaması, obyektin icarəçisi olması və ya onlar tərəfindən su təchizatı obyektlərindən hər hansı digər məqsədlər üçün istifadə faktına əsaslanır. Həmin Qanununun 62-ci maddəsindən göründüyü kimi, istehlakçı su təchizatı və kanalizasiya müəssisələrinə, onların göstərdikləri xidmətlərə görə borcu, hesabın ödənilməsinə təqdim olunduğu gündən bir ay müddətində ödəməlidir və istehlakçı tərəfindən bu vəzifənin yerinə yetirilməməsi su təchizatı və kanalizasiya müəssisəsi qanunvericiliklə nəzərdə tutulmuş müvafiq tədbirləri görmək hüququnu yaradır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 17 iyul tarixli 262 nömrəli qərarı ilə təsdiq edilmiş "Sudan istifadə Qaydaları"nın 4.1.3. bəndinə əsasən, verilən suyun və axıdılan tullantı sularının həcminə uyğun olaraq ona təqdim edilmiş hesab üzrə ödənişi həyata keçirilməsini istehlakçı təmin etməlidir. Beləliklə, məhkəmə hesab edir ki, Cavabdeh su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə görə ödənişləri vaxtında və lazımi qaydada yerinə yetirməmiş, bunun nəticəsində onun iddiaçıya borcu yaranmışdır. Cavabdeh Bakı şəhəri, Sabunçu rayonu, X3, ev 1 ünvan üzrə yaşamadığını bildirsə də, bunu təsdiq edən sübut məhkəməyə təqdim etməmişdir. Həmçinin iddiaçı tərəfindən təqdim edilən sənədlərdə sözügedən ünvanda qaz və işıq üzrə sərfiyyatın olduğu, yəni yaşayışın mövcud olması təsdiqlənmişdir. Ona görə də məhkəmə hesab edir ki, "xxxx" ASC həm işin faktiki hallarına, həm də sadalanan normalara əsasən həmin borcu tələb etməkdə haqlıdır. Lakin iddia ərizəsində 622,96 manat borcun tutulması tələb olunsa da, iş materiallarında olan "Abonent kartı"ndan görünür ki, cavabdeh ödəniş etmiş və hal-hazırda 620,46 manat məbləğində borcu qalmışdır. Ona görə, iddia qismən təmin edilməli və Cavabdeh 620,46 manat məbləğində borc iddiaçının xeyrinə tutulmalıdır. "xxxx" ASC həmçinin məhkəməyə müraciət etmək üçün ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən tutulmasını tələb etmişdir. Bu hissədə iddia rədd olunmalıdır. Beləki, "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikası Qanununun 9.1.20-ci maddəsinə əsasən, şəhid ailələri, müharibə veteranları, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, qaçqınlar və məcburi köçkünlər, habele Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər məhkəməyə verilən iddialar üzrə dövlət rüsumunu ödəməkdən azad olunurlar. Cavabdehin şəhid ailəsini üzvü olması faktı təqdim edilmiş sənədlərlə təsdiq olunduğundan və o, bu səbədən qanunvericiliklə məhkəmə xərclərindən azad edildiyindən məhkəmə hesab edir ki, iddia bu hissədə rədd olunmalı, ödənilmiş 30 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə görə yaranmış 620 (altı yüz iyirmi) manat 46 (qırx alrı) qəpik borc tutularaq ″Azərsu″ ASC-nin hesabına ödənilsin. Məhkəməyə müraciət etmək üçün ödənilmiş 30 manat dövlət rüsumu iddiaçıya aid edilsin. İddia qalan hissədə təmin edilməsin Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunan gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Adilə Paşayeva
Məhkəmə qərarları › İş №e-2(008)-2997/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-2997/2024
20.05.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver