Məhkəmə qərarları › İş №e-2(008)-3162/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-3162/2025

01.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-3162/2025 01.05.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Həqiqət Sahib qızının sədrliyi, Rüstəmova Sürəyya Nazim qızının katibliyi ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “pul” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən 4 ədəd S676 model mətbəx stulu, M364 model mətbəx masası üçün 330 manat əsas hissə, 33 manat cərimə, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən “X2 4” markalı qol saatı, “X1 3” markalı qulaqlıq üçün 803,70 manat əsas hissə, 80,37 manat cərimə, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən imei kodu **********72544 olan “İphone 15 Pro” markalı telefon üçün 3466,80 manat əsas hissə, 346,68 manat cərimə, innovativ layihələr mərkəzinə ödənilmiş 23,60 manat rüsum olmaqla, ümumilikdə 5084,15 manat məbləğində borcun və 70,85 manat dövlət rüsumunun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə iddiaçı "xxxx" MMC arasında bağlanmış xx.xx.2023-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il tarixli müqavilələrə əsasən, cavabdeh 4 ədəd S676 model mətbəx stulu, M364 model mətbəx masası, “X2 4” markalı qol saatı, “X1 3” markalı qulaqlıq, imei kodu **********72544 olan “İphone 15 Pro” markalı telefon almış və nəticədə 5084,15 manat borcu yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 792 manat (24 ay x 33 manat + 0 manat ilkin ödəniş) olan 4 ədəd S676 model mətbəx stulu, M364 model mətbəx masası üçün ümumilikdə, 363 manat olmaqla ondan, 330 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 33 manat dəbbə pulu, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 1316,16 manat (18 ay x 73.12 manat + 0 manat ilkin ödəniş) olan “X2 4” markalı qol saatı, “X1 3” qulaqlıq üçün, ümumilikdə, 884,07 manat olmaqla ondan, 803,70 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 80,37 manat dəbbə pulu, xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 3860,20 manat (18 ay x 208.9 manat + 100 manat ilkin ödəniş) olan imei kodu **********72544 olan “İphone 15 Pro” markalı telefon üçün ümumilikdə, 3837,08 manat olmaqla ondan, 3466,80 manat ödənilməmiş hissə, innovativ layihələr mərkəzinə ödənilən 23,60 manat rüsum, müştəriyə güzəşt olunaraq 346,68 manat dəbbə miqdarında borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 1367,86 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə bağlanılmış xx.xx.2023-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il tarixli müqavilənin ayrılmaz tərkib hissəsi olan əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə olan telefon danışığı, həmçinin göndərilən xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirilsə də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. İddiaçı "xxxx" Məhdud Məsuliyyətinin nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək, işə onun iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehə məhkəmə baxışı iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Odur ki, məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə, iddia ərizəsini və iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2023-cü il, xx.xx.2024-cü il və xx.xx.2024-cü tarixli nisyə alqı-satqı müqavilələri və onlara əlavələrdən görünür ki, Cavabdeh "xxxx" MMC-dən alqı-satqı qiyməti 792 manat, 4 ədəd S676 model mətbəx stulu, M364 model mətbəx masasını ayda 33 manat ödəmək şərti ilə 24 ay müddətinə, alqı-satqı qiyməti 1316,16 manat olan “X2 4” markalı qol saatını, “X1 3” markalı qulaqlığı ayda 73,12 manat ödəmək şərti ilə 18 ay müddətinə, alqı-satqı qiyməti 3860,20 manat olan “X2 4” markalı qol saatını, “X1 3” qulaqlığı ayda 208,90 manat ödəmək şərti ilə 18 ay müddətinə almışdır. İş materiallarında olan xx.xx.2025-ci il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, cavabdehin həmin tarixədək iddiaçıya yuxarıda göstərilən müqavilələr üzrə cəmi 5084,15 manat məbləğində borcu vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 433.1-ci maddəsinə əsasən, borclu öz öhdəliyini kreditora və ya qanunla və ya məhkəmənin qərarı ilə icranı qəbul etməyə ixtiyarı çatan şəxsə ödəməlidir. 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 600.1-ci maddəsində göstərilir ki, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini tələb edə bilər. Qətnaməni iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəməyə təqdim olunmuş sübutlarla əsaslandırıraq məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh iddaçı "xxxx" MMC-nin xeyrinə xx.xx.2023-cü il tarixli müqavilə üzrə 330 manat ödənilməmiş hissə, 33 manat cərimə, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 803,70 manat ödənilməmiş hissə, 80,37 manat cərimə, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 3466,80 manat ödənilməmiş hissə, 346,68 manat cərimə borcu, innovativ layihələr mərkəzinə ödənilən 23,60 manat rüsum olmaqla, ümumilikdə 5084,15 manat məbləğində borc və 70,85 manat dövlət rüsumu tutulmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh iddiaçı "xxxx" MMC-nin xeyrinə xx.xx.2023-cü il tarixli müqavilə üzrə 330 manat ödənilməmiş hissə, 33 manat cərimə borcu, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 803,70 manat ödənilməmiş hissə, 80,37 manat cərimə borcu, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 3466,80 manat ödənilməmiş hissə, 346,68 manat cərimə borcu, innovativ layihələr mərkəzinə ödənilən 23,60 manat rüsum olmaqla, ümumilikdə 5084,15 (beş min səksən dörd manat, on beş qəpik) manat məbləğində borc və 70,85 (yetmiş manat, səksən beş qəpik) manat dövlət rüsumu tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetə yerləşdirməklə 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Həqiqət Mahmudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar