Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-3185/2024 09.07.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ hakim Qasımov Vidadi Kamal oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1, iddiaçının nümayəndəsi Vəkil1, cavabdehin nümayəndəsi Vəkil2 iştirakı ilə İddiaçı Cavabdeh qarşı "iddiaçının mülkiyyətində olan Bakı şəhəri Sabunçu rayonu Bilgəh qəsəbəsi 12-ci dalanda yerləşən 268 nömrəli bağ evinin qonşu sərhədində cavabdeh tərəfindən inşa edilən 4,30 metr hündürlüyündə köməkçi tikilinin və cavabdeh tərəfindən öz divarına yerləşdirilmiş iri ölçüdə elektrik qutusunun öz hesabına sökülərək əvvəlki vəziyyətə gətirilməsi, iddiaçının həyətinə baxan pəncərələrin bağlanması, qonşu sərhədindən keçən elektrik kabelinin və qaz boru xəttinin yığışdırılaraq cavabdehin giriş qapısının (darvazasının) yaxın ara məsafəsindən öz həyətinə daxil olması, qonşu divarının (hasarın) tikinti qaydalarına uyğun olaraq yenidən inşa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" barədə iddiasına dair mülki işə məhkəmənin binasında açıq məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı Cavabdeh qarşı "mülkiyyətində olan Bakı şəhəri Sabunçu rayonu Bilgəh qəsəbəsi 12-ci dalanda yerləşən 268 nömrəli bağ evinin qonşu sərhədində cavabdeh tərəfindən inşa edilən tikililərin və qurğuların öz hesabına sökülərək əvvəlki vəziyyətə gətirilməsi, pəncərələrin bağlanması, cavabdeh tərəfindən yaradılmış süni maneələrin aradan qaldırılması və qonşu divarının (hasarının) tikinti qaydalarına uyğun olaraq yenidən inşa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" barədə iddia ərizəsi ilə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət etmişdir. Bundan sonra iddiaçının nümayəndəsi Vəkil1 məhkəməyə iddianın dəyişdirilməsi barədə ərizə verərək, iddiaçının mülkiyyətində olan Bakı şəhəri Sabunçu rayonu Bilgəh qəsəbəsi 12-ci dalanda yerləşən 268 nömrəli bağ evinin qonşu sərhədində cavabdeh tərəfindən inşa edilən tikililərin və qurğuların öz hesabına sökülərək əvvəlki vəziyyətə gətirilməsi, iddiaçının həyətinə baxan pəncərələrin bağlanması, qonşu sərhədindən keçən elektrik kabelinin və qaz boru xəttinin yığışdırılaraq cavabdehin giriş qapısının (darvazasının) yaxın ara məsafəsindən öz həyətinə daxil olması, qonşu divarının (hasarın) tikinti qaydalarına uyğun olaraq yenidən inşa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması və xx.xx.2024-cü ildə mübahisəli tikiliyə verilmiş texniki pasportun və xx.xx.2024-cü ildə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən cavabdehin adına verilmiş çıxarışın etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddianın dəyişdirilməsi barədə ərizə məhkəmənin icraatına qəbul edilmişdir. Daha sonra iddiaçının nümayəndəsi Vəkil1 məhkəməyə ərizə verərək, tikililər dedikdə, qonşu divarının cavabdeh hissəsində 4,30 metr hündürlüyündə inşa edilmiş köməkçi tikili sahənin başa düşülməsini, qurğular dedikdə isə, iddiaçının həyət qapısının (darvazasının) qarşısında cavabdeh tərəfindən öz divarına yerləşdirilmiş olan iri ölçüdə elektrik qutusunun başa düşülməsini xahiş etmişdir. Həmin ərizə məhkəmənin icraatına qəbul edilmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli ayrıca qərardadına əsasən, İddiaçı Cavabdeh qarşı "xx.xx.2024-cü ildə mübahisəli tikiliyə verilmiş texniki pasportun və xx.xx.2024-cü ildə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən cavabdehin adına verilmiş çıxarışın etibarsız hesab edilməsi" tələbinə dair hissədə iş üzrə icraata xitam verilmişdir. Qərardad bununla əsaslandırılmışdır ki, iddianın həmin hissəsinə mülki məhkəmə icraatı qaydasında baxılmalı deyil. Beləliklə, hazırkı qətnamə iddianın "iddiaçının mülkiyyətində olan Bakı şəhəri Sabunçu rayonu Bilgəh qəsəbəsi 12-ci dalanda yerləşən 268 nömrəli bağ evinin qonşu sərhədində cavabdeh tərəfindən inşa edilən 4,30 metr hündürlüyündə köməkçi tikilinin və cavabdeh tərəfindən öz divarına yerləşdirilmiş iri ölçüdə elektrik qutusunun öz hesabına sökülərək əvvəlki vəziyyətə gətirilməsi, iddiaçının həyətinə baxan pəncərələrin bağlanması, qonşu sərhədindən keçən elektrik kabelinin və qaz boru xəttinin yığışdırılaraq cavabdehin giriş qapısının (darvazasının) yaxın ara məsafəsindən öz həyətinə daxil olması, qonşu divarının (hasarın) tikinti qaydalarına uyğun olaraq yenidən inşa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" hissəsi ilə bağlı çıxarılmışdır. İddiaçı öz tələbini belə əsaslandırmışdır ki, o, Bakı şəhəri Sabunçu rayonu Bilgəh qəsəbəsi 2-ci dalanda yerləşən 268 nömrəli bağ evinin mülkiyyətçisidir və həmin bağ evini 2023-cü ilin aprel ayında almışdır. Qonşusu Cavabdeh ona aid olan hasarı 2023-cü ilin iyul-avqust ayında sökmüşdür. Hasar bir neçə ay sökülü qaldıqdan sonra 2023-cü ilin oktyabr-dekabr aylarında cavabdeh əvvəlki hasardan 57 sm aralıda öz tərəfində bina inşa etməyə başlamışdır. Tikilən bina torpaq sahəsi ilə düzgün ara məsafəsi buraxılmadan 5-6 metr hündürlükdə inşa edilmişdir. Həmin tikilini qazanxana kimi istifadə etmək üçün ana qaz kəmərindən yeni yüksək təzyiqli xüsusi qaz xətti çəkdirmişdir. Binada həmçinin elektrik generatorunun yerləşdirilməsi nəzərdə tutulur. Cavabdeh tikinti işləri aparmaqla onun mülkiyyət hüquqlarını pozmuşdur. Məhkəmə baxışı zamanı iddiaçının nümayəndəsi Vəkil1 iddianı müdafiə edərək bildirmişdir ki, cavabdeh iddiaçıya aralarında olan hasarın sökülüb yenidən tikilməsini təklif etmiş, iddiaçı da buna razı olmuşdur. Lakin hasar 5 daş hörüldükdən sonra cavabdeh tikintini dayandırmışdır. O, həmçinin hasara 30 sm yaxınlığında tikili inşa etdirmişdir, həmin tikilinin 4 pəncərəsi iddiaçının həyətinə baxır. Təqdim etdiyi rəydə tikilinin düzgün inşa edilmədiyi müəyyən edilmişdir. Həmin rəy mülki işdə olan sənədlər əsasında baxış keçirilmədən tərtib edilmişdir. Bundan başqa, cavabdeh elektrik generatorunu iddiaçının həyətə daxil olan qapısının yaxınlığında yerləşdirmiş, bununla da iddiaçıya təhlükə yaratmışdır. Cavabdeh tərəfindən inşa edilmiş yardımçı tikili və qurğular iddiaçıya öz həyət sahəsinə giriş-çıxış qapısını açmağa imkan vermir. Məhkəmə baxışı zamanı cavabdehin nümayəndəsi Vəkil2 iddianı etiraf etməmiş və izahatında bildirmişdir ki, daşınmaz əmlak dövlət reyestrində qeydiyyata alınmazdan əvvəl müayinə edilir, normalara uyğun tikildikdə çıxarış verilir. Cavabdehin bağ evinin çıxarışı mövcuddur, bu da evin bütün tələblərə riayət etməklə inşa edildiyini göstərir. Bundan başqa, elektrik şitindən həm iddiaçının, həm də digər qonşuların evlərinə elektrik enerjisi gedir, ümumiyyətlə, elektrik şitini "xxxx" ASC yerləşdirir. Cavabdeh həmin şitin yerləşdirilməsinə çəkilən xərci ödəsə də, şitin yerini "xxxx" ASC müəyyən edir. Ara məsafə ilə bağlı bildirir ki, iddiaçı evi ilə hasar arasında olan məsafənin olmamasını qeyd edir, lakin həmin müəyyən edilmiş məsafələr evlə hasar arasında deyil, iki tikili arasında olmalıdır. İddiaçı və cavabdehə məxsus bağ evləri arasında həmin ara məsafəsi saxlanılmışdır. İddiaçının nümayəndəsi Vəkil1 vəsatəti əsasında məhkəmənin xx.xx.2024cü il tarixli qərardadı ilə "xxxx" ASC və "Azəriqaz" İB mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişlər. Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər "xxxx" ASC və "Azəriqaz" İB məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, nümayəndələrinin iştirakını təmin etməmiş və məhkəməyə bunun səbəbləri barədə məlumat verməmişlər. Ona görə də məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Aşağıdakı hallara görə məhkəmə iddianı əsassız hesab edir. Müəyyən edildi ki, Bakı şəhəri Sabunçu rayonu Bilgəh qəsəbəsi 268 nömrəli bağ evi İddiaçı, Bakı şəhəri Sabunçu rayonu Bilgəh qəsəbəsi 220 (Yeni qaydalarla: Az1094, Bakı şəhəri Sabunçu rayonu Bilgəh qəsəbəsi Rauf Kazımovski küçəsi giriş 127) nömrəli bağ evi isə Cavabdeh məxsusdur. Göstərilən bağ evlərinə iddiaçının mülkiyyət hüququ xx.xx.2023-cü ildə, cavabdehin mülkiyyət hüququ isə xx.xx.2024-cü ildə dövlət qeydiyyatına alınmışdır. İddiaçıya məxsus evin həyətyanı sahəsinin hasarı və darvazası küçənin axırındadır. Göstərilən həyətin yanında isə cavabdehə məxsus həyətyanı sahə yerləşir. İddiaçının hasarına 1 metrdən az məsafədə cavabdeh tərəfindən köməkçi tikili inşa edilmiş, tikilinin iddiaçının evinə baxan divarında 3 ədəd pəncərə, küçəyə baxan divarında isə elektrik qutusu quraşdırılmışdır. İddiaçı cavabdehin həyətində inşa edilən köməkçi tikilinin, elektrik qutusunun sökülməsini, həmin tikilidə olan pəncərələrin bağlanmasını, elektrik kabelinin və qaz boru xəttinin yığışdırılmasını və qonşu divarının (hasarın) inşa edilməsini tələb edir. İşdə olan, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən verilmiş "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış"dan görünür ki, Bakı şəhəri Sabunçu rayonu Bilgəh qəsəbəsi 268 nömrəli bağ evi tam xüsusi mülkiyyət əsasında İddiaçı məxsusdur. İşdə olan, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən verilmiş "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış"dan görünür ki, Bakı şəhəri Sabunçu rayonu Bilgəh qəsəbəsi 220 (Yeni qaydalarla: Az1094, Bakı şəhəri Sabunçu rayonu Bilgəh qəsəbəsi Rauf Kazımovski küçəsi giriş 127) nömrəli bağ evi tam xüsusi mülkiyyət əsasında Cavabdeh məxsusdur. İşdə olan, iddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli 116 nömrəli rəyində aşağıdakılar müəyyən edilmişdir: 1) **********97-11301 reyestr nömrəli xx.xx.2023-cü il tarixli çıxarışa əsasən İddiaçı mülkiyyətində olan 0,21 ha torpaq sahəsinin naturada yeri müəyyən edilərək ortofoto görüntüsündə qeyd olunur; 2) **********17-11302 reyestr nömrəli xx.xx.2024-cü il tarixli çıxarışa əsasən Cavabdeh mülkiyyətində olan 0,24 ha torpaq sahəsinin naturada yeri müəyyən edilərək ortofoto görüntüsündə qeyd olunur; 3) Bilgəh bağ massivinin bağ sahələrinin bölgü sxeminə əsasən İddiaçı və Cavabdeh mülkiyyətlərində olan torpaq sahələri arasında yol var, Cavabdeh tərəfindən inşa edilmiş köməkçi tikili həmin yolun üzərində inşa edilmişdir; 4) Cavabdeh tərəfindən inşa edilmiş yardımçı tikili Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 69-cu maddəsinin və Nazirlər Kabinetinin 11 mart 2014-cü il tarixli 72 saylı qərarı ilə təsdiq olunmuş "Ara məsafəsi ilə bağlı müfəssəl Qaydaları"nın tələblərinə uyğun inşa edilməmişdir; 5) Cavabdeh tərəfindən inşa edilmiş köməkçi tikili, tikilidə qazanxana və ya elektrik generatoru quraşdırılacağı təqdirdə həmin tikilinin girişləri olan tərəfinə və pəncərə boşluqları olan divarlarına bilavasitə bitişik qazanxanaların layihələndirilməsinə, qazanxananın xarici divarından yaşayış otağının ən yaxın pəncərəsinə qədər üfüqi məsafə 4 m-dən, qazanxananın dam örtüyündən yaşayış otağının ən yaxın pəncərəsinə qədər şaquli məsafə isə 8 m-dən az olduqda yol verilmir. Məhkəmə baxışı zamanı müəyyən olunmuşdur ki, iddiaçının yenidən inşa olunmasını tələb etdiyi qonşu divarı (hasar) cavabdeh tərəfindən artıq tam bərpa olunmuşdur. İddiaçının digər tələbləri ilə bağlı isə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən, reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. İşdə olan, Cavabdeh adına xx.xx.2024-cü ildə verilmiş Texniki pasportdan görünür ki, iddiada bəhs olunan köməkçi tikiliyə cavabdehin mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Sökülməsi tələb edilən elektrik qutusu və pəncərələr də məhz həmin tikilinin divarlarına quraşdırılmışdır. Cavabdehin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılmasının və texniki pasportun verilməsinin hazırkı iddianın qaldırılmasından sonrakı müddətə təsadüf etdiyini nəzərə alsaq, qeydiyyat orqanı tərəfindən keçirilən daşınmaz əmlakın texniki inventarlaşdırılması zamanı həm pəncərələrin, həm də elektrik qutusunun nəzərə alındığı məlum olur. Ona görə də məhkəmə bu qənaətə gəlir ki, cavabdehin adına qeydiyyatın aparıldığı daşınmaz əmlakın dövlət reyestrinin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilmədiyi halda, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir, bu səbəbdən köməkçi tikilinin, həmin tikiliyə quraşdırılmış pəncərələrin və elektrik qutusunun sökülməsi barədə iddiaçının tələbi təmin oluna bilməz. İddiaçı sadalanan əmlakların sökülməsinə nail olmaq üçün ilk növbədə reyestrin məzmununun qeyri-dəqiqliyini sübuta yetirməli, bunun üçün isə reyestrəki qeydiyyatın ləğvini tələb etməlidir. Elektrik kabelinin və qaz boru xəttinin yığışdırılaraq cavabdehin giriş qapısının (darvazasının) yaxın ara məsafəsindən öz həyətinə daxil olması barədə iddia tələbi ilə bağlı isə məhkəmə qeyd edir ki, məhkəmə tərəfindən yerində müayinə keçirilən zaman iddiaçının bildirdiyinə görə, həmin xəttlər iddiaçının torpaq sahəsi ilə deyil, küçədə yerin altı ilə aparılmışdır. İddiaçı həmin xəttlərin onun hansı hüquqlarını pozmasını izah edə bilməmişdir. Eyni zamanda, iddiaçı həmin xəttlərin məhz cavabdeh tərəfindən çəkildiyini də sübuta yetirə bilməmişdir. Halbuki Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə sadalanan hallara görə iddianın təmin edilməli olmaması qənaətinə gəldi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Müəyyən edildi ki, iş üzrə məhkəmə xərcləri iddiaçı tərəfindən xx.xx.2024cü il tarixli ********* nömrəli mədaxil qəbzi ilə ödənilmiş 100 manat dövlət rüsumundan ibarətdir. Hazırkı iddia təmin edilmədiyi üçün məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Nəticə hissəsi: Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı "iddiaçının mülkiyyətində olan Bakı şəhəri Sabunçu rayonu Bilgəh qəsəbəsi 12-ci dalanda yerləşən 268 nömrəli bağ evinin qonşu sərhədində cavabdeh tərəfindən inşa edilən 4,30 metr hündürlüyündə köməkçi tikilinin və cavabdeh tərəfindən öz divarına yerləşdirilmiş iri ölçüdə elektrik qutusunun öz hesabına sökülərək əvvəlki vəziyyətə gətirilməsi, iddiaçının həyətinə baxan pəncərələrin bağlanması, qonşu sərhədindən keçən elektrik kabelinin və qaz boru xəttinin yığışdırılaraq cavabdehin giriş qapısının (darvazasının) yaxın ara məsafəsindən öz həyətinə daxil olması, qonşu divarının (hasarın) tikinti qaydalarına uyğun olaraq yenidən inşa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" barədə iddiası təmin edilməsin. Məhkəmə xərcləri İddiaçı aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində qətnamədən Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Apellyasiya şikayətinin məhkəməyə göndərilməsi "Elektron məhkəmə" informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilməlidir. X3.
Məhkəmə qərarları › İş №e-2(008)-3185/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-3185/2024
09.07.2024 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver