Məhkəmə qərarları › İş №e-2(008)-3236/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-3236/2024

17.09.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vəsiyyət üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-3236/2024 17.09.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mirzəliyev Ruslan Əsəd oğlunun sədrliyi, X11 qızının katibliyi, İddiaçının nümayəndəsi “Leqal” Vəkil Bürosunun vəkili Vəkil Səlimxan oğlunun, Cavabdeh3 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh6 və Bakı şəhəri 4 saylı Dövlət Notariat kontoruna qarşı “vəsiyyət üzrə vərəsəlik hüququnun tanınması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh6 və Bakı şəhəri 4 saylı Dövlət Notariat kontoruna qarşı “vəsiyyət üzrə vərəsəlik hüququnun tanınması” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət edərək, ünvan 1 ünvanında yerləşən və ona vəsiyyət olunmuş bir otaq və mətbəx üzərində tam mülkiyyət hüququnun qeydə alınması üçün qanun üzrə vərəsəlik şəhadətnaməsinin verilməsinin cavabdeh Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bakı Şəhəri 4 saylı Notariat Ofisinə həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, atası 2009-cu ildə vəfat etmişdir. Vəfat etməmişdən öncə ünvan 1 ünvanında yaşamışdır. xx.xx.2009-cu il tarixli vəsiyyətnamə ilə həmin ünvandaki həyatyanı torpaq sahəsində olan tikintini (iki otaq, mətbəx, ayaqyolu, hamam) və ona bitişik qarajı - Cavabdeh2, iki mərtəbəli evin birinci mərtəbəsində olan iki otağı, hamamı, iki mətbəxi, ayaqyolunu - Cavabdeh6, birinci mərtəbəsində olan bir otaq və mətbəxi - X6, birinci mərtəbəsində olan bir otağı və mətbəxi - Cavabdeh7, birinci mərtəbəsində olan bir otağı və mətbəxi - Cavabdeh1, həmin evin ikinci mərtəbəsində olan iki otağı və dəhlizin bir hissəsini - Cavabdeh4, və iki otağı və dəhlizin bir hissəsini, mətbəxi - Cavabdeh3, həyatyanı torpaq sahəsində olan tikintinin bir otağı və mətbəxi X7 və bir otağı və mətbəxi – X1 vəsiyyət etmişdir. İddiaçı vərəsəlik işinin açılması və vəsiyyətnamə üzrə vərəsəlik şəhadətnaməsi verilməsi üçün 13 dekabr 2023-cü il tarixində Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bakı Şəhəri 4 saylı Notariat Ofisinə müraciət edilmişdir. Lakin cavab olaraq, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1291-ci maddəsinə (Əmlakın bölüşdürülməsi zamanı mübahisələrə baxılması) əsasən, miras şərikləri arasında mirasın bölüşdürülməsi haqqında ixtilaflar olduqda, mübahisəyə məhkəmə baxır. Əmlakın bölüşdürülməsi zamanı məhkəmə bölüşdürülməli əmlakın xarakterini, miras şəriklərindən hər birinin fəaliyyətini və digar konkret halları nəzərə almalı olduğunu bildirmişdir. Daha sonra isə, vərəsələr arasında miras əmlaka dair mübahisə olduğunu qeyd edilərək, müraciəti üzrə vərəsəlik işinin açılmasının və aparılmasının imkan xaricində olduğu və aidiyyəti üzrə müvafiq məhkəməyə müraciət edilməsinin zəruri olduğunu qeyd etmişdir. Odur ki, vərəsəliyin qəbulu ilə bağlı ərizəsi üzrə vərəsəlik şəhadətnaməsini əldə edə bilməmişdir. Ona görə də, miras əmlakla bağlı vərəsəlik şəhadətnaməsinin verilməsinə dair məhkəmədə iddia qaldırmaq məcburiyyətində qalmışdır. İş materiallarından görünür ki, iddiaçının atasının vəsiyyətinə əsasən ünvan 1 ünvanında yerləşən evin bir otaq və mətbəxi ona vəsiyyət edilmişdir. xx.xx.2009-cu il tarixində atası tərəfindən vəsiyyətnamə verilmiş və həmin vəsiyyətnamə bugünədək etibarsız sayılmamışdır. Atası vəfat etdikdən sonra ondan qalan evə sahiblik edir və bununla bağlı hər hansı mübahisə mövcud deyil, lakin ona da məlum olmayan səbəblərdən notariat orqanı vərəsələr arasında miras əmlaka dair mübahisə olduğunu qeyd edərək, müraciəti üzrə vərəsəlik işinin açılmasının və aparılmasının imkan xaricində olduğunu və aidiyyəti üzrə müvafiq məhkəməyə müraciət edilməsinin zəruri olduğunu qeyd etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh3 verdiyi izahatında bildirmişdir ki, atası sağlığında evi satıb hər birinə payını vermək istəyirdi. Ev satılandan sonra iddiaçının da payı veriləcəkdir. İddiaçıya naturada pay verilməsinə razı deyil. Digər cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməmənin üzrlü səbəbləri barədə heç bir məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələblərinə əsasən işə digər cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, işdə olan sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia ərizəsi təmin edilməlidir. İş materiallarında olan xx.xx.2009-cu il tarixli Bakı şəhəri 16 saylı Dövlət Notariat Kontorunda təsdiq edilmiş vəsiyyətnamədən görünür ki, X5 ona məxsus olan ünvan 1 ünvanda yerləşən evin həyətyanı torpaq sahəsində olan tikilini (iki otaq, mətbəx, ayaqyolu, hamam) və ona bitişik qarajı - Cavabdeh2, iki mərtəbəli evin birinci mərtəbəsində olan iki otağı, hamamı, iki mətbəxi, ayaqyolunu - Cavabdeh6, birinci mərtəbəsində olan bir otaq və mətbəxi - X6, birinci mərtəbəsində olan bir otağı və mətbəxi - Cavabdeh7, birinci mərtəbəsində olan bir otağı və mətbəxi - Cavabdeh1, həmin evin ikinci mərtəbəsində olan iki otağı və dəhlizin bir hissəsini - Cavabdeh4, və iki otağı və dəhlizin bir hissəsini, mətbəxi - Cavabdeh3, həyətyanı torpaq sahəsində olan tikintinin bir otağı və mətbəxi X7 və bir otağı və mətbəxi – X1 vəsiyyət etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN PQMX-nin MAPS üzrə məlumat şöbəsinin arayışından görünür ki, Cavabdeh7, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh6 ünvan 1 ünvanda qeydiyyatdadırlar. İş materiallarında olan 367924 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.2009-cu ildə Bakı şəhərində ölmüşdür. Ölüm haqqında xx.xx.2009-cu ildə 913 nömrəli akt qeydi tərtib olunmuşdur. İş materiallarında olan Bakı şəhəri Sabunçu rayon İcra Hakimiyyəti Başçısının Bakıxanov qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 518-1/2-375 nömrəli xx.xx.2024-cü il tarixli arayışına əsasən İddiaçı 1987-ci il tarixdən Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Qasımov küçəsi 12 nömrəli evdə qeydiyyatdadır. Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra – Konstitusiya) 13 və 29cu maddələrinə müvafiq olaraq, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiya hər kəsin mülkiyyət hüququnu, mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və sərəncam vermək hüquqlarını nəzərdə tutur, habelə mülkiyyətin, o cümlədən xüsusi mülkiyyətin qanunla müdafiəsinə təminat verir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 1133.1-ci maddəsinə əsasən, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. - 1133.2-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. - 1134.1-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. - 1151.2-ci maddəsinə əsasən, mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. - 1159.1-ci maddəsinə görə qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). Azərbaycan Respublikasının mülki qanunvericiliyinə görə vərəsəlik anlayışı altında, ölmüş şəxsin əmlakının qanun üzrə və ya vəsiyyət üzrə, yaxud hər iki əsasla başqa şəxslərə (vərəsələrə) keçməsi başa düşülür. Vərəsəlik münasibətləri miras qoyanla vərəsələr arasında qanunda nəzərdə tutulmuş əsaslar üzrə, yaxud miras qoyanın iradəsinə əsaslanan vəsiyyət üzrə yaranır (Mülki Məcəllənin 1133-cü maddəsi). Mirasın qəbulu elə bir hərəkətdir ki, bu hərəkətin vasitəsilə vərəsə özünün miras əmlakı əldə etmək və almaq niyyətini ifadə edir, miras qoyanın varisi olmasına öz razılığını bildirir. Məhz həmin hərəkət əsasında vərəsə miras qoyanın hüquq və vəzifələrinin daşıyıcısıdır. Mirası qəbul etmək vərəsənin vəzifəsi yox, yalnız onun hüququdur. Başqa sözlə vərəsə bu hüquqdan istifadə edib-etməmək seçiminə malikdir. Mirası qəbul etmək hüququ subyektiv mülki hüquqdur. “G.Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 18 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 iyul 2014-cü il tarixli Qərarında qeyd olunur ki, miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. Qanunvericilik mirasın qəbulunun iki üsulunu (formal və qeyri-formal) müəyyən etmişdir. Mirasın qəbul edilməsinin formal üsulu dedikdə, vərəsənin mirasın açıldığı yerin notariat kontoruna mirasın qəbulu haqqında yazılı ərizə verməsi başa düşülür. Belə bir ərizənin verilməsi vərəsənin birbaşa iradə ifadəsi ilə bağlı olub, onun miras əmlakın mülkiyyətçisi olmaq niyyətini mübahisəsiz olaraq sübut edir. Mirasın qəbul edilməsinin qeyri-formal üsulu o zaman qüvvədə olur ki, vərəsə özünün konkret hərəkətləri və rəftarı ilə mirası qəbul etmək niyyətini açıq-aşkar təsdiqləyir və sübut edir. Yəni, vərəsənin hərəkətlərindən onun mirası qəbul etmək məqsədi güddüyünü müəyyən etmək olur. Mirasa faktiki sahiblik odur ki, vərəsə ölən şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur, onun üzərində fiziki “ağalıq”edir. Mirasa faktiki sahiblik müxtəlif üsullarla həyata keçirilir: vərəsənin miras qoyanın yaşadığı evə köçməsi; vərəsənin miras açılandan əvvəl və sonra orada yaşaması və yaşamağa davam etməsi; əvvəllər miras qoyana məxsus olan əmlakdan vərəsənin faktiki istifadə etməsi. İş materialları ilə müəyyən olunur ki, X4 1987-ci il tarixdən Qasımov küçəsi 12 nömrəli evdə qeydiyyatda olmaqla, 2009-cu il tarixdən sonra əmlakı faktiki idarə etməklə qəbul etmişdir. Beləliklə, işin mübahisəsiz halları ondan ibarətdir ki, İddiaçı 2009-cu ildə vəfat etmiş X2 vərəsələridir. X5 xx.xx.2009-cu il tarixli Bakı şəhəri 16 saylı Dövlət Notariat Kontorunda təsdiq edilmiş vəsiyyətnamə əsasında ona məxsus olan ünvan 1 ünvanda yerləşən evin həyətyanı torpaq sahəsində olan bir otağı və mətbəxi – X1 vəsiyyət etmişdir. Eyni zamana Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli 3-21-3- 30/2-23010/2024 nömrəli cavabına əsasən Bakı şəhəri, 16 saylı DNK-nın D-08/2002 reyestr nömrəli, xx.xx.1989-cu il tarixli dəyişmə müqaviləsinə əsasən ünvan 1 ünvanda yerləşən ev X3 adına xx.xx.1989-cu il tarixdə qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli 3-21-3-30/236203/2024 nömrəli cavab məktubuna qoşma olaraq ünvan 1 ünvanda yerləşən evin Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid Pasportu əlavə edilmişdir. X5 xx.xx.2009-cu il tarixli Bakı şəhəri 16 saylı Dövlət Notariat Kontorunda təsdiq edilmiş vəsiyyətnamədə həyətyanı torpaq sahəsində olan bir otağı və mətbəxi – X1 vəsiyyət etmişdir ki, qeyd olunan sahələr iş materiallarına əlavə edilmiş 1974-cü il Texniki Pasportunda öz əksini tapmışdır. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, ünvan 1 ünvanında yerləşən və İddiaçı vəsiyyət olunmuş bir otaq və mətbəx üzərində tam mülkiyyət hüququnun qeydə alınması üçün vərəsəlik şəhadətnaməsinin verilməsi cavabdeh Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bakı şəhəri 4 saylı Bakı “Asan xidmət mərkəzi” Notariat Ofisinə həvalə edilməlidir. Məhkəmə iddianın dövlət rüsumunun tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddia tələbi həmin hissədə də əsaslı olduğundan təmin edilməlidir. Yəni iddia tələbi təmin olduğu halda hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 100 manat dövlət rüsumu cavabdehlərdən müştərək qaydada tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia təmin edilsin. ünvan 1 ünvanında yerləşən və İddiaçı vəsiyyət olunmuş bir otaq və mətbəx üzərində tam mülkiyyət hüququnun qeydə alınması üçün vərəsəlik şəhadətnaməsinin verilməsi cavabdeh Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bakı şəhəri 4 saylı Bakı “Asan xidmət mərkəzi” Notariat Ofisinə həvalə edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh6 müştərək qaydada 100 (yüz) manat dövlət rüsumunun əvəzi alınaraq İddiaçı ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Ruslan Mirzəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar