Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-3311/2023 09.08.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi ilə, Məhkəmə iclas katibi X1, Cavabdeh iştirakları ilə İddiaçı QSC-nin Cavabdeh qarşı "xxxx" MMC cavabdeh tərəfindən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə borcun ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məzhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı QSC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə sadəlşdirilmiş icraat qaydasında müraciət edərək cavabdehdən iddiaçının xeyrinə MK14602 №-li xx.xx.2022ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 1564,99 manat borcun, 0 manat cərimə borcunun, 35,7 manat ödənilmiş dövlət rüsumunun və 0,40 manat dövlət rüsumunun ödənilməsi ilə bağlı xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış MK14602 №-li xx.xx.2022-ci il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən cavabdeh 1889,99 manat dəyərində nisyə aldığı malın dəyərini müqaviləyə əlavə olan ödəniş cədvəlinə uyğun olaraq hər ay ödəmək şərti ilə 24 ay müddətinə ödəməyi öhdəsinə götürmüş, 100 manat ilkin ödəniş etmiş, qalıq 1879,99 manat borcu isə cədvələ uyğun hər ay ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı MMC ilə "xxxx" MMC arasında imzalanan faktorinq müqaviləsi və həmin faktorinq müqaviləsinə əlavə olunan Sazişə əsasən "xxxx" MMC-nin Cavabdeh qarşı olan 1789,99 manat məbləğindəki tələb hüququ İddiaçı MMC-yə keçmiş və alıcıya bu barədə bildiriş verilmişdir. İddiaçı MMC xx.xx.2020-ci il tarixdə təşkilati hüquqi formasını dəyişərək QSC-yə çevrilmişdir. Cavabdehin bu günə 1564,99 manat əsas borcu, 0 manat cərimə borcu yaranıb. Məhkəmə tərəfindən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər cavabdehə rəsmi qaydada göndərilmiş və bildirişi aldığı gündən 10 iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri (elektron qaydada verildikdə “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq) məhkəməyə təqdim etmək təklif edilmişdir. Göstərilən müddət ərzində cavabdeh tərəfindən iddiaya qarşı etiraz və ona əlavə olunmuş sənədlər məhkəməyə daxil olmuşdur. Etiraz onunla əsaslandırılmışdır ki, müqavilə üzrə sifariş etdiyi məhsuldan imtina etmiş və məhsulu geri qaytarmış, nəticədə MK14602 №-li xx.xx.2022-ci il tarixli müqavilə ləğv edilmişdir. Hazırda həmin müqavilə üzrə onun heç bir öhdəliyi və borcu yoxdur. Bunu "xxxx" MMC-nin nümayəndəsi təsdiq edə bilər. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə sadələşdirilmiş icraatdan iddia icraatına keçirilmişdir. Cavabdehin vəsatəti əsasında "xxxx" MMC cavabdeh tərəfindən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmiş, lakin məhkəmə iclaslarında nümayəndəsinin iştirakını təmin etməmişdir. İddiaçının nümayəndəsi məhkəməyə elektron ərizə göndərərək işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə iddiaçının və üçüncü şəxsin iştirakı olmadan iştirakı olmadan işə baxılmasını mümkünü hesab etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh etirazın məzmununa uyğun izahat verərək iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə, cavabdehin izahatını dinləyərək, iş materiallarını araşdıraraq, hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iddia ərizəsinə aşağı sənədlər əlavə edilmişdir. "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış MK14602 №-li xx.xx.2022-ci №li nisyə alqı-satqı müqaviləsindən görünür ki, "xxxx" MMC cavabdehə 1889,99 manat dəyərində mal satmış və ödəniş cədvəli tərtib edilmişdir. Satılmış məhsulların təhvil-təslim olunması haqqında Aktdan görünür ki, Cavabdeh malı təhvil almışdır. İddiaçı MMC ilə "xxxx" MMC arasında imzalanan faktorinq müqaviləsi və həmin faktorinq müqaviləsinə əlavə olunan Sazişə əsasən "xxxx" MMC-nin Cavabdeh qarşı olan 1789,99 manat məbləğindəki tələb hüququ İddiaçı MMC-yə keçmişdir. Eyni zamanda tələb hüququnun İddiaçı MMC-yə keçməsi barədə nisyə alqı-satqı müqaviləsi üzrə alıcıya müvafiq bildiriş təqdim edilmişdir. İddiaçı MMC xx.xx.2020-ci il tarixdə təşkilati hüquqi formasını dəyişərək QSCyə çevrilmişdir. Maliyyə arayışından görünür ki, cavabdehin müqavilə üzrə əsas məbləğ üzrə borcu 1564,99 manat, cərimə borcu 0 manat təşkil edir. İş materiallarında olan iddiaçı tərəfindən cavabdehə ünvanlanmış bildirişdən görünür ki, cavabdeh borc barədə xəbərdar edilmiş, borcun ödənilməsi ondan tələb edilmiş və əks halda məhkəmədə iddia qaldırılacağı bildirilmişdir. Cavabdeh tərəfindən aşağıdakı sənədlər təqdim edilmişdir. "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Cavabdeh MK14602 №-li xx.xx.2022-ci №-li nisyə alqı-satqı müqaviləsi əsasında sifariş etdiyi məhsuldan (kondisioner BOSCH B1ZMA18505) imtina etmiş, nəticədə həmin müqavilə ləğv edilmiş, hazırda həmin müqavilə üzrə "xxxx" MMC-nin sistemində 0 borc təşkl edir, İddiaçı MMC-də həmin müqavilə üzrə borcalanın adında olan 1565 manat artıq borc qalığı "xxxx" MMC-nin öhdəliyidir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən verilmiş cavabdehin müraciətinə baxılması haqqında cavab məktubunda da "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışda qeyd olunanlar öz təsdiqini tapmışdır. İddiaçı cavabdehin etirazına və təqdim etdiyi sənədlərə heç bir msünasibət bildirməmişdir. Məhkəmə aşağıdakı hüquqi əsaslara görə iddia tələbinin əsassız olduğu qənatəinə gəlmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin 601.2-ci maddəsinə əsasən hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehlərdir. Beləliklə, iş materialları ilə təsdiq olunmuşdur ki, cavabdeh ilə iddiaçının arasında bağlanmış müqavilə ləğv edilmiş və bunun nəticəsində cavabdehin öhdəliklərinə xitam verilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddiaçı cavabdehin etirazını təkzib edən sübutlar məhkəməyə təqdim etməmişdir. Məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia rədd edildiyindən ödənilmiş 35,7 manat dövlət rüsumu və 0,40 manat dövlət rüsumunun ödənilməsi ilə bağlı xidmət haqqı iddiaçıya aid edilməlidir. Həmin Məcəllənin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia rədd edilsin. Ödənilmiş 35,7 manat dövlət rüsumu və 0,40 manat dövlət rüsumunun ödənilməsi ilə bağlı xidmət haqqı iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tahirə Əsədova
Məhkəmə qərarları › İş №e-2(008)-3311/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-3311/2023
09.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver