Məhkəmə qərarları › İş №e-2(008)-3323/2022

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-3323/2022

01.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-3323/2022 01.06.2022 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin hakimi Cəfərli Nilufər Arif qızı, İddiaçı "xxxx" MMC-nin Cavabdeh oğluna qarşı «pul tələbi» barədə iddia ərizəsi üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh oğluna qarşı «pul tələbinə» dair iddia ərizəsi ilə müraciət edərək, 08.04.2020-cu il tarixli müqaviləyə əsasən XİAOMİ REDMİ NOTE 8 markali telefon üçün 103 (bir yüz üç) manat ödənilməmiş hissə, 10 (on) manat cərimə; 09.10.2020-ci il tarixli müqaviləyə əsasən, Samsung LED Tv üçün 1110 (bir min bir yüz on) manat ödənilməmiş hissə, 111 (bir yüz on bir) manat cərimə; 29.01.2021-cu il tarixli müqaviləyə əsasən LG soyuducu üçün 2634 (iki min altı yüz otuz dörd) manat ödənilməmiş hissə, 263 (iki yüz altmış üç) manat cərimə pulu olmaqla, ümumilikdə 4231 (dörd min iki yüz otuz bir) manat məbləğində pulun və 62.31 (altmış iki manat otuz bir qəpik) manat dövlət rüsumunun Cavabdeh oğlundan alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" MMC iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdehlə "xxxx" MMC arasında 08.04.2020-cu il, 09.10.2020-ci il və 29.01.2021-cu il tarixdə bağlanmış müqavilələrə əsasən, cavabdeh XİAOMİ REDMİ NOTE 8 markali telefonu, Samsung LED Tv, LG soyuducu almış, nəticədə onun 4231 (dörd min iki yüz otuz bir) manat borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 1701.4 manat təşkil edir. Məhkəmə tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 23-1-ci fəslində təsbit edilmiş müddəaları rəhbər tutaraq, iddianın qiymətini nəzərə alıb, ərizəyə sadələşdirilmiş icraat qaydasında tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmışdır. Məhkəmə tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2234- 5-ci maddəsinin tələblərinə uyğun olaraq iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədlərin təqdim olunması barədə bildiriş cavabdehə qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə göndərilmiş, lakin cavabdeh tərəfindən iddiaçının tələbinə dair hər hansı münasibət bildirilməmişdir. İş materiallarında olan 08.04.2020-cu il, 09.10.2020-ci il və 29.01.2021-cu il tarixli müqavilələrin surətindən müəyyən olunur ki, Cavabdeh oğlu "xxxx" MMC-dən XİAOMİ REDMİ NOTE 8 markali telefonu, Samsung LED Tv, LG soyuducu almış, onların dəyərini hissə-hissə ödəməyi barədə üzərinə öhdəlik götürmüşdür. -"xxxx" MMC tərəfindən verilmiş 12.04.2022-ci il tarixli maliyyə cədvəlindən müəyyən edilir ki, 08.04.2020-cu il tarixli müqaviləyə əsasən Cavabdeh oğlu "xxxx" MMC-dən alqısatqı qiyməti 640.6 manat olan XİAOMİ REDMİ NOTE 8 markali telefonu üçün cəmi ödədiyi məbləğ 537.6 manat, ödənilməmiş əsas borcu 103 (bir yüz üç) manat, cərimə borcu 10 (on) manat; 09.10.2020-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 1903 manat olan Samsung LED Tv üçün cəmi ödədiyi məbləğ 793 manat, ödənilməmiş əsas borc 1110 (bir min bir yüz on) manat, cərimə borcu 111 (bir yüz on bir) manat; 29.01.2021cu il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 3004.8 manat olan LG soyuducu üçün cəmi ödədiyi məbləğ 370.8 manat, ödənilməmiş əsas borc 2634 (iki min altı yüz otuz dörd) manat, cərimə borcu 263 (iki yüz altmış üç) manat olmaqla, ümumi ödənilməmiş borcu 4231 (dörd min iki yüz otuz bir) manat təşkil edir; -08.04.2020-cu il tarixli ödəniş cədvəlindən görünür ki, XİAOMİ REDMİ NOTE 8 markalı telefonun aylıq ödəniş məbləği 34.2 manat; 09.10.2020-ci il tarixli ödəniş cədvəlinə əsasən Samsung LED Tvnin aylıq ödəniş məbləği 101 manat; 29.01.2021-cu il tarixli ödəniş cədvəlinə əsasən LG soyuducunun aylıq ödəniş məbləği 125.2 manat təşkil edir. -"xxxx" MMC-dən tərəfindən Cavabdeh oğluna ünvanlanmış 04.03.2022-ci il tarixli məktubdan görünür ki, cavabdeh, müqavilənin şərtlərini pozaraq, müqavilədə göstərilən vaxt və qaydaya əməl etmədiyi üçün tərəflər arasında bağlanmış müqavilənin şərtinə uyğun olaraq əlavə peniya hesablanmışdır. Hesblanmış peniya məbləğini qısa zamanda ödəmədiyi halda aidiyyatı üzrə dövlət qurumuna müraciət olunacağı barədə xəbərdar edilmişdir. Məhkəmə hesab edir ki, tərəflər arasında yaranmış mübahisəyə nisyə alqı-satqı müqaviləsinin müddəaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 601-ci maddəsinə əsasən, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin, 601.2-ci maddəsində göstərilmişdir ki, hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə həmin Məcəllənin 600.2- 600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Həmin Məcəllənin 600.2-ci maddəsinə əsasən, əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata kecirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər. Göründüyü kimi, Cavabdeh oğlu 08.04.2020-cu il, 09.10.2020-ci il, 29.01.2021-cu il tarixli müqavilələr üzrə üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etməmiş, iddiaçıya olan borcunu sazişlə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir. Bununla da sazişin şərtlərini pozmuşdur. Buna görə də cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli, bu səbəbdən onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, yaranan əsas borcu və cərimə borcunu razılaşdırıldığı kimi iddiaçıya ödəməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 107-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə araşdırması zamanı Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 234-5.4-cü maddəsi ilə nəzərdə tutulmuş işə iddia icraatı qaydasında baxılması əsasları aşkar olunmamışdır. 234-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir; 234-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir; 234-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər; 234-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır; 234-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qiüsmən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119, 2234-5 və 2234.6-cı maddələrini rəhbər tutaraq Q Ə T E T D İ: İddia tələbi təmin edilsin. Cavabdeh 08.04.2020-cu il tarixli müqaviləyə əsasən 103 (bir yüz üç) manat ödənilməmiş hissə, 10 (on) manat cərimə borcu, 09.10.2020-ci il tarixli müqaviləsinə əsasən 1110 (bir min bir yüz on) manat ödənilməmiş hissə, 111 (bir yüz on bir) manat cərimə borcu, 29.01.2021-cu il tarixli müqaviləsinə əsasən 2634 (iki min altı yüz otuz dörd) manat ödənilməmiş hissə, 263 (iki yüz altmış üç) manat cərimə borcu olmaqla, cəmi 4231 (dörd min iki yüz otuz bir) manat məbləğində pul və 62.31 (altmış iki manat otuz bir qəpik) manat dövlət rüsumu "xxxx" MMC-nin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada alındığı gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Cəfərli Nilufərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar