Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-3671/2023 20.07.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Həqiqət Sahib qızının sədrliyi, Əliyev Orxan Elşən oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən əsassız olaraq hesablanmış 1555,2 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında iddia tələbini müdafiə edərək, onunla əsaslandırdı ki, ünvan 1 ünvanında ailəsi ilə birlikdə yaşayır. Bundan başqa, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, A.Pəri küçəsində fərdi yaşayış evi var. Həmin ünvanda da təbii qazdan istifadəyə görə abonent olmaqla, kodu **********00001–dir. Sayğac isə küçədə quraşdırılmış və xüsusi mühafizə olunmur. Həmin ünvanda daimi yaşayış olmur. Orada yaşayış olmadığı dövrdə - xx.xx.2023-cü ildə Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, A.Pəri küçəsi ünvanında quraşdırılmış sayğacı onun iştirakı və məlumatı olmadan çıxarılmış, əvəzində, “Zenner G4” markalı elektron sayğac quraşdırmışdır. Bununla bağlı, “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” xx.xx.2023-cü il tarixli, ******* nömrəli akt tərtib edilmişdir. Ünvana quraşdırılan sayğac elektron sayğac olduğundan, karta pul yükləməklə təbii qazdan istifadə edilir. Bu yaxınlarda əsassız olaraq borc yazıldığı məlum olmuşdur. Bunun səbəbini araşdırmaq üçün cavabdeh təşkilata müraciət etmiş, müraciəti əsasında təqdim edilmiş sənədlər arasında “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2023-cü il tarixli ******* saylı akt olmuşdur. Akta əsasən, 12.2021-ci il tarixindən sayğacın elektron göstəricisi 6395 m3 təkrarlandığı üçün sayğacın çıxışı tərəflərindən açılmış və məlum olmuşdur ki, sayğac keçən qazın sərfiyyatını qeydə almadığı göstərilmişdir. Həmin akt əsasında 1555,20 manat borc yazılmışdır. Üstəlik, həmin aktı imzalamaqdan imtina etməsi göstərilmişdir. Halbuki, həmin vaxta qədər bəhsi keçən aktdan xəbəri olmamış və yalnız cavabdeh təşkilata müraciət etdikdən sonra bu barədə məlumat əldə etmişdir. Sözügedən akt tamamilə əsassız və saxtadır. Yuxarıda da qeyd etdiyi kimi, sayğacın çıxarıldığı zaman həmin ünvanda yaşayış olmadığından, sayğaca pul yüklənməmişdir. Sayğac mühafizə altında olmamış, küçədə quraşdırılmışdır. Belə olan halda, sayğacda göstərilən qüsurların sayğacı çıxaran zaman Cavabdeh İB-nin əməkdaşları edildiyi istisna deyil. Küçədə kənar şəxs tərəfindən də sayğaca kənar təsir ola bilərdi. Üstəlik, təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt xx.xx.2023-cü il tarixdə tərtib edildiyi halda, sayğac xx.xx.2023-cü il tarixdə çıxarılmış, bununla bağlı akt gün sonra tərtib edilmişdir. Halbuki, “Qazdan istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli Qərarının 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıyır. Təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt borc məbləğinin yaranması üçün əsaslı hesab edilə bilməz. Çünki, bu akt yalnız cavabeh tərəfin maraqlı şəxsləri tərəfindən tərtib edilmişdir. İtirilmiş təbii qazın dəyəri hesablanarkən hər hansı bir normativ hüquqi akta, hansısa qaydalara da istinad edilməmişdir. Bu cür hesablama üsulu ilə nəinki onun, ümumiyyətlə hansısa şəxsin cavabdehə hansısa miqdarda maddi ziyan vurmasını müəyyən etmək mümkünsüzdür. Buna görə də qeyd olunan məbləğdə qaz istehlak etməsi də inandırıcı və ağlabatan görünmür. Cavabdehin təqdim etdiyi aktdan görünür ki, akt qanunvericiliyin tələblərinə zidd olaraq birtərəfli qaydada, istehlakçının (və ya onun hər hansı ailə üzvünün) iştirakı təmin olunmadan tərtib olunmuş, eyni zamanda aktın bir surəti istehlakçıya təqdim olunmamış və ya göndərilməmişdir. Halbuki, Qaydaların yuxarıda qeyd edilən tələblərinə görə, şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Nümayəndə qeyd olunanları nəzərə alaraq, iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdehə məhkəmə baxışı iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, nümayəndəsinin iştirakını təmin etməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Odur ki, məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Bununla belə, cavabdehin nümayəndəsi X2 məhkəməyə elektron qaydada etiraz təqdim edərək, bildirmişdir ki, iddia ərizəsi əsassızdır. Belə ki, iddiaçının yaşadığı ünvanda olan qaz sayğacına əməkdaşlar tərəfindən baxış keçirilərkən sayğaca müdaxilə faktı, yəni istehlakçının kənar təsiri nəticəsində sayğacın istifadə olunan qaz sərfiyyatını qeydə almadığı və müddət ərzində sayğacın göstəricisinin təkrarlandığı aşkar olunmuşdur. Bu səbəbdən də sayğac əvəz edilərək "Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında" akt tərtib olunmuşdur. Beləliklə də bu barədə xx.xx.2023-cü il tarixli, ******* saylı “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında”akt tərtib olunmuş və itirilmiş qazın dəyərinin hesablanması üçün Dəymiş ziyanın hesablanmasına dair Tələbnamə tərtib edilərək faktiki istehlak olunmuş, lakin dəyəri ödənilməmiş 1555,20 manat dəyərində qaz sərfi müəyyən edilmişdir. Yuxarıda qeyd olunanları nəzərə alaraq, nümayəndə iddia tələbinin təmin olunmaması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə proses iştirakçısının izahatını dinləyib, iş materiallarını araşdıraraq, hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, İş materiallarından görünür ki, Cavabdeh və İddiaçı sonuncunun keyfiyyətli qazla təmin edilməsi barədə qarşılıqlı razılıq əldə etmişlər. Cavabdeh xx.xx.2023-cü il tarixli təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktından görünür ki, sayğac keçən təbii qazın sərfiyyatını qeydə almır. İşdə olan İddiaçı adına olan **********00001 abonent kodlu abonentin saldosundan aydın olur ki, 2023-cü ilin aprel ayı üzrə 1555,2 manat məbləğində borc hesablanmışdır, hazırda iddiaçı həmin pulun silinməsini xahiş edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən istehlakçılar öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etmək hüquqlarına malikdirlər. Həmin Qanunun 18-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının müdafiəsi üzrə dövlət siyasəti malların (xidmətlərin, işlərin) istehlakçılarının (istifadəçilərinin) qanuni maraqlarının qorunması məqsədi ilə özündə istehlak bazarında satılan malların (xidmətlərin, işlərin) texniki, təhlükəsizlik standartlarına, ticarət norma və qaydalarına uyğun olmasına dövlət nəzarətini ehtiva edir. Həmin Qanunun 26-cı maddəsinə əsasən, istehlakçıların qanunvericiliklə nəzərdə tutulan hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinin 6cı bəndinə müvafiq olaraq, qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 saylı Qərarı ilə təsdiq olunmuş “Qazdan istifadə Qaydaları”nın 4.2-ci bəndinə (bundan sonra – Qaydalar) müvafiq olaraq, qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Həmin Qaydaların 4.8-ci maddəsinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 4.9-cu bəndinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Beləliklə, qanunla və qaz istismarı qaydalarına uyğun olaraq iddiaçı istifadə etdiyi qazın sərfiyyatını hesablayan sayğacın mühafizəsini həyata keçirmək öhdəliyi daşımadığından, həmin sayğacın kənar müdaxilələrdən qorunması, həmçinin sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, yəni iş üzrə cavabdeh olan Cavabdeh daşıdığından, mübahisələndirilən akt üzrə müdaxilə olunması iddia olunan qaz sayğacının yararsız vəziyyətə düşməsinə görə, iddiaçı məsuliyyət daşıya və buna görə hər hansı zərərin əvəzinin ödənilməsi ondan tələb edilə bilməz. Belə ki, istehlakçı qaz sayğacının zədələnməsinə görə o vaxt məsuliyyət daşıyır ki, qaz paylayıcısı bu zədənin istehlakçının təqsiri üzündən baş verdiyini sübut etsin. Cavabdeh sayğaca iddiaçı tərəfindən kənar müdaxilə edildiyini və bu səbəbdən cavabdehə zərər vurulduğunu təsdiq edən hər hansı mötəbər sübut təqdim edə bilməmişdir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8ci hissəsinə əsasən, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Habelə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli, 87 nömrəli qərarı ilə təsdiq edilmiş “Qaz paylayıcıları tərəfindən qaz təchizatının ümumi şərtlərini təyin edən” Qaydaların 5.1-ci bəndinə əsasən, əgər istehlakçı ilə qazın verilməsi haqqında bağlanmış müqavilədə fasilə nəzərdə tutulmayıbsa, qazın verilməsi fasiləsiz həyata keçirilir. Qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, İddiaçı ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinə quraşdırılmış təbii qaz sayğacının yararsız vəziyyətə düşməsinə görə heç bir məsuliyyət daşımadığından, iddia təmin edilərək, iddiaçıya 2023-cü ilin aprel ayında tərtib edilmiş akt əsasında hesablanmış 1555,2 manat məbləğində borc silinməlidir. Həmin Qanunun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Beləliklə, iddiaçı X1 Cavabdehnə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair iddiası təmin edildiyindən, 35,55 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 432-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. İddiaçı istifadəsində olan **********00001 saylı abonent koduna əsassız olaraq hesablanmış 1555,2 (bir min beş yüz əlli beş manat, iyirmi qəpik) manat zərər məbləği Cavabdeh tərəfindən silinsin. Cavabdehndən 35,35 (otuz beş manat otuz beş qəpik) manat məbləğində dövlət rüsumu tutularaq, Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Qətnamədən, onun alındığı və ya təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Həqiqət Mahmudova
Məhkəmə qərarları › İş №e-2(008)-3671/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-3671/2023
20.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver